Məhkəmə qərarları › İş №2(107)-781/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-781/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-781/2023 13.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 və vəkili Vəkil2, Cavabdeh2 və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli, 2(046)-1191/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.295 manat pul vəsaiti və ödənilmiş 189 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ona və ailə üzvlərinə Göyçay rayonu Qızılağac kəndi ərazisindən torpaq sahəsi ayrılmışdır. Mülkiyyətlərinə verilən torpaq sahəsində xurma ağacı əkərək, mövsüm vaxtı meyvələrini satıb ailəsini dolandırır. 2020-ci ilin təxminən oktyabr ayının əvvəllərində cavabdehlər ona müraciət edərək yetişdirdiyi xurma meyvəsini almaq istədiklərini, pulunu satıldıqca hissə-hissə ödəyəcəklərini bildirmişlər. Bu arada qeyd edir ki, cavabdehlər əvvəlki illərdə də yetişdirdiyi xurma meyvəsini nisyə alaraq, pulunu vəd verdikləri vaxtda qaytarmışlar. Onda inam yaratdıqları üçün bu dəfə də cavabdehlərlə razılaşıb, 12.295 manat dəyərində xurma meyvəsini nisyə vermişdir. Cavabdehlər vəd verdikləri vaxtda ona borclu olduqları pulu qaytarmamış, hər dəfə müxtəlif bəhanlər gətirərək, borclu olduqları pulu verməkdən yayınmışlar. Şərik olan cavabdehlər etibarından sui-istifadə etdikləri üçün Göyçay rayon Polis şöbəsinə müraciət etmişdir. Ərizəsini araşdıran polis əməkdaşları cavabdehlərin əməlində cinayət tərkibi olmaması qənaətinə gəlmiş və ona mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 5 sentyabr 2022-ci il tarixli, 2(046)- 1191/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilmiş, 12.095 manat borcun və ödənilmiş 189 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Göyçay rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında iddiaçıya və ailə üzvlərinə Göyçay rayonu Qızılağac kəndi ərazisindən torpaq sahəsi ayrılmışdır. Mülkiyyətlərinə verilən torpaq sahəsində xurma ağacı əkərək, mövsüm vaxtı meyvələrini satıb ailəsini dolandırır. 2020-ci ilin təxminən oktyabr ayının əvvəllərində cavabdehlər ona müraciət edərək yetişdirdiyi xurma meyvəsini almaq istədiklərini, pulunu satıldıqca hissəhissə ödəyəcəklərini bildirmişlər. Bu arada qeyd edir ki, cavabdehlər əvvəlki illərdə də yetişdirdiyi xurma meyvəsini nisyə alaraq, pulunu vəd verdiyikləri vaxtda qaytarmışlar. Onda inam yaratdıqları üçün bu dəfə də cavabdehlərlə razılaşıb, 12.295 manat dəyərində xurma meyvəsini nisyə vermişdir. Cavabdehlər vəd verdikləri vaxtda ona borclu olduqları pulu qaytarmamış, hər dəfə müxtəlif bəhanlər gətirərək, borclu olduqları pulu verməkdən yayınmışlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh1 Göyçay RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədovun adına yazdığı izahatda qeyd etmişdir ki, 2020-ci ilin noyabr ayında sinif yoldaşı Cavabdeh2 ona Göyçay rayonu ərazisində xurma tapmasını xahiş etmişdir. O da, Göyçay rayonu Qızılağac kənd sakini İddiaçı oğlu Elvində satılması üçün nəzərdə tutulan xurma məhsulu olduğunu ona dediyinə görə, sinif yoldaşı Sahiblə məhsula baxmaq üçün Göyçay rayonu Qızılağac kəndinə getmişlər. Onlar məhsulun alğı-satqısında razılaşmışlar, Sahib Elvinə 200 manat beh vermişdir, həmin gündən bir gün sonra məhsulu yığmağa başlayacağı ilə bağlı sövdələşmişlər. Mal yığılarkən 3 gün sonra Sahib ona zəng edərək məhsulun qiyməti endiyi və satmaq mümkün olmadığı üçün məhsulu almaqdan imtina etdiyini bildirmiş, həmçinin onun Elvinə zəng edərək məhsul yığımını dayandırmasını deməsini istəmişdir. Elvin buna narazılıq etsə də, məhsul yığımını dayandırmışdır. O, Elvinə bütün xərci özü çəkəcəyini bildirmiş və həmin məhsulu başqa müştəriyə satmasını istəmişdir. Elvin məhsulu başqa müştəriyə sata bilmədiyi üçün məhsulu onun almalı olduğunu bildirmişdir. O da, ziyan ola-ola, məhsulu sonuncudan almışdır. Məhsulu satış dəyərindən xeyli aşağı qiymətə satmışdır. Qazandığı pulu xərclərinə sərf etmişdir. O, Elvindən 1 qutusu 10 manat dəyərində 1149 qutu məhsul almışdır. Həmin məhsulu ziyanına sataraq 7.000 manat pul əldə etmişdir. O, İsayev Elvinə olan borcunu hal-hazırda maddi imkanı zəif olduğuna görə ödəyə bilmir. Ən qısa zamanda özünə məxsus torpaq sahəsini sataraq borcunu ödəyəcək. Cavabdeh2 Göyçay RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədovun adına yazdığı izahatda qeyd etmişdir ki, 2020-ci ilin payız aylarında həmkəndlisi Ayaz Ovçuyevlə şərikli xurma meyvəsini vətəndaşlardan alaraq Rusiya Federasiyasına satılması üçün yığmışlar və ya burada həmin meyvəni satmışlar. O cümlədən İddiaçı sonuncuya 200 manat beh verməklə 1180 qutu, ümumi dəyəri 12.500 manat olan xurma meyvəsi almışlar. Lakin Rusiyaya göndərilən meyvə ziyan etdiyi üçün həmin pulu, yəni İddiaçı 12.500 manat borcunu verə bilməmişlər. Daha doğrusu İddiaçılə deyil, sonuncunun oğlu Elvinlə danışmışlar və onlara 12.500 manat borcları qalmışdır. Həmin puldan yarısı onun borcu olsa da, Ayazla şərik olduqları üçün digər aralarında olan alverə görə İddiaçı xurma meyvəsinin pulunu Ayaz verməlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər iddiaçıdan xurma məhsulu aldıqları və ziyanla satdıqlarını, yaranmış borcu ödəmədiklərini etiraf etmişlər. Cavabdehlərin hər ikisi iddiaçıdan şərikli olaraq xurma məhsulu aldıqlarını bildirirlər. Belə olduğu təqdirdə, cavabdehlər iddiaçı qarşısında müştərək qaydada pul öhdəliyi daşıyırlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 72, 60 və 13-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 442, 445 və 448.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İş materiallarından göründüyü kimi məhkəmə iddia üzrə belə qənaətə gəlmişdir ki, işin faktiki hallarından göründüyü kimi, onlar iddiaçıdan xurma məhsulu aldıqlarını və ziyanla satdıqlarını, yaranmış borcu ödəmədiklərini etiraf etmişlər. Onlar iddiaçıdan şərikli olaraq xurma məhsulu aldıqlarını bildirmişlər. Belə olduğu təqdirdə, onlar iddiaçı qarşısında müştərək qaydada pul öhdəliyi daşıyırlar. Məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə onun Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəclləsində nəzərdə tutulmuş hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, tanımadığı və borclu olmadığı İddiaçı ilə arasında alğı-satqı münasibətlərinin olması və bu səbəbdən də onun qarşısında borc öhdəliyi yarandığı qənaəti ilə məhkəmə əsassız və qanunsuz olaraq qətnamə çıxarmışdır. Hesab edir ki, qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göyçay Rayon Məhkəməsinin 2(046)-1191/2022-nömrəli, 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar iş materiallarına uyğun gəlmir. Qeyd edilənləri nəzərə alaraq, Göyçay Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli, 2(046)-1191/2022 saylı qətnaməsinin tamamilə ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli, 2(046)-1191/2022 saylı qətnaməsinin tamamilə ləğv edilərək yəni iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli, 2(046)-1191/2022 saylı qətnaməsinin tamamilə ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli, 2(046)- 1191/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Göyçay Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli, 2(046)-1191/2022 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qanuni və ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması, məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də hazırki iş üzrə kollegiya Göyçay Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli, 2(046)-1191/2022 saylı qətnaməsini Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində, yəni Cavabdeh1 aid hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 5 sentyabr 2022ci il tarixli, 2(046)-1191/2022 saylı qətnaməsi həmin hissədə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iddianın ona münasibətdə rədd edilməli olması hissəsində əsaslıdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ona və ailə üzvlərinə Göyçay rayonu Qızılağac kəndi ərazisindən torpaq sahəsi ayrılmışdır. Mülkiyyətlərinə verilən torpaq sahəsində xurma ağacı əkərək, mövsüm vaxtı meyvələrini satıb ailəsini dolandırır. 2020-ci ilin təxminən oktyabr ayının əvvəllərində cavabdehlər ona müraciət edərək yetişdirdiyi xurma meyvəsini almaq istədiklərini, pulunu satıldıqca hissə-hissə ödəyəcəklərini bildirmişlər. Bu arada qeyd edir ki, cavabdehlər əvvəlki illərdə də yetişdirdiyi xurma meyvəsini nisyə alaraq, pulunu vəd verdikləri vaxtda qaytarmışlar. Onda inam yaratdıqları üçün bu dəfə də cavabdehlərlə razılaşıb, 12.295 manat dəyərində xurma meyvəsini nisyə vermişdir. Cavabdehlər vəd verdikləri vaxtda ona borclu olduqları pulu qaytarmamış, hər dəfə müxtəlif bəhanlər gətirərək, borclu olduqları pulu verməkdən yayınmışlar. Şərik olan cavabdehlər etibarından sui-istifadə etdikləri üçün Göyçay rayon Polis şöbəsinə müraciət etmişdir. Ərizəsini araşdıran polis əməkdaşları cavabdehlərin əməlində cinayət tərkibi olmaması qənaətinə gəlmiş və ona mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə, nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinin Cavabdeh1 aid hissəsinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə xurma yeşiyinin cavbdeh Cavabdeh1 verdiyini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. İddiaçının iddia tələbini əsalandırmaq üçün məhkəməyə təqdim etdiyi yeganə sübut Cavabdeh1 Polis Şöbəsində yazmış olduğu izahatdır. Kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi həmin yazılı izahat iddianın Cavabdeh1 münasibətdə təmin edilməsi üçün əsas ola bilməz. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 Göyçay RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədovun adına yazdığı izahatda Göyçay rayonu Qızılağac kənd sakini Elvində satılması üçün nəzərdə tutulan xurma məhsulu olduğunu bildiyini, məhsulun alğısatqısında razılaşdıqlarını və Elvindən 1 qutusu 10 manat dəyərində 1149 qutu məhsul aldığını, həmin məhsulu ziyana sataraq 7.000 manat pul əldə etdiyini göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, Cavabdeh1 Göyçay RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədovun adına yazdığı izahatda hazırki iş üzrə İddiaçı hər hansı məhsul aldığını və ya hər hansı digər formada ona borclu olduğunu etiraf etməmişdir. Həmin izahatda söhbət Elvin adlı şəxsdən gedir ki, hazırki iş üzrə iddiaçı Elvin adlı şəxs deyildir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli, 2(046)- 1191/2022 saylı qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli, 2(046)-1191/2022 saylı qətnaməsi qismən, 12.095 manat borc və ödənilmiş 189 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsinə aid hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissədə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, iddiaçı, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar