Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-726/2024 11.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, podrat müqaviləsi, müqavilə üzrə öhtəliyin yerinə yetirlməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(024)-83/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ödədiyi 7000 (yeddi min) manat və dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manat pulun qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, iş üzrə Cavabdeh çalışdığı “İdea-home” mebel mağazasında evi üçün 2 ədəd mətbəx mebeli sifariş etmişdir. Cavabdehlə aralarındakı razılaşmaya əsasən beh kimi əvvəlcədən ona 5000 (beş min) manat pul vermiş, o, isə öz növbəsində həmin mebel (mətbəx) dəstini 40- 50 gün müddətində hazırlayaraq ona təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh 1 aydan sonra sifariş etdiyi mebel dəstini, səhv ölçülər götürməsi səbəbindən, ölçülərdə 20 sm-lik fərq olmaqla korpus hissələrini gətirmiş, ikinci mebel dəstini daha tez hazırlamaq üçün, ondan 2000 (iki min) manat pul almışdır. Cavabdeh aralarında bağlanmış razılaşmaya əməl etməmiş, 40-50 günə təhvil verəcəyi mətbəx mebel dəstini 2 aya yarımçıq və səhv rənglənmiş qaydada gətirmiş, ölçülərini və parametrləri düz gəlmədiyi üçün həmin mebel dəstini ona qaytararaq, dəymiş 7000 (yeddi min) manat verdiyi pulu tələb etməsinə baxmayaraq, bu vaxtadək qaytarmamışdır. Cavabdehin ona qarşı əməllərinə hüquqi qiymət verilməsi üçün, Binəqədi rayon RPİ-nə müraciət etmiş, əməli mülki xarakterli olduğu səbəbindən, məhkəməyə müraciət etmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh ödədiyi 7000 (yeddi min) manat və dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manat pulun qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 27 fevral 2024-cü il tarixli, 2(024)- 83/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 7000 (yeddi min) manat pulun və 90 (doxsan) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı tərəfindən “İdeahome”dən 5850 (beş min səkkiz yüz əlli) manat dəyərində və 5950 (beş min doqquz yüz əlli) manat dəyərində mətbəx və 1780 (bir min yeddi yüz səksən) manat dəyərində ada mətbəxi mebeli sifariş edilmişdir. İddiaçı cavabdeh tərəfindən sifariş götürülən işin yarımçıq və keyfiyyətsiz görüldüyünü əsas götürərək cavabdehə ödəmiş olduğu 7000 (yeddi min) manat pulu və ödəmiş olduğu 100 (bir yüz) manat dövlət rüsumunu tələb etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsinin iclasında tərəflərin izahatları, işin araşdırılan halları və işdə olan sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə ilkin olaraq mətbəx mebel dəstinin hazırlanması üçün 5000 (beş min) manat pul ödənilmiş, cavabdeh sifariş etdiyi mebel dəstini, səhv ölçülər götürməsi səbəbindən, ölçülərdə təxminən 20-25 sm-lik fərq olmaqla korpus hissələrini gətirmiş, bundan sonra ikinci mebel dəstini daha tez hazırlamaq üçün, iddiaçıdan 2000 (iki min) manat pul almışdır. Lakin cavabdeh tərəfindən sifariş götürülən ikinci mebel dəsti də keyfiyyətsiz hazırlanmış, mebel dəsti səhv rənglənmiş, daha sonra həmin nöqsan aradan qaldırılmış, lakin mebel dəstinin ölçüləri və parametrləri düz gəlmədiyi üçün iddiaçı tərəfindən mebel dəsti geri qaytarılmışdır. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilən videogörüntülər və fotoşəkillər tədqiq olunan zaman, mətbəx mebel dəstinin bəzi hissələrinin müxtəlif rəngdə olması, daxili boyalarının keyfiyyətsiz və müxtəlif rəngdə olması, üst boyasının əl dəydikdə qopması və s. qüsurların olması müəyyən edilmişdir. Eyni zamanda cavabdehin məhkəmə iclasında Binəqədi rayon Polis idarəsində iddiaçının tələb edəcəyi puldan imtina etməsi, iddiaçı tərəfdən mətbəx mebelini olduğu kim qəbul etməsi və başqa mebel ustaları tərəfindən işin qalan hissəsini davam etdirmələri barədə razılaşdıqlarını göstərdikləri işin keyfiyyətsiz görülməsinə dəlalət edir. Bu səbəbdən də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi işin faktiki halları, tərəflərin izahatları və işdə olan sübutlarla sübuta yetirilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, iddiaçı məhkəmədə tələb etdiyi 7000 (yeddi min) manata görə iddia qaldırmaq üçün 90 (doxsan) manat dövlət rüsumu ödəsə də, 100 (bir yüz) manat dövlət rüsumunun alınıb ona verilməsini tələb etmişdir. Ona görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara obyektiv qiymət verərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7000 (yeddi min) manat pul və 90 (doxsan) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 26 və 60-cı maddələri, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 755, 762, 765, 21.1, 21.2, 1096.1 və 1115-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 217.4 və 218.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən 7000 manatdan artıq məbləğdə iş görülmüş və iddiaçıya təhvil verilmiş, lakin sonradan iddiaçı tərəf heç bir əsas olmadan işdən imtina etmişdir. Belə olan halda iddiaçıya təhvil verilmiş əmlak geri qaytarılmalı olduğu halda geri qaytarılmamaışdır. İddiaçı tərəfindən 7000 mantdan artıq dəyərdə məhsul məhv edilmişdir. Qax Rayon Məhkəməsi tərəfindən heç bir araşdırma aparılmamaış, ancaq tərəflərin izahatları dinlənilmişdir. Göründüyü kimi sifariş onun tərəfindən yüksək səviyyədə icra edilmiş, rəng məsələsində olan fikir ayrılığı məhz iddiaçının təqsirindən baş vermiş, sonradan razılıq əldə edilmiş və ikinci mebel dəsti də hazırlanmış, iddiaçı tərəfindən konkret olaraq heç bir nöqsan göstərilə bilinməmiş, onun tərəfindən görülmüş işlərin həcmi müəyyən edilməmiş, onun tərəfindən hazırlanmış mebel ona qaytarılmamışdır. Yuxarıda qeyd edilən xüsusatlar Qax Məhkəməsi tərəfindən araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Qax Rayon Məhkəməsi tərəfindən ancaq tərəflərin izahatları alınmışdır, heç bir araşdırma aparılmamışdır. Qax Rayon Məhkəməsi işdə irəli sürülən tələblə əlaqədar heç bir araşdırma aparmamış, şahidlər dindirilməmiş, görülmüş işlərin həcmi və dəyəri ilə əlaqədar ekspertiza keçirilməmiş, nəticədə səhv nəticəyə gəlinərək əsassız qətnamə qəbul edilmişdir. Maddi hüquq normaları sadalanmış, lakin həmin maddi hüquq normalarının onun tərəfindən hansı formada pozulması məsələsi qətnamədə öz əksini tapmamaışdır. Qeyd edilənləri nəzərə alaraq, Qax Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(024)-83/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(024)-83/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(024)-83/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən - Podratçı işi şəxsən yerinə yetirməyə yalnız həmin müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 762-ci maddəsinə əsasən podratın nəticəsi şərtləndirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən-məmulatın qüsuru nəticəsində sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Qax Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(024)-83/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(024)-83/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(024)-83/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki iddiaçı tərəfindən cavabdehə ilkin olaraq mətbəx mebel dəstinin hazırlanması üçün 5000 (beş min) manat pul ödənilmiş, cavabdeh sifariş etdiyi mebel dəstini, səhv ölçülər götürməsi səbəbindən, ölçülərdə təxminən 20-25 sm-lik fərq olmaqla korpus hissələrini gətirmiş, bundan sonra ikinci mebel dəstini daha tez hazırlamaq üçün, iddiaçıdan 2000 (iki min) manat pul almışdır. Lakin cavabdeh tərəfindən sifariş götürülən ikinci mebel dəsti də keyfiyyətsiz hazırlanmış, mebel dəsti səhv rənglənmiş, daha sonra həmin nöqsan aradan qaldırılmış, lakin mebel dəstinin ölçüləri və parametrləri düz gəlmədiyi üçün iddiaçı tərəfindən mebel dəsti geri qaytarılmışdır. Şikayətin dəlili ondan ibarətdir ki, iddiaçıya təhvil verilmiş əmlak geri qaytarılmalı olduğu halda geri qaytarılmamaışdır. İddiaçı tərəfindən 7000 mantdan artıq dəyərdə məhsul məhv edilmişdir. Onun tərəfindən hazırlanmış mebel ona qaytarılmamışdır. Yuxarıda qeyd edilən xüsusatlar Qax Məhkəməsi tərəfindən araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Kollegiya hesb edir ki, şikayətin dəlili əsassızdır. İş materiallarında olan sifarişdən görünür ki, iddiaçı “İdeahome”dən 5850 manat dəyərind və 5950 manat dəyərində mətbəx və 1780 manat dəyərində ada mətbəxi mebeli sifariş etmişdir. Təriflərin izahatları ilə müəyyən edilir ki, cavabdeh tərəf iddiaçı ilə bağlanmış podrat müqaviləsinin şərtlərini pozmuşdur. Yəni sifariş verilmiş mebel dəsti qüsurlu olmuşdur. Mebel dəsti isə qüsurlu olduğu üçün sifarişçi, yəni hazırkı iş üzrə idddiaçı həmin mebelləri qəbul etməkdən imtina etmişdir. Yəni tərəflərin razılaşdıqları kimi cavabdeh tərəf mebeli lazımi keyfiyyətdə, tam şəkildə və vaxtında təhvil verməmişdir. İddiaçı verdiyi sifarişi onun istədiyi kimi və tam olaraq vaxtında yerinə yetirmədiyi üçün və cavabdehin gördüyü işindən narazı qalaraq ondan pulunu geri tələb etmiş, lakin cavabdeh pulu qaytarmadığı üçün iddiaçı onun barəsində Bakı şəhər, Binəqədi rayon Polis İdarəsinə şikayət etmişdir. Eyni zamanda cavabdehin sifarişin yerinə yetiriməsi üçün iddiaçıdan 7000 manat muzd alması işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdeh aldığı sifariş üzrə işi vaxtında və keyfiyyətlə yerinə yetirdiyini sübuta yetirmək yükünü daşıyır. Tərəflər arasında razılaşma üzrə işin keyfiyyətinə dair xüsusi yazılı şərtlər mövcud olmadığına görə sifarişi orta keyfiyyətdə və ağlabatan müddətdə icra etdiyini sübuta yetirmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh, sifarişin icrası vaxtının gecikdirildiyini və iddiaçının istədiyi keyfiyyətdə mebellərin hazırlanmadığnı etiraf etmiş, gecikmənin məhz iddiaçının təqsirindən baş verdiyini, sifarişi vaxtında və keyfiyyətlə yerinə yetirdiyini, buna baxmayaraq iddiaçının lazımi icranı qəbul etmədiyini təsdiqləyən mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Mülki Məcəllənin 765-ci maddəsinə əsasən-məmulatın qüsuru nəticəsində sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Göründüyü kimi iddiaçı tərəf iddia tələbində haqlıdır. Mebel dəstinin qaytarılmaması ilə bağlı dəlilini əsassız sayan kollegiya qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən videogörüntülərdə mebel dəstinin mebel sexinə boşaldılması aşkar görünür. Şahidlərinin dindirilməməsi barədə şikayətin dəlilinə münasibət bildirən kollegiya hesab edir ki, şikayətin həmin dəlilləri də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəf nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında şahidlərin dindirilməsi barədə nə şifahi nə də yazılı vəsatət verməmiş, eyni zamanda həmin şahidlərin dindirilməsi üçün onları məhkəməyə təqdim etməmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, görülmüş işlərin həcmi və dəyəri ilə əlaqədar ekspertiza keçirilməmiş, nəticədə səhv nəticəyə gəlinərək əsassız qətnamə qəbul edilmişdir. Kollegiya hesb edir ki, şikayətin dəlili əsassızıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Hazırkı işdə isə ekspertiza təyin edilməsinə hər hansı bir əsas olmamışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qax Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(024)- 83/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(024)-83/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-726/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-726/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver