Məhkəmə qərarları › İş №2(107)-720/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-720/2024

20.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-720/2024 20.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxs DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: baxılmamış saxlama, ləğv, qaytar) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxs DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə İsmayıllı Rayon Məhkəməsinin 8 aprel 2024-cü il tarixli, 2(037)- 152/2024 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayonu Təzəkənd kəndində yerləşən 0,21006 ha torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh2) ilə alıcı X2 arasında İsmayıllı Notariat ofisində 26 avqust 2008-ci ildə 4Ə-03/401 reyest nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin və İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,600051 ha torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh2) ilə alıcı Cavabdeh3 arasında İsmayılı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 4Ə-02/402 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsinin hüquqi nəticələrinin ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 8 aprel 2024-cü il tarixli, 2(037)-152/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxs DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı1 məhkəməyə şikayətlə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 8 aprel 2024-cü il tarixli, 2(037)-152/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(037)-152/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 8 aprel 2024-cü il tarixli, 2(037)-152/2024 nömrəli qərardadı ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxs DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki işin materialları yenidən araşdırılması üçün İsmayıllı Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin baxılmamış saxlanılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh, eyni zamanda hazırki iş üzrə etibarsız hesab edilməsi tələb olunan alğı-satqı müqavilələrin alıcısı, Cavabdeh3 xx.xx.2008-ci il tarixdə vəfat etsə də, iddiaçı 2023-cü il tarixdə sözügedən iddia tələbi ilə ona və qeyrilərinə qarşı iddia qaldırmışdır. Mülki Prosessual Məcəllənin 254.1.1 və 261.0.7-ci maddələrində nəzərdə tutulmuş hallar iş üzrə tərəfin məhkəmə prosesi dövründə ölməsi ilə bağlı prosessual qaydaları müəyyən etməkdədir.Lakin, hazırkı işin halına görə isə iddiaçı həyatda olmayan şəxsə qarşı iddia qaldırmışdır ki,bununla da iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən nöqsanın aradan qaldırılması mümkün deyildir. Belə ki, cavabdeh kimi qeyd edilən və sözügedən alğı-satqı müqaviləsində tərəf olan şəxs alğı-satqı müqaviləsi bağlandıqdan sonra, lakin məhkəməyə müraciət edilənə qədər vəfat etmişdir. Buna görə də iddiaçı yalnız vəfat etmiş şəxsin mirası qəbul edən vərəsələrini müəyyən etdiyi təqdirdə həmin şəxslərə qarşı iddia qaldırmaqda haqlı ola bilər. Belə ki, məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsinə ölmüş cavabdehlərin mirası qəbul edən vərəsələrinin dairəsini müəyyənləşdirilərək, tələbə cavab verməli olan şəxsləri əlavə etmək üçün vaxt verilsə də, iddiaçının nümayəndəsi iddia tələbinə hazırki cavabehlərlə baxılaraq yekun qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan təqdirdə hazırkı tələb üzrə etibarsız hesab edilməsi tələb edilən alğı-satqı müqaviləsinin alıcı tərəfin məhz Cavabdeh3 olması, eyni zamanda onun alğı-satqı zamanı vicdanlı alıcı məsələsi aydınlaşdırılmalı olduğundan onun vərəsələrinin hazırki iş üzrə tərəf olması zəruridir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır.Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-152, 259.0.12, 260.0.4, 372, 384.0.4, 385.1.1, 387.1, 388, 389, 390, 391, 395, 397-cu maddələrinin tələblərinə uyğun ərizə təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmədiyini nəzərə alaraq verilmiş iddia ərizəsinin baxılmamış saxlanılmasını qanuni və ədalətli hesab edir. Belə ki, iddia ərizəsi tərtib edilərkən MPM-in müvafiq normalarına uyğun tərtib (forma və məzmuna riayət) edilməmiş və nöqsanların aradan qaldırılması məhkəmə baxışında mümkün olmamışdır. Bununla belə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla, iş üzrə əsas borclunun vərəsələri müəyyən etməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Kollegiya birinci instansiya məhkəməsinin dəyərləndirməsi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası MPM-in 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşma çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi qanunvericilik işdə iştirak edən tərəf kimi cavabdeh üçün müəyyən prosessual hüquq və vəzifələr müəyyən etmişdir ki, həmin hüquq və vəzifələri də məhkəmə iclasında iştirak etmək iqtidarında olan şəxs həyata keçirə bilər. Hazırkı halda isə iddiaçı iddia ərizəsində yuxarıda qeyd edilən hüquq və vəzifələri həyata keçirmək üçün məhkəmə iclasında iştirak etmək, həmçinin verilən iddiaya görə cavabdehlik daşımaq iqtidarında olmayan, yəni ölmüş şəxsi də cavabdeh qismində göstərmişdir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, iddia verilərkən sağ olmuş şəxs öldükdən sonra da mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyi halda məhkəmə Mülki Prossesual Məcəllənin 261.0.7-ci maddəsinə istinad etməklə iş üzrə icraata xitam verməli idi. Ona görə də, hazırki halda da məsələyə MPM-in iddianın baxılmamış saxlanılmasını nəzərdə tutan normaları aspektindən deyil, iş üzrə icraata xitam verilməsini nəzərdə tutan normaları aspektindən baxılmalı idi. Həmçinin, hazırki halda iddiaçılar dörd ayrı cavabdehə qarşı iddia qaldırmış, onlardan biri iddia qaldırılan zaman ölmüş olmuşdur. Məhkəmə iddianı bütovlükdə baxılmamış saxlasa da, digər cavabdehlərə münasibətdə iddianın baxılmamış saxlanılmasını əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 8 aprel 2024-cü il tarixli, 2(037)-152/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 8 aprel 2024-cü il tarixli, 2(037)-152/2024 nömrəli qərardadı ləğv edilməli, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxs DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki işin materialları yuxarıda qeyd olunanların araşdırılması üçün İsmayıllı Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 8 aprel 2024-cü il tarixli, 2(037)-152/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxs DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki işin materialları sonrakı hərəkətlər edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar