Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-778/2025 10.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Sığorta ödənişinin reqres qaydasında tələb edilməsi) Hakimlər Musayev Taleh Valeh (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi İsmayılova Nərmin Ərəstun qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli 2(063)-494/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat sığorta ödənişi məbləğinin və 70 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında 06 oktyabr 2023-cü il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 17 noyabr 2023-cü il tarixdə “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hadisəsi nəticəsində “Volkswagen Passat” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomabilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai RPİ DYPŞ-dən iddiaçının ünvanına inzibati xəta haqqında 20 noyabr 2023-cü il tarixli qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmiş, həmçinin qərarda Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. Xətai RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 23 aprel 2019-cu ıl tarixli, 005-9513-1219 saylı arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 4.Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. 5.Məhkəmə, iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
6. Ucar Rayon Məhkəməsinin (hakim. X.Bədəlov) 20 may 2025-ci il tarixli 2(063)- 494/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 5000 (beş min) manat məbləğində sığorta ödənişinin və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Yol-nəqliyyat hadisəsi baş verərkən Cavabdeh X3 məxsus olan “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etmişdir. Bu isə onu göstərir ki, “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən qanuni əsas olmaqla idarə edilmişdir.
8. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edilmişdir ki, “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalı olmuş və bununla da, həmin avtomaşını idarə edən şəxsin üçüncü şəxslərə vurduğu zərərə görə mülki məsuliyyəti mövcud olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh "xxxx" ASC-də sığortalanmış “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində “Volkswagen Passat” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomaşına 5000 manat məbləğində zərər dəymiş, o cümlədən zərər məbləğinə müvafiq olaraq zərərçəkmiş şəxsə sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi "xxxx" ASC tərəfindən ödənildiyinə görə şirkətin yol-nəqliyyat hadisəsini törətmiş və bundan sonra hadisə yerindən yayınmış Cavabdeh qarşı subroqasiya qaydasında iddia irəli sürmək hüququ yaranmışdır. Hazırda vurulmuş ziyana görə Cavabdeh iddiaçı "xxxx" ASC-yə 5000 manat borcu vardır. Həmin zərər sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə ödənildiyi üçün şirkət cavabdehə qarşı subroqasiya qaydasında iddia irəli sürməkdə haqlıdır.
9. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdehdən 5000 manat məbləğində sığorta ödənişinin, 70 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 926, 936, 1108.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6, 25.1.8, 63.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 78.1, 88, 106.3, 107, 191.3. 217.4, 218.3, 220.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, Ucar Rayon Məhkəməsinin 2(063)-494/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi birtərəfli, əsassız, qeyri-obyektiv qəbul edilmişdir və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 14, 88, 217, 218-ci maddələrinin tələbləri, o cümlədən ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi, sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsipləri kobud surətdə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, məhkəmə tərəfindən tətbiq edilməli olan Azərbaycan Respublikası MM-nin müvafiq maddələri nəzərə alınmamışdır. Sadalanan maddi və prosessual hüquq normalarının məhkəmə tərəfindən pozulması sonda düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
13. Mübahisə ilə bağlı bildirmək istəyir ki, 2023-cü ilin noyabr ayında istifadəsində olan Moskviç İJ 27175 markalı 10VX 590 DQN avtomobillə Xətai rayon ərazisində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "Volkswagen Passat" markalı, 10 SJ022 DQN avtomabilə zərər dəymişdir. Baş vermiş hadisəyə görə AR.İXM-nin 327.1və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. Xüsusi ilə həmin avtomabilin qabaq sol qənədi yüngül sürtülmüşdür. Hadisədən sonra öz şəxsi mobil nömrəsini qabaq alın şüşənin üzərinə qoymuşdur. Həmin avtomobilə cəmi 500 manat maddi ziyan dəyə bilərdi. Lakin Ucar Rayon Məhkəməsi ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir.
14. Göründüyü kimi məhkəmə maddi ziyanın əvəzinin ödənilməsi zamanı qüsur aktına əsaslanmışdır. Qüsur aktında həddindən artıq şişirdilmiş rəqəmlər yazilib. Bu məbləğlə ümumiyyətlə razı deyildir.
15. Odur ki, Ucar Rayon Məhkəməsinin 2(063)-494/2025 saylı,xx.xx.2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ucar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(063)-494/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı "xxxx" ASC işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindənhüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
20. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının; 19.1-ci bəndinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş avtomobilin, yaxud digər predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 40.4-cü bəndinə əsasən eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir. Bu halda zərərçəkənlərin hamısına verilən sığorta ödənişinin ümümi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğinə bərabər olmalıdır.
21. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun; 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25- ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
26. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası Ucar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(063)- 494/2025 nömrəli qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almışdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh X3 məxsus olan “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən 17 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində “Volkswagen Passat” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. “Moskviç İJ 27175” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalı olmuş və bununla da, həmin avtomaşını idarə edən şəxsin üçüncü şəxslərə vurduğu zərərə görə mülki məsuliyyəti mövcud olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Volkswagen Passat” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomaşına 5000 manat məbləğində zərər dəymiş, o cümlədən zərər məbləğinə müvafiq olaraq"xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə sığorta ödənişi həyata keçirilmişdir. İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş 20 noyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh həmin yol nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. 17 may 2024-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC "xxxx" ASC-yə sığortalanmış “Volkswagen Passat” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5000 manat məbləğində sığorta ödənişi etmişdir. Həmin zərər sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə ödənildiyi üçün şirkət həmin məbləği subroqasiya qaydasında cavabdehdən tələb etmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
31. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin qabaq sol qənədinin yüngül sürtülməsi, hadisə nəticəsində həmin avtomobilə cəmi 500 manat maddi ziyan dəyə bilməsi, məhkəmənin maddi ziyanın əvəzinin ödənilməsi zamanı qüsur aktına əsaslanması, qüsur aktında həddindən artıq şişirdilmiş rəqəmlərin yazılmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus “Volkswagen Passat” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən olunması üçün qiymətləndirici-ekspert dəvət edilmiş və "xxxx" MMC tərəfindən verilmiş 21 oktyabr 2025-ci il tarixli 6-10/25-171 nömrəli qiymətləndirmə rəyindən görünür ki, “Volkswagen Passat” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın təmir-bərpa dəyəri 5082 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi isə 5000 manat olmuşdur. Həmçinin Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində qarşı tərəfə qeyd olunan məbləğdən az miqdarda ziyan dəyməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
32. Belə ki, nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
34. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsi birtərəfli, əsassız, qeyri-obyektiv qəbul edilməsi, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 14, 88, 217, 218-ci maddələrinin tələblərinin, o cümlədən ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi, sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsipləri kobud surətdə pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmaması, məhkəmə tərəfindən tətbiq edilməli olan Azərbaycan Respublikası MM-nin müvafiq maddələri nəzərə alınmaması, sadalanan maddi və prosessual hüquq normalarının məhkəmə tərəfindən pozulması sonda düzgün olmayan qətnamənin qəbul edilməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli 2(063)-494/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli 2(063)-494/2025 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.