Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-711/2024 21.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və X6аn ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2(075)-540/2024 saylı “iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi barədə” qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AN:195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Baqqal kəndində ona fərdi yaşayış evi tikmək üçün Şəki Rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 06 saylı qərarı ilə 1258.53 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpağa dair ona AN 195501 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədi işlənib verilmişdir. Bundan əlavə ona ayrılan torpaq sahəsinə bitişik ərazidə 12 sot torpaq sahəsi zəbtində olduğundan həmin torpaq sahəsi zəbt olaraq onun istifadəsinə verilmişdir. O, zəbtində olan bu torpaq sahəsini islahat vaxtından istifadə edir. Lakin torpaq sahəsinə hazıradək sənəd verilməmişdir. Şəki rayon İkinci Biləcik kənd sakini Cavabdeh2 onun zəbtində olan torpaq sahəsinin onun olduğunu iddia edərək ona qarşı məhkəmədə iddia qaldırmışdır. İddiasının əsası olaraq da ona verilən 17 avqust 2009-cu il tarixli, AN № 195500 torpaq sahəsinin planı və ölçüsü sənədini əsas gətirir. Halbuki, həmin torpaq sahəsi hələ islahatdan qabaq onun istifadəsində olmuş və hazırda da 195500 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsi “X2 Uçotu informasiya Sistemi” proqramında onun istifadəsində olması uçota alınmışdır. Həmçinin, işin faktiki hallarından da göründüyü kimi Cavabdeh2 əslən Şəki rayonu İkinci Biləcik kəndindəndir və ona torpaq islahatı zamanı torpaq verilən zaman onların kənddən, yəni Şəki rayonu Baqqal kəndinin ərazisindən torpaq sahəsi verilə bilməzdi. Həmçinin göründüyü kimi mübahisələndirdiyi 17 avqust 2009-cu il tarixli, AN № 195500 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi 2009-cu ildə verilmişdir ki, həmin vaxtı artıq X4 mövcud deyildi. Belə ki, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin 226 nömrəli fərmanı ilə X4 ləğv edilmişdir. Necə ola bilər ki, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin 226 nömrəli fərmanı ilə ləğv olunmuş qurum 2009-cu ildə 17 avqust 2009-cu il tarixli, AN № 195500 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi vermişdir. Axı həmin qurum artıq beş il idi ki, ləğv edilmişdi. Həmin sənədin tarixindən də görünür ki, 17 avqust 2009-cu il tarixli, AN № 195500 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tamamilə saxtadır. Şəki Rayon Məhkəməsinin (hakim Kamran Musayev) 14 mart 2024-cü il tarixli, e- 2(075)-540/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi, xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılması qərara alınmış, eyni zamanda iddiaçıya izah edilmişdir ki, hazırkı iddia tələbi ilə inzibati icraat çərçivəsində iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ...məhkəmənin qərardadından görünür ki, sənədin ləğvi ilə sənədin etibarsızlığını fərqləndirə bilməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi öz qərardadında qeyd etmişdir ki, məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, istifadəsində olan torpaq sahəsinin üzərində işlənmiş AN: 195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5, X3 və Cavabdeh2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Lakin göründüyü kimi Şəki İnzibati Məhkəməsində “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə iddia qaldırılmış və qeyd edilən sənədin ləğvi məsələsi məhkəmə tərəfindən araşdırılmışdır. Hazırkı iddia tələbində isə torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir ki, sənədin ləğvi ilə etibarsız hesab edilməsi tam fərqli anlayışlardır və hər iki halda onların hüquqi nəticələri də tam fərqli olur. Həmçinin daha sonra işə baxan birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin ümumi məhkəmə icraatı qaydasında baxılmalı olmadığını qeyd etmiş və MPM-nin 261.0.1, 260.3, 262.3və 262.4-cü maddələrinə istinad edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Halbuki, “Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” iddiası inzibati məhkəmə icraatı qaydasında baxılmalı olsa belə, sənədin etibarsızlığı ümumi məhkəmə icraatı qaydasında baxılmalıdır. Şəki Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, e-2(075)-540/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2(075)-540/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 3.1-ci bəndində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin qərarın 4-cü bəndində qeyd edilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İddia tələbindən görünür ki, hazırda mübahisələndirilən A №195500 saylı xx.xx.2009cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədi” inzibati orqan tərəfindən verilmişdir, mübahisə inzibati orqanın ümumi publik hüqunun nizama salma predmetinə aiddir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə müraciət etmək hüququ bəzi hallarda qanunla məhdudlaşdırılır. Onlardan biri də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə daha əvvəl məhkəmədə baxılmış olmasıdır. Bu halda həmin mübahisəyə yenidən baxılması mümkün sayılmır. İşin materiallarından görünür ki, hazırkı işdən əvvəl iddiaçı Səmədov X7 Fətəli Qurban oğlu, X5 və X1 üçüncü şəxs qismində cəlb olunduqları, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia qaldırmışlar. A №195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış, Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2- 1(116)-1155/2022 saylı qərarı ilə iddia təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin həmin qərarı apellyasiya və kassasiya qaydasında dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırkı iş üzrə iddia tələbi “A №195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi” barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, “ləğv edilmə” və ya “etibarsız sayılma” haqqında tələblər əqdlərə münasibətdə fərqli hüquqi nəticələr doğurur. “Torpaq sahəsinin planı və ölçüsü” sənədi isə əqd deyildir. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllə, maddə 324). “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Daşınmaz əmlakın dövlət reyestri tərəfindən hüquq müəyyənedici sənədlər əsasında tərtib edilmiş texniki sənəd olmaqla mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri barədə məlumatları özündə əks etdirir. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.3.3-cü bəndində X2 uçotu informasiya sisteminin yaradılması və və rəqəmsal kadastr kaastr xəritəsinin tərtib edilməsi zamanı fiziki... şəxslərin .. qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcələsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüqmüəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X2 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi qeyd edilmişdir. Texniki sənəddəki məkan göstəriciləri həqiqi hüquqi vəziyyətə uyğun olduqda əsaslı, uyğun olmadıqda isə əsassız hesab edilir. Bu səbəbdən həmin texniki sənədin ləğv edilməsi və ya etibarsız sayılması barədə tələb mahiyyətcə texniki sənəddəki əsaslı olmayan məlumatların (məkan göstəricilərinin) düzəldilməsi barədə iddiadır. Hansı sözlə (ləğv və ya etibarsızlıq) ifadə olunmasından asılı olmayaraq, iddia icraatında daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədə əsasən verilmiş texniki sənədin mübahisələndirilməsi sözügedən texniki sənədin düzəlişin aparılması barədə tələb sayılır. Nəzərə alınmalıdır ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsassız olması ilə bağlı iddianın predmetini hüququ pozulmuş şəxsin mənafeyi (subyektiv hüququ) təşkil edir. Bu mənafeyin təmin olunması üçün ayrı-ayrı vaxtlarda irəli sürülən tələblərin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, etibarsız sayılması və s.” kimi ifadə olunması iddianın predmetinin dəyişməsi mənasına gəlmir. Belə tələblərin hamısı eyni predmet hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını isə irəli sürülən tələblərin əsaslandırıldığı faktlar (iddianın faktiki əsası), eləcə də istinad olunan hüquq normaları (iddianın hüquqi əsası) təşkil edir. İddiaçı ərizəsində tələbinin faktiki əsasını qeyd etməyə borcludur (MPM, maddə 149.2.3), hüquqi əsasını isə göstərməkdə isə sərbəstdir. Çünki, tələbin qanuni əsasını yoxlamaq, onun haqlı bir hüquqi əsasa söykənibsöykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığı üçün tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır. Baxılan işin materiallarından görünür ki, eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmetə (A №195500 saylı xx.xx.2009-cu il tarixdə 2420 uçot nömrəsi ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin mübahisələndirilməsinə) dair iddia Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(116)-1155/2022 saylı qərarı ilə həll edilmişdir. Məhkəmə kollegiyası hazırkı qərardadı qəbul edərkən eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmetə dair mübahisənin əvvəllər inzibati icraat qaydasında həll edilməsini də nəzərə alır və bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə yeni qərardad çıxarılmasına lüzum görmür. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şəki Rayon Məhkəməsi 14 mart 2024-cü il tarixli, e-2(075)-540/2024 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia ərizəsi üzrə işin icraatına xitam verməklə haqlı olmuşdur və iddiaçının həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də iddiaçının Şəki Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2(075)-540/2024 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2(075)-540/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-711/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-711/2024
21.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver