Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-789/2022 23.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş "Çıxarışın" ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Qəbələ Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(025)-432/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş "Çıxarışın" ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 25 noyabr 2013-cü il tarixli Qəbələ rayon X1 bağlanmış alqı - satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş Seriya RX № ******* saylı, qeydiyyat tarixi xx.xx.2014-cü il, qeydiyyat nömrəsi ********** olan “Çıxarış”ın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 həmkəndlisi olaraq uzun illərdir ki, tanıyır. 2013-2014-cü illərdə Cavabdeh1 Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini almaq istədiyini bildirdi və iddiaçı dəyəri 8000 manat olmaqla 0,06 ha torpaq sahəsini ona satmağa razılaşmışdır. Cavabdeh1 iddiaçıya 2000 manat ödəmiş və bildirmişdir ki, qalan 6000 manatı 2015-cı il ərzində ödəyəcəkdir. Həmkəndlisi olduğuna və ona inandığına görə onun vermiş olduğu sözə inandı. İddiaçı Cavabdeh1 2000 manat aldıqdan sonra onun iddiaçıya verdiyi sözə inanaraq notarius ofisinə getmiş və orada 25 noyabr 2013-cü il tarixdə notarial qaydada onun əri olan Cavabdeh3 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra 10 yanvar 2014-cü il tarixdə əri olan cavabdeh - Cavabdeh3 adına qeydiyyat nömrəsi ********** olan, Seriya RX ******* saylı “Çıxarış” aldı. Lakin, cavabdeh verdiyi sözə əməi etmədi və 6000 manat ödəmədi, bəhanəsi bu oldu ki, ailədə münasibətlər pozulmuş, Azərbaycan manatı devolvasiyaya uğramış bu səbəbdən ailə büdcəsi itirilmiş və demişdir ki, həmin torpağı başqasına satıb onun iki min manatını qaytarsın. Torpaq isə ona qalsın. Cavabdeh1 bu hərəkətləri iddiaçıda şübhə yaratmış və əmin olmuşdur ki, onlar ər-arvad iddiaçını aldatmışlar və iddiaçının pulunu vermək niyyətləri yoxdur. Ona görə də Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(025)-432/2022 saylı qətnaməsi ilə (hakim E.İsayev) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********02 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində İddiaçı tam mülkiyyətinə 1.5357 hektar torpaq sahəsi verilmişdir. İddiaçı 25 noyabr 2013-cü il tarixdə Qəbələ rayon Notariat Kontorunda rəsmiləşdririlmiş alqı-satqı müqaviləsi ilə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 1.5357 hektar torpaq sahəsinin 0.06 hektar torpaq sahəsini Cavabdeh3 6000 (altı min) manata satmışdır. Hazırda iddiaçı Cavabdeh3 ilə onun arasında Qəbələ rayon X1 bağlanmış 25 noyabr 2013-cü il tarixli alqı - satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş Seriya RX № ******* saylı, qeydiyyat tarixi xx.xx.2014-cü il, qeydiyyat nömrəsi ********** olan “Çıxarış”ın ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı mübahisə predmeti olan torpaq sahəsinin alğı-satqısına dair Qəbələ rayon Notarait Kontorunun 25 noyabr 2013-cü il tarixli müqaviləsini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndirmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Digər tərəfdən, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmiş olduğu halda belə, iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdıqları üçün həmin əsasla da iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş "Çıxarışın" ləğv edilməsi” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 375.2, 377.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 119.1, 217.4-cü maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 25 noyabr 2013-cü il tarixli alğısatqı müqaviləsi təsdiq edilərkən bütün halların müzakirəsi Cavabdeh1 ilə aparılması və bu zaman mülkiyyətində olan daşınmaz əmlakın kimin adına rəsmiləşəcəyinə əhəmiyyət verməməyi, həmçinin Cavabdeh1 olan etibarını ən vacibi isə 24 noyabr 2013-cü ildə alqısatqı müqaviləsindən sonra ümumi razılığa əsasən daşınmaz əmlakın dəyəri olan pul vəsaitinin tam olaraq ona ödənilənə qədər torpaq sahəsinin onun istifadəsində qalması barədə razılığa gəlmələri, belə ki, bu gün də torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. İddia ərizəsində təsdiqləyir ki, o Cavabdeh1 2 min manat pul vəsaiti almışdır. Lakin 2013-cü ildə o 1000 manat pul vəsaiti qəbul etmiş, sonradan təxminən 2019-cu ilin dekabr ayında Cavabdeh1 onunla razılaşdıqları ikinci 1000 manatı ona nəğd şəkildə yox, təsərrüfatında olan sağılan inək və balası ilə ödəmişdir. Birinci instansiya məhkəməsində məsələnin mahiyyətini anlamamış və təəssüf ki, hüquqi xidmət göstərən vəkilinə bu barədə məlumat verməmişdir. Həqiqət isə bundan ibarətdir ki, ikinci dəfə 1000 manatı Cavabdeh1 ona 2019-cu ilin dekabr ayında qeyd etdiyi kimi təsərrüfatında olan inəyi ona verməklə ödəmişdir. Onların müqavilə öhdəçilikləri 2019-cu ilin sonlarında yenilənmiş və 2020-ci ildə ona məlum olmuşdur ki, Cavabdeh1 ona borclu qaldığı pul vəsaitin ödəmək iqtidarında deyil, bu isə ailə münasibətlərində yaranmış gərginliklə bağlıdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Qəbələ Rayon Məhkəməsinin 2(025)-432/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 377.2-ci maddəsindən görünür ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(025)-432/2022 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tаrixli, 2(025)- 432/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********02 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində İddiaçı tam mülkiyyətinə 1.5357 hektar torpaq sahəsi verilmişdir. İddiaçı 25 noyabr 2013-cü il tarixdə Qəbələ rayon Notariat Kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 1.5357 hektar torpaq sahəsinin 0.06 hektar torpaq sahəsini Cavabdeh3 6000 (altı min) manata satmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Apellyator apellyasiya şikayətində bildirmişdir ki, o, təsdiqləyir ki, Cavabdeh1 2000 manat pul vəsaiti almışdır. Lakin 2013-cü ildə o 1000 manat pul vəsaiti qəbul etmiş, sonradan təxminən 2019-cu ilin dekabr ayında Cavabdeh1 onunla razılaşdıqları ikinci 1000 manatı ona nəğd şəkildə yox, təsərrüfatında olan sağılan inək və balası ilə ödəmişdir. Birinci instansiya məhkəməsində məsələnin mahiyyətini anlamamış və təəssüf ki, hüquqi xidmət göstərən vəkilinə bu barədə məlumat verməmişdir. Həqiqət isə bundan ibarətdir ki, ikinci dəfə 1000 manatı Cavabdeh1 ona 2019-cu ilin dekabr ayında qeyd etdiyi kimi təsərrüfatında olan inəyi ona verməklə ödəmişdir. Onların müqavilə öhdəçilikləri 2019-cu ilin sonlarında yenilənmiş və 2020-ci ildə ona məlum olmuşdur ki, Cavabdeh1 ona borclu qaldığı pul vəsaitin ödəmək iqtidarında deyil, bu isə ailə münasibətlərində yaranmış gərginliklə bağlıdır. Şikayətin dəlilləri ilə razılaşmayan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır. Kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında xx.xx.2013-cü ildə bağlanmış alqısatqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan əmlakı cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. İddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilir. Belə ərizələri tərəflər öz iradələrini ifadə etmək üçün verir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırki işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə kollegiyаsı qаnunvericiliyin tələblərinə əsаsən hesаb edir ki, tərəflər öz hüquqlаrının müdаfiəsi üsullаrını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icrааtının prinsiplərini, mаddi və prosessuаl hüquq normаlаrını rəhbər tutаrаq yаlnız ədаlət mühаkiməsi funksiyаsını həyаtа keçirir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarından görünür ki, 2013-cü il tarixdə İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış müqavilənin üzərindən 6 ildən çox, 9 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı müqavilə öhdəlikləri ilə bağlı qanunvericiliyin tələblərini pozaraq, iddia müddətini ötürmüşdür. Apellyator şikayətində qeyd etmişdir ki, ikinci dəfə 1000 manatı Cavabdeh1 ona 2019-cu ilin dekabr ayında qeyd etdiyi kimi təsərrüfatında olan inəyi ona verməklə ödəmişdir. Onların müqavilə öhdəçilikləri 2019-cu ilin sonlarında yenilənmiş və 2020-ci ildə ona məlum olmuşdur ki, Cavabdeh1 ona borclu qaldığı pul vəsaitin ödəmək iqtidarında deyil, bu isə ailə münasibətlərində yaranmış gərginliklə bağlıdır. Kollegiya hesab edir ki, şikayətin həmin dəlili də qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, tərəflər arasında müqavilə 25 noyabr 2013-cü il tarixdə bağlanmışdır. Müqaviləni mübahisələndirmək hüququ isə 6 il müddətində mövcud olmuşdur. Yəni iddiaçı qeyd edilən müqaviləni 25 noyabr 2019-cu ilə qədər mübahisələndirə bilərdi. Cavabdehin 1000 manatı iddiaçıya 2019-cu ilin dekabrında ödəməsi müqavilə müddətinin yenilənməsi anlamına gəlmir. Belə ki, iddiaçı artıq 6 illik müddəti ötürmüşdür. Sonradan pul ödənilməsi isə müqavilə üzrə ötürülmüş müddətin bərpası anlamına gəlmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tаrixli, 2(025)-432/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tаrixli, 2(025)-432/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-789/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-789/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver