Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-807/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(033)-1161/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxx 2019-cu il tаrixli 2(033)-1161/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra iddiaçı və ya «xxxx» MMC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilərək Cavabdeh telekommunikasiya xidmətləri müqaviləsi üzrə xidmət müqabilində yaranmış 1693,52 (bir min altı yüz doxsan üç manat əlli iki qəpik) manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu, ümumilikdə 1713,52 (bir min yeddi yüz on üç manat əlli iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları Kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Zaqatala Rayon Məhkəməsinə ərizə verərək, borclu Cavabdeh 1693,52 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ondan məcburi qaydada tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor «xxxx» MMC ərizəsini onunla əsaslandırmışdır ki, borclunun kreditor «xxxx» MMC ilə bağladığı xx.xx.2016-cı il tarixli "Telekommunikasiya xidmətləri" müqaviləsinə əsasən xxxx" MMC abunəçini mobil nömrə ilə təmin etməklə müvafiq telekommunikasiya xidmətləri göstərir, abunəçi isə (Cin, Klass və ya Gold abunəçisi olduğundan asılı olaraq) bu müqaviləyə və onun tərkib hissəsi olan əlavələrə uyğun olaraq göstərilən xidmətlərə görə müvafiq ödənişləri həyata keçirir. Müqavilənin 3.2.5-ci maddəsinə əsasən abunəçi müqavilənin şərtlərinə uyğun olaraq vaxtı-vaxtında telekommunikasiya xidmətlərinə dair ödənişləri həyata keçirməlidir. Bundan əlavə tərəflər arasında imzalanmış xx xxxxxxx 2016-cı il tarixli Telekommunikasiya xidmətləri müqaviləsinə 055 *** ** ** kombinasiyalı nömrə üçün müvafiq tarif plan paketli mobil telefon cihazının güzəştli şərtlər ilə hissə-hissə ödənişinə dair A Əlavəsinə əsasən "xxxx" MMC abunəçiyə "İphone 6s" markalı mobil telefon cihazı verməyi, abunəçi isə həmin cihazın pulunu 1 saylı cədvəldə müəyyən edilmiş tarif üzrə, aylıq müəyyən edilmiş məbləğdə ödəmək öhdəliyini öz üzərinə götürmüşlər. Əlavənin 1.2-ci bəndinə görə tarif plan paketli mobil telefon cihazına görə, hissə-hissə ödəniş yalnız balansa yüklənmiş məbləğ vasitəsilə mümkün olacaq və ödənişlər yüklənmiş məbləğdən çıxılacaqdır. Əlavənin 4-cü bəndinə görə isə mobil telefon cihazı şirkət tərəfindən abunəçi ilə arasında bağlanmış əlavə və bu əlavədə müvafiq qaydada edilmiş mobil telefon cihazının təhvil-təslim qeydinə əsasən abunəçiyə təhvil verilir. Kreditor "xxxx" MMC müqavilə və müqaviləyə əlavə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, borclu üzərinə düşən öhdəlikləri pozmuş, mobil telefon cihazının məbləğini ödəməmişdir. xx.xx.2017-ci il tarixinə borclu Cavabdeh "xxxx" MMC-yə 1693,52 (bir min altı yüz doxsan üç manat əlli iki qəpik) ödənilməmiş borcu qalmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(033)-215/2018 nömrəli məhkəmə əmri ilə kreditor «xxxx» MMC-nin ərizəsi təmin edilmiş, Zaqatala şəhərində, M.Ə.Rəsulzadə küçəsi ev 20-də qeydiyyatda olan borclu Cavabdeh xx.xx.2016cı il tarixli telekommunikasiya xidmətləri müqaviləsinə əsasən 1693,52 (bir min altı yüz doxsan üç manat əlli iki qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi kreditor «xxxx» MMC-nin xeyrinə tutulmasına dair əmr verilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə yazılı etiraz etmiş və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(033)-215/2018 saylı qərardadı ilə borclu Cavabdeh məhkəmə əmrinə etirazı təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(033)-215/2018 nömrəli məhkəmə əmr iləğv edilmiş və işə mahiyyəti üzrə baxılması üçün ümumi iddia icraatına keçilmişdir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(033)-1161/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(033)-1161/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, borc məbləği iddiaçı tərəfindən istənilən məbləğdə deyil. Mərkəzi Bankın bütün kredit və bank olmayan kredit təşkilatlarına təlimatı mövcuddur ki, kredit götürən şəxs ödənişi 90 gündən artıq müddət gecikdirdikdə, qanunauyğun qaydada məhkəməyə müraciət olunmalıdır. “xxxx” MMC isə məhkəməyə uzun müddət keçdikdən sonra 2017-ci ildə müraciət etmişdir. 2016-cı ilin son aylarından sonra maddi vəziyyəti yaxşı olmadığı üçün banka ödənişini edə bilməmişdir. Bundan başqa "İPhone-S” markalı mobil telefon cihazı təxminən 3 aydan sonra tam yararsız vəziyyətə düşmüşdür. Zəmanət vərəqəsi ilə “xxxx” MMC-nə yaxınlaşmağına baxmayaraq, oradan həmin telefon cihazının təmirinə razılıq verilməmişdir. Qətnamədən göründüyü kimi o, "xxxx” MMC ilə xx.xx.2016-cı il tarixində müqavilə bağlayaraq 1693,52 manat məbləğində Telekommunikasiya xidmətləri müqaviləsinə 055 *** ** ** kombinasiyalı nömrə üçün müvafiq tarif və plan paketli mobil telefon cihazının güzəştli şərtlər ilə hissə-hissə ödənməsinə dair A Əlavəsinə əsasən “xxxx" MMC abunəçiyə "İPhone-S” markalı mobil telefon cihazı verilməsi nəzərdə tutulmuşdur, abunəçi isə həmin cihazın pulunu 1 saylı cədvəldə müəyyən edilmiş tarif üzrə aylıq müəyyən edilmiş məbləğdə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, “xxxx” MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhətində yaranan narahatçılığa görə məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli telekommunikasiya xidmətləri müqaviləsindən görünür ki, ********* nömrəsi Zaqatala şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 20-də qeydiyyatda olan Cavabdeh istifadəsinə verilmişdir. xx xxxx 2017-ci il tarixli hesab fakturadan görünür ki, Cavabdeh ***-***-**-** nömrəsi üzrə ödəniləcək məbləği 1684,36 manat təşkil edir. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli telekommunikasiya xidmətləri müqaviləsinə A********** nömrə üçün müvafiq tarif plan paketi mobil telefon cihazının güzəştli şərtlər ilə hissə-hissə ödənişinə dair əlavədən görünür ki, Zaqatala ş. M.Ə.Rəsulzadə küçəsi ev 20-də qeydiyyatda olan Cavabdeh dəyəri 12 ay ərzində hissə-hissə ödənilməsi şərti ilə İMEİ kodu **********673xx xxxx 1464 manat dəyərində İPhone 6s (16GB) mobil cihazı verilmişdir. “xxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixində ********* nömrəyə dair müqavilə bağlanmışdır. Müqaviləyə və ona dair əlavəyə əsasən abunəçiyə dəyəri hissə-hissə ödənilmək şərti ilə mobil telefon satılmışdır. Abunəçinin müqavilə üzrə xx.xx.2017-ci il tarixə “xxxx” MMC-yə mobil rabitə xidmətləri üzrə hesablanmış 156,32 manat, mobil telefon üzrə hesablanmış 1464 manat və mobil telefonun qalıq dəyərinə görə 73,2 manat cərimə olmaqla, cəmi 1693,52 manat borcu vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin gerçək hallarından görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında xx xxxxxxx 2016-cı il tarixdə Telekommunikasiya xidmətləri müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə ***-***-**-** nömrəsi Cavabdeh istifadəsinə verilmişdir. Eyni zamanda həmin müqaviləyə əlavəyə əsasən Cavabdeh istifadəsinə dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi şərti ilə 1464 manat dəyərində, İMEİ kodu **********67383 olan, İPhone 6s (16GB) mobil cihazı verilmişdir. Borclu kreditorun rabitə xidmətlərindən istifadə etmiş və nəticədə xx xxxx 2017-ci il tarixli faktura üzrə onun 1684,36 manat məbləğində borcu yaranmışdır. Cavabdeh telekommunikasiya xidmətləri müqaviləsi üzrə adına rəsmiləşdirilən nömrədən və telekommunikasiya xidmətləri müqaviləsinə əlavəyə əsasən təqdim edilmiş mobil cihazdan istifadə etmiş, lakin bu müqaviləyə və ona əlavəyə uyğun olaraq xidmət haqqı və digər ödənişləri həyata keçirməmiş, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər ödəməli olduğu halda borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, “Göründüyü kimi iddiaçı “xxxx” MMC tərəfindən Cavabdeh ***-***-**-** nömrəsini verərək rabitə xidmətini açıb xidmət göstərilərək, müqaviləyə əlavəyə əsasən 1464 manat dəyərində, İMEİ kodu **********67383 olan, İPhone 6s (16GB) mobil cihazı təqdim etməklə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh telekommunikasiya xidmətləri müqaviləsi və ona əlavə üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də “xxxx” MMC müqaviləsi üzrə xidmət müqabilində yaranmış borcu Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh telekommunikasiya xidmətləri müqaviləsi üzrə xidmət müqabilində yaranmış 1693,52 manat məbləğində borc tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir“. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(033)-1161/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tаrixli 2(033)-1161/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-807/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-807/2020
21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver