Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-789/2024 11.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması, nisyə alqı-satqı müqaviləsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, 2(046)-674/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC kiçik iddialara dair işlər üzrə icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqavilə üzrə İmei kodu **********27460 X3 12 markalı telefon üçün 399 manat 97 qəpik ödənilməmiş hissə, 39 manat 03 qəpik cərimə, ümumilikdə 439 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırma zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********27160 X3 12 markalı telefon almış və nəticədə 439 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 649 manat 98 qəpik (12 ay x 49.99 manat + 50.1 manat ilkin ödəniş) olan İmei kodu **********2 7460 X3 12 markalı telefon üçün ümumilikdə 439 manat olmaqla, ondan, 399 manat 97 qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 manat 03 qəpik cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 250 manat 01 qəpik təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023ci il tarixi müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin (hakim E.Qurbanov) 3 aprel 2024-cü il tarixli, 2(046)- 674/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 399 manat 97 qəpik ödənilməmiş hissənin, 39 manat 03 qəpik cərimə olmaqla, ümumilikdə 439 manat tutularaq İddiaçı MMC-nə verilməsi, Cavabdeh 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC dəyəri 649 manat 98 qəpik dəyərində «X3 12» markalı mobil telefonu Cavabdeh nisyə satmışdır. Tərəflər arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlandığından, müqavilədə göstərilən malı təhvil almış alıcı Cavabdeh razılaşdırılmış müddət ərzində malın dəyərini tam ödəməmişdir. Belə olan halda satıcı İddiaçı MMC-i pozulmuş hüququnun bərpası üçün verilmiş əşyanın ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci istansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı MMC verilmiş əşyanın ödənilməsini tələb etdiyindən, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 399 manat 97 qəpik ödənilməmiş hissə, 39 manat 03 qəpik cərimə olmaqla, ümumilikdə 439 manat tutularaq İddiaçı MMC-nə verilməli, bununla da iddia təmin edilməlidir. Cavabdeh «X3 12» markalı mobil telefonun iddiaçıya qaytarılmasına və 250 manat ödənilməsinə baxmayaraq, ondan əlavə olaraq pulun tələb edilməsi barədə etirazda göstərdiyi dəlilinə, məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqısatqı müqaviləsinin 3.15-ci bəndində nəzərdə tutulmuş şərti əsas götürərək hesab etmişdir ki, telefon aparatının iddiaçının razılığı olmadan ona qaytarılması müştərini ödəniş öhdəliklərindən azad etmədiyindən, cavabdehin bu dəlili əsassızdır. Belə ki, iş materiallarından İddiaçı MMC-in razılığı ilə telefon aparatının ona qaytarılması müəyyən edilməmişdir. Birinci istansiya məhkəməsi qeyd olunanları nəzərə alıb, hesab etmişdir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nə verilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1, 600.4, 385.1, 442, 448.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5, 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə onun təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, iddiaçının razılaşmanı pozaraq onu ağır şərtlərlə çətin duruma salan hərəkətlərini sübutların olmasını, nəzərə almamışdır. Göyçay Rayon Məhkəməsi ədalətsiz qərar qəbul etməsi ilə təsdiq etdi. Qətnamə çıxarıldıqda birinci instansiya məhkəməsi sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Bu maddələr də məhkəmə tərəfindən pozulmuşdur. Məhkəmə qeyd olunan tələblərə riayət etməmişdir, belə ki işin müəyyən edilən hallarından biri telefonun tam saz vəziyyətdə qaytarılması etirafın olması faktlara münasibət bildirməməsinə məhkəmə hər hansı bir izah verməmişdir. Birinci instansiya məhkəməsi, iddiaçının hansı əsaslarla məhkəmədə müdafiə olunduğunu, məhkəmədə bir dəfə də olsun iştirak etməməsini və digər sübutları araşdırmadan özünün formal mülahizələri əsasında iddianı təmin etmişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-674/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı ilə onun arasında olan razılaşma və ya əks təqdirdə telefonu geri qaytarılması, ona hesablanmış cərimənin və rüsumunun ləğv edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2–ci maddəsinə əsasən hüquqdan sui–istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.1–ci maddəsində qeyri–qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui–istifadə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-674/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı ilə onun arasında olan razılaşma və ya əks təqdirdə telefonu geri qaytarılması və ona hesablanmış cərimənin və rüsumunun ləğv edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, 2(046)-674/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, 2(046)-674/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC dəyəri 649 manat 98 qəpik dəyərində «X3 12» markalı mobil telefonu Cavabdeh nisyə satmışdır. Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, 2023-cü ilin aprel ayında «Kontak Hom»un Göyçay şəhərində yerləşən mağazasından bir ədəd «Redmi» markalı mobil telefonu kredit əsasında “qızıl zəmanət”-lə götürmüşdür. Kredit müqaviləsinə əsasən bir illik müddətinə aylıq əlli manat ödənilməsi şərti ilə ona verilmişdir. Beş ay müddətində 250 manat pul ödəmişdir. Sonradan telefonun təmiri ilə əlaqədar əvvəl götürdüyü «Samsung» markalı telefonun pulsuz təmirindən imtina ediblər və təmir üçün ondan 110 manat pul tələb ediblər. O, «Kontakt Hom» dan bağladığı qızıl zəmanətə ödədiyi 130+130 manat cəmi 260 manatın ona hesablanmış kredit pulu ilə əvəzlənməsini tələb etmişdir. Onlar isə öz növbəsində onun tələbini yerinə yetirmədən kreditlə götürdüyü «Redmi» telefonunu bağlayıb istifadədən çıxardıblar. Bundan sonra xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin problemli kreditlər departamentinin rəhbəri R.Suleymanlının imzası ilə məktub göndərilmişdir. Məktuba əsasən «Redmi» telefonun tam heç bir qüsuru olmadan aldığı vəziyyətdə mağazaya qaytarmışdır. Lakin buna baxmayaraq ödədiyi 250 manatı nəzərə almadan ondan əlavə 400 manatı pul tələb edirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız, iddiaya dair etiraz ərizəsi və apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı MMC dəyəri 649 manat 98 qəpik dəyərində «X3 12» markalı mobil telefonu Cavabdeh nisyə satmışdır. Tərəflər arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlandığından, müqavilədə göstərilən malı təhvil almış alıcı Cavabdeh razılaşdırılmış müddət ərzində malın dəyərini tam ödəməmişdir. Belə olan halda satıcı İddiaçı MMC-i pozulmuş hüququnun bərpası üçün verilmiş əşyanın ödənilməsini tələb etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı MMC verilmiş əşyanın ödənilməsini tələb etdiyindən, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 399 manat 97 qəpik ödənilməmiş hissə, 39 manat 03 qəpik cərimə olmaqla, ümumilikdə 439 manat tutularaq İddiaçı MMC-nə verilməli, bununla da iddia təmin edilməlidir. O ki qaldı Cavabdeh «X3 12» markalı mobil telefonun iddiaçıya qaytarılmasına və 250 manat ödənilməsinə baxmayaraq, ondan əlavə olaraq pulun tələb edilməsi barədə etirazda göstərdiyi dəlilinə, məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin 3.15-ci bəndində nəzərdə tutulmuş şərti əsas götürərək hesab etmişdir ki, telefon aparatının iddiaçının razılığı olmadan ona qaytarılması müştərini ödəniş öhdəliklərindən azad etmədiyindən, cavabdehin bu dəlili əsassızdır. Belə ki, iş materiallarından İddiaçı MMC-in razılığı ilə telefon aparatının ona qaytarılması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf cavabdehlə arasında bağlanmış nisyə alqı-satqı müqaviləsininin cavabdeh tərəfindən pozulduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Müqavilənin şərtlərindən görünür ki, əgər satılmış mal yararsız və ya sınıq vəziyyətdə olarsa, onu geri qaytarmaq mümkündür və bu barədə akt tərtib edilməlidir. Həmçinin müqavilənin 3-cü bəndinə əsasən mal geri qaytarıldıqda mal qiymətləndirilməli və bu barədə akt tərtib edilməlidir. Müştəri qiymətləndirmə aktı ilə razı olmadıqda borcu bağlamaq şərti ilə mal geri qaytarıla bilər. Bundan başqa malın yararlı, yaxud da yararsız olması müəyyən edilməli, həmin səbəblərin aradan qaldırılması üçün mütəxəssis təyin edilməlidir. Aradan qaldırılması mükün olmadıqda isə nasazlığı və ya sınığı hansı səbəbdən baş verməsi kimin günahı nəticəsində baş verməsi araşdırılmalı və bu barədə mütəxəssis rəyi alınmalıdır. Müqavilənin 4-cü bəndinə əsasən tərəflər arasında bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həl edilir. Əks halda yaranan mübahisələr Azərbaycan Respublikası qanunverisiliyinə uyğun həll olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" MMC-i müqavilənin bu şərtlərinə riayət etməli olduğu halda əməl etməmişdir. Belə ki, mübahisə predemeti olan telefon cavabdeh tərəfindən iddiaçıya qaytarılarkən müqavilənin 3-cü bəndinə əməl edilməmiş, telefonun qüsurlu və ya qüsursuz olmasına dair hər hansı bir akt tərtib edilməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ABC Telecom MMC-i tərəflər arasında bağlanılmış müqavilələrin ziddinə, əldə edilmiş hüquqları həyata keçirərək cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Buda digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Əlavə olaraq iş materiallarının 28-ci səhifəsində olan "xxxx" MMC-nin məktubunda qeyd edilmişdir ki, Cavabdeh ödəniş etməyəcəyini və cihazı təhvil almayacaqını bildirmişdir. Həmin məhsulunun atılmış cihaz kimi aidiyyatı üzrə göndərilməsi bildirilmişdir. Göründüyü kimi mübahisə predmeti olan mobil telefon iddiaçıda qalmış, eyni zamanda mobil telefona dair ödənilməmiş məbləği iddiaçı tərəf tələb etmişdir. Yəni işin bu halı tərəflər arasında bağlanmış müqavilənin və Mülki Məcəllənin tələblərinə zidd olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, üzrə Göyçay Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, 2(046)-674/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə üzrə Göyçay Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, 2(046)-674/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-789/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-789/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver