Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-749/2024 01.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X14 cavabdehlər Cavabdeh1 və Şamaxı Regional Cavabdeh2ndə notariat ofisinə qarşı mirasın qəbulundan imtinanın etibarsız hesab olunması və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbulundan imtinanın etibarsız hesab olunması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, sübutetmə yükü, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, mirasdan imtina, miras payının bağışlanması.) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı1 və Cavabdeh1 nümayəndəsi X9 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X14 cavabdehlər Cavabdeh1 və Şamaxı Regional Cavabdeh2ndə notariat ofisinə qarşı “mirasın qəbulundan imtinanın etibarsız hesab olunması və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 2(016)-74/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, miras əmlak olan Ağsu rayonu, Qaradağ kəndində yerləşən 7.70 ha torpaq sahəsinə dair mirasın qəbulundan imtina edilməsi barəsində iddiaçılar İddiaçı1 və X22 tərəfindən Şamaxı Regional Cavabdeh2 notariat ofisində verilmiş 29 iyul 2023-cü il tarixli ərizələrin etibarsız hesab edilməsi, Şamaxı Regional Cavabdeh2 notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş 03 avqust 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi və ataları X4 miras qalmış Ağsu rayonu, Qaradağ kəndində yerləşən 7.70 ha torpaq sahəsinin bütün vərəsələr arasında paylar bərabər olmaqla bölünməsini xahiş etmişlər. İddiaçılar iddialarını onunla əsaslandırmışdır ki, ataları X10 31 mart 2003-cü ildə vəfat etmişdir. Ataları rəhmətə gedənə qədər Ağsu rayonu, Qaradağ kəndində yerləşən evində yaşamışdır. Ailədə 4 qardaş və 6 bacı olmaqla 10 övlad olmuşlar. Övladlardan 4 oğullar böyüyüb həddi-buluğa çatdıqdan sonra ata evini tərk etmişlər. Hazırda da qardaşı Ağayev Mənsim valideynlərindən qalan evdən, torpaq sahəsindən istifadə edir və heç birini də ata evinə, torpaq sahəsinə yaxın buraxmır. Bu səbəbdən də digər qardaş və bacılarla danışıb razılaşmışlar ki, atalarından miras qalan əmlaklara dair vərəsəlik açdırsınlar və əmlak vərəsələr arasında bərabər paylara bölünsün. Əmlakların sənədlərini araşdırarkən məlum olmuşdur ki, evin sənədləri qaydasında olmadığı üçün evə dair vərəsəlik açılması mümkün olmayacaq, yalnız Ağsu rayonu, Qaradağ kəndində yerləşən 7.70 ha torpaq sahəsinə dair vərəsəlik açılması mümkündür. Bundan sonra, qardaşı Ədalət Ağayev onları inandırmış və söz vermişdir ki, onlara, yəni Kərimova (Ağayeva) Gülbarə Əlləzi qızına və X16 ayrı-ayrılıqda 8000 manat məbləğində pul verəcək və onlar da atalarından miras qalmış əmlakdan imtina etsinlər. Onlar da qardaşı Ədalətə inanaraq razılaşmış, notariusa gedib atalarından miras qalmış torpaq sahəsindən imtina etmişlər, bundan sonra qardaşı Ədalət hər birinə 8000 manat pul verəcək. Bu məqsədlə Şamaxı regional "ASAN xidmət" mərkəzinin notariat ofisinə getmişlər və orada bildirilmişdir ki, qardaşı X29 vətəndaşı olduğu üçün onun adına vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Buna görə qardaşı təklif etmişdir ki, onlara olunan təklif qüvvədə olmaqla, şəhadətnamə tam pay hüququ ilə bacısı Cavabdeh1 adına verilsin. Onlar da təkliflə razılaşmış və hər biri əmlakdan imtina barədə ərizə yazdıqdan sonra bacısı Cavabdeh1 adına atalarından miras qalmış Ağsu rayonu, Qaradağ kəndində yerləşən 7.70 ha torpaq sahəsinə dair 03 avqust 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Sonradan qarşı tərəf onlara verdiyi sözü, vədi yerinə yetirməkdən yayınmış, bu müddətdə aralarında bir neçə dəfə bu barədə mübahisələr olmuş və sonda qarşı tərəf onlara verdiyi vədi yerinə yetirməyəcəyini bildirmişdir. Hesab edir ki, onlar aldadılma nəticəsində atalarından miras qalmış əmlakdan imtina etmişlər və bu səbəbdən cavabdeh Şamaxı regional "ASAN xidmət" mərkəzinin notariat ofisi tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ləğv edilməli, həmin əmlak bütün vərəsələr arasında paylar bərabər olmaqla bölünməlidir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 2(016)-74/2024 saylı qətnaməsi ilə (hakim A.Əsgərov) iddiaçılar İddiaçı1 və X14 cavabdehlər Cavabdeh1 və Şamaxı Regional Cavabdeh2ndə notariat ofisinə qarşı “mirasın qəbulundan imtinanın etibarsız hesab olunması və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; X14 vəfatından sonra miras qalmış JN: 0086, KOD: 40916028 olan dövlət aktına əsasən Ağsu rayonu, Qaradağ kəndində yerləşən 7.77 ha torpaq sahəsinə dair Cavabdeh1 xx.xx.2023-cü il tarixdə 2V-699 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı1 həm öz adından, həm də qardaşı X14 adından notarial qaydada razılıq verərək bildirmişlər ki, X4 miras qalmış hər hansı əmlakına sahiblik etməmiş, onun idarəçiliyində faktiki iştirak etməmiş və idarəçilik etməyə başlamamış, o cümlədən, notariat ofisinə mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi alınması haqqında ərizə verməmişlər. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulan 6 aylıq müddəti buraxmışlar. Hərəkətsizliyinin nəticələri onlara aydındır. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etmək niyyətləri yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, X14 vəfatından sonra miras qalmış JN: 0086, KOD: 40916028 olan dövlət aktına əsasən Ağsu rayonu, Qaradağ kəndində yerləşən 7.77 ha torpaq sahəsinə dair Cavabdeh1 xx.xx.2023-cü il tarixdə 2V-699 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı1 həm öz adından, həm də qardaşı X14 adından notarial qaydada razılıq verərək bildirmişlər ki, X4 miras qalmış hər hansı əmlakına sahiblik etməmiş, onun idarəçiliyində faktiki iştirak etməmiş və idarəçilik etməyə başlamamış, o cümlədən, notariat ofisinə mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi alınması haqqında ərizə verməmişlər. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulan 6 aylıq müddəti buraxmışlar. Hərəkətsizliyinin nəticələri onlara aydındır. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etmək niyyətləri yoxdur. İş materiallarından göründüyü kimi, İddiaçı1 həm öz adından, həm də qardaşı X14 adından notarial qaydada razılıq verərək X6 vəfatından sonra miras qalmış Ağsu rayonu, Qaradağ kəndindəünvanında yerləşən 7.77 ha torpaq sahəsindən imtina etmişlər. Daha sonra, miras qalmış əmlaka dair Cavabdeh1 xx.xx.2023-cü il tarixdə 2V-699 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Odur ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mirasın qəbulundan imtinanın etibarsız hesab olunması və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi üçün hər hansı bir əsas mövcüd deyildir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 1261-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ataları X10 2003-cü ildə vəfat etmişdir. Qanuni vərəsələr belə bir razılığa gəlmişlər ki, (qardaşı Ədalət Ağayevin rəhbərliyi ilə) bacısı Cavabdeh1 nəfinə mirasdan (atalarından qalan 7.70 ha torpağa) rəsmi imtina edəcəyiyi halda, hər birinə 8000 manat kompensasiya verəcəkdir. İmtinalardan sonra qardaşı Ədalət Ağayev vədinə xilaf çıxaraq, əvəz ödəməkdən qəti imtina edərək, onları aldatma yolu ilə dələduzluq etmişdir. Ağsu Rayon Məhkəməsi obyektiv araşdırma aparmamış, mirasdan rəsmi imtinanın əsil mahiyyətini açıqlamamış, imtina əvəzinə hər birinə 8000 manat pul veriləcəyi barədəki qabaqcadan razılaşmaya məhəl qoymadan, etibarnamə əsasında lehinə imtina etdikləri bacısının izahatına öz hüquqi qiymətini verməmişdir. Bilə-bilə qanunsuz qətnamə çıxarılmışdır. Odur ki, Ağsu Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 2(016)-74/2024 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 2(016)-74/2024 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X18 apellyasiya şikayətinin təmin edilməməsini və Ağsu Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 2(016)-74/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı X22, cavabdeh Şamaxı Regional Cavabdeh2ndə notariat ofisinin nümayəndəsi və üçüncü şəxslər X8, X19, X11, X20 və X21 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: (Yeni Məcəllə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 14 oktyabr tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu; “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndində qeyd edilir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 2(016)-74/2024 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 2(016)-74/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 2(016)-74/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, miras qoyan X12 xx.xx.2003-ci il tarixdə vəfat etmişdir. Onun xx.xx.2016-ci il tarixdə vəfat etmiş mərhum arvadı X15 ilə birgə nikahlarından İddiaçı1, X22, Cavabdeh1, X8, X19, X11, X20 və X21 adlı uşaqları doğulmuşdur. X1 JN: 0086, KOD: 40916028 olan dövlət aktına əsasən Ağsu rayonu, Qaradağ kəndində yerləşən 7.77 ha torpaq sahəsi miras qalmışdır. Onun qanuni vərəsələri İddiaçı1, X22, Cavabdeh1, X8, X19, X11, X20 və X21 olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, Şamaxı Regional Cavabdeh2ndə notariat ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 8İ-8725, 8İ-8731, 8İ-8736, 8İ-8737, 8İ-8733, 8İ-8727, 8İ-8729 nömrə ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli **********725, **********731, **********736, **********737, **********733, **********727, **********729 nömrəli İddiaçı1, X22, X8, X19, X11, X20 və X13 xx.xx.2003-ci il tarixdə vəfat etmiş mərhum X7 ölümündən sonra miras qalmış əmlakın onlara düşən miras əmlak paylarını faktiki qəbul etmədikləri, etmək niyyətində olmadıqları və gələcəkdə bu barədə məhkəmə orqanlarına müraciət etməyəcəkləri barədə, eləcə də Şamaxı Regional Cavabdeh2ndə notariat ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 8İ-9025 nömrə ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli **********025 nömrəli Cavabdeh1 xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum X7 ölümündən sonra miras qalmış əmlakın ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, İddiaçı1 həm öz adından, həm də qardaşı X14 adından notarial qaydada razılıq verərək X6 vəfatından sonra miras qalmış Ağsu rayonu, Qaradağ kəndində yerləşən 7.77 ha torpaq sahəsindən imtina etmişlər. Daha sonra, miras qalmış əmlaka dair Cavabdeh1 xx.xx.2023-cü il tarixdə 2V-699 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Odur ki, məhkəmə qeyd edir ki, mirasın qəbulundan imtinanın etibarsız hesab olunması və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi üçün hər hansı bir əsas mövcüd deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk olaraq iddia tələbinin miras əmlak olan Ağsu rayonu, Qaradağ kəndində yerləşən 7.70 ha torpaq sahəsinə dair mirasın qəbulundan imtina edilməsi barəsində iddiaçılar İddiaçı1 və X22 tərəfindən Şamaxı Regional Cavabdeh2 notariat ofisində verilmiş 29 iyul 2023-cü il tarixli ərizələrin etibarsız hesab edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin Mirasın qəbulundan imtiana və onun nəticələrindən bəhs edən normaları aşağıdakı kimidir. Maddə 1256. Mirasın qəbulundan imtina müddəti Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mirasın qəbulundan imtina vərəsələrin tam sərbəstliyi şəraitində həyata keçirilir. Ümumiyyətlə, mirasın qəbulundan imtina vərəsələrin mirasın açıldığı yer üzrə notariat kontoruna rəsmi ərizə təqdim etməsilə reallaşdırılmalıdır. İstər mirasın qəbulu, istərsə də ondan imtina ilə əlaqədar ərizədəki imzaların həqiqiliyi başqa notariat kontorunda və ya qanunla nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq olunmaqla da mirasın açıldığı yer üzrə notariat kontoruna göndərilə bilər. Bu ərizənin müvafiq notariat kontoruna daxil olduğu vaxtdan asılı olmayaraq, ərizədəki imzanın həqiqiliyinin təsdiq olunduğu gün miras əmlakın qəbulu və ya onun qəbulundan imtina vaxtı hesab edilməlidir. Vərəsələr mirasın qəbulundan qanun və ya vəsiyyət üzrə vərəsələr dairəsinə daxil olan şəxslərin, həmçinin dövlətin xeyrinə imtina edə bilərlər. Vərəsələr dairəsinə daxil olmayan kənar şəxslərin, məhkəmə qərarı ilə ləyaqətsiz vərəsə sayılan və ya vəsiyyətnamə ilə birbaşa vərəsəlik hüququndan məhrum edilən şəxslərin xeyrinə mirasdan imtinaya yol verilmir. Mülki Məcəllədə mirasdan imtina etmək üçün üç aylıq müddət müəyyənləşdirilib. Mirasa sahibliyə və ya onu idarə etməyə faktiki başlamış vərəsələr isə mirasın qəbulu üçün müəyyən edilmiş vaxt ərzində ondan imtina edə bilərlər. Deməli, belə hallarda vərəsələrin miras əmlakın qəbul olunmasından 6 ay müddətində də imtina etməsi mümkündür. İddiaçı1 və X14 ərizələrindən görünür ki, həmin vərəsələr miras açıldıqdan təqribən 20 il sonra imtina etmişdir. Buda onu deməyə əsas verir ki, iddiaçıların yuxarıda qeyd edilən ərizələri mirasdan imtina kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli yuxarıda qeyd edilən qərarında isə qeyd edilmişdir ki, “qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.” Kollegiyanın qənaətinə görə yuxarıda qeyd edilən vərəsələrin mirası qəbul etməmələri barədə ərizələri qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən mirasdan imtina kimi qəbul edilə bilməz. Kollegiya hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına uyğun həll edilməlidir. Şamaxı rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 2V-700 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsindən iddiaçılar 9 sentyabr 2023-cü il tarixdə məlumatlı olmuşlar. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndində qeyd edilir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Həmin qanunun 55-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Həmin qanunun 55-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında hüquqi mövqe aşağıdakılarda ibarət olmuşdur; Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakının bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Mülki Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Mülki Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 14 oktyabr tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, mərhum X12 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair qızı Cavabdeh1 “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbəni təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 2V-700 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilməlidir. Payların müəyyən edilməsi ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin konstitusiyaya zidd olduğu AR KM-nin qərarı ilə rəsmi olaraq öz təsdiqini tapmışdır. Odur ki, MM-in 1256-cı maddəsində nəzərdə tutulan müddət və prosedur çərçivəsində mirasdan imtina etməmiş olan bütün vərəsələr mirası qəbul etmiş vərəsə hesab olunur. Bu səbəblə də X8, X19, X11, X20 və X13 aradan 20 ilə yaxın müddət keçdikdən sonra mirasdan notariat qaydasında imtina etməsinə dair iradə ifadəsi hüquqi mahiyyəti baxımdan mirasdan imtina hesab oluna bilməz. Onu da nəzərə almaq lazımdır ki, mirası qəbul etmiş olan bir vərəsənin mirasdan imtinası mülki dövriyyədə hüquqi müəyyənliyin və etimadın təmin edilməsi baxımından yolverilməzdir. (MM.m.1267). Bu nöqteyi-nəzərdən də X8, X19, X11, X20 və X2 yazılı iradə ifadəsinin yeganə məqsəd və təyinatı ona düşən vərəsəlik payının digər vərəsələrə əvəzsiz olaraq verilməsi, başqa sözlə onlara bağışlanması mahiyyətindədir. Belə ki, MM-in 324.5-ci maddəsinə görə “İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir”. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Odur ki, X8, X19, X11, X20 və X13 notariat qaydasında təsdiq olunmuş yazılı iradə ifadəsinin hüquqi müstəvidə həqiqi mahiyyət və təyinatı özünə düşən vərəsəlik payının digər vərəsələrə bağışlaması hesab olunmalıdır. Kollegiyanın qənaətinə görə kollegiya tərəfindən 3-cü şəxs kimi cəlb edilmiş vərəsələr X8 və X11 notarial qaydada təsdiq edilmiş ərizələri ilə Ağsu rayonu, Qaradağ kəndində yerləşən 7.77 ha torpaq sahəsindən onlara düşən hissəni bacıları Cavabdeh1 bağışlamışlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən Kollegiya tərəfindən 3-cü şəxs kimi cəlb edilmiş digər vərəsələr X19, X20 və X21 öz paylarını Cavabdeh1 bağışladıqlarını qeyd edərək, paylarının bacıları Cavabdeh1 verilməsini xahiş etmişlər. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia təmin edilməli, Şamaxı rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli, 2V-700 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilməli, Ağsu rayonu, Qaradağ kəndində yerləşən 7.77 ha torpaq sahəsinə dair vərəsələrin payları müəyyən olunmalıdır. Yəni X1 miras qalmış Ağsu rayonu, Qaradağ kəndində yerləşən 7.77 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 və X14 hər birinə əmlakın 1/8 hissəsi, 6/8 hissəsində isə Cavabdeh1 payı müəyyən edilməlidir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı, bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 2(016)-74/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 2(016)-74/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. Şamaxı rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli, 2V- 700 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilsin. X1 miras qalmış Ağsu rayonu, Qaradağ kəndində yerləşən 7.77 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1 payı 1/8 hissədə, X14 payı 1/8 hissədə, Cavabdeh1 payı isə 6/8 hissədə müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-749/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-749/2024
01.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver