Məhkəmə qərarları › İş №2(107)-736/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-736/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-736/2023 20.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları "xxxx" MMC(satıcı) ilə cavabdeh(alıcı) arasında bağlanmış 40003642 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 1119,99 manat dəyərində “Samsung” markalı soyuducunu almışdır. Həmin mala görə cavabdeh 400 manat ilkin ödəniş etmiş, qalıq 719,99 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə "xxxx" MMC arasında imzalanan xx.xx.2019-cu il tarixli, R-16/19 nömrəli Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli, R-xx/xx-0203 nömrəli Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 719,99 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 40003642 saylı, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 719(yeddi yüz on doqquz)manat, 99(doxsan doqquz) qəpik borcun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40003642 saylı, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 1119,99 manat dəyərində nisyə aldığı mala görə 400 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 719,99 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 719,99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(075)-808/2023 nömrəli iş üzrə qəbul etdiyi 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 40003642 saylı, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 719(yeddi yüz on doqquz)manat, 99(doxsan doqquz) qəpik borcun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq İddiaçı QSC-yə ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Belə ki, məhkəmə tərəfindən "xxxx" MMC-yə heç bir sorğu göndərilməmişdir. Halbuki 40003642 saylı, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi "xxxx" MMC ilə mənim aramda bağlanmış və ləğv olunmuşdur. Müqavilə ləğv olunduğu halda avtomatik olaraq "xxxx" MMC-nin mənə qarşı olan tələb hüququ da ləğv olunmuş olur. Bununla da ortada İddiaçı MMC-yə keçəcək hər hansı tələb hüququ qalmamış olur. Eyni zamanda qeyd etmək istəyirəm ki, "xxxx" MMC ilə müqavilə bağlandığı andan təhvil-təslim aktı İddiaçı MMC-yə göndərilir. Buna əsasən İddiaçı MMC alınan malın dəyərini "xxxx" MMC-yə ödəyir. Lakin mənə aid müqavilə ləğv olunduqdan sonra "xxxx" MMC İddiaçı MMC-nin ödədiyi malın dəyərini qaytarmadığından İddiaçı MMC çarəni mənə qarşı iddia qaldırmaqda görmüşdür. İddiaçı MMC-nin iddia ərizəsində qeyd etdiyi 719,99 manat "xxxx" MMC-nin öhdəliyidir. Mənim imzaladığım müqavilə ləğv olunduğu üçün bu öhdəliyin artıq mənə heç bir aidiyyəti qalmır. İşə əlavə etdiyim arayışda da bu xüsusilə qeyd olunmuşdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh qətnamədən apellyasiya şikayəti vererek bildirmişdir ki, "xxxx" MMC-dən sifariş etdiyi məhsuldan (Soyuducu Samsung) imtina etmiş ve məhsulu geri qaytarmışdır. Borclu X1 edib imtina etdiyi məhsul ile bağlı "xxxx" QSC-ye hər hansı bir melumat verməmişdir. Halbuki, tələbin "xxxx" QSC-ye güzəşt edilməsi ile bağlı bildiriş cavabdehe müqavilə bağlandığı zaman təqdim edilmişdir. "xxxx" MMC tərəfindən verilən arayışda borc mebleğinin 0 AZN göstərilməsi təbii haldr, bele ki, teleb güzəşt edilərkən "xxxx" tərəfindən "xxxx" MMC-yə ödəniş edilmişdir. Həmçinin "xxxx" MMC müqavilə üzrə tələbi güzəşt etdiyi üçün kreditor hesab olunmur. Bu səbəbdən qeyd olunan mülki iş üzrə heç bir maliyyə arayışı vermək səlahiyyətinə malik deyildir. Kreditor "xxxx" QSC olduğu üçün maliyyə arayışı ve diger sənədlər "xxxx" QSC tərəfindən verilməlidir. Buna gorə de "xxxx" MMC tərəfindən verilmiş arayış qeyd olunan mübahisə üzrə sübut hesab oluna bilmez. Hazırda “Ferrum Kapital" QSC-nin sisteminde X3 adına 719,99 manat borc movcuddur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Maddə 196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-dən 1119,99 manat dəyərində “Samsung” markalı soyuducu almışdır. Həmin mala görə cavabdeh 400 manat ilkin ödəniş etmiş, qalıq 719,99 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə tələb hüququ xx.xx.2022-ci il tarixli, R-xx/xx-0203 nömrəli Sazişə əsasən iddiaçıya keçmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə müştəri(hazırki iş üzrə cavabdeh) sifariş etdiyi məhsuldan imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. İddiaçı QSC-də həmin müqavilə üzrə müştəri Cavabdeh adında olan 719,99 manat borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Hazırki işdə cavabdehin alğı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etməməsi halı müəyyən olunmur. Belə ki, cavabdeh nisyə alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi məhsuldan imtina etmiş və müqavilə tərəflərinin razılığı ilə nisyə alğı-satqı müqaviləsi ləğv edilmişdir. Müqavilə ləğv olunduğundan kreditorun borcluya qarşı tələb hüququ da yaranmamışdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə xərclərinin ödənilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı, 40003642 saylı, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 719(yeddi yüz on doqquz)manat, 99(doxsan doqquz) qəpik borcun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə tələbi təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar