Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-78/2023 17.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz inşa edlmiş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz inşa edlmiş tikilinin sökülməsi tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz inşa edlmiş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(075)-72/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,0219 ha torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən tərəfindən inşa edilən qanunsuz tikilinin onların hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,0249 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 48.30 kv.m olan fərdi yaşayış evi onun mülkiyyətindədir. O, həmin evi cavabdehlərin qardaşı olan Şamil Məcidovdan xx.xx.2018-ci il tarixdə almış və bundan sonra rəsmi bölgü aparılaraq həmin evə dair xx.xx.2021-ci il tarixdə reyestrdən çıxarış da almışdır. Lakin onun mülkiyyətində olan torpaq sahəsinin üzərində dəmir dirəklər və divarların üzərində təxminən 2 metr hündürlükdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz tikili inşa edilmişdir. Həmin tikili ona məxsus evdən küçəyə gediş-gəliş yolunun üzərində inşa edilmişdir və ona sərbəst şəkildə həyətindən istifadə etməyə imkan vermir və onun digər hüquqlarını məhdudlaşdırır. Beləliklə cavabdehlər onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(075)-72/2022 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddanın qismən təmin olunması, 22 aprel 2021-ci il tarixli, **********57-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 1 (yeni qaydalarla: AZ-5500, ünvan 3 ünvanında 0.0219 ha torpaq sahəsi üzərində 1.8 metr torpaq səthindən yüksəklikdə metal konstruksiya üzərində qurularaq Cavabdeh1 tərəfındən inşa edilmiş 22 kv.metr tikilinin onun öz hesabına sökülməsi, iddianın Cavabdeh2 münasibətdə təmin edilməməsi, 10.40 manat ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə 50 manat ekspertiza xərcinin Cavabdeh1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X2 KOD 210005 VÖEN **********, Müxbir ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; ünvan 2 ünvanında yerləşən 0,0249 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 48.30 kv.m olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin evi cavabdehlərin qardaşı olan Şamil Məcidovdan xx.xx.2018-ci il tarixdə alqı-satqı yolu ilə almış, xx.xx.2021-ci il tarixdə isə həmin evi dövlət qeydiyyatına aldıraraq çıxarış da almışdır. Lakin iddiaçı rəsmi bölgü aparıb çıxarış aldıqdan sonra müəyyən etmişdir ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0219 ha torpaq sahəsi üzərində 1.8 metr torpaq səthindən yüksəklikdə metal konstruksiya üzərində Cavabdeh1 tərəfindən 22 kv.metr tikili inşa edilmişdir. İddiaçı iddiasını müdafiə etmiş, cavabdehlər isə iddianı qəbul etməmişlər. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi iddiaçının tələbi hər iki cavabdehlərə qarşı yönəlmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaqda torpaq səthindən 1.8 metr hündürlükdə metal konstruksiya üzərində tikilmiş 22 kv.m-lik tikili cavabdehlərdən Cavabdeh1 tərəfindən inşa edilmiş və həmin otaq hazırda onun istifadəsindədir. Belə olan halda digər Cavabdeh2 iddia üzrə hər hansı cavabdehlik daşıya bilməz və daşımamalıdır da. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla həmin tikiliyə iddiaçının hüquqları sonradan deyil, qardaşı Amil Məcidovun mülkiyyət hüquqları qeydə alınarkən mülkiyyət hüquqları əsasında qeydə aldırmaqla mövcud olmuşdur. 0.0511 ha torpaq sahəsində olan 342.6 kv. metlik fərdi yaşayış evi 3 qardaşın ümumi mülkiyyətində olmuşdur. Şamil Məcildov öz payına düşən hissəni satmış və ona məxsus hissənin satılmasına iddiaçı razılıq verməmişdir. Məhkəmə maddi hüquq normasını səhv tövsif edərək ona məxsus əmlakı mülkiyyət hüquqları əsasında qeydə alınmasına baxmayaraq hesab etmişdir ki, həmin tikili qanunsuz tikilidir. Məhkəmə onun mülkiyyətində olan əmlakını İddiaçı əmlakı hesab etməkdə haqlı olmamışdır. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Ona məxsus həmin tikililər onun mülkiyyətində İddiaçı mülkiyyət hüquqları qeydə alınanadək mövcud olmuşdur. İddiaçının onun mülkiyyətində olan əmlakın sökülməsini tələb etmək hüququ yoxdur. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Şəki Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(075)-72/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(075)-72/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. 173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 31 avqust 2022ci il tarixli 2(075)-72/2022 saylı qətnaməsinin ləğv edilərək iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddianın Cavabdeh1 aid təmin olunmuş hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin olunmuş hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(075)-72/2022 saylı qətnaməsi iddianın Cavabdeh1 aid təmin olunmuş hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından aydın olur ki, sökülməsi tələb olunan torpaq səthindən 1.8 metr hündürlükdə metal konstruksiya üzərində tikilmiş 22 kv.m-lik tikili iddiaçı mübahisəli evi və torpaq sahəsini cavabdehlərin qardaşı olan Şamil Məcidovdan xx.xx.2018-ci il tarixdə alqısatqı yolu ilə aldığı zaman artıq mövcud olmuş, torpaq sahəsi mülkiyyətçi alqı-satqı vasitəsilə mülkiyyət dəyişərkən üzərində inşa edilmiş tikili ilə yüklü şəkildə keçmişdir. Mübahisəli tikili torpaq sahəsinin həmin vaxt mülkiyyətçisi olan Şamil Məcidovun razılığı ilə inşa edilmişdir. Həmin torpaq sahəsi xx.xx.2018-ci ildə İddiaçı satıldığı zaman sonuncunun aldığı əmlakın yüklü olmasına hər hansı etirazı da işin hallarından görünmür. Bu hal Cavabdeh1 qarşı irəli sürülmüş tələbin həm də qanunvericiliyin hüquqdan suiistifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir. İddiaçının alqı-satqı müqaviləsi bağlamaqla qarşılığında pul ödəyərək aldığı əmlakı görməməsi və üzərində olan tikilidən xəbərinin olmaması da inandırıcı hesab edilmir. Eyni zamanda kollegiyanın iclasında izahat verən iddiaçı torpaq sahəsini alan zaman həmin tikilidən xəbərdar olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan suiistifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin olunmuş hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(075)-72/2022 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(075)-72/2022 saylı qətnaməsi iddianın təmin olunmuş 22 aprel 2021-ci il tarixli, **********57-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 1 (yeni qaydalarla: AZ-5500, ünvan 3 ünvanında 0.0219 ha torpaq sahəsi üzərində 1.8 metr torpaq səthindən yüksəklikdə metal konstruksiya üzərində qurularaq Cavabdeh1 tərəfindən inşa edilmiş 22 kv.metr tikilinin sökülməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi 22 aprel 2021-ci il tarixli, **********57-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 1 (yeni qaydalarla: AZ-5500, ünvan 3 ünvanında 0.0219 ha torpaq sahəsi üzərində 1.8 metr torpaq səthindən yüksəklikdə metal konstruksiya üzərində qurularaq Cavabdeh1 tərəfındən inşa edilmiş 22 kv.metr tikilinin sökülməsi hissəsində rədd edilsin. 10.40 manat ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə 50 manat ekspertiza xərci İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-78/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-78/2023
17.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver