Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-745/2025 24.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli e-2(075)-652/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 27 yanvar 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Şəki şəhəri Bağbanlar küçəsi 66-da yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 68,25 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1373,76 manat olmaqla, cəmi 1442,01 manat məbləğində əsas borcun və əvvəlcədən ödənilmiş 34,43 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Elşən Vəliyev) 15 aprel 2025-ci il tarixli e-2(075)- 652/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 68,25 manat məbləğində borcun, itirilmiş qazın bərpası üçün hesablanmış 1036,80 manat məbləğində borcun, 31,05 manat məbləğində ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 0,40 manat pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdeh Şəki Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli e-2(075)-652/2025 nömrəli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 15 aprel 2025ci il tarixli e-2(075)-652/2025 nömrəli qətnaməsinin itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1036,80 manata aid hissəsində ləğv edilərək, həmin hissədə İddiaçı İB-nin ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini işlə birlikdə baxılması üçün 21 iyun 2025-ci il tarixli məktubla Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, Cavabdeh Şəki Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli e-2(075)-652/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini və iş materiallarını öyrənib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Cavabdeh Şəki Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli e-2(075)- 652/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətini verməsi ilə əlaqədar müvafiq qaydada və məbləğdə nəzərdə tutulan dövlət rüsumunu ödəməmiş və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunan həmin apellyasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində (qrafasında) “Bu ödəniş rüsumdan azaddır: İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar” məlumatı qeyd olunmuşdur. Halbuki, işin hallarına əsasən müəyyən olunur ki, qeyd olunan bu əsasla hazırkı iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verən Cavabdeh bu şikayətin verilməsi üçün qanunla nəzərdə tutulan qaydada və məbləğdə dövlət rüsumu ödənişindən azad deyildir. Çünki, hazırkı mülki iş üzrə mübahisə - “qaz istehlakçısı” olaraq Cavabdeh tərəfindən “istehlakçı hüquqlarının pozulması” ilə əlaqədar onun iddiası əsasında başlanmış mübahisə deyildir. Əksinə, bu mülki iş üzrə mübahisə “qaz paylayıcısı” olaraq İddiaçı hüquqlarının istehlakçı, yəni Cavabdeh tərəfindən pozulması ilə əlaqədardır. Yəni, istehlakçı Cavabdeh tərəflər arasında bağlanmış "təbii qaz alğı-satqısı" müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə və sayğac vasitəsi ilə hesabatı aparılmaqla almalı olduğu təbii qazı – “sayğacdan kənar qanunsuz qoşulma” vasitəsi ilə əldə etməklə, qaz paylayıcısı İddiaçı hüquqlarını pozmuş və bununla əlaqədar da hazırkı məhkəmə mübahisəsi başlanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Göründüyü kimi, Qanunvericiliyin tələblərinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarından, həmin istehlakçılar - cavabdeh olduqları və onların hər hansı bir münasibət üzrə digər tərəfin hüquqlarını pozduqları işlər üzrə, yəni onlara qarşı cavabdeh qismində qəbul edilmiş məhkəmə aktlarından apellyasiya şikayətlərinin verilməsi zamanı dövlət rüsumu ödəməkdən azad deyillər. Eyni zamanda, qeyd etmək lazımdır ki, Şəki Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli e-2(075)-652/2025 nömrəli qətnaməsində də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət olunmaqla da, o, hazırkı mübahisə üzrə dövlət rüsumu ödənişindən azad edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi üçün dövlət rüsumu tutulur (maddə 2.0.1.) və dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur (maddə 4.6.). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə - apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir (108.1.7-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3-cü maddə). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsində “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunmaları” nəzərdə tutulduğundan, istehlakçıların əməlləri nəticəsində pozulmuş hüquqlar üzrə digər tərəfin onlara qarşı verilmiş iddiaları əsasında qəbul edilmiş məhkəmə aktlarından cavabdeh qismində istehlakçıların verdikləri apellyasiya şikayətləri dövlət rüsumu ödənişindən azad deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.3-cü maddəsinin tələblərinə görə, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinin tələblərinə görə, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa - birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti geri qaytarılmalıdır. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Şəki Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli e-2(075)-652/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinə riayət edilmədən verildiyindən, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə hazırkı apellyasiya şikayətinə münasibətdə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki-Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi hazırkı apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan, оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli e-2(075)-652/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-745/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-745/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver