Məhkəmə qərarları › İş №2(107)-744/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-744/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-744/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin məhkəmə qaydasında tanınması və pul tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tаrixli, 2(051)-300/2024 saylı qətnаməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin məhkəmə qaydasında tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2718/2023 saylı qərardadı ilə 2(051)-2717/2023, 2(051)-2718/2023 saylı mülki işlər bir icraatda birləşdirilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı bildirmişdir ki, Cavabdeh özünə məxsus xx.xx.2021-ci il tarixdə torpaq sahəsini satmaq üçün onlara gəlmişdir. Aralarında razılaşmaya əsasən o, 1500 manat pul ona vermişdir. Sonra Cavabdeh ona zəng edərək, hazırda şəhərdə olmadığını və 500 manat pul tanışı Eldara verilməsini bildirmişdir. O da 500 manat pulu Eldara vermişdir. Sonra Eldar adlı şəxs bildi ki, Cavabdeh torpaq sahəsini ona satmış və ona görə də sahə polisinə şikayət etmişdir. Eldar adlı şəxs bildirdi ki, Cavabdeh sözügedən torpaq sahəsini ona satmışdır. Bundan başqa cavabdehə həmin torpaq müqabilində hər birinin dəyəri 250 manat olan 2 baş quzu vermişdir. Lakin cavabdeh hazırda cəmi 2500 manat məbləğdə borcu qaytarmaqdan imtina edir. O, dəfələrlə cavabdehdən borcunu qaytarmağını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. Odur ki, məhkəmədən iddia ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh bildirmişdir ki, o, həqiqətən də İddiaçı 1500 manat pul almışdır. Belə ki, özünə məxsus olmayan torpağın alqı-satqısı üçün pul almış, lakin sənədləri düzəldə bilmədiyi üçün həmin torpağı sata bilməmişdir. Sözügedən torpaq sahəsini xx.xx.2021-ci ildən iddiaçının istifadəsinə vermiş və həmin tarixdən iddiaçı torpağı istifadə edir.

6. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) 28 fevral 2024-cü il tаrixli, 2(051)-300/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 394, 407.2, 1091.1, 1091.2, 1092.1 və 1092.1.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. İddiaçının nümayəndəsi və vəkili Məmmədov X1 Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tаrixli, 2(051)-300/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərar qəbul edərkən cavabdehin etirafını nəzərə almamış, iddiaçının təqdim etdiyi sübutlara əhəmiyyətli dərəcədə qiymət verməmişdir. Cavabdeh iddianı etiraf edir. iddiaçının verdiklərii qəbul edir. Məhkəmə isə tələbi qismən təmin edir. Ancaq işin faktiki halları müəyyən edir ki, iddia pul tələbinə münasibətdə tam təmin edilməli idi. Bu səbəbdəndə düşünür ki, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir. Göstərilənlərə əsasən, Apellyasiya şikayətim təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-300/2024 saylı qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tаrixli, 2(051)-300/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

13. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

15. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

16. İş üzrə iddiaçı tərəf qətnaməni birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməyən hissədə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

19. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi - 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; (..).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tаrixli, 2(051)-300/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

36. Müəyyən olunmuşdur ki, tərəflər arasında torpağın alğı-satqısına dair şifahi razılaşma olmuşdur. Cavabdeh özünə məxsus olmayan torpaq sahəsini müəyyən haqq miqdarında iddiaçıya vermişdir. Daha sonra cavabdeh torpağın sənədlərini düzəldə bilmədiyindən, torpaq sahəsinin başqasına məxsus olduğundan iddiaçıdan torpağın boşaldılmasın istəmişdir. İddiaçı onunla cavabdeh arasında torpağın alqı-satqısına dair şifahi müqavilənin məhkəmə qaydasında tanınmasını və cavabdehdən 2500 manat pulun alınıb ona verilməsini istəyir. Cavabdeh bildirir ki, tərəflər arasında iddiaçının qeyd etdiyi kimi torpağın alqı-satqısına dair şifahi razılıq olmuşdur. O, torpaq sahəsini iddiaçıya vermiş, iddiaçı əvəzində ona 1500 manat pul ödəmişdir. Daha sonra torpağı sənədləşdirə bilməmişdir. Torpaq başqa şəxsə məxsusdur. Cavabdeh bildirir ki, iddiaçı da həmin pulun müqabilində 2021-ci ildən torpaq sahəsindən istifadə edir, gəlir götürür.

37. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında daşınmaz əmlaka dair qanunun tələbinə uyğun müqavilə bağlanmamışdır. Qanunvericilikdə tərəflər arasında notariat qaydada təsdiq edilməmiş daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin məhkəmə qaydasında təsdiq edilməsinə aid norma nəzərdə tutulmamışdır. Cavabdeh özünə məxsus olmayan daşınmaz əmlakı iddiaçıya satması barədə razılaşmışdır. Bunun müqabilində özünün etiraf etdiyi kimi, iddiaçıdan 1500 manat pul almışdır. Belə olan halda cavabdehin iddiaçıdan əsassız olaraq aldığı 1500 manat pul iddiaçıya geri qaytarmalıdır.

38. Bundan əlavə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə əlavə olaraq 1000 manat pul verdiyini yalnız formal mülahizələrlə birdirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaəti əsaslı sayır.

40. İddia tələbi iki hissədən ibarətdir: alqı-satqı müqaviləsinin məhkəmə qaydasında tanınması və pul tələbi.

41. Birinci instansiya məhkəməsi birinci tələb üzrə iddianı rədd etmiş, ikinci tələb üzrə iddianı qismən təmin etmişdir.

42. İşin mahiyyətinə görə, qeyd olunan tələblərdən birinin təmin edilməsi o biri tələbin təmin edilməsini istisna edir.

43. Lakin iddiaçı apellyasiya şikayətində birinci instansiya məəhkəməsinin qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Yəni apellyator həm torpaq sahəsinə alqı-satqı müqaviləsinin məhkəmə qaydasında tanınmasını, həm də həmin torpaq sahəsi üçün ödədiyi pulu tələb edir. Bu isə bir daha apellyasiya şiakyətinin əsassız olduğuna dəlalət edir.

44. İddiaçı kollegiyanın iclasında cavabdehə 1500 manat deyil, 2500 manat verdiyini göstərsə də, bunu təsdiq edən sübutları təqdim edə bilməmişddir. Cavabdeh isə torpaq sahəsinə görə cavabdehdən 1500 manat almasını etiraf etmişdir. Belə olan halda, iddiaçının cavabdehə 1500 manat deyil, 2500 manat verdiyini sübutetmə yükü iddiaçının üzərinə düşür.

45. Apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

46. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

47. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tаrixli, 2(051)-300/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tаrixli, 2(051)-300/2024 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar