Məhkəmə qərarları › İş №2(107)-761/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-761/2024

11.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-761/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı X4 Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X8 ibarət tərkibdə, X12 qızının katibliyi ilə, iddiaçı X4 (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra- Birlik) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tаrixli qətnaməsindən cavabdeh Birlik tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Birlik tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçıya məxsus yaşayış evinə baxış keçirilməsi zamanı abonentin təbii qazdan qeyri-qanuni birləşmə ilə sayğacdan kənar xətlə istifadə etməsi aşkar edilmişdir. Birliyin 31 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 1 ədəd PQ3-un maksimal saatlıq qaz sərfi 08 m³/saat, 1 ədəd PQ4-un maksimal saatlıq qaz sərfi 12 m³/saat, 1 ədəd radiator maksimal saatlıq qaz sərfi 0,8 m³/saat, 2 ədəd dəmir soba maksimal saatlıq qaz sərfi 14 m³/saat və orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt olmuşdur. “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 5886,72 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq hesablanıb abonent koduna vurulmuş 5886,72 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 yanvar 2023-cü il tarixdə Azəriqaz İBnin əməkdaşları tərəfindən yaşadığı İsmayıllı rayonun Mican kəndində fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacdan kənar yeni qoşulmuş əlavə qaz xətti aşkar etmişlər. Tərtib olunmuş həmin tarixli akta əsasən 365 gün üçün hesabat aparılmış və həmin vaxt abonent kodu atası X2 adına olduğundan qanunsuz olaraq həmin koda 5886,72 məbləğində cərimə yazmışlar. Hazırda abonent kodu onun adına rəsmiləşdirilmişdir. 2023-cü ilin yanvar ayının ortalarında istifadəsində olan qaz sayğacı qazı buraxmadığı üçün və hava soyuq olduğundan sayğacdan əlavə qoşulma aparılmış, bir-iki gün istifadə etmişdir. Xətt yeni çəkilmiş olduğundan istifadə olunmamış, aşkar edilən zaman da istifadə edilmirdi. Ona görə də hesablanaraq yazılmış məbləğ ilə razı deyil, hesab edir ki, tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Əgər onun fərdi yaşayış evində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olunmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Cavabdeh Birlik iddiaya etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, 16 yanvar 2023-cü il tarixində "Azəriqaz” X10 RQİİ-nin Göyçay XS-nin əməkdaşları İsmayıllı rayonun Mican kəndində yaşayan X5 məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı 16 yanvar 2023-cü il tarixli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən 31 yanvar 2023-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək X4 İsmayıllı XS-nin abonent bazasındakı **********00750 nömrəli abonent koduna 49056 m3 – 5886,72 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. X1 abonent koduna hesablanaraq vurulmuş 5886,72 manat məbləği sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. X6 ilə İsmayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alğı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(037)- 229/2024 nömrəli iş üzrə qəbul etdiyi 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanaraq X4 **********00750 nömrəli abonent koduna vurulmuş 5886,72 manat cərimə məbləğinin azaldılaraq 483,84 manat müəyyən edilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, X4 qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 49056 m3 miqdarında, yəni 5886,72 manat dəyərində təbii qazdan istifadə etməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir. Belə ki, X4 2023-cü ilin yanvar ayında təbii qazdan qanunsuz olaraq istifadə etdiyi müəyyən olunsa da, Cavabdeh İB iddiaçının təbii qazdan 365 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 5886,72 manat cərimə hesablamışdır. İddiaçının qanunsuz qaz xəttindən 365 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də X4 fərdi yaşayış evində olan qaz avadanlıqlarından təbii qazdan 1 ay ərzində qanunsuz olaraq istifadə etməsi əsas götürülməli və dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır (0,8x24x30=576m3, 1,2x24x365=864 m3 , 0,8x24x365=576 m³, 1,4x2x24x365=2016 m3. Cəmi: 4032 m³). Məhkəmə mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2, 4.7, 4.8, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh Birlik apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğləriinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdi. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir hissəsinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən yalnız cavabdeh Birlik apellyasiya şikayəti vermiş və o, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olduğunu nəzərə alaraq, qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz(16 yanvar 2023-cü il tarixdə qüvvədə olan). Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir(16 yanvar 2023-cü il tarixdə qüvvədə olan). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, iddiaçı, fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına qanunsuz qoşulmaqla təbii qazdan istifadə etmişdir. İddiaçı iddia ərizəsində həm əlavə qaz xəttinin mövcud olduğunu, lakin həmin xəttin işləmədiyini, yəni qanunsuz qoşulma nəticəsində qazdan istifadə etmədiyini bildirir, həm də borcun şişirdildiyini, qanunsuz qoşulma müddətinin 12 ay deyil, 1-2 gün olduğunu bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 16 yanvar 2023-cü il tarixdə qüvvədə olan(iddiaçının evində kənar qoşulmanın müəyyən edildiyi vaxt) 6.5-ci bəndində qeyd olunur ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə” Təlimatın 3.6-cı bəndində qeyd olunur ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılığının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması tələb olunur. Cavabdeh Birlik “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən, istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Abonentin saldosundan görünür ki, Birlik tərəfindən hər ay sərf edilmiş qazın dəyəri hesablanaraq iddiaçıya təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, sayğaca vizual olaraq baxış keçiriləndə, yəni aylıq sərfiyyatın miqdarının hesablanması üçün sayğaca baxış keçirilən zaman xətdən kənar qoşulmanı müəyyən etmək olmazdı. Belə ki, xətdən kənar qoşulma iddiaçının həyətində olan boru vasitəsi ilə həyata keçirilmişdir. Birlik tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür həmin boru sayğaca baxış keçirilən zaman deyil, iddiaçının mənzilinə baxış keçirilən zaman aşkar edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi sayğacdan kənar qoşulma nəticəsində hesablanmış sərfiyyatın müddətini 1 ay qəbul etməkdə haqlı olmamışdır. Məhkəmənin qənaətinə görə, qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi nəzərə alınmaqla sayğacdan kənar qoşulma nəticəsində hesablanmış sərfiyyatın müddətinin 3 ay müəyyən edilməsi ağlabatan və ədalətlidir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” əsasında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanaraq iddiaçının abonent koduna vurulmuş 5886,72 manat cərimə azaldılaraq 1471,68 manat(5886,72/12=490,56. 490,56*3=1471,68) müəyyən edilməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh Birlik tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinin tələbinə görə apellyasiya şikayəti qismən təmin edildiyinə görə, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 39,45 manat dövlət rüsumunun 35 manatı iddiaçıdan cavabdeh Birliyin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə İsmayıllı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024cü il tarixli qətnamə ləğv edilsin. İddiaçı X4 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” əsasında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanaraq iddiaçının abonent koduna vurulmuş 5886,72 manat borc azaldılaraq 1471,68 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumu iddiaçı X3 alınaraq Cavabdehnə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar