Məhkəmə qərarları › İş №2(107)-725/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-725/2022

31.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-725/2022 31.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair (Açar sözlər: elektrik borcunun silinməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(025)- 360/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. "xxxx" ASC X3 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 25.01.2022-ci il tarixli R seriyalı 235155 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Qəbələ şəhərində **********80424 kod nömrəli istehlakçı olan İddiaçı yaşadığı fərdi evdə elektrik enerjisindən istifadə qaydalarına riayət olunubolunmamasını yoxlayaraq, sayğacın giriş fazası ilə çıxış fazasının şutlandığı aşkar edilmişdir.

2. "xxxx" ASC-nin X2 və Satışı İdarəsinin vəzifəli şəxsi tərəfindən 25.01.2022-ci il tarixli R seriyalı 235155 saylı akta əsasən tərtib edilmiş 26 yanvar 2022-ci il tarixli icra vərəqindən görünür ki, İddiaçı məxsus sayğacda olan oxunmamış 10792 kVt.s enerji üzrə 1402.96 manat borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərişıq ASC“-nin 25 yanvar 2022-ci il tarixli R 235155 saylı aktla hesablanmış və onun **********80424 saylı abonent hesabına işlənmiş 1425 (bir min dörd yüz iyirmi beş) manat məbləğində debitor borcun ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 yanvar 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyində olan "X3 Təchizatı və Satışı idarəsinə (REYSİ) əməkdaşları tərəfindən ona məxsus olan və kirayə verdiyi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmişdir. Baxış zamanı güya sayğacın giriş fazasıyla, çıxış fazası şutlandığını, axan yük ampermetrə ilə ölçüldüyü qeyd edilməklə barəsində akt tərtib olunmuşdur. Lakin akt tərtib edilərkən onun iştirakı təmin olunmamışdır. Sonradan elektrik sayğacı güya kənar müdaxilə etdiyi üçün 1425 manat məbləğində cərimə hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən cərimənin hesablanması haqqında hər hansı bir sənədin ona verilməsindən boyun qaçırmışdır. O, cavabdeh təşkilata aktın qanunsuz olduğunu bildirsə də, heç bir nəticə olmamışdır. Tərtib olunmuş aktın surətinin dibitor borcun onun **********80424 saylı abonent hesabına işlənməsi barədə qərarın surətini ona verilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilata çoxlu sayda müraciətindən sonra yalnız tərtib olunmuş aktın surətini ona təqdim etmişdir. Fərdi yaşayış evində quraşdırılmış smart tipli elektrik sayğacı evin içərisində deyil, evdən kənarda, həyət qapısından çöldə yerləşdiyindən hazırkı işin faktiki hallarına əsasən onun yaşadığı evin elektrik sayğacının işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanı olmamış, habelə həmin sayğacın cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə o, məsuliyyət daşımır. "xxxx" ASC-nin tabeçiliyində olan X3 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin işıq xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, işığın sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. Əgər smart tipli sayğacda hər hansı bir problem vardırsa o zaman cavabdeh təşkilatın nümayəndəsi aşkar edərdi. Yəni cavabdeh təşkilat tərəfindən hesablanan borc reallığı əks etdirmir. Ona görə də sayğaca müdaxilənin olması barədə məlumatı yoxdur. Elektrik sayğaca heç bir müdaxilə etmədiyi halda, ona qarşı qəsdən və ya qərəzli surətdə ziyan vurmağa çalışırlar. Onsuz da maddi durumu və səhhətinin ağır olduğunu bir vaxtda ”Azərişıq”əməkdaşları belə hərəkətləri ilə bir daha onu ağır duruma salmağa çalışırlar. İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bundan başqa məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Lakin hazırkı iddia tələbində akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin və onun iştirakı təmin edilməmiş və bununla da qaydaların tələbləri pozularaq akt tərtib edilmişdir. Ona görə də həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilinməz və həmin aktı qanunsuz və əsassız olduğundan iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.

5. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 06 aprel 2022-ci il tarixli, 2(025)- 360/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi hüquqi mövqe ondan ibarətdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübut olunmur.

7. Tərtib olunmuş aktdan, həmçinin cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi CD diskdən görünür ki, sayğacın giriş fazası ilə çıxış fazası şutlanmış və bu yolla elektrik enerjisindən istifadə edilmişdir. Lakin həmin fərdi yaşayış evində əvvəlki yoxlama dövrlərində həmin müdaxilə mövcud olmamışdır. Göründüyü kimi, iddiaçı həmin müdaxilənin onun tərəfindən edilmədiyini sübuta yetirə bilməmişdir.

8. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.

9. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, iddia tələbi təmin edilməməlidir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə belə nəticəyə gəlmişdir ki, “iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, iddia tələbi təmin edilməməlidir.” Lakin təəssüflər olsun ki, məhkəmə belə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. Göründüyü kimi hazırkı iddia tələbi üzrə iddia tələbini sübuta yetirmək onun deyil, cavabdeh təşkilatın vəzifəsidir. Cavabdeh təşkilat isə məhkəməyə həqiqəti əks etdirməyən, ehtimallara əsaslanan etiraz ərizəsi təqdim etmişdir. Məhkəmə isə həmin etiraz ərizəsinə əsasən iddia tələbini rədd etmiş, heç bir əsaslandırma aparmamışdır. Qətnamədən görünür ki, məhkəmə şablon qanun normalarından istifadə edərək iddia tələbini rədd etmiş, iddia tələbini əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin isə tələbləri kobud surətdə pozulmuşdur.

13. Məhkəmə iddia tələbini rədd edərkən, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi CD diski əsas gətirmişdir. Lakin məhkəmə sadəcə olaraq cavabdehin nümayəndəsinin etiraz ərizəsində göstərdiklərini eynilə qətnamədə göstərmişdir. Və yenədə əsassız olaraq göstərmişdir ki, iddiaçı həmin müdaxilənin onun tərəfindən edilməməsini sübuta yetirə bilməmişdir. Qeyd edir ki, ümumiyyətlə CD diskə baxanda müdaxilənin olması sübuta yetirilmir. Onun həyətindən kənarda yerləşən sayğaca digər şəxslər tərəfindən müdaxilə oluna bilmək ehtimalı kifayət qədərdir. Bütün bunlara görə Azərişıq ASC-nin işçiləri akt tərtib edərkən, eləcə də çəkiliş edərkən onun və 2 hal şahininin iştirakını təmin etməmişlər. Həmin sayğaca "xxxx" ASC-nin işçiləri tərəfindən də müdaxilə oluna bilməsi ehtimaldır. Çünki belə bir ehtimal olmasaydı, pozuntunu aşkar edərkən hal şahidləri və onun iştirakı təmin edilər, videogörüntüdə onun də iştirakı təmin edilərdi.

14. Bu səbəbdən hesab edir ki, məhkəmə qeyri-mötəbər, ziddiyətli sübutla, yəni CD disk vasitəli ilə onun sayğaca müdaxilə etməyinin qənaətinə gəlmişdir.

15. Məhkəmə qətnamə qəbul edərkən səhv nəticəyə gəlmişdir bu səbəbdən ki, sübutetmə yükünün onun, yəni iddiaçının üzərində olması qənaətinə gəlmiş, işə bu formada baxmış və nəticədə əsassız və düzgün olmayan qətnamə qəbul etmişdir.

16. Belə ki, onun işıqdan istifadəsi üçün quraşdırılmış sayğac onun nəzarətindən kənarda quraşdırılmışdır. Kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti isə işıq paylayıcısı olan cavabdeh daşıdığından həmin sayğaca müdaxilə edilməyinə görə barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda işin hallarından göründüyü kimi baxış zamanı sayğacın “sayğacın giriş fazası ilə çıxış fazası şutlanmış və bu yolla elektrik enerjisindən istifadə edilməsi” “müəyyən edilsə” də, həmin pozultunun məhz onun səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır.

17. İşıq sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində işıq sərfiyyatına görə iddia edilən məbləğ ondan tələb edilə bilməz. Cavabdehin nümayəndəsinin məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərdiyi hallar, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdehin nümayəndəsi etiraz ərizəsində ehtimallara əsaslanaraq mənim cavabdehə maddi ziyan vurmağını qeyd etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Təqdim etdiyi sübut CD diskdir ki, həmin sübutda kifayət qədər pozuntularla çəkilmiş, eyni zamanda həmin disk də pozuntu olması kifayət qədər müəyyən edilməmiş, pozuntu varsa da həmin pozuntunun onun qəsdi və təqsiri nəticəsində olması müəyyən edilməmişdir. Bundan əlavə onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, hesab edir ki, törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz.

18. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-360/2022, 06.04.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, sözügedən ünvanda neçə vaxtdır ki, yaşayış yoxdur. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri qərəzli olaraq ona akt yazıblar. Çünki onun sahibliyində digər obyektlər də var. Cavabdehin nümayəndələri tərəfindən akt tərtib olunarkən hal şahidləri cəlb olunmamışdır. Hesab edir ki, akt özü etibarsızdır. Bundan əlavə həmin evdə kirayədə yaşayan hərbçilər səhər çıxıb, axşam gəlirlər. Onlar da elektrik enerjisindən bir o qədər istifadə etmir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəmənin elektron kabinetinə ərizə ünvanlayaraq şikayətin təmin olunmamasını və Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. «Elektrik enerjisidən istifadə Qaydaları»nın (NK-ın 2005-ci il 2 fevral tarixli 18 nömrəli)

4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8 .14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. 8.19. İstehlakçı (məişət abonenti istisna olmaqla) elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji sərfinin göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerji-təchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi istehlakçının müraciətinə on gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində uyğun dəyişikliklər edir. 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(025)-360/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(025)-360/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, kollegiyanın araşdırması zamanı müəyyən olundu ki, 25 yanvar 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyində olan "X3 Təchizatı və Satışı idarəsinə (REYSİ) əməkdaşları tərəfindən iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmişdir. Baxış zamanı sayğacın giriş fazasıyla, çıxış fazası şutlandığını, axan yük ampermetrə ilə ölçüldüyü qeyd edilməklə barəsində akt tərtib olunmuşdur.

29. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.

30. Əvvəla ona görə ki, işin faktiki halları ilə müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın giriş fazasıyla, çıxış fazası şutlandığını, axan yük ampermetrə ilə ölçüldüyü qeyd edilməklə barəsində akt tərtib olunmuşdur.

31. İkincisi, iddiaçı həm birinci instansiya məhkəməsinə ünvanladığı mülahizəsində, həm də apellyasiya şikayətinin dəlillərində Elektrik enerjisindən istifadə Qayadlarının 8.33cü bəndinə istinad edərək, “Akt”ın qaydalara uyğun tərtib olunmadığını bildirir.

32. Kollegiya apellyasiya şikayətini dəlilləri ilə bağlı bildirir ki, iddiaçının mübahisələndirdiyi elektrik enerjisindən istifadə Qayadlarının 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmişdir.

33. Üçüncü, iddiaçı gah həmin xəttin ümumiyyətlə çəkilmədiyini, gah da onun tərəfindən çəkilmədiyini, cavabdeh təşkilatın nümayəndələrinin onunla qərəzli münasibətdə olduğunu bildirsə də, bunu məhkəmə iclasında əsaslandıra bilməmişdir.

34. Kollegiya iddiaçının bu dəlilinə də aydınlıq gətirmək məqsədilə təqdim edilmiş diskə məhkəmə iclas zalında tərəflərin iştirkaı ilə baxış keçirmiş və bu zaman iddiaçının yaşadığı ünvana və ünvana qoşulmuş elektrik sayğacından kənar xəttin aşkar edilməsi müəyyən edilmişdir.

35. Dördüncüsü, iddiaçı məhkəmə araşdırması zamanı həmin ünvanda yaşayış olmadığını qeyd etsə də, sonradan həmin evi hərbçilərə kirayə verdiyini bildirmişdir.

36. Beşincisi, kollegiya qeyd edir ki, Elektrik enerjisindən istifadə qaydalarının 10.18. və 10.18.9-1-ci bəndlərinin tələbinə görə Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə borcludur:

37. Kollegiya sonda qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(025)-360/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar