Məhkəmə qərarları › İş №2(107)-805/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-805/2021

19.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-805/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tаrixli, 2(075)-112/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Şəki rayon 2 saylı Notariat kontorunda 4Ə-1326 reyestr nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tаrixli, 2(075)-112/2021 saylı qətnaməsi ilə İddiaçı Şəki rayon 2 saylı Notariat kontorunda 4Ə1326 reyestr nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tаrixli, 2(075)-112/2021 saylı qətnaməsinin ləğv edilməsini və mülki iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, işin dəlilləri düzgün araşdırılmadığından apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, məhkəmə qərar qəbul edərkən mülki məcəllənin 666.1-ci maddəsini düzgün təfsir etməmiş, bağışlama müqaviləsinin yalnız hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılması tələbinə əhəmiyyət verməmişdir. Məhz buna görə də bağlanmış əqd uydurma əqddir. Həmin məcəllənin 340.1-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Bundan əlavə hədiyyə alan tərəf mənzilin əvəzində iddiaçıya ölümünə qədər baxacağını bildirməsinə baxmayaraq onun səhhəti ilə maraqlanmamış və mənzili aldatma yolu ilə ələ keçirmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tаrixli, 2(075)-112/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəfələr məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tаrixli, 2(075)-112/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ünvan 1 ünvanında mülkiyyətdə olan ümumi sahəsi 17,52 kv.m olan mənzili X9 bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanında mülkiyyətdə olan ümumi sahəsi 17,52 kv.m olan mənzil X5 mülkiyyətinə keçmişdir. İddiaçı əmlakını nəvəsi İradəyə bağışlayarkən İradənin anasının ona baxacaqlarını deməsini, həmin vaxt İradənin 14-15 yaşının olmasını, hazırda onun tənha yaşadığını və ona baxanın olmamasını, həmin mənzili başqa bir şəxsə bağışlayacağını əsas gətirərək mübahisəli mənzilə dair onunla X13 arasında bağlanmış Şəki rayon 2 saylı Notariat kontorunda 4Ə-1326 reyestr nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır. İddiaçı Şəki şəhəri 2 saylı Dövlət Notariat Kontoruna gedərək onun reyestrində qeydə alınmış 4Ə-1326 saylı, 21 avqust 2018-ci il tarixli bağışlama müqaviləsi rəsmiləşdirməklə öz mülkiyyətində olan əmlakını bağışlayaraq özgəninkiləşdirmişdir. Notariat Kontoru da qanunvericiliyə müvafiq olaraq bağışlama müqaviləsini rəsmiləşdirməklə mülkiyyətçinin iradə ifadəsinin həyata keçirilməsinə şərait yaratmışdır. Yəni mübahisələndirilən bağışlama müqaviləsinin etibarsızlığına səbəb olacaq hər hansı hala yol verilməmiş və iddiaçı tərəfindən həmin müqavilənin etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Təbii ki, qeyd edilən bağışlama müqaviləsi əsasında cavabdeh DƏDRX-dən çıxarış almışdır. Bağışlama müqaviləsi etibarsız hesab edilmədiyindən onun əsasında verilmiş çıxarış etibarlı hesab olunur və həmin çıxarış ləğv edilə bilməz. Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin152.1-ci, (MM-nin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri), 666.1-ci, 397.2-ci, 337-ci,140-cı 144.1-ci, 144.2-ci, 146.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. İş materiallarına əlavə edilmiş Şəki regional “Asan xidmət” mərkəzindən daxil olmuş sənədlər toplusundan görünür ki, ünvan 1 ünvanında yerləşən 17,52 kv.m olan mənzil 16.07.1998-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş Şəki regional “Asan xidmət” mərkəzindən daxil olmuş sənədlər toplusundan görünür ki, ünvan 1 ünvanında yerləşən 17,52 kv.m olan mənzil üzərində müqavilə bağlanan 08.08.2018-ci il tarixinə hər hansı məhdudiyyət və yüklülük qeydə alınmayıb. İş materiallarına əlavə edilmiş Şəki regional “Asan xidmət” mərkəzindən daxil olmuş sənədlər toplusunda olan İİİ-JQ 279975 nömrəli nikah şəhadətnaməsindən görünür ki, X10 ilə X2 arasında 15 iyun 1983-cü il tarixdə bağlanmış nikah, nikah akt qeydi kitabında 168 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki regional “Asan xidmət” mərkəzindən daxil olmuş sənədlər toplusunda olan İİİ-JQ 250780 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 15 aprel 1985-ci il tarixdə Şəki şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Şəki regional “Asan xidmət” mərkəzindən daxil olmuş sənədlər toplusunda olan AZ-T 073898 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 atası X12, anası isə X1r. İş materiallarına əlavə edilmiş Şəki regional “Asan xidmət” mərkəzindən daxil olmuş sənədlər toplusunda olan İ-QO 547363 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 08.10.2004-cü il təvəllüdlü Rusiya Federasiyası, Kostroma şəhərində anadan olmuş Cavabdeh Kirim qızının atası X14, anası isə X3r. İş materiallarına əlavə edilmiş 21 avqust 2018-ci il tarixli “hədiyyə verən” İddiaçı “hədiyyə alan” X13 arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı ünvan 2 ünvanında mülkiyyətdə olan ümumi sahəsi 17,52 kv.m olan mənzili X9 bağışlamışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 12.09.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi, bina 2, mənzil 4 yeni qaydalarla Az 5500 ünvan 3 ünvanında yerləşən mənzil X6 xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanında mülkiyyətdə olan ümumi sahəsi 17,52 kv.m olan mənzili X9 bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanında mülkiyyətdə olan ümumi sahəsi 17,52 kv.m olan mənzil X5 mülkiyyətinə keçmişdir. İddiaçı əmlakını nəvəsi İradəyə bağışlayarkən İradənin anasının ona baxacaqlarını deməsini, həmin vaxt İradənin 14-15 yaşının olmasını, hazırda onun tənha yaşadığını və ona baxanın olmamasını, həmin mənzili başqa bir şəxsə bağışlayacağını əsas gətirərək mübahisəli mənzilə dair onunla X13 arasında bağlanmış Şəki rayon 2 saylı Notariat kontorunda 4Ə-1326 reyestr nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-nin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırlmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçı Şəki şəhəri 2 saylı Dövlət Notariat Kontoruna gedərək reyestrdə qeydə alınmış 4Ə-1326 saylı, 21 avqust 2018ci il tarixli bağışlama müqaviləsi rəsmiləşdirməklə öz mülkiyyətində olan əmlakını bağışlayaraq özgəninkiləşdirmişdir. İş materiallarından və apellyasiya şikayətindən də məlum olur ki iddiaçı sözügedən əmlakı heç bir məcburiyyət olmadan, könüllü olaraq bağışlamış və bağışlanmanın rəsmiləşdirilməsi üçün müvafiq hərəkətləri könüllü olaraq icra etmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İddiaçı da qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək mülkiyyətində olan evi cavabdehə bağışlamışdır. Notariat Kontoru isə qanunvericiliyə müvafiq olaraq bağışlama müqaviləsini rəsmiləşdirməklə mülkiyyətçinin iradə ifadəsinin həyata keçirilməsinə şərait yaratmışdır. Yəni mübahisələndirilən bağışlama müqaviləsinin etibarsızlığına səbəb olacaq hər hansı hala yol verilməmiş və iddiaçı tərəfindən həmin müqavilənin etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçıın şikayətinin digər dəlili cavabdeh tərəfindən müəyyən vədlərlə aldadıldığını bildirməsidir. Kollegiya həmin dəlillə də razılaşmır. Belə ki, mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair biləbilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Hazırkı halda isə cavabdehin iddiaçını aldatması və öz xeyrinə bağışlama müqaviləsi bağlanmasını təmin edəcək hərəkətlərə yol verməsi sübut olunmur. Məhkəmə kollegiyası bağışlama müqaviləsi əsasında cavabdehin adına DƏDRX-dən verilmiş çıxarışın ləğv edilməsi ilə də razılşmır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və sair. DƏDRX-i də Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 8.0.3-cü maddəsinə əsasən Şəki rayon 2 saylı Notariat kontorunda 4Ə-1326 reyestr nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsi əsasında cavabdehin hüquları RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Göründüyü kimi bağışlama müqaviləsi əsasında çıxarış verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri iş materialları ilə təkzib olunduğundan təmin edilməsi üçün əsaslar mövcud deyil və iddiaçı tərəf bunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tаrixli, 2(075)-112/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tаrixli, 2(075)-112/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar