Məhkəmə qərarları › İş №2(107)-725/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-725/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-725/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «P-Aqro” MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair Yevlax Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(039)-346/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7538.27 manat borcun və 95.39 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 18/21-054 saylı xam pambığın alğı-satqı müqaviləsinə əsasən Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində 4,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 12928,98 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 96 manat məbləğində çöp doğrama, 680,80 manat məbləğində şum, 244,80 manat məbləğində mala çəkmə, 30 manat məbləğində kanal çəkmə, 84 manat məbləğində çiyid səpini, 216 manat məbləğində kultivasiya, 85 manat məbləğində kultivasiya gübrə, 252 manat məbləğində rotasion kultivasiya, 144 manat məbləğində boroza, 552,50 manat məbləğində dərman səpini, 90 manat məbləğində pambığın maşınla yığımı, 2000,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 2271,65 manat məbləğində gübrə və dərman, 512 manat məbləğində çiyid, 600 manat məbləğində pambığın əl yığımına görə ödənilən vəsait, 5070 manat məbləğində ötən illərdən qalıq borc nəzərə alınmaqla, ümumilikdə, 12928,98 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 5390,71 manat məbləğində, 7541,35 kq xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən hazırkı dövrə kimi 7538,27 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır.

3. İddiaçının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.

4. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

6. Yevlax Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(039)-346/2024 nömrəli qətnaməsi ilə (hakim K.Əliyev), iddia təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli, 18/21- 054 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 7538.27 (yeddi min otuz səkkiz manat iyirmi yeddi qəpik) manat borc və ödənilmiş 95.39 (doxsan beş manat otuz doqquz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC xx.xx.2021-ci il tarixli 18/21-054 saylı alqısatqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirib alacağı məhsulun müqabilində cavabdehə qabaqcadan avans vermiş olsa da, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və İddiaçı MMC-yə müqavilə üzrə cəmi 7541.35 kq olmaqla 5390,71 manat dəyərində xam-pambıq vermişdir. Odur ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən 7538,27 əsas borc məbləğini tələb etməkdə haqlıdır.

8. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 95.39 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 385, 442, 445.2.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbində qeyd olunan məbləğ iddiaçı tərəfindən həddindən artıq şişirdilmiş bir məbləğdir. Ona görə də, hazırkı qət edilmiş qətnamə onun hüququnu pozur.

12. Belə ki, müqavilə üzrə öhdəliklər tərəfindən kifayət qədər icra olunmuşdur. İddiaçının dedyinin tam əksinə olaraq iddiaçı tərəfindən verilmiş dərmanlar, gübrələr və digər aqrotexniki vasitələr keyfiyyətsiz olduğu üçün məhsuldarlıq aşağı səvviyyədə olmuşdur. İddiaçının təqsiri üzündən gözlənilən nəticəni ondan asılı olmayaraq üzlü səbəbdən əldə edə edə bilməmişdir. Məhkəmə qeyd etdiyi bu hallara qiymət verməmişdir.

13. Göründüyü kimi məhkəmədə qeyd etdikləri hakim tərəfindən nəzərə alınmayaraq və iddiaçının tələbi üzrə məhkəmədə qeyri-obyektiv araşdırma aparıldığı üçün məhkəmə tərəfindən qəbul edilmiş bu qətnamə ilə hüquqları çox ciddi şəkildə pozulmuşdur.

14. Məhkəmə iddia tələbini təmin edərkən işin faktiki hallarını nəzərə almamışdır. Hesab edir ki, bu hallar məhkəmə tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamış, işə birtərəfli yanaşılaraq ədalətsiz qətnamə qəbul edilmişdir.

15. Odur ki, apellyаsiyа şikаyətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(039)-346/2024 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Yevlax Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(039)-346/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında iddia ərizəsində qeyd edilən 95,39 manat məbləğində mediasiya xərcinin əslində 95,39 manat məbləğində dövlət rüsumu olduğunu göstərmiş və 95,39 manat məbləğində mediasiya xərci fikrinin 95,39 manat məbləğində dövlət rüsumu xərci kimi qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Apellyator Yevlax Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(039)-346/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdehla İddiaçı MMC arasında 30 noyabr 2021-ci il tarixdə bağlanmış 18/21-054 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavadeh Cavabdeh Yevlax rayonu Qaraməmmədli kəndi ərazisində 4.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla əldə edib alıcıya-iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bunun üçün iddiaçı tərəfindən cavabdehə avans verilmişdir. İddiaçı cavabdehə kənd təsərrüfatı texnikaları ilə aqrotexniki işlərin görüldüyünü, pul vəsaiti şəklində avansın, dərman, gübrə, azot və pestisidlərin, əkin üçün toxumluq çiyidin verildiyini, pambığın əllə yığılmasına görə pul vəsaitinin ödənildiyini, cavabdeh tərəfindən iddiaçıya cəmi 5390,71 manat dəyərində 7541,35 kq xam pambığın verildiyini, lakin cavabdeh tərəfindən 30 noyabr 2021-ci il tarixdə bağlanmış 18/21-054 nömrəli alqı-satqı müqaviləsi ilə yanaşı əvvəlki illərdən qalan borc da nəzərə alınmaqla, cəmi 7538,27 manat məbləğində borcun qaytarılmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etməmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh 7538.27 manat pulun və 95.39 (doxsan beş manat otuz doqquz qəpik) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etmədən işə qiyabi icraat qaydasında baxmaqla, həmçinin işə qiyabi icraat qaydasında baxılmasına dair hər hansı bir qərar qəbul etməməklə, prosessual hüquq normalarının tələblərini pozmuşdur.

28. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

29. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

30. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

31. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

32. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

33. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

34. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

35. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

36. MPM-in 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

37. MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.

38. MPM-in 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat vermədiyi, buna dair müvafiq qərardad qəbul etmədiyi halda işə qiyabi icraat qaydasında baxdığınıdan Yevlax Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(039)-346/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada dəyərləndirmə aparır.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbində qeyd olunan məbləğin iddiaçı tərəfindən həddindən artıq şişirdilmiş bir məbləğ olmasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan iş və xidmətlərin yerinə yetirilməsinə dair cavabdehin və iddiaçı təşkilatın əməkdaşlarının iştirakları ilə tərtib olunmuş 17 yanvar 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin Yevlax filialı tərəfindən fermer Cavabdeh ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli 18/21-054 nömrəli müqavilənin icrası ilə bağlı Atk tərtib olunan günə qarşılıqlı hesablaşma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən fermer Cavabdeh məxsus torpaq sahəsində kənd təsərrüfatı texnikaları ilə 2745,10 manat dəyərində aqrotexniki işlər görülmüş, İddiaçı MMC tərəfindən fermer Cavabdeh pul vəsaiti şəklində 2000 manat avans, 2271,65 manat dəyərində dərman, gübrə, azot və pestisidlər, 512 manat dəyərində əkin üçün toxumluq çiyid verilmiş, pambığın əllə yığılmasına görə 600 manat pul vəsaiti ödənilmiş, Cavabdeh tərəfindən İddiaçı MMC-yə cəmi 5390,71 manat dəyərində 7541,35 kq xam pambıq verilmiş, lakin cavabdeh tərəfindən 30 noyabr 2021-ci il tarixdə bağlanmış 18/21-054 nömrəli alıqı-satqı müqaviləsi ilə yanaşı əvvəlki illərdən qalan borc da nəzərə alınmaqla, cəmi 7538,27 manat məbləğində borcun İddiaçı MMC-yə qaytarılması təmin edilməmişdir. Həmin akt digər iştirakçılarla yanaşı Cavabdeh tərəfindən də imzalanmış, aktın tərtibi zamanı Cavabdeh tərəfindən heç bir qeydşərt irəli sürülməmişdir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilə üzrə öhdəliklərin tərəfindən kifayət qədər icra olunmasına dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən 30 noyabr 2021-ci il tarixli, 18/21-054 nömrəli alıqı-satqı müqaviləsi üzrə öhdəliyinin kifayət qədər hissəsinin icra edilməsi iddiaçı təşkilat tərəfindən də qəbul edilmişdir. İddiaçı MMC tərəfindən 30 noyabr 2021-ci il tarixli, 18/21-054 nömrəli alıqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməmiş hissəsi və əvvəlki illərdən qalmış borcla bağlı məsələ mübahisələndirilmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən verilmiş dərmanların, gübrələrin və digər aqrotexniki vasitələrin keyfiyyətsiz olduğu üçün məhsuldarlığın aşağı səvviyyədə olması, iddiaçının təqsiri üzündən gözlənilən nəticəni ondan asılı olmayaraq üzrlü səbəbdən əldə edə edə bilməməsi, məhkəmənin qeyd etdiyi bu hallara qiymət verməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan, tərəflər arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli, 18/21-054 nömrəli alıqı-satqı müqaviləsinin 3.2-ci bəndində göstərilmişdir ki, məhsulun olmaması və ya az olması “Satıcı-Fermer”i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir.

44. Bundan əlavə həmin müqavilədən göründüyü kimi müqavilə 30 noyabr 2021-ci il tarixdə imzalanmaqla cavabdeh tərəfindən xam pambığın iddiaçı təşkilata verilməli olduğu son müddət olaraq 30 noyabr 2022-ci il tarixi müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi, yəni iddiaçı tərəfindən verilmiş dərmanların, gübrələrin və digər aqrotexniki vasitələrin keyfiyyətsiz olmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

45. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

46. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.

47. Məhkəmə kollegiyası iddia tələbinin 95,39 manat məbləğində mediasiya xərcinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilən 95,39 manat məbləğində mediasiya xərcinin əslində 95,39 manat məbləğində dövlət rüsumu olduğunu göstərmiş və 95,39 manat məbləğində mediasiya xərci fikrinin 95,39 manat məbləğində dövlət rüsumu xərci kimi qəbul edilməsini xahiş etmişdir.

48. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(039)-346/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 7538.27 manat pul vəsaiti və 95.39 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(039)-346/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 7538.27 manat pul vəsaiti və 95.39 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar