Məhkəmə qərarları › İş №2(107)-762/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-762/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-762/2024 04.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: qaz borcunun ödənilməsi, pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(014)-174/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabeh Ağdaş rayonu, Maşad kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 94 (doxsan dörd) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 3421,44 (üç min dörd yüz iyirmi bir manat, qırx dörd qəpik) manat, cəmi 3515,44 (üç min beş yüz on beş manat, qırx dörd qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun və 0,80 (səksən qəpik) manat bank xidmət haqqının, ümumilikdə isə 3576,24 (üç min beş yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Maşad kəndində yaşayan Cavabdeh məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********04110 saylı qaz hesabında ödənilməmiş 3515,44 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 94 manat hissəsi sayğac göstəricisinə və 3421,44 manat hissəsi isə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 94 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G 4T markalı **********2 nömrəli sayğacın 7434 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 3421,44 manat həcmindəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Maşad kəndində yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 12 yanvar 2023-ci il tarixdə Ağdaş rayonu, Maşad kəndində Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 12 yanvar 2023-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfləri nəzərə alınmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 23 yanvar 2023-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 28512 m3 (və ya 3421,44 manat) həcmində müəyyən edilmişdir. Aşkar edilmiş qazdan istifadə qaydalarının pozulması faktı ilə bağlı inzibati icraata başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X1 Agentliyinin Şəki filialı tərəfindən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə 06 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 20 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. Birinci instansiya məhkəməsində icraat: Ağdaş Rayon Məhkəməsinin (hakim: A.Mürsəlova) 14 mart 2024-cü il tarixli, 2(014)- 174/2024 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Ağdaş şəhəri, Məşəd küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 94 (doxsan dörd) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 3421,44 (üç min dörd yüz iyirmi bir manat, qırx dörd qəpik) manat, cəmi 3515,44 (üç min beş yüz on beş manat, qırx dörd qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun və 0,80 (səksən qəpik) manat bank xidmət haqqının, ümumilikdə isə 3576,24 (üç min beş yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2020-ci il tarixli, № 6129-1020 saylı müqaviləyə əsasən İddiaçı E.Cəbrayılovu təbii qazla təmin etmiş, Cavabdeh 24 oktyabr 2020-ci il tarixli, № 612910-20 saylı müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş, eyni zamanda təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu hal iş materiallarına əlavə olunmuş videogörüntünü özündə əks etdirən DVD disklə öz təsdiqini tapmış, nəticədə onun İddiaçınə ümumilikdə 3515,44 (üç min beş yüz on beş manat, qərx dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Beləliklə, birinci instansiya məhkəməsi toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 94 (doxsan dörd) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 3421,44 (üç min dörd yüz iyirmi bir manat, qırx dörd qəpik) manat, cəmi 3515,44 (üç min beş yüz on beş manat, qırx dörd qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 60 (altmış) manat dövlət rüsumun və 0,80 (səksən qəpik) manat bank xidmət haqqının, ümumilikdə isə 3576,24 (üç min beş yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3 və 442-ci maddələri, Azərbaycan Respublikası MPM-nin 119.1, 14.2, 76.1, 76.2, 77.1, 217.4 və 217.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndələri tərəfindən onun yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına ayda 2 dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş ona təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyəri həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricisinə uyğun və tam şəkildə mütamadi olaraq tərəfindən ödənilmişdir. X3 tərəfindən tərtib edilmiş aktda qeyd olunanlar hamısı yalandır. Bundan sonra iddiaçı təşkilat onu əsassız və qanunsuz olaraq mənbəyi məlum olmayan həddindən artıq 3421.44 məbləğində cərimə etmişdir. İddiaçının təqdim etdiyi ******* nömrəli aktda onun iştirakı təmin edilməmiş, həmin aktda qeyd olunan qaz cihazlarının hansı şəraitdə iddiaçı tərəf müəyyən etdiyi bilinmir, çünki onun evində bu qədər qaz cihazı mövcud deyildir. Hesab edir ki, iddiaçı təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin akt qanunsuz və əsassızdır. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalı idilər. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi iddiaçı təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün onu qanunsuz olaraq cərimə etmişlər. İddiaçı təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə, onu da qeyd etmək istəyir ki, istifadəsində olan qaz sayğacı fərdi yaşayış evinə giriş qapısından çöldə quraşdırılmışdır. Ancaq istifadəsində olan sayğac fərdi yaşayış evinə giriş qapısından çöldə qoyulsa da, qaz paylayıcısı tərəfindən qaydaların tələblərinə əməl edilməmiş və sayğac müvafiq ötrüklə örtülməmişdir. Xüsusən hesablanmış borca nəzər yetirsək görərik ki, qeydə alınan Qaz plitəsi, Dəmir soba hesabat müddətində guya 24 saat fasiləsiz işləmişdir ki, bu da mümkün deyildir. Çünki hansı evdə hansısa qaz cihazı dayanmadan 24 saat işlədilir. Qış aylarında Qaz plitəsi təxminən ümumilikdə gün ərzində 5-6 saat, Dəmir soba 12-14 saat işləyər. Onların hamısı 24 saat gün ərzində işləsə sıradan çıxar. Həmçinin Qaz piltəsi üçün 12 aylıq (360 gün), Dəmir soba üçün isə 6 aylıq (180) gün müddət üçün hesabat aparılmışdır ki, bu da tam qanunsuzdur. Çünki iddiaçı təşkilatın nəzarətçisi hər ay iki dəfə gəlib onun sayğacı göstəricisini yazır, əgər sayğacdan kənar xətt olsa idi, aşkarlanmaması mümkün deyildir. Digər tərəfdən iddiaçı təşkilatın təlimatlarında cərimə hesablayarkən sonuncu bildiriş verdiyi tarixdən və ya bir aylıq müddəti aşmayan günlər üçün hesabat aparmalı idi. Belə olan halda Qaz plitəsi üçün 12 aylıq (360 gün) hesabat üçün müəyyən olunan 10368 kub metr qazın 1 ayı götürüldükdə 864 kub metr (10368/12 = 864 kub m), 3 Dəmir soba üçün 6 aylıq (180 gün) hesabat üçün müəyyən olunan 18144 kub metr qazın 1 ayı götürüldükdə 3024 kub metr hesabat aparmalı idi. Nəticədə bir aylıq sərfiyyat Qaz idarəsinin tələbnaməsinə əsasən 3888 kub metr (864 + 3024 = 3888) müəyyən edilir ki, bu da 466.56 manat (3888 k.metr x 0.12q = 466.56 manat) təşkil edir. Ona görə də günlük cihazların 24 saat ərzində işlədilməsinin mümkünsüzlüyünün nəzərə alınması lazim idi. Çünki heç bir halda qaz cihazının 24 saat işləməsi ağlabatan deyildir. Lakin Ağdaş Rayon Məhkəməsi buna baxmayaraq faktiki halları araşdırmadan belə bir qərar qəbul etmişdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(014)-174/2024 saylı qətnaməsinin “akt əsasında hesablanmış 3421.44 manat borcun tutulması” hissəsində ləğv olunmasını və iddia ərizəsinin həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanunu: Maddə 2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(014)-174/2024 saylı qətnaməsinin “akt əsasında hesablanmış 3421.44 manat borcun tutulması” hissəsində ləğv olunmasını və iddia ərizəsinin həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(014)-174/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən iddianın təmin edilmiş 3136,32 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(014)-174/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən 3136,32 manata aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2020-ci il tarixli, № 6129-1020 saylı müqaviləyə əsasən İddiaçı E.Cəbrayılovu təbii qazla təmin etmiş, Cavabdeh 24 oktyabr 2020-ci il tarixli, № 612910-20 saylı müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və 28512 m3 ziyan dəymişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə qismən razılaşır. İş materiallarında olan İddiaçı 23 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 2 ünvanında yerləşən istehlakçı elburus Cəbrayılovun yaşadığı mənzilə 12 yanvar 2023-ci il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 28512 m3 borc hesablanmışdır. Bununla belə, həmin sayğacdan kənar xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və tərtib edilmiş 12 yanvar 2023-ci il tarixli, ******* nömrəli akt əsasında itirilmiş qazın sərfiyyatı 365 gün götürülməklə hesabat aparılmışdır ki, həmin müddətin hansı əsasla 365 gün hesablanması ilə bağlı iddiaçı təşkilat tərəfindən heç bir sübut və ya dəlil təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, qaz sayğacı küçədə quraşdırılmaqla Cavabdeh deyil, İddiaçı cavabdehliyi çərçivəsindədir. Yəni iddiaçının əməkdaşları mütəmadi olaraq (ən azı ayda bir dəfə olmaqla) bu və ya digər qaz sayğaclarına baxış keçirirərək, sayğacın işləməsinə, plombunun yerində olmasına və kənar müdaxilənin olub-olmamasına nəzarət edirlər. Belə ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalı və istehlakçıya hesab verilməlidir. Hazırkı işdə göstərilən dövrdə iddiaçının evində quraşdırılmış sayğac üzrə aylıq hesabatın aparıb-aparılmaması, hesabatın nəticələri barədə iddiaçı təşkilat tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd edilən pozuntunun da elə aşkar olunduğu ay, yəni aprel ayında törədilməsini, həmin aydan əvvəl törədilmiş olsaydı mütləq aşkar edilməli olmasını nəzərə alaraq cavabdehə əsassız olaraq 365 gün üçün itirilmiş təbii qazın dəyərinin hesablanması yolverilməzdir. Kollegiya qeyd edir ki, sayğaca iddiaçı təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, olduğu halda müəyyən edilmiş olardı. Ona görə də kollegiya hesab edir ki, cavabdehdən borca tutulan sayğacdan 365 gün deyil, 30 gün müddət üçün hesablanmalıdır və həmin məbləğ isə 285,12 manat təşkil edir. Odur ki, 285,12 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş 3136,32 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(014)-174/2024 saylı qətnaməsi iddianın təmin edilmiş 3136,32 manata aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(014)-174/2024 saylı qətnaməsi iddianın təmin edilmiş 3136,32 manata aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 285,12 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamə sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 94 manat, əvvəlcədən ödənilmiş 60 manat dövlət rüsumunun və 0,80 manat bank xidmət haqqının Cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar