Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-752/2023 04.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(063)-440/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. 23 fevral 2022-ci il tarixində Cavabdeh Ağsu X3 İdarəsinin ünvan 1 ünvanında yaşayan İddiaçı yaşadığı fərdi yaşadığı evinə baxış keçirərək, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı 23 fevral 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edərək itilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Ağsu X3 İdarəsinə göndərilmişdir. 28 fevral 2022-ci il tarixdə Ağsu X3 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək iddiaçının Ucar xidmət sahəsinin abonent bazasındakı **********10000 nömrəli abonent koduna 11556 kub/metr-1386,72 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 23 fevral 2021-ci il tarixli, ******* nömrəli akt əsasında Cavabdeh Ağsu X4 İdarəsi tərəfindən ona hesablanmış 1386,72 manat borc məbləğinin abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, cavabdehin əməkdaşları onun barəsində 23 fevral 2022-ci il tarixdə akt tərtib etmişlər və həmin akt əsasında ona 1386,72 manat borc hesablanmışdır. İddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır, çünki ərizəsini tərtib edən şəxs tərəfindən müəyyən texniki səhvlərə yol verilmişdir və o, ərizəni baxmadan imzalamışdır. Belə ki, iddia ərizəsində bildirişə əsasən elektrik enerjisindən istifadəyə görə ödənişlər etdiyi göstərilmişdir. Bunun texniki səhv olması onunla da təsdiq olunur ki, iddia ərizəsində söhbət elektrik enerjisindən yox, təbii qazdan gedir. Bundan başqa, onun evində quraşdırılmış sayğac smartkart tiplidir. Yəni, o, əvvəldən karta pul yükləyir, sonra da həmin pula uyğun təbii qazdan istifadə edir. Sayğacdan kənar qaz xətti cəmi bir ay qabaq çəkilsə də faktiki olaraq ondan istifadə edilməmişdir. Çünki, buna ehtiyac da olmamışdır. Belə ki, qış fəslində həmin evdə tək həyat yoldaşı X2 yaşamış, 5 nömrəli tam orta məktəbdə işlədiyindən günün xeyli hissəsini evdə olmamış, gecələr isə qazı söndürmüşdür.Digər ailə üzvləri, o cümlədən də o, qış fəslində əsasən Bakı şəhərində yaşamış, həmin evdə qış fəslində üst-üstə 3-4 gün yaşamışlar. Yəni, hesablandığı kimi 3 ay, 24 saat qazdan istifadə etməmişlər. Yalnız, 2022-ci ilin Novruz bayramından bir neçə gün əvvəl həmin evdə ailə üzvləri ilə birlikdə yaşamağa başladıqlarından smartkarta əvvəlki aylarla müqayisədə daha çox pul ödənilmişdir. Daha sonra isə havalar istiləşdiyindən ödənilən məbləğ yenidən azalmışdır. Beləliklə, sayğacdan kənar xəttdən faktiki olaraq istifadə olunmamış, hətta olunsaydı belə həmin xətt 1 ay əvvəl çəkildiyindən, evdə yoldaşı tək yaşadığından və günün xeyli hissəsini evdə olmadığından, habelə gecələr qazı söndürdüyündən, yəni qazdan gün ərzində 5-6 saat istifadə etdiyindən hesablanmış, itirilmiş qaz sərfi cavabdehin hesabladığından 12 dəfə az (0,8x6 saatx30 gün=144 kub metr; 0,8x6 saatx30 gün=144 kub metr; 2,25x6saatx30gün=405 kub metr; 1,5x6 saatx30 gün=270 kub metr), yəni 963 kub metr (144+144+405+270=963) ola bilərdi. Kənar xəttdən ümumiyyətlə istifadə olunmamışdır. O, itmiş qazın cəminin 963 kub metr ola biləcəyini ona görə göstərir ki, hətta həmin xəttdən istifadə olunsaydı belə, itmiş qazın cəmi 963 kub metrdən çox ola bilməzdi.
4. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, 23 fevral 2022-ci il tarixində Cavabdeh Ağsu X3 İdarəsinin ünvan 1 ünvanında yaşayan İddiaçı yaşadığı fərdi yaşadığı evinə baxış keçirərək, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı 23 fevral 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edərək itilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Ağsu X3 İdarəsinə göndərilmişdir. Mənzildə sayğacdan kənar əlavə qaz xəttinin aşkar edilməsi zamanı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. 23 fevral 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən 28 fevral 2022-ci il tarixdə Ağsu X3 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək iddiaçının Ucar xidmət sahəsinin abonent bazasındakı **********10000 nömrəli abonent koduna 11556 kub/metr-1386,72 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş 1386,72 manat məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının təqsirli hərəkətinə görə cavabdehin iddiaçıdan zərərin əvəzini ödənilməsini tələb etmək hüququ vardır, cavabdeh tərəfindən hesabat müddəti 90 gün göstərilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, məhkəmə cavabdehin bu hesabatını qismən əsaslı hesab edir və bu nəticəyə gəlir ki, cavabdehin 23 fevral 2022-ci il tarixli aktına əsasən hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş təbii qazın dəyərinə görə iddiaçıya 462.64 manat məbləğində pul hesablanmalıdır. Belə ki, yuxarıda qeyd olunan Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 fevral 2022-ci il tarixli, ******* nömrəli aktına əsasən itirilmiş qazın dəyəri-dəymiş ziyanın miqdarı 462 (dörd yüz altmış iki) manat 24 (iyirmi dörd) qəpik məbləğində müəyyən edilməli və 924 (doqquz yüz iyirmi dörd) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul onun abonent hesabından silinməli, iddianın qalan hissəsi təmin edilməməlidir.
6. Ucar Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(063)-440/2022 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia qismən təmin olunmuş, İddiaçı Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 fevral 2022-ci il tarixli, ******* nömrəli aktına əsasən itirilmiş qazın dəyəri-dəymiş ziyanın miqdarı 462 (dörd yüz altmış iki) manat 24 (iyirmi dörd) qəpik məbləğində müəyyən edilməsi və 924 (doqquz yüz iyirmi dörd) manat 48 (qırx səkkiz) qəpik məbləğində pulun onun abonent hesabından silinməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4 və 5-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
8. İş materiallarından görünür ki, Ağsu X4 İdarəsi ilə İddiaçı arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 27 iyul 2021-ci ildə 12519 nömrəli müqavilə bağlanmışdır.
9. İş materiallarında olan 23 fevral 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, 23 fevral 2022-ci ildə Cavabdeh Ağsu X3 İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşları tərəfindən istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-ə riayət olunması yoxlanılmışdır, baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur.
10. İş materiallarında olan Cavabdeh Ağsu X3 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 28 fevral 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərindən 1 ədəd radiator sobasının maksimal saatlıq qaz sərfi 0.8 kub/metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, 1 ədəd PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 kub/metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, 1 ədəd axımlı su qızdırıcının maksimal saatlıq qaz sərfi 2.25 kub/metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, 1 ədəd həcmli su qızdırıcının maksimal saatlıq qaz sərfi 1.5 kub/metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və hesablanmış məbləğin ödənilməsi, cəmi 11556 kub/metr göstərilmişdir.
11. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci ilin fevral ayı üçün abonentə-iddiaçıya akt üzrə 1386,72 manat hesablanmışdır.
12. İş materiallarında olan AZE seriyalı, 06039841 nöməli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar şəhəri, H.Cavid küçəsi, ev 12-də qeydiyyatdadır.
13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, istehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğlərinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
15. Ona görə də, Ucar Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(063)- 440/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələbinin təmin edilməməsinə və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı və Cavabdeh nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndində əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Ucar Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(063)-440/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin olunmamış hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, işin bütün halları nəzərə alınmaqla birinci instansiya məhkəməsi bu qətnamənin 8-11-ci bəndlərində göstərilmiş əsaslarla iddianı təmin etməkdə haqlı olmuşdur.
24. Belə ki, sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən həddindən artıq yüksək məbləğ müəyyən edilmişdir. Cavabdeh itirilmiş qazın həcmini müəyyən edərkən nəyə əsasən hesabat müddətini 90 gün müəyyən etdiyini əsaslandıra bilməmişdir.
25. Cavabdeh istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyriqanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdehin sayğacdan kənar qoşulma ilə bağlı qanunsuz istifadəyə görə sayğacdan kənar qoşulmanın aşkar edildiyi vaxtdan bir ay əvvələ qədərki sərfiyyata görə borc hesablanmalı olması qənaətinə gəlməkdə haqlı olmuşdur.
26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(063)-440/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(063)-440/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.