Məhkəmə qərarları › İş №2(107)-75/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-75/2024

05.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-75/2024 05.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X12 Cavabdeh və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdehin əsl cavabdehlə əvəz edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X7 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı X12 nümayəndəsi, həmçinin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X12 Cavabdeh və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 2(033)- 131/2023 saylı qətnaməsindən iddiaçı X12 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X17 Cavabdeh və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, X12 ölmüş hesab edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən onun adına olan əmlaka, 1/3 pay torpaq sahəsinə dair X8 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X17, X5nun məhkəməyə verdiyi ərizəsi əsasında Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsi ilə ölmüş elan edilmişdir. Bundan sonra atası Zaqatala rayon qeydiyyat şöbəsindən 15 oktyabr 2018-ci il tarixdə onun adına ölüm haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında Zaqatala rayonu 2 saylı Notariat Ofisinə müraciət edərək, ünvan 1ində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,3001 ha torpaq sahəsindən paylı mülkiyyət kimi ona məxsus olan 1/3 hissəsinə 08 aprel 2019-cu ildə (vərəsəlik işi № 255/2019 ) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (şəhadətnamə reyestrdə 2V-480 №ilə qeyd edilib, informasiya sisteminə daxil edilib) almışdır (RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən paylı mülkiyyət kimi X5nun adına verilmiş Çıxarış). Bundan sonra X5 digər övladlarından da xəbərsiz torpaq sahəsini başqa şəxsə satmışdır. X5 27 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfat etməsindən sonra qardaşı Cavabdeh atasından miras qalmış əmlakları adına sənədləşdirmək üçün müraciət etdikdə ona məlum olmuşdur ki, atası özünə məxsus olan bütün əmlaklarını satmışdır. Bundan sonra qardaşına məlum olmuşdur ki, atası onu məhkəmə qaydasında ölmüş elan etdirib və ona məxsus 1/3 hissə pay torpağını da vərəsəlik yolu ilə adına sənədləşdirərək satmışdır. Qardaşı onun sağ olduğunu və xaricdə yaşadığını bildiyindən maraqlarına toxunan şəxs kimi məhkəməyə müraciət etmiş və onun ölmüş elan edilməsi barədə Zaqatala Rayon Məhkəməsinin 5 sentyabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2267/2019 saylı qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 5 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və X1 20 avqust 1966-cı il tarixdə doğulmuş oğlu X12 ölmüş elan edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Bütün yuxarıda göstərilənlərdən o, indi xəbər tutmuş və onun pozulmuş hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlayaraq ona məhkəmə işlərini aparmaq üçün etibarnamə vermişdir. O, Ukrayna vətəndaşıdır və İtaliya Respublikasında yaşayır. Onun verdiyi etibarnamə və onunla bağlanmış müqavilə əsasında onun vəkili Zaqatala rayon 2 saylı Notariat Ofisinə sorğu verərək, X12 adına açılmş vərəsəlik işinin materiallarını tələb etmişdir. Həmin sənədlər vəkilinə 26 sentyabr 2022-ci il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Vərəsəlik işinin materillarında olan etibarnamədən görünür ki, vərəsəlik işinin aparılmasını X3 Ramin Məmməd oğluna etibar etmişddir. Mirasın qəbulu haqqında ərizəni də X14 imzalamışdır. X5 vəfat etdiyindən və bu iş üzrə o, cavabdeh qismində cəlb olunmalı olduğundan o, onun hüquqi varisi olan oğlu Cavabdeh qismində göstərir. Hesab etmişdir ki, məhkəmə tərəfindən onun X12 ölmüş hesab edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən onun adına olan əmlaka, 1/3 pay torpaq sahəsinə dair X8 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 8 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 9 fevral 2023-cü il tarixli, 2(033)-131/2023 saylı qətnaməsi ilə iddiaçı X12 Cavabdeh və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı X12 ölmüş hesab edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən onun adına olan əmlaka, 1/3 pay torpaq sahəsinə dair X8 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 8 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilçəsi, iddiaçının dövlət rüsumunun olaraq ödədiyi 100 (bir yüz) manat özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Tərəflər doğma qardaşdılar. İddiaçının məhkəmə qaydasında ölmüş elan edilməsindən sonra onun ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsindəki 1/3 payına dair X5nun adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən reyestrdə 2V-480 № ilə qeyd edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X13 27 aprel 2019-cu il tarixdə ölmüşdür. Şəki Aplleyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2(107)-2267/2019 saylı qətnaməsi ilə iddiaçının ölmüş elan edilməsi barədə Zaqatala Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsinin ləğv edilmişdir. İddiaçı tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni vermiş notariat orqanına qarşı deyil, cavabdehə qarşı yönəltmiş, lakin cavabdehin X4ndan qalmış mirası qəbul etməsi və bununla da sonuncunun digər şəxslər qarşısındakı vəzifələri üzrə mülki hüquq öhdəliyinin ona keçməsi barədə sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, tərəflər doğma qardaşdılar. İddiaçının məhkəmə qaydasında ölmüş elan edilməsindən sonra onun ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsindəki 1/3 payına dair X5nun adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən reyestrdə 2V-480 № ilə qeyd edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X13 27 aprel 2019-cu il tarixdə ölmüşdür. Şəki Aplleyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2(107)-2267/2019 saylı qətnaməsi ilə iddiaçının ölmüş elan edilməsi barədə Zaqatala Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsinin ləğv edilmişdir. İddiaçı tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni vermiş notariat orqanına qarşı deyil, cavabdehə qarşı yönəltmiş, lakin cavabdehin X4ndan qalmış mirası qəbul etməsi və bununla da sonuncunun digər şəxslər qarşısındakı vəzifələri üzrə mülki hüquq öhdəliyinin ona keçməsi barədə sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi mülki iş materiallarını araşdırıb proses iştirakçılarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, X12 adına olan əmlaka, 1/3 pay torpaq sahəsinə dair X8 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə tələb onu vermiş Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı deyil, iddiaya cavab verməli olmayan Cavabdeh qarşı verilmişdir. Eyni zamanda cavabdehin X4ndan qalmış mirası qəbul etməsi və bununla da sonuncunun digər şəxslər qarşısındakı vəzifələri üzrə mülki hüquq öhdəliyinin ona keçməsi təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq dövlətə ödənilmiş 100 (bir yüz) manat onun özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1, 1151.1, 1243.2, 1306.1-ci maddələri, Notariat haqqında Azərbaycan Respublikasında Qanununun 57-ci maddəsi, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 2-ci bəndinin 3-cü yarımbəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 217.3 , 218.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, onun hər hansı bir miras əmlakı qəbul etməsindən və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə tələb etməsindən, hər hansı miras əmlakı qəbul etməsinin şəksiz nümayiş olunmasından və onun vərəsə olmasından və bununla bağlı öz üzərinə kreditorlarla bağlı öhdəlik götürməsindən getmir. Bu iddia tələbində məsələ onun pozulmuş mülkiyyət hüququnun bərpası məsələsidir. Birinci instansiya məhkəməsinin istinad etdiyi mülki hüquq normalarını bu iş üzrə düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarında olan sənədlərdən görünür ki, məhkəmə qaydasında onun ölmüş elan edilməsindən sonra onun ünvan 1ində yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsindəki 1/3 payına dair X5nun adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən reyestrdə 2V-480 № ilə qeyd edilmiş 8 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi həmin şəhadətnamə ilə onun torpaq sahəsindəki payı üzərində mülkiyyət hüququ pozulmuş və həmin hüquq atası tərəfindən mənimsənilmişdir. Qanun üzə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə səbəb onun məhkəmə qaydasında ölmüş elan edilməsi olmuşdur. Notariat orqanı məhkəmənin qətnaməsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu səbəbdən də notariat orqanı birbaşa qanun pozuntusuna yol vermiş orqan deyil və bu səbəbdən də notariat orqanı 3-cü şəxs qismində məhkəməyə cəlb edilmişdir. Burada əsl cavabdeh X10r. Lakin, o, 27 aprel 2019-cu il tarixdə vəfat etdiyi üçün onun hüquqi varisi olan oğlu Cavabdeh məhkəmədə mərhum atasının hüquqi varisi kimi cavabdeh qismində cəlb edilmişdir. X2 bütün əmlakları saxtalaşdırılmış sənədlərlə başqa şəxslərin adına özgəninkiləşdirildiyi üçün o, atasından qalan mirası faktiki qəbul edərək idarə etdiyi halda onları sənədləşdirə bilməmişdir və bu barədə məhkəmə mübahisələri açmışdır və həmin məhkəmə mübahisələri davam edir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 iyul 2019-cu il tarixli 2(107)- 2267/2019 saylı qətnaməsi ilə onun ölmüş elan edilməsi barədə Zaqatala Rayon Məhkəməsinin 5 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsi ləğv edilmiş və X8 ərizəsi təmin edilməmişdir. Bildirir ki, o, haqlı olaraq iddia tələbini cavabdehə, yəni mərhum X5na qarşı (hüquqi varis qismində Cavabdeh qarşı) yönəltmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni vermiş notariat orqanını 3-cü şəxs qismində göstərmişdir. Bu halda hüquqi varis Cavabdeh X6 qalmış mirası qəbul etməsi və bununla da sonuncunun digər şəxslər qarşısındakı vəzifələri üzrə mülki hüquq öhdəliyinin ona küçməsi barədə sübut təqdim etməsinə ehtiyac olmamışdır və yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyildir. Bildirir ki, qətnaməni qəbul edərkən məhkəməyə təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə sübutları tam araşdırmadığından və tam yoxlamadığından öz qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamışdır. Qeyd edilənləri nəzərə alaraq o, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli e- 2(033)-131/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X12 nümayəndəsi, həmçinin vəkili Nümayəndə apellyasiya şikayətini təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli e-2(033)-131/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Notariat haqqında Azərbaycan Respublikasında Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 2-ci bəndinin 3-cü yarımbəndinə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi notariusun apardığı notariat hərəkətlərindəndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli e-2(033)-131/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 2(033)-131/2023 saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 2(033)-131/2023 saylı qətnaməsi mübahisləndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər doğma qardaşdılar. İddiaçının məhkəmə qaydasında ölmüş elan edilməsindən sonra onun ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsindəki 1/3 payına dair X5nun adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən reyestrdə 2V-480 № ilə qeyd edilmiş 8 aprel 2019cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X13 27 aprel 2019-cu il tarixdə ölmüşdür. Şəki Aplleyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 iyul 2019-cu il tarixli 2(107)-2267/2019 saylı qətnaməsi ilə iddiaçının ölmüş elan edilməsi barədə Zaqatala Rayon Məhkəməsinin 5 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsinin ləğv edilmişdir. İddiaçı tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni vermiş notariat orqanına qarşı deyil, cavabdehə qarşı yönəltmiş, lakin cavabdehin X4ndan qalmış mirası qəbul etməsi və bununla da sonuncunun digər şəxslər qarşısındakı vəzifələri üzrə mülki hüquq öhdəliyinin ona keçməsi barədə sübut təqdim etməmişdir. Şikayətdə apellyator bildirmişdir ki, iş materiallarında olan sənədlərdən görünür ki, məhkəmə qaydasında iddiaçının ölmüş elan edilməsindən sonra onun ünvan 1ində yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsindəki 1/3 payına dair X5nun adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən reyestrdə 2V-480 № ilə qeyd edilmiş 8 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi həmin şəhadətnamə ilə iddiaçının torpaq sahəsindəki payı üzərində mülkiyyət hüququ pozulmuş və həmin hüquq atası tərəfindən mənimsənilmişdir. Qanun üzə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə səbəb iddiaçının məhkəmə qaydasında ölmüş elan edilməsi olmuşdur. Notariat orqanı məhkəmənin qətnaməsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu səbəbdən də notariat orqanı birbaşa qanun pozuntusuna yol vermiş orqan deyil və bu səbəbdən də notariat orqanı 3-cü şəxs qismində məhkəməyə cəlb edilmişdir. Burada əsl cavabdeh X10r. Lakin, o, 27 aprel 2019-cu il tarixdə vəfat etdiyi üçün onun hüquqi varisi olan oğlu Cavabdeh məhkəmədə mərhum atasının hüquqi varisi kimi cavabdeh qismində cəlb edilmişdir. Kollegiya şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızıdır. Kollegiya qeyd edir ki, iddiaçı X12 adına olan əmlaka, 1/3 pay torpaq sahəsinə dair X8 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə tələb onu vermiş Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı deyil, iddiaya cavab verməli olmayan Cavabdeh qarşı verilmişdir. Kollegiya qeyd edir ki, X4 övladlarından xəbərsiz torpaq sahəsini başqa şəxsə satmışdır. X4 27 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Ataları vəfat etməsindən sonra Cavabdeh tərəfindən atasından qəbul edəcək miras qalmadığından hər hansı bir miras əmlakları qəbul etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini qeyd etsə də (§7), əslində iddianı hazırki iddiaya cavab verməli olmayan cavabdehə qarşı irəli sürüldüyündən rədd etmişdir. Məhkəmə kollegiyası hazırki qətnamənin dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən iddianın iddiaya cavab verməli olmayan cavabdehə qarşı irəli sürüldüyündən rədd edilməsi ilə razılaşmışdır. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 54.1-ci maddəsinin tələbindən görünür ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi apellyasiya icraatı zamanı mümkün deyil. Belə ki, Mülki-Prosessual Məcəllənin 55.4-cü maddəsinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmin Məcəllənin apellyasiya icraatına aid olan qaydalarından görünür ki, apellyasiya icraatı zamanı işə əvvəldən baxılmasına başlanması mümkün deyil. Göründüyü kimi, məhkəmə iddiaçının hərəkətsizliyini cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmaması olaraq qiymətləndirməklə işə mövcud tələblər üzrə baxmaqda və hazırki cavabdehə qarşı həmin iddianın əsası olmadığından iddianı rədd etməkdə haqlı olmuşdur. Şikayətdə daha sonra qeyd edilir ki, Notariat orqanı məhkəmənin qətnaməsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu səbəbdən də notariat orqanı birbaşa qanun pozuntusuna yol vermiş orqan deyil və bu səbəbdən də notariat orqanı 3-cü şəxs qismində məhkəməyə cəlb edilmişdir. Burada əsl cavabdeh X10r. Lakin, o, 27 aprel 2019-cu il tarixdə vəfat etdiyi üçün onun hüquqi varisi olan oğlu Cavabdeh məhkəmədə mərhum atasının hüquqi varisi kimi cavabdeh qismində cəlb edilmişdir. Kollegiya hesab edir ki, şikayətin bu dəlili də qətnamənin ləğv, iddianın isə təmin edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İş materiallarında və iddia ərizəsinin məzmunundan görünür ki, iddia ərizəsində cavabdeh kimi X13 yox, Cavabdeh qeyd edilmişdir. Yəni məhkəmə Cavabdeh mərhum atasının hüquqi varisi kimi cavabdeh qismində cəlb etməmişdir. Göründüyü kimi şikayətin dəlilləri əsassızdır. Beləliklə Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğundur. Ona görə də iddiaçı X12 apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 9 fevral 2023cü il tarixli, 2(033)-131/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 2(033)-131/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar