Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-747/2025 23.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(075)-1055/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ASC tərəfindən sığortalı X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, ev 1 b ünvanında yerləşən 48 nömrəli mənzil (daşınmaz əmlak) əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2020-ci il tarixli, PİM/20/0075 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində sığortalı X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, ev 1 b ünvanında yerləşən 48 nömrəli mənzil (daşınmaz əmlak) çoxmərtəbəli binanın yuxarı mərtəbəsindəki mənzildən axan su kütlələri (subasma) nəticəsində 377 (üç yüz yetmiş yeddi) manat məbləğində zərər görmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 377 (üç yüz yetmiş yeddi) manat pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat, ümumilikdə, 407.40 (dörd yüz yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..
3. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən sığortalı X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, ev 1 b ünvanında yerləşən 48 nömrəli mənzil (daşınmaz əmlak) əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2020-ci il tarixli, PİM/20/0075 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində sığortalı X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, ev 1 b ünvanında yerləşən 48 nömrəli mənzil (daşınmaz əmlak) çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh mülkiyyətində olan 50 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində 377 (üç yüz yetmiş yeddi) manat məbləğində zərər görmüşdür.
5. Şəki Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(075)-1055/2025 saylı qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia təmin olunmuş, Cavabdeh 377 (üç yüz yetmiş yeddi) manat pul vəsaitinin və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq Azsığorta” ASC-nə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 445.1, 445.2.1, 467, 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: “AzSantexnika” su sızması inspeksiyasının xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-tikinti kooperativi 194 nömrəli MTK-nın xx.xx.2021-ci il tarixli, 540 saylı arayışı AR ƏMDK yanında DƏDRX-nın RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr çıxarış
8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, əvvəllər onun ünvan 1 ünvanında 7 ci mərtəbədə 2 otaqlı evi olub. Onun başqa evi olduğuna görə həmin evdə heç vaxt yaşamamışdır. Bir gün tarix dəqiq yadında olmasa da, təqribi deyə bilər ki, 2020-ci ildə altıncı mərtəbədə yaşayan X5 ona zəng edərək evinə onların evdən su axdığını bildirdi. O isə ona bildirdi ki, ona məxsus evdə hal hazırda heç kim yaşamır və onların evdən su axması mümkün deyil. Həsənon Pərvin israr etdiki su sizin evdən axır və o, məcbur olaraq təcili ora getdi. Gördü ki, həqiqətən evi su basma halı mövcuddur. O həmin an evdən getmədiyinə görə evin açarını özüylə götürməmişdi. Evdəkilərə dedi ki, təcili açarı gətirsinlər. O açarı gözləyən müddətcə onu başa salmağa çalışdı ki su onun evindən axa bilməz, ona görə ki onun evində hal hazırda yaşayış yoxdu. Və dedi ki, gəl birlikdə çıxaq 8-ci mərtəbəyə baxaq yəqinki su ordan axır onun evinə və onun evindən də sənin evinə axa bilər. Biz 8-ci mərtəbənin qapısını döydük ki, qonşudan məlumat alaq. O zaman evin içindən yaşlı rus qadının səsini eşitdilər. Qadın rus dilində nəsə deyərək qışqırırdı. Amma yəqin ki, nədənsə çəkindiyinə görə qapını açmadı. Nə dediyini dəqiq başa düşməsə də, təqribi müəyyən etdi ki həmin qadının da evini su basıb. Suyun 9-cu mərtəbədən axmasını ehtimal edərək, biz 9-cu mərtəbənin qapısını döydülər, amma açan olmadı. Bu vaxtacan onun evinin açarını evdən gətirdilər və Həsənov Pərvinlə ikisı birlikdə onun evinə daxil olduqda gördülər ki su onların evə 8-ci mərtəbədən axır. Həsənov Pərvin onun evini bu vəziyyətdə görənə kimi onu hədələyirdi ki, onun sığortada işləyən tanışı var onun əlaqəsiylə evin xərcini ona ödətdirəcək. Biraz gözlədikdən sora 9 cu mərtəbədə yaşayan oğlan evə gəldiyini gördülər və ona bildirdilər ki, sizin evdən su axıb evləri batıb. Oğlan girib evinə baxdıqdan sora çıxıb üzr istədi və dedi ki hər birinizə nə qədər zərər dəyibsə hamısını qarşılamağa hazırdır. O, öz növbəsində ondan heçnə tələb etmədiyini, sadəcə olaraq diqqətli olmasını tövsiyə etdi ki, bir daha belə hal baş verməsin. AzSantexnika su sızması inspeksiyasının mütəxəssis rəyində evin su sızması nəticəsində korlanması göstərilsə də, suyun hansı mərtəbədən sızması barədə heç bir araşdırma aparılmayıb. Həsənov Pərvinin həmin vaxtdan bir neçə il keçsə də onu şərləyərək evinin onun səhlənkarlığı nəticəsində korlanmasını iddia etməsinin səbəbi də budur ki, sonralar onun evində qalan kirayəşin ilə aralarında yaranan mübahisənin qisasını ondan almaq niyyəti olub. Belə ki, o, evini Kənan Muradzadəyə ailəsi ilə birlikdə qalması üçün kirayəyə vermişdi. Bir gün Kənan ona zəng edərək bildirdi ki, 6-cı mərtəbədə yaşayan ailə mütamadi olaraq evdə mübahisə edirlər. Hətta vəziyyət o yerə çatırdı ki, əşyaların evdə ora- bura atılması səsi gəlir və onun uşaqları bu səsdən qorxub yata bilmir. O bildirdi ki, bu barədə Həsənov Pərvizdən xahiş etmişdir ki mümkünsə uşaqları qorxduğuna görə mümkünsə sakitliyə riayət etsinlər və eyni zamanda binanın kamendantı Ariz müəllimə də müraciət edib ki, bu evdən gələn səslər uşaqları çox qorxudur. Kənan Muradzadənin bu iradından qəzəblənən Həsənov Pərvin ona bildirdi ki, indi gör sənin başına necə oyunlar açacam. Hal-hazırda görünür ki, o həmin mənzili 1 il qabaq satmağına baxmayaraq Həsənov Pərvinin qəzəbi hələ də soyumayıb, əsassız yerə onu şərləyərək xərcə salmaqla qisasını alacağını düşünür. İş materiallarında olan “AzSantexnika” su sızması inspeksiyasının xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunur: - 17 oktyabr 2021-ci il tarixində X4 məxsus olan ünvan 2 ünvanında su sızması probleminin aşkar olunması məqsədi ilə baxış keçirilmiş, baxış zamanı mənzilin üst qonşusunun hamam otağında olan duş kabinin istismara yararsız olmasından kabinin bütün su birləşən jetlərindən metlaxın üzərinə su dağılması, metlaxların arasında olan dolğunun tam boşalması nəticəsində yerə düşən su yuxarıda qeyd olunan mənzilə sızması və mənzilin kanalizasiya borularında (50 mm və 100 mm diametrli) tutulma müşahidə olunmuşdur. Halbuki sözügedən su basma halı ilə əlaqədar ona məxsus mənzilə AzSantexnika mütəxəssisləri tərəfindən heç vaxt baxış keçirilməyib. Baxış keçirilmiş olsaydı suyun onun mənzilindən yox 9-cu mərtəbədə yerləşən mənzildə su krantının açıq qalması nəticəsində onların blokda olan 4 - 5 mənzilin su basmasını faktlarla, şahidlərlə sübut edərdi. Hakim qərar çıxararkən işə daxil olan sübutların yetərli olmasını nəzərə almalıdır. İddiayla bağlı maddi sübutlar yetərincə olmadan qərar çıxarılması ədalətli qərar hesab edilə bilməz. Hakim iddiayla bağlı evin su sızması nəticəsində korlanmasını əks etdirən foto-şəkillər, evin həqiqətən də iddiaya görə cavabdeh şəxsin səhlənkarlığı nəticəsində su sızması nəticəsində korlanmasını sübuta yetirən ekspert rəyi və yaxud digər mötəbər maddi sübutlar tələb etməli, su sızması halı həqiqətən cavabdeh tərəfindən törədildiyi sübuta yetirilərsə dəymiş zərərin hesablanması əsaslandırmaq üçün zərər dəymiş mülkiyyətin faktiki vəziyyətini əks etdirən foto və ya video görüntülər tələb etməli idi.
10. Ona görə də, Şəki Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(075)- 1055/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
15. Cavabdeh Şəki Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(075)-1055/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ümumilikdə iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən maddi hüquq normasına istinad edilməsində səhvə yol vermişdir. Belə ki, hazırki iş üzrə iddianın əsasını subroqasiya münasibətləri təşkil etdiyi halda, birinci instansiya məhkəməsi borc münasibətlərini tənzimləyən normalara istinad etmiş, iddia tələbinin qanuni əsasını təşkil edən subroqasiya tələbi ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin 936-cı maddəsinə istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxdığından Şəki Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(075)- 1055/2025 nömrəli qətnaməsi ləğv edilməli, işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə ilə iddia tələbi yenidən təmin edilməlidir
18. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı öz iddiasını sübut etmək məqsədilə dəlillərini - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-tikinti kooperativi 194 nömrəli MTK-nın xx.xx.2021-ci il tarixli, 540 saylı arayışı təqdim etmişdir. Cavabdeh isə həmin arayışların həqiqətə uyğun olmadığını iddia etsə də, bu barədə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
19. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verdiyinə görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(075)-1055/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, 377 (üç yüz yetmiş yeddi) manat pul vəsaiti və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azsığorta” ASC-nə ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402 -ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 8 may 2025-ci il tarixli 2(075)-1055/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. 377 (üç yüz yetmiş yeddi) manat pul vəsaiti və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azsığorta” ASC-nə ödənilsin. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.