Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-750/2022 09.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz hesablanan borc, borcun tutulması, təbii qazdan istifadə hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Şəki Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(075)-569/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 oktyabr 2021-ci il tarixli akt əsasında G-4 markalı, ******* nömrəli sayğac üzrə hesablanmış 432 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu, Qoxmuq kəndində yaşayır. Həmin ünvanda həmişə işlətdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında poçta ödəmişdir. O, həmişə sayğacı üzrə ödəniş aparmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndələri tərəfindən barəsində xəbəri olmadan 27 oktyabr 2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin əməkdaşlar qanunvericilikdə nəzərdə tutulmayan qaydada akt tərtib etmişlər. Cavabdeh təşkilatın nümayəndələri onun heç bir borcunun olmadığı halda borcunun olduğunu bildirərək, evinə gələn təbii qazı şəbəkədən ayırmışlar. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün onun evdə olmamağından mükəmməl olaraq istifadə etmişlər. Bundan başqa həmin aktı məişət abonenti kimi o da imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin cavabdeh təşkilatın nümayəndəsi həmin tarixsiz aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq aktın ləğv sayılması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 2(075)-569/2022 saylı, 31 mart 2022-ci il tаrixli qətnaməsi ilə (hakim C.İmanov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X2 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli akt üzrə hesablanmış 432 manat pulun İddiaçı hesabından silinməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 19 avqust 2021-ci il tarixli ******* nömrəli akta əsasən iddiaçıya məxsus Şəki rayonu, Qoxmuq kəndində yaşadığı evdə quraşdırılmış “Elestr” tipli G-4 markalı ******* nömrəli sayğac işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Zenner” tipli G-4 markalı **********4 saylı sayğac quraşdırılmışdır. Bundan başqa sayğacın çıxış plastmas borusunun deşilməsi, müəyyən olunan sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğaclar çıxarılan zaman X3 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İB-nin Zaqatala X2 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın çıxış plastmas borusunun deşilməsi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətində olmuşdur. Məhkəmə hesab etmişdir ki, “sayğacın çıxış plastmas borusunun deşilməsi” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, sayğac çıxarılan zaman müdaxilə X3 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X2 İdarəsinin rəisinin aktı “sayğacın çıxış plastmas borusunun deşilməsi” sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab etmişdir ki, iddia 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli akt əsasında G-4 markalı, ******* nömrəli sayğac üzrə hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X2 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 27 oktyabr 2021-ci il tarixli ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 432 manat məbləğində hesablanmış cərimə məbləği İddiaçı hesabından silinməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7, 4.8-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2, 560.1, 560.2-cı maddələri, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanunun 8.1.1, 9.1.5, 9.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onun çıxış borusunda dəlik olduğu aşkar edilmişdir. Bununla əlaqədar qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********4 saylı sayğac quraşdırılmışdır, eyni zamanda tərtib edilmiş aktda istehlakçı imza etməklə qüsuru təsdiq etmişdir. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2021-ci il tarixli 29/1710-04151-1 saylı aktında göstərilmişdir ki, sayğacın çıxış plasmas borusu deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-cu il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 4m orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 4320 m (və ya 432 manat) həcmində müəyyən edilmişdir. Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Birinci instansiya məhkəməsinin hazırki mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Birinci instansiya məhkəməsinin hazırki mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, istehlakçı qüsuru təsdiq edən xx.xx.2021-ci il tarixli ******* aktı imza etsə də inventarizasiyanın aparılmasına dair xx.xx.2021-cu il tarixli ******* saylı akt isə imzalamaqdan imtina etmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. İddiaçı tərəfdən qanunsuz hərəkətləri həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsinin ilk növbədə diqqət etməli məqam istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlməsidir. Məhkəmənin gəldiyi qənaət həmdə ona görə əsassızdır ki, sayğaca müdaxilədə istehlakçının maddi marağı olmuş və istehlakçının həmin müdaxilənin onun tərəfindən yox kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünü müdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdən də iddiaçının sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən, qaydaların 4.8-ci bəndində göstərilənlər iki cür izah olunur: Birincisi sayğacın texniki cəhətdən nasaz olması, ikincisi sayğaca kənar təsir nəticəsində nasaz vəziyyətə gətirilməsi. Bu iki hal birbirindən tamamilə fərqli anlayışlardır və qaz paylayıcısı yalnız birinci halda sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdeh ola bilər, ikinci halda isə bu cavabdehlik isə ağlabatan deyildir və ya istehlakçının lehinə şərh oluna bilməz. Belə ki, birinci halda sayğacın zavod qurğuşun plombunda və onun flyans birləşməsinə vurulan plombunda, sayğacda hər hansı vizual müşahidə edilən kənar təsir nəticəsində müdaxilə halı yoxdursa, ancaq bununla belə sayğac işləmirsə, normadan artıq xəta ilə işləyirsə, başqa sözlə sayğaca hər hansı fiziki təsir nəticəsində müdaxilə halı olmadan onda nasazlıq mövcuddursa belə bir vəziyyətdə onun işlək vəziyyətdə olmasına görə istehlakçını məsul tutmaq olmaz. İkinci halda isə sayğacını nasaz vəziyyətə gətirilməsi məhz ona fiziki təsir nəticəsində baş vermişsə (hazırkı işdə olduğu kimi) bu zaman qaz paylayıcısı sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilməz. Çünki həmin sayğaclar quraşdırılarkən yoxlanılmış və hər hansı texniki nasazlığı olmadığı üçün quraşdırılmış və aktla istehlakçıya təhvil verilmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-569/2022 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanunu: Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 2(075)-569/2022 saylı, 31 mart 2022-ci il tаrixli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-569/2022 saylı, 31 mart 2022-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 19 avqust 2021-ci il tarixli ******* nömrəli akta əsasən iddiaçıya məxsus Şəki rayonu, Qoxmuq kəndində yaşadığı evdə quraşdırılmış “Elestr” tipli G-4 markalı ******* nömrəli sayğac işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Zenner” tipli G-4 markalı **********4 saylı sayğac quraşdırılmışdır. Bundan başqa sayğacın çıxış plastmas borusunun deşilməsi, müəyyən olunan sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğaclar çıxarılan zaman X3 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İB-nin Zaqatala X2 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Birinci instansiya məhkəməsinin hazırki mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Birinci instansiya məhkəməsinin hazırki mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın çıxış plastmas borusunun deşilməsi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Kollegiya hesab edir ki, “sayğacın çıxış plastmas borusunun deşilməsi” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə istinad etmişdir. Həmin qərara əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğacın çıxış plasmas borusunun deşilməsinin iddiaçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdehin etirazı o halda əsaslı sayıla bilərdi ki, cavabdeh sayğacda olan qüsurun iddiaçının hərəkətləri nəticəsində baş verdiyini sübut etsin. Lakin belə hallar müəyyən edilmir. Məhkəmə yalnız cavabdehin izahatına əsaslanaraq həmin halları müəyyən olunmuş saya bilməz, çünki cavabdeh işin nəticəsində maraqlıdır. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun və dəyişdirilmiş qaz sayğacının dəyərinin tələb edilməsi əsassızdır. Ona görə də birinci instansiya məhkəməsi düz nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-569/2022 saylı, 31 mart 2022-ci il tаrixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-569/2022 saylı, 31 mart 2022-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-750/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-750/2022
09.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver