Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-767/2024 13.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı 15 mart 2013-cü il tarixli 239 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin ləğvi, xüsusi təyinatlı yaşayış sahəsindən çıxarma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X3, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı 15 mart 2013-cü il tarixli 239 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(039)-1746/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabadehlərə Yevlax rayonu 615 hündürmərtəbəli yaşayış kompleksində 4 saylı binada yerləşən 59 nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilmələrinə dair 15 mart 2013-cü il tarixli “239” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri 'ayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 15 mart 2013-cü il tarixli “239” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Yevlax rayonu ərazisində məcburi köçkünlər inşa edilmiş 615 ailəlik qəsəbədə 4 nömrəli binada 59 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Yevlax rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehlərin həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (bu barədə “Azərişıq” və “Azərsu”-dan abonentin sərfiyat göstəriciləri və akt əlavə olunur). Sahə rəisi tərəfindən cavabdehlərə 59 nömrəli mənzildə yaşamadıqları üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçının nümayəndəsi Afiq Mirzəyev iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh4 əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, Yevlax şəhəri, Bakı prospekti, məcburi köçkünlər üçün tikilmiş yaşayış kompleksində 4 saylı binada yerləşən 59 saylı 2 otaqlı mənzili məcburi köçkün kimi onun valideynlərinə verilmişdir. Həmin mənzildə onun valideynləri, özü və qardaşı uzun müddət bir yerdə yaşamışlar. Lakin, atası Cavabdeh1 Türkiyə Respublikasında iş tapmış və məcburiyyət qarşısında işləmək üçün oraya getmişdir. Anası Cavabdeh2 həmin mənzildə yaşayır, hazırda başında şiş olduğu üçün müalicə məqsədi ilə ara-sıra Türkiyə Respublikasına gedib qayıdır. Eyni zamanda onun özü də həmin mənzildə yaşamaqdadır. Belə ki, Yevlax şəhərində iş olmadığı üçün məcburiyyət qarşısında Bakı şəhərinə fəhlə kimi işləməyə gedir və həmin zamanlarda Bakı şəhərində kirayədə yaşayır. Daimi yaşamaq üçün başqa yaşayış yeri yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir.
5. Cavabdeh2 əvvəlki məhkəmə iclası zamanı bildirmişdir ki, əri Cavabdeh1la birlikdə Şuşa şəhərindən məcburi köçkündürlər. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən onlara ailə ilə birlikdə yaşamaq üçün Yevlax şəhəri, Bakı prospekti, məcburi köçkünlər üçün tikilmiş yaşayış kompleksində 4 saylı binada yerləşən 59 saylı 2 otaqlı mənzil verilmişdir. Bu müddət ərzində ailələri ilə həmin mənzildə yaşamışlar. Əri Cavabdeh1 Yevlax şəhərində iş tapmadığı üçün müvəqqəti olaraq Türkiyə Respublikasına işləməyə getmişdir. Özü isə həmin mənzildə yaşayır. Lakin, başında şiş olduğu üçün müalicə məqsədi ilə ara-sıra Türkiyə Respublikasına gedir. Övladları da həmin mənzildə yaşayır. Başqa yaşayış yerləri yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Yevlax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(039)-1746/2023 saylı qətnaməsi (hakim T.Əli) ilə iddia təmin edilmiş, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 4 nömrəli binada 59 nömrəli 2 otaqlı mənzilə dair 15 mart 2013-cü il tarixli “239” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə yerləşən 4 nömrəli binanın 59 nömrəli 2 otaqlı mənzilindən çıxarılmaları qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağlanmış 15 mart 2013-cü il tarixli “239” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında cavabdehlərə məcburi köçkün olaraq Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 4 nömrəli binada 59 nömrəli 2 otaqlı mənzil verilmişdir, lakin, cavabdehlər bağlanmış kirayə müqaviləsinin, eləcə də mənzil qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının tələblərini pozaraq həmin mənzildə faktiki olaraq uzun müddətdir yaşamamış, kommunal xidmətlər üzrə borcu ödəməmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Cavabdehlərin qeyd edilən mənzildə kommunal xidmətlərdən uzun müddət istifadə etməməsi və yaranmış kommunal borcları ödəməməsi (mövcud arayışlarla təsdiq olunur) onların həmin mənzildə yaşamadığı təsdiq edir. Eyni amanda cavabdehlər Cavabdeh2 və Cavabdeh4 qismən etirafı ilə bu hal təsdiq olunur.
10. Məhkəmə qeyd etmişdir ki, həmin cavabdehlərə bu mənzildə yaşadıqlarını təsdiq edən sübutları təqdim etmək təklif olunsa da, onlar hər hansı sübut təqdim etməmişlər.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində görə, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə, kirayəçi alt aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşmış məcburi köçkünlər istisna olmaqla), yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədikdə müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
12. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdehlər tərəfindən kirayə müqaviləsinin, habelə mənzil qanunvericiliyinin müvafiq tələblərinin pozulması təsdiq olunur, bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 №li Qərarının 3.3, 3.7-ci bəndləri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.3, 82.4, 82.4.1, 82.4.4, 91.1.5, 91.3, 98.1, 98.2, 99.4, 100.3, 102.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermişdir.
15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddia tələbində qeyd olunanlarla o, razılaşmır. Belə ki, müqavildə qeyd olunan öhdəliklər onlar tərəfindən heç bir halda pozulmamışdır. Onlar bir müddət anasının xəstəliyinə görə zərurətdən müalicə üçün Türkiyə Respublikasına gedərək orada yaşamışlar. Hazırda isə yenə də bir neçə aydır ki, onlar öz evlərinə qayıdaraq burada məvburi köçkün kimi onlara verilmiş yuxarıda qeyd olunan ünvanda yaşayırlar. Onların başqa yaşayış yerləri yoxdur. Lakin məhkəmə qeyd etdiklərini nəzərə alınmayaraq və iddiaçının mənafeyinə uyğun əsassız qətnamə qəbul edilmiş, nəticədə bu qətnamə ilə onların hüquqları çox ciddi şəkildə pozulmuşdur.
16. Məhkəmə tərəfindən işin faktiki halları araşdılmadan əsassız və qeyri-obyektiv məhkəmə qərarı qəbul edilmişdir
17. Məhkəmə iddia tələbini təmin edərkən işin faktiki hallarını nəzərə almamışdır. Hesab edir ki, bu hallar məhkəmə tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamış, işə birtərəfli yanaşılaraq ədalətsiz qətnamə qəbul edilmişdir.
18. Odur ki, apellyаsiyа şikаyətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1746/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti üzrə əlavə ərizə təqdim edən Cavabdeh3 ərizəsində iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(039)-1746/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin ona, atası Cavabdeh1, anası Cavabdeh2, qardaşı Cavabdeh4 qarşı 15 mart 2013-cü il tarixli 239 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmaları tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmçinin izahatında onun apellyasiya şikayətinin əslində ailə üzvləri olan digər cavabdehlərin də mövqeyi olduğunu göstərmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(039)-1746/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin ona və digər cavabdehlərə qarşı 15 mart 2013-cü il tarixli 239 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmaları tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin olunmaması, Yevlax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(039)-1746/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Konstitusiyası: 43-cü maddənin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddənin İ hissə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir.
26. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
27. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 №li Qərarı: 3.3-cü bəndində qeyd olunmuşdur ki, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qərarın 3.7-ci bəndində göstərilmişdir ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(039)-1746/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 Yevlax rayonu 615 hündürmərtəbəli yaşayış kompleksində 4 saylı binada yerləşən 59 nömrəli 2 otaqlı mənzilindən istifadəsi məhz Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 15 mart 2013-cü il tarixli “239” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə bağlı olduğundan, bütün cavabdehlər məhz həmin müqavilə əsasında mübahisəli mənzildən istifadə etdiklərindən, adıçəkilən müqavilə isə mübahisələndirildiyindən, Yevlax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(039)-1746/2023 saylı qətnaməsindən cavabdehlərdən yalnız Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilsə də mübahisənin predmeti bölünməzdir.
33. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(039)-1746/2023 saylı qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 15 mart 2013-cü il tarixli “239” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 4 nömrəli binada yerləşən 59 nömrəli 2 otaqlı mənzil Cavabdeh1 və onun ailə üzvləri olan digər cavabdehlərin sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdehlərin həmin mənzildə yaşamadıqlarını, mənzilin istifadəsiz olduğunu əsas gətirən iddiaçı təşkilat 15 mart 2013-cü il tarixli “239” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini, cavabdehlərin mübahisəlki mənzildən çıxarılmalarını tələb etmişdir. Cavabdeh tərəfdən iddia tələbi qəbul edilməmişdir.
37. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olmaqla, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.
38. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib hesab edir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızıdr. Tərtib edilmiş aktlarla bağlı kollegiya qeyd edir ki, həmin aktlar iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin aktlarda qeyd edilmişdir ki, dəfələrlə baxış keçirilmiş, lakin evdə yaşayışın olmadığı müəyyən edilmişdir. Kollegiya qeyd edilən müddəalara tənqidi yanaşır. Belə ki, həmin aktlar 28 oktyabr 2022-ci il, 09 mart 2023-cü il və 26 dekabr 2023-cü il tarixlərdə tərtib edilməklə onların günün hansı saatlarında tərtib edilməsini müəyyən etmək mümkün olmamışdır. Ən azından iddiaçı təşkilat tərəfindən həmin hallar aşkar edilmişdirsə qeyd edilən halı təsdiq etmək üçün 5, 9 aylıq zaman fərqi ilə deyil, həmin halı təsdiq etmək üçün daha qısa zaman kəsiklərində və günün müxtəlif saatlarında aktlar tərtib etmək olardı.
40. Hazırkı halda isə tərtib edilmiş aktlardan başqa iddiaçı tərəfindən hər hansı bir başqa sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin aktlar iddianın təmin olunması üçün əsas ola bilməməsinə düzgün hüquqi qiymət verilməmişdir.
41. Kollegiya qeyd edir ki, cavabdehlərin yaşayış evindən məhrum edilmələri “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın müddəalarına ziddir.
42. Digər tərəfdən, cavabdehlərin eyni xarakterli mübahisə üzrə məhkəmə qətnaməsinin çıxarıldığı 12 sentyabr 2022-ci il tarixdən hazırkı iddia ərizəsinin birinci instansiya məhkəməsinə təqdim edildiyi 05 iyun 2023-cü il tarixədək mübahisəli yaşayış sahəsində fasiləsiz olaraq, həm də üzrlü səbəb olmadan yaşamamaları, habelə, onların yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etməmələri, yəni başqa yaşayış sahəsinə malik olmaları halları birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmiş, bununla bağlı hər hansı mötəbər sübuta istinad olunmamışdır.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilədə qeyd olunan öhdəliklərin tərəflərindən pozulmaması, məhkəmə tərəfindən işin faktiki hallarının araşdılmamasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, X4 məhkəmə kollegiyasının sorğusuna 09 avqust 2024cü il tarixli, 503 nömrəli, X12 İstismar İdarəsinin 07 avqust 2024-cü il tarixli cavab məktublarından və onlara əlavə edilmiş istifadə olmunmuş elektrik enerjisi və təbii qazın istehlakı barədə məlumatlardan görünür ki, Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 4 nömrəli binada yerləşən 59 nömrəli 2 otaqlı mənzildə 2022-ci ilin sentyabr-2023-cü ilin may ayları ərzində davamlı olaraq və fərqli həcmlərdə elektrik enerjisi və təbii qaz istehlak edilmişdir.
44. Kollegiya qeyd edir ki, Dövlət Proqramı”nın məqsədi Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir.
45. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər.
46. Məhkəmə kollegiyası bildirir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
47. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
48. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
49. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
51. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərar).
52. Məhkəmə kollegiyası həmçinin bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X7rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67).
53. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. 39. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır. 40. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarda (§29-35) müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
54. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır.
55. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
56. Ona görə də, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(039)-1746/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı 15 mart 2013-cü il tarixli 239 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmaları tələbinə dair iddiası təmin edilməməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(039)-1746/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı 15 mart 2013-cü il tarixli 239 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmaları tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.