Məhkəmə qərarları › İş №2(107)-798/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-798/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-798/2024 24.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı (bundan sonra- Birlik) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Birlik ilə cavabdeh arasında 07 may 2021-ci il tarixdə 2156-06-21 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə müqavilə(bundan sonra- Müqavilə) imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən müəyyən edilir ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba ödəməyi öhdəsinə götürmüşdür. 16 fevral 2024-cü il tarixli abonentin saldosundan görünür ki, abonent Cavabdeh(cavabdehin) 2024-cü ilin fevral ayına qədər təbii qazdan istifadəyə görə 1423,40 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat Birlik, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət müraciət edərək, cavabehdən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1902,50 manat əsas borcun, əvvəlcədən ödənilmiş 39,03 manat dövlət rüsumun və 0,40 manat bank xidmət haqqının, ümumilikdə isə 1941,93 manat məbləğində pulun tutularaq Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birlik tələbini onunla əsaslandırmışdır ki, X1 istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan cavabdeh, mənzilində 2156-06-21 nömrəli, 07 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdehin **********00120 saylı qaz hesabında ödənilməmiş 1902,50 manat borc vardır. Həmin borc isə sayğac göstəricisi üzrə aparılmış hesabata əsasən yaranmış borc məbləğidir və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1902,50 manat məbləğdəki borc cavabdehin yaşadığı ünvanda istismarda olan G4 markalı **********3 nömrəli qaz sayğacının 10934 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Birliyinin tələb etdiyi borc məbləği şişirdilmiş və əsassızdır. Belə ki, ödəniş etmiş və kiçik məbləğdə borcu qalmışdır. Lakin Birlik tərəfindən məhkəməyə təqdim edilən ərizədə şişirdilmiş borc tələb olunur. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(014)- 110/2024 nömrəli iş üzrə qəbul etdiyi 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Mürsəlova) iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 1423,40 manat əsas borc və 34,23 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, ümumilikdə 1458,30 manat pulun tutularaq Birliyə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Birlik ilə cavabdeh arasında bağlanmış 07 may 2021-ci il tarixli, 2156-06-21 nömrəli müqaviləyə əsasən Birlik cavabdehi təbii qazla təmin etmiş, cavabdeh üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun Birliyə ümumilikdə 1423,40 manat məbləğində borcu yaranmışdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Tələb olunan borc bir neçə il əvvəl məhkəmə qətnaməsi ilə silinmişdir. Lakin iddiaçı Birlik yenidən cavabdehə qarşı qanunsuz borc iddiası ilə məhkəməyə müraciət etmişdir. Belə ki, sözügedən qaz sayğacı cavabdehin babasına məxsus olmuşdur. Babasının isə qazdan istifadəyə görə borcu olmuşdur. Həmin borcla bağlı məhkəmə qətnaməsi qəbul olunduqdan sonra həmin sayğacı öz adına rəsmiləşdirmiş və sayğac göstəricisinə görə olan borcu məhkəmə qətnaməsi çıxdıqdan sonra hissə-hissə olmaqla icra şöbəsinə ödəmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi qəbzlərə əsaslanaraq "Azəriqaz” İstehsalat Birliyinə yeni sayğac üzrə 2400 manat ödəniş etmişdir. Bu məbləğ sayğacın üzərində olan göstəriciyə uyğun gəlir. Lakin məhkəmə tərəfindən cavabdehin 1957,50 manat məbləğində ödəniş etməsi qeyd edilmişdir ki, o da yanlışdır. Əvvəlki borcun cavabdehin yeni sayğac üzrə ödədiyi məbləğdən tutulması qəbul edilməzdir. Cavabdehin hazırda iddiaçıya heç bir borcu yoxdur. Bundan əvvəl də Ağdaş Rayon Məhkəməsinin icraatında eyni mahiyyət üzrə iki işə baxılmışdır. İlk iş üzrə cavabdeh iddiaçı qismində cavabdeh olaraq Birliyə qarşı 2092,45 manat borcun silinməsinə dair iddia tələbi ilə, ikinci iş üzrə Birlik iddiaçı qismində cavabdehə qarşı 2092,45 manat borcun tutularaq Birliyinin xeyrinə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İlk iş üzrə iddia tələbi qismən təmin edilərək 940,2 manat borcun silinməsinə dair, ikinci iş üzrə iddia tələbi qismən təmin edilərək 1182,65 manat pulun tutularaq Birliyinin xeyrinə ödənilməsinə dair Ağdaş Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. İlk iş üzrə (e-2(014)-217/2022) 1152,25 manat borcun silinməsi hissəsi rədd edilərək cavabdehdən alınıb "Azəriqaz” İstehsalat Birliyinin xeyrinə ödənilməsi, ikinci iş üzrə (e-2(014)-217/2022) 1182,65 manat pulun cavabdehdən alınıb Birliyinin xeyrinə ödənilməsi qət edilmişdir. Hər iki, yəni e- 2(014)-217/2022 nömrəli və e-2(014)-217/2022 nömrəli mülki işlər üzrə məhkəmə aktları icra edilməsi üçün Ağdaş rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Həmin məhkəmə aktları üzrə Ağdaş rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarların surətləri cavabdedə göndərilmişdir və cavabdeh də növbəsində həmin aktlar üzrə öhdəliyi yerinə yetirir. Lakin sonuncu mülki iş üzrə, yəni e-2(014)-110/2024 nömrəli məhkəmə aktında əvvəlki məhkəmə aktları (e-2(014)-217/2022 nömrəli və e- 2(014)-217/2022 nömrəli) nəzərə alınmamışdır. Belə olan halda hazırki borc üzrə bir neçə məhkəmə aktı mövcuddur. Bu baxımdan sonuncu məhkəmə aktı həmin hissədə təmin edilməli deyildir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Birlik apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı Birliyin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(014)- 121/2022 nömrəli icra sənədi əsasında Xətai rayon icra şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarla Cavabdeh **********00120 saylı hesabından 940,20 manat borc xx.xx.2022-ci il tarixdə silinmişdir. Ağdaş Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(014)-217/2022 nömrəli icra sənədi əsasında Cavabdeh tutulmalı olan 1117,25 manat + 35 manat borc istehlakçının hesabında 385 m3 sayğac göstəricisi ilə tələb olunmuşdur. Tələb olunan borc məbləği isə məhkəməyə müraciət edildiyi vaxtdan 2023-cü ilin fevral ayı intervalında ödənilmişdir. Bu hal abonent saldosunda da öz əksini tapmaqla bərabər Cavabdeh apellyasiya şikayətində əvvəlki qətnamə üzrə borcunu ödəmisini etiraf etməklə bildirmişdir ki, “Mən üzərimə düşən öhdəliyi yerinə yetirirəm və icra və probasiya şöbəsində qətnamə ilə müəyyən edilmiş borclarımı ödəmişəm”. Cavabdeh 2(014)- 217/2022 nömrəli icra sənədi üzrə 30,40 manat dövlət rüsumunu ödəmədiyindən onun xitam edilməsi mümkün olmamışdır. Silinməsi və tutulmalı olan borc məbləğləri hazırki iş üzrə tələb onunan 1533,54 manat (sonradan iddia tələbinə dəqiqləşmə aparılmışdır) borcun tərkibinə daxil deyildir. Belə ki, qeyd olunan borc məbləğləri (940,20 m + 1117,25 m + 35 m = 2095,45 manat) Birliyin cavabdehə qarşı xx.xx.2021-ci il tarixli abonent saldosu üzrə qaldırdığı iddiada mövcud olmuş və saldodan göründüyü kimi həmin 2095,45 manat həcmindəki borclar **********3 saylı sayğacın 385 m3 göstəricisi ilə yaranmışdır və 2(014)-217/2022 saylı iş üzrə yekun məhkəmə aktı çıxarılmışdır. Ona görə də xx.xx.2021-ci il tarixə mövcud olmuş borc hazırkı 2024-cü ildə icraatı aparılmış mülki işin tərkibi hissəsi ola bilməz. Başqa sözlə 2(014)-217/2022 saylı iş üzrə tələb olunan borc xx.xx.2021-ci ildən əvvəlki dövrü, hazırkı mülki iş üzrə tələb olunan borc isə xx.xx.2021-ci ildən sonrakı dövrü əhatə edir. Cavabdehdən tutulması qət olunan 1423,40 manat borc xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixədək yaranmış borc məbləğidir. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 2145 manat həcmində ödəniş etmişdir. Həmin ödənişin 1152,25 manat hissəsi 2(014)-217/2022 nömrəli iş üzrə icra sənədində tələb olunan borcdan, digər 992,75 manat (2145 – 1152,25 = 992,75) hissəsi isə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə istehlakçının sərf etdiyi qazın dəyərindən çıxılmışdır. Cavabdeh dövr ərzində 11612 m3 həcmində və ya onun pul dəyəri olan 2416,15 manat həcmində qazdan istifadə etmiş və onun 992,75 manat hissəsi ödənildiyindən xx.xx.2024-cü il tarixdə 1423,40 manat borcu olmuşdur. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, teleqram ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı Birlik tələbinin təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Cavabdeh isə apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissəsini mübahisələndirdiyindən Məhkəmə həmin hissəsinin əsaslılığı və qanuniliyini yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, cavabdehin iddia tələbinə etirazının və apellyasiya şikayətinin yeganə dəlili odur ki, hazırda ondan borc kimi tələb olunan pul vəsaiti ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcud olmasına və həmin qətnamələr üzrə ödənişlər etməsinə baxmayaraq, iddiaçının yenidən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi qanunsuzdur. Apellyasiya baxışı zamanı şikayətinin qeyd edilən dəlili ilə bağlı araşdırma aparılaraq Məhkəmə tərəfindən Birliyə müvafiq sorğu verilmişdir. Birlik Məhkəmənin sorğusuna cavabında bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(014)-121/2022 nömrəli icra sənədi əsasında Xətai rayon icra şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarla Cavabdeh **********00120 saylı hesabından 940,20 manat borc xx.xx.2022-ci il tarixdə silinmişdir. Ağdaş Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(014)-217/2022 nömrəli icra sənədi əsasında Cavabdeh tutulmalı olan 1117,25 manat + 35 manat borc istehlakçının hesabında 385 m3 sayğac göstəricisi ilə tələb olunmuşdur. Tələb olunan borc məbləği isə məhkəməyə müraciət edildiyi vaxtdan 2023-cü ilin fevral ayı intervalında ödənilmişdir. Bu hal abonent saldosunda da öz əksini tapmaqla bərabər Cavabdeh apellyasiya şikayətində əvvəlki qətnamə üzrə borcunu ödəmisini etiraf etməklə bildirmişdir :“Mən üzərimə düşən öhdəliyi yerinə yetirirəm və icra və probasiya şöbəsində qətnamə ilə müəyyən edilmiş borclarımı ödəmişəm”. Cavabdehdən tutulması qət olunan 1423,40 manat borc xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixədək yaranmış borc məbləğidir. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 2145 manat həcmində ödəniş etmişdir. Həmin ödənişin 1152,25 manat hissəsi 2(014)-217/2022 nömrəli iş üzrə icra sənədində tələb olunan borcdan, digər 992,75 manat (2145 – 1152,25 m = 992,75 m) hissəsi isə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə istehlakçının sərf etdiyi qazın dəyərindən çıxılmışdır. Cavabdeh dövr ərzində 11612 m3 həcmində və ya onun pul dəyəri olan 2416,15 manat həcmində qazdan istifadə etmiş və onun 992,75 manat hissəsi ödənildiyindən xx.xx.2024-cü il tarixdə 1423,40 manat borcu olmuşdur. Göründüyü kimi cavabdehin apellyasiya şikayətində qeyd etdiyi xüsusatlar iş materialları ilə öz təsdiqini tapmır. Əksinə iş materialları ilə müəyyən olunur ki, cavabdehin Müqavilə üzrə ödənilməmiş öhdəliyi var və istehlak etdiyi qazın dəyərini ödəmək cavabdehin vəzifəsidir. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 fevral 2024-cü il tаrixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar