Məhkəmə qərarları › İş №2(107)-802/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-802/2023

06.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-802/2023 06.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və X4 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(075)- 547/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının mərhum qardaşı X11 ilə 2001-ci ildə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından Nəzrin, Selin və İftixar adlı uşaqları doğulmuşdur. İddiaçının qardaşı X11 xx.xx.2016-cı ildə vəfat etmişdir. Şəki Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(075)- 318/2019 saylı qətnaməsi ilə Cavabdeh uşaqları- 09 aprel 2003-cü il təvəllüdlü X12, 03 may 2007-ci il təvəllüdlü X13 və 10 sentyabr 2009-cu il təvəllüdlü X8 ilə birlikdə 27 oktyabr 2008-ci il tarixli, MH seriyalı, 009381 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X5 mülkiyyətində olan Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat kompensasiya ödənilməklə Cavabdeh uşaqları - 09 aprel 2003-cü il təvəllüdlü X12, 03 may 2007-ci il təvəllüdlü X13 və 10 sentyabr 2009-cu il təvəllüdlü X9 və əmlakları ilə birlikdə xx.xx.2021-cu il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan ünvan 1 (keçmiş adı: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, onun həmin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sonradan İddiaçı iddia tələbinin artırılması barədə ərizə göndərərək, 8000 manat kompensasiya ödənilməklə Cavabdeh uşaqları - 09 aprel 2003-cü il təvəllüdlü X12, 03 may 2007-ci il təvəllüdlü X13 və 10 sentyabr 2009-cu il təvəllüdlü X9 və əmlakları ilə birlikdə xx.xx.2021-cu il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan ünvan 1 (keçmiş adı: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, onun həmin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin ev daha əvvəl atası X5 mülkiyyətində olmuş, 30 mart 2021-ci il tarixli bağışlama müqviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Evdə o, ailə üzvləri ilə birlikdə qardaşının həyat yoldaşı Cavabdeh və uşaqları-09 aprel 2003-cü il təvəllüdlü X12, 03 may 2007-ci il təvəllüdlü X13 və 10 sentyabr 2009-cu il təvəllüdlü X9 da yaşayırlar. Cavabdeh qardaşı öldükdən sonra uşaqları ilə birlikdə Şəki Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(075)-318/2019 saylı qətnamə əsasında əvvəlcə atasının mülkiyyətində olub, hazırda onun mülkiyyətində olan evə köçürülmüşdür. Cavabdeh, uşaqları ilə birlikdə ona məxsus evə köçürülmə hüququ əldə etsə də, həmin evdə yaşamır. Evin otaqları cavabdehə məxsus əşyalarla məşğul edildiyi üçün onlar ölərinə məxsus evdən istədikləri kimi istifadə edə bilmirlər. Əgər cavabdehə məxsus olan əşyalar gələcəkdə hər hansı bir zədə alsa bu onları cavabdeh qarşısında borclu edəcəkdir. Cavabdehin hərəkətindən də göründüyü kimi, onlarla birlikdə yaşamaq fikri yoxdur. Əgər elə bir fikri olmuş olsaydı, mübahisə predmenti olan ev ola-ola kirayə evlərdə yaşamazdı. O, ondan evdən çıxmasının qarşılığı olaraq 2 otaqlı ev tələb edir. Bu da onun imkanları xaricindədir. Onun cavabdehə heç cür 2 otaqlı ev almaq imkanı yoxdur. Bütün bunlar cavabdehin planlı şəkildə ona məxsus evdən çıxmadığını sübut edir. Evdən çıxmasının qarşılığı olaraq dəfələrlə ona pul təklif etsə də, o heç bir razılığa gəlməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.

5. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, cavadbeh onun qardaşının keçmiş həyat yoldaşıdır. Onların ailə münasibətləri 2017-ci il tarixdən pozulmuşdur. Mübahisələndirilən ev onun mülkiyyətindədir. Cavabdeh qardaşı öldükdən sonra uşaqları ilə birlikdə Şəki Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(075)-318/2019 saylı qətnamə əsasında hazırda onun mülkiyyətində olan evə köçürülmüşdür. Cavabdeh halhazırda uşaqları ilə birlikdə Ağdaş rayonunda yaşayır. O mediasiyaya müraciət etsə də, cavabehlə aralarında hərhansı bir razılıq əldə olunmamışdır. Cavabdeh ondan 15-20 min manat məbləğində komensasiya tələb etmişdir. Lakin onun həmin məbləği verməyə maddi imkanı yoxdur. Məhkəmədən iddianın təmin olumasını xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabeh Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Etiraz ərizəsi göndədərək bildirmişdir ki, iddia ərizəsini qəbul etmir və iddiaçının ona və uşaqlarına qarşı belə bir tələblə məhkəməyə müraciət etməyə heç bir hüquqi əsasları olmadığından, iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. O, iş üzrə İddiaçı mərhum qardaşı X11 ilə 2001-ci ildə el adəti ilə toy etməklə faktiki nikah münasibətlərinə görərək ailə qurmuşdur. Mərhumla evləndikdən sonra o özünə məxsus cehiz əşyalarını və digər əmlakını hazırda iddiaçının mülkiyyətində olan, lakin gəlin köçən zaman onun mərhum babası Kənan Hacıyevin və digər ailə üzvlərinin istifadəsində olmuşdur. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yerləşdirməklə həmin evə gəlin köçmüşdür. Həmin evə köçrüldükdən bir neçə aydan sonra həmin evə qeydiyyata alınmış və bu gün də uşaqları ilə birlikdə həmin yaşayış evində qeydiyyatdadır. O zaman həmin evdə yaşayan iddiaçının ailə üzvləri onu qeyd-şərtsiz ailə üzvü kimi qəbul etmiş və əri Rüstəm Hacıyev vəfat edənədək evdə yaşamışdır. Uşaqların hər üçü həmin evdə anadan olmuşdur. Əri vəfat edəndən sonra iddiaçı və onun valideynləri onu və uşaqlarını həmin yaşayış evinə buraxmamışlar. Həmin vaxtlar dəfələrlə həmin evə köçməyə təşəbbüs göstərsə də, iddiaçı və ailə üzvləri onu üç uşağı ilə birlikdə həmin evə buraxmamışlar. Bununla da hazırki iş üzrə iddiaçı və onun digər ailə üzvləri, valideynləri onun üç nəfər uşaqları ilə birlikdə mübahisəli yaşayış evindən istifadə etməyini qanuna zidd olaraq faktiki mümkünsüz etmişlər. Hazırki iddia üzrə iddiaçı və onun valideynləri əri X11 10 oktyabr 2016-cı il tarixdə vəfat edəndən sonra onu üç nəfər azyaşlı uşaqları ilə birlikdə həmin evdən məcburi qaydada çıxardıqlarından o məcbur olub Ağdaş şəhərində yaşayan valideynlərinin yanına qayıtmışdır. Uşaqlarını bir təhər orta məktəblərdə təhsillərini davam etdirmək üçün tam orta məktəbə yerləşdirmişdir. Özü orta ixtisaslı müsiqi müəlliməsi olduğuna görə ali orqanlara müraciətlərindən sonra Ağdaş Musiqi məktəbinə ixtisası üzrə işə qəbul olunmuşdur. Uşaqlarının hər üçü də Ağdaş, Göyçay və Yevlax rayonlarında fəaliyyət göstərən musiqi məktəblərinə qəbul olunmuş və hazırda digər cavabdeh olan qızı X12 Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində, digərləri isə digər musiqi məktəblərində musiqi təhsili alırlar. Mərhum ərinin ölümündən sonra iddiaçı və onun valideynləri övladları onların faktiki ailə üzvləri olmasına baxmayaraq və buna borclu olduqları halda, uşaqlarla maraqlanmamışlar, onların saxlanılması və təhsilləri ilə bağlı ona heç bir maddi və mənəvi yardım etməmişlər. Əksinə iddiaçının atası İftixar Hacıyev 27 oktyabr 2008-ci ildə fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata aldırmışdır. Bundan sonra onu üç nəfər uşaqları və əmlakı ilə birlikdə mübahisəli yaşayış evindən çıxarılmağıına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu barədə məlumatı olandan sonra o X10 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları - 09 aprel 2003-cü il təvəllüdlü X12, 03 may 2007-ci il təvəllüdlü X13 və 10 sentyabr 2009-cu il təvəllüdlü X9 ilə birlikdə 27 oktyabr 2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X5 mülkiyyətində olan Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(075)-3 18/2019 saylıqətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, onun uşaqları - 09 aprel 2003-cü il təvəllüdlü X12, 03 may 2007-ci il təvəllüdlü X13 və 10 sentyabr 2009-cu il təvəllüdlü X9 ilə birlikdə 27 oktyabr 2008-ci il tarixli. MH seriyalı. ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X5 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İlkin iddia üzrə iddiaçı X14 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Ciddi karantin rejimi olduğundan, özü uzun çətinlikdən sonra işə qəbul olunduğundan, uşaqları isə müxtəlif musiqi məktəblərində təhsil aldıqlarına görə, eləcə də həmin evə köçürülmə ilə bağlı Şəki İcra və probasiya şöbəsi tərəfindən həmin evə köçürülmədiyindən, həmin mübahisəli evə köçərək orada yaşamır. İş materiallarına əlavə olunmuş sənədlərdən məlum olmuşdur ki, mübahisəli yaşayış evi 25 may 2021-ci ildə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alındıqdan sonra o 2022-ci ildə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində ilk öncə iddiaçının anası ilk dəfə olaraq onunla telefon əlaqəsi saxlamış, həmin evdən çıxmağı müqabilində ona əvvəlcə 5000 manat, bununla razı olmadığına görə sonradan 8000 manat pul təklif etmişdir. O həmin məbləğə üç nəfər uşaqları ilə birlikdə yaşamaq üçün başqa yaşayış sahəsi əldə etməyinin mümkün olmadığını onun nəzərinə çatdırandan sonra o bir daha onunla əlaqə saxlamamışdır. Bundan sonra mediasiya tərəfindən təkrar ona zəng edərək həmin evdən çıxmağının müqabilində konkret nə qədər pul tələb etdiyini ondan soruşanda o hələ həmin vaxt Şəki şəhərində yaşayış evinin yerləşdiyi ərazidə kriayə haqqının 200-250 manat, bir otaqlı yaşayış evinin 35-40 min manat civarında olduğunu, hazırki iş üzrə iddiaçı və ya onun ailə üzvləri tərəfindən ona təklif olunan pulla heç bir yaşayış sahəsinin əldə edilməsinin mümkün olmamasını həmin şəxsin nəzərinə çatdıranda o ona bildirmişdir ki, məbləği 10000 manat məbləğində müəyyən edilməsinə çalışar. Göründüyü kimi iddiaçı tərəf onun üç nəfər uşaqları ilə birlikdə onun təklif etdiyi məbləğə heç bir yaşayış sahəsi əldə edə bilməyəcəyini, həmin məbləğə hazırki dövrdə yalnız iki ilə yaxın kirayə yaşayış sahəsi əldə etməyinin mümkün olacağını bilsə də, özünün doğma qardaşının yadigarları olan uşaqların yaşayış sahəsi ilə təmin olunması üçün bacardıqları yardımı etmək əvəzinə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün 5000 manat kompensasiya verməklə ailə üzvləri hesab edilən uşaqlarına, eləcə də ona qarşı ədalətsiz və qərəzli mövqe nümayiş etdirir ki, bütün bunlar da yolverilməzdir. Əldə etdiyi məlumatlara görə Şəki şəhərində yaşayış evinin yerləşdiyi ərazidə krayə haqqı 250-350 manat, bir otaqlı yaşayış evinin qiyməti isə 40-50 min manat civarındadır. İddiaçının təklif etdiyi məbləğə mübahisəli yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını təmin etmək üçün o yaşayış sahəsi ilə eyni şəraitdə olan yaşayış evində (mənzildə) yalnız 2 ilə yaxın müddətə yaşamaq imkanına malik olacaqlar.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının mərhum qardaşı ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından Nəzrin, Selin və İftixar adlı uşaqları doğulmuşdur. İddiaçının qardaşı 2016-cı ildə vəfat etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Cavabdeh və uşaqlarının mübahisəli evə köçürülməsi qət edilmişdir. Lakin, hazırda cavabdehlər həmin evdə yaşamırlar. İddiaçı da evin otaqlarının cavabdehə məxsus əşyalarla məşğul edildiyindən və öz evindən istədiyi kimi istifadə edə bilməməsi səbəbindən cavabdehin yaşayış sahəsindən olan istifadə hüquqlarına kompensasiya verilmək yolu ilə xitam verilməsini istəyir. İddiaçı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi müqabilində, cavabdehə 8000 manat kompensasiya təklif edir. Hesab edir ki, bu məbləğ cavabdehin Şəki şəhəri, M.F.Axundov prospekti, 376 nömrəli evə olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. Mübahisəli evin orta bazar qiyməti 42000 min manatdır, belə olan halda həmin mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün 8000 manat kompensasiya məbləği ədalətlidir.

8. Məhkəmə hesab etmişdir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, Cavabdeh isə mübahisəli evdə istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehin istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehə veriləcək kompensasiyanın məbləğini müəyyən etmişdir və həmin məbləğ (kompensasiya) hazırki bazar qiymətinə uyğundur. Həmçinin cavabdehə təklif edilən 8000 manat məbləği həmin cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayətdir. Yuxarıda qeyd olunan arayışa əsasən məhkəmə hesab edir ki, Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6-da, 0.0338 ha torpaq sahəsində yerləşən, təmirsiz fərdi yaşayış evinin aylıq kirayə haqqı orta hesabla 200 (iki yüz) manat götürülsə, təklif olunan kompensasiya məbləği cavabdehlərə birlikdə təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli evə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olmayacaqdır.

10. Məhkəmə, həmçinin, nəzərə almışdır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyrimümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər.

11. Şəki Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(075)-547/2023 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia təmin olunmuş, İddiaçı mülkiyyətində olan Şəki şəhəri, X23 küçəsi, ev 376 ünvanında yerləşən fərdi yaşayış evindən 8000 (səkkiz min) manat kompensasiya verilməklə Cavabdeh, X3, X6 və X2 istifadələrinə xitam verilməklə həmin evdən çıxarılmaları, qətnamənin kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 228-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

13. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Şəki şəhəri, X23 prospekti, dalan 2, ev 6 (yeni qaydalarla-Şəki şəhəri, X23 prospekti, ev 376) yerləşən ümumi sahəsi 176 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı və X5 adına qeydiyyata alınmışdır.

14. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, X23 prospekti, dalan 2-də mülkiyyətində olan 0.3338 ha torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 73.24 kv.m yaşayış, 104.41 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrindən 9 nömrəli reyestr kitabının 138 nömrəli vərəqində qeydiyyata alınmışdır.

15. İş materiallarında olan 30 mart 2021-ci il tarixli Daşınmaz əmlakən bağışlanma müqaviləsindən görünür ki,X14 ƏMDK-nin yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə ona verilmiş **********74- 10301 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 177.65 kv.m, 4 otaqlı fərdi yaşayış evini və 0.0338 ha torpaq sahəsini oğlu İddiaçı İftoxar oğluna bağışlamışdır.

16. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(075)- 318/2019 saylı qətnaməsindən görünür ki, X5 Cavabdeh qarşı “Cavabdeh onun mülkiyyətində olan Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddia təmin edilərək Cavabdeh uşaqları- 09 aprel 2003-cü il təvəllüdlü X12, 03 may 2007-ci il təvəllüdlü X13 və 10 sentyabr 2009-cu il təvəllüdlü X8 ilə birlikdə 27 oktyabr 2008-ci il tarixli, MH seriyalı, 009381 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X5 mülkiyyətində olan Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə köcürülmələri qət edilmişdir.

17. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 30 iyul 2022-ci il tarixli, MŞŞ/1/-00065 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiyasında iştirak etmiş, mediasiya xərci olan 50 manat tərəfindən ödənilmişdir.

18. İş materiallarında olan Şəki şəhər “Calğalı-bulaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli, 114 nömrəli arayışdan görünür ki, Cavabdeh uşaqları-09 aprel 2003-cü il təvəllüdlü X12, 03 may 2007-ci il təvəllüdlü X13 və 10 sentyabr 2009-cu il təvəllüdlü X8 ilə birlikdə 20 may 2017-ci il tarixdən Şəki şəhəri, M.F.Axundov prospekti 2/6 saylı evdə yaşayırlar.

19. İş materiallarında olan X7 tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli qiymətləndirmə haqqında arayışdan görünür ki, İddiaçı məxsus Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6-da, 0.0338 ha torpaq sahəsində yerləşən, təmirsiz fərdi yaşayış evinin orta bazar qiyməti 42.000 (qırx iki min) manat təşkil edir

20. İş materiallarında olan X7 tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli icarə haqqında qiymətləndirmə arayışından görünür ki, İddiaçı məxsus Şəki şəhəri, M.F.Axundov prospekti, dalan 2, ev 6-da, 0.0338 ha torpaq sahəsində yerləşən, təmirsiz fərdi yaşayış evinin aylıq kirayə haqqı 200 (iki yüz) manat təşkil edir.

21. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işə baxan Şəki Rayon Məhkəməsi cavabdehlərin və iki nəfər azyaşlı uşaqların, birinin tələbə, digər ikisinin isə məktəbli olması, tələbənin kollecdə ayrıca kirayədə yaşamasını, iki nəfər uşaqların isə orta təhsillə yanaşı digər kurslarda əlavə təhsil alması, 8000 manat müəyyən edilmiş kompensasiya ilə belə bir şəraitdə hansı müddətə və hansı oxşar şəraitə uyğun başqa yaşayış sahəsini əldə edə biləcəyi kimi mühüm əhəmiyyəti olan faktiki halları düzgün araşdırmamışdır. İşə baxan məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyətli olan həmin hallar qərəzsiz, tam, hərtərəfli və obyektiv araşdırılsaydı, iddianın 8000 manat yox, minimum 15000 manat kompensasiya müəyyən etməklə təmin edilməsi nəticəsinə gələrdi. İşə baxan məhkəmə iddia tələbinin yaşayış sahəsindən istifadə hüququna 8000 manat kompensasiya müəyyən edilməklə xitam verilməklə təmin edilməsi qənaətinə gəlməsi cavabdehlərin iki azyaşlı uşaqla birlikdə hazırki bazar qiyməti ilə həmin məbləğə bir müddət kirayədə yaşamaqla hər hansı başqa oxşar şəraitdə yaşayış sahəsi əldə edə biləcəklərini sübut etmir.

23. Ona görə də, Şəki Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(075)- 547/2023 nömrəli qətnaməsinin dəyişdirilməsinə və iddia tələbinin 15000 (on beş min) manat kompensasiya verilməklə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(075)-547/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. Cavabdeh və X4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

28. Qərarlar: “AR MM-nin 228.2-ci maddəsinin AR MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına görə AR Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir; birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazarqiymətinə uyğun olaraqmüəyyən etməlidir; bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Həmin qərarda göstərilir ki, kompensasiya İnstitutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

31. Şəki Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(075)-547/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ona aid iddianın təmin edilmiş mübahisələndirilən hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən Cavabdeh aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

33. Beləliklə müəyyən olunur ki, mübahisəli ev İddiaçı (bundan sonra iddiaçı) xüsusi mülkiyyətindədir, Cavabdeh (bundan sonra cavabdeh) isə həmin evdən istifadə hüququ vardır. Həmin istifadə hüququ Şəki Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(075)- 318/2019 saylı qətnaməsi ilə tanınmışdır. Yuxarıda göstərilənlər zəminində, bu faktlar işin mübahisə olunmayan halları olaraq qəbul edilir.

34. Tərəflər arasında cavabdehin evdən istifadə hüququna xitam verilməsi, habelə kompensasiyanın məbləği ilə bağlı hər hansı razılaşma yoxdur, əksinə hazırda tərəflər biribirinə qarşı barışmaz mövqedədirlər. Belə olan halda qanunun mənasına görə tərəflərin mübahisəli evdə birgə yaşamaları qeyri-mümkündür və cavabdehin həmin evə olan istifadə hüququna evin mülkiyyətçinin, yəni iddiaçının hazırki tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır

35. Göründüyü kimi birinci instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən edərək, işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət vermişdir. Belə ki, sözügedən Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.

36. Hazırki halda iddiaçı ona məxsus olan fərdi yaşayış evindən istifadə hüququna görə cavabdehə 8.000 manat kompensasiya təklif etmişdir. Cavabdeh isə iddia ilə razılaşmır və ona 15000 manat məbləğində kompensasiya verilməsini tələb edir və həmin məzmunlu apellyasiya şikayəti vermişdir. Kollegiya qeyd edir ki, hazırki halda Şəki Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(075)-318/2019 saylı qətnaməsi ilə cavabdehin uşaqları- 09 aprel 2003-cü il təvəllüdlü X12, 3 may 2007-ci il təvəllüdlü X13 və 10 sentyabr 2009-cu il təvəllüdlü X9 ilə birlikdə mübahisəli evə köçürülməsi qət edilməsinə baxmayaraq, nə həmin qətnamə qəbul edilən zaman, nə də qətnamə qəbul edildikdən sonra cavabdeh və uşaqları həmin ünvanda yaşamamış, sözügedən qətnamə heç bir zaman icra olunmamış, cavabdeh də qətnamənin icrası üçün heç bir cəhd etməməklə buna maraqlı olmamışdır. Görünür ki, cavabdehin və uşaqlarının həmin mənzilə heç bir zaman həqiqi ehtiyacları olmamışdır. Cavabdeh apellyasiya şikayətində evə köçməmələrinin səbəbi olaraq pandemiya vəziyyətini göstərsə də, kollegiya qeyd edir ki, pandemiya dövrü insanların evə ehtiyaclarının ən çox olduğu dövr olmuşdur. Yəni cavabdehlərin mübahisəli evdə yaşamağa maraqları ən çox həmin vaxt ərzində olmalı idi. Bu hal onu göstərir ki, hazırki iş üzrə iddiaçının təklif etdiyi kompensasiya məbləği olmadan belə, 4 ildən daha artıq müddət ərzində cavabdeh və uşaqları başqa ünvanlarda yaşamışlar və hal-hazırda da yaşayırlar. Belə olan halda, cavabdehin 8000 manat kompensasiya məbləğinin yetərli olmadığı barədə dəlilləri inandırıcı deyildir. O cümlədən, bu qətnamənin 9-cu bəndində də qeyd olunduğu kimi, oxşar ərazidə və şəraitdə olan evin aylıq kirayə haqqının təxminən 200 manat civarında nəzərdə tutulduqda, təklif olunan kompensasiya məbləği cavabdehlərə birlikdə təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. (200x12=2400x3=7200)

37. Yuxarıda sadalanan normaların mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə də bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidirlər. Məhkəmə kollegiyası eyni zamanda cavabdehin sözügedən evdə yalnız formal istifadə hüququnun olmasını, həmin evdə yaşamağa nə marağı, nə də ehtiyacının olmamasını, nəzərə alıb hesab edir ki, cavabdehin evdən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 8.000 manat kompensasiya məbləği yetərli və bazar qiymətlərinə uyğundur. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki qanunverciliyə görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği evin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində evin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca evin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməyib. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunub.

38. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki halda cavabdeh və uşaqları mübahisəli evdə yaşamasa da, işdən aydın olur ki, cavabdehə məxsus əşyalar həmin evdə qalmaqda davam edir. Cavabdehin evdən çıxarılması həmçinin ona məxsus əşyaların da çıxarılması anlamına gəldiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh, X3, X6 və X2 evdən istifadələrinə xitam verilməklə onların həmin evdən çıxarılmalarını qət etməkdə haqlı olmuşdur.

39. Kollegiya onu da qeyd edir ki, hazırki iş üzrə iddia tələbi Cavabdeh və qızı X4 qarşı irəli sürülmüşdür. X13 və X9 cavabdehlər sırasında göstərilməmişdir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 03 may 2007-ci il təvəllüdlü X13 və 10 sentyabr 2009-cu il təvəllüdlü X9 hal-hazırda yetkinlik yaşına çatmayan şəxslər olduğundan göstərilən hüquq normalarının tələbinə əsasən kollegiya hesab edir ki, məhkəmə Cavabdeh ilə birlikdə X13 və X2 da evə istifadə hüquqlarına xitam verməkdə haqlı olmuşdur. Yetkinlik yaşına çatmış şəxs olan cavabdeh X4 gəldikdə isə kollegiya qeyd edir ki, qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmədiyindən kollegiya onunla bağlı hissədə araşdırma aparmamışdır.

40. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(075)-547/2023 nömrəli qətnaməsi Cavabdeh aid iddianın təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(075)-547/2023 nömrəli qətnaməsi Cavabdeh aid iddianın təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar