Məhkəmə qərarları › İş №2(107)-810/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-810/2020

03.06.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-810/2020 03.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı «Qаz İxrаc» İdаrəsinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh Əhmədiyyə oğlunun iştirаkları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X15 Cavabdeh Əhmədiyyə oğluna qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)- 17/2020 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X15 nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-17/2020 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X15 Cavabdeh Əhmədiyyə oğluna qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 86 (səksən altı) manat 60 (altmış) qəpiyin iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsindən tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş hesaba ödənilməsi, aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manatın iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsindən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdeh Əhmədiyyə oğluna qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” X7 X9 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 41 metr məsafədə Qəbələ rayonunun Savalan kəndi ərazisində Cavabdeh Əhmədiyyə oğlu tərəfindən inşa edilən yaşayış evinin cavabdehin öz vəsaiti hesabına tam sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun Savalan kəndi ərazisində Cavabdeh Əhmədiyyə oğlu tərəfindən Az DTN 2.9-2 Magistral Boru kəməri Layihələndirmə Normalarının tələbləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, Qəbələ rayonunun, Savalan kəndi ərazisindən keçən 325 mm-lik “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 41 metr məsafədə qanunsuz olaraq yaşayış evi inşa olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23-cü bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Cavabdeh tərəfindən inşa olunan daxilində yaşayış evinin tikintisi nəzərdə tutulmuş daş hasar yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X15 etibarnamə üzrə nümayəndəsi X2 qeyd olunanlara uyğun izahat verərək, iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində inşa edildiyini bildiklərini, həmin şəhadətnaməni mübahisələndirmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh Əhmədiyyə oğlu iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı “Qaz İxrac” idarəsinin iddiası əsassızdır. Belə ki, o Azərbaycan Respublikası X4 xx xxx 1998-ci il tarixli 10 saylı Qərarı ilə JN-077A (Kod: 40609038) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə torpaq sahəsi almışdır. Torpaq sahəsinin üzərində neçə illərdir ki, yavaş-yavaş ev inşa edir. Bu günə kimi kimsə gəlib torpaq sahəsi barədə ona heçnə deməyib. 22 ilə yaxındır ki, həmin torpaq sahəsi onun mülkiyyətindədir. Əgər onun mülkiyyətinə verilən torpaq sahəsindən, Savalan kəndi ərazisindən keçən 325 mm-lik Qəbələ QPS qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında kəmərdən 41 metr məsafədədirsə nə üçün həmin torpaq sahəsi onun mülkiyyətinə verilib. Qeyd olunan bu hallara görə məsələnin qanunla müəyyən edilmiş qaydada həll olunmasını, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnamədən narazı qalan iddiaçı «Qаz İxrаc» İdаrəsinin etibarnamə üzrə nümayəndəsi X2 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı «Qаz İxrаc» İdаrəsinin etibarnamə üzrə nümayəndəsi X2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsi qətnamə qəbul edərkən diametri 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin keçdiyi ərazidə cavabdehə ayrılmış torpaq sahəsinin əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla razılaşdırılmaması məsələsinə düzgün münasibət bildirməyərək maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsi göstərilən dəlillərin işin hallarına ona görə uyğun deyildir ki, məhkəmə iddianın predmeti olan tikilinin sökülməsi tələbini bir kənara qoyub həmin tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını əsas gətirərək səhf nəticəyə gəlmiş, qeyri-mötəbər qərar qəbul etmişdir. İddiaya əlavə edilmiş Qəbələ rayon icra Hakimiyyətinin məktubunda da göstərilir ki, cavabdehin inşa etdirdiyi tikili qanunsuz, özbaşına tikintidir. Çünki cavabdehə aid tikili hec bir icazə alınmadan tikilmiş və həmin tikiliyə aid heç bir sənəd yoxdur. Belə ki, xx xxxx 1998-ci il tarixli 513-İQ nömrəli Qaz Təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 6.4-cü bəndinə əsasən, elektrik, rabitə, neft-qaz və nəqliyyat xəttləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün (tikinti) xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. “Bələdiyyə” torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerqurluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa fiziki və hüquqi şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişsə, habelə elektrik, rabitə, nəqliyyat,qaz, su, kanalizasiya və digər komunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmişdirsə (iş materiallarından müəyyən olunur ki,yerləşir) bələdiyyə hərrac və müsabiqənin keçirilməsi məqsədi ilə torpaq üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını və ya əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Lakin bütün bu normalara baxmayaraq cavabdehə ayrılmış torpaq sahəsi isə ayrılan zaman qaz kəmərini istismar edən orqanla razılaşdırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.24-cü bəndinə əsasən kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verir. Bu hallar məhkəmə tərəfindən müəyyən edilsə də təhlükəsizliyin təmin olunmasının zəruriliyini nəzərə almadan qanunsuz qətnamə çıxarılmışdır. Göründüyü kimi, məhkəmə yüksək təzyiqli magistral qaz kəmərindən 44 metr məsafədə inşa edilmiş yaşayış evinin sökülməsi tələbini rədd etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın, Az DTN 2.9-2 X10 Layihələndirmə Normalarının, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun tələblərini kobud şəkildə pozmuş, vətəndaşların həyatını təhlükə altında saxlamışdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)- 17/2020 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı «Qаz İxrаc» İdаrəsinin etibarnamə üzrə nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Əhmədiyyə oğlu apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-17/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası Məhkəməsi tam hüquqlu Məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya Məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, Məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-17/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsinə məxsus D-325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında, kəmərdən 41 metr məsafədə yaşayış evi inşa olunmuş və aktın doğruluğunu Ağdaş XİX-in rəisi Emin Mehdiyev, TİŞ-nin rəisi Azər Şavəddinov, Ağdaş XİX-in ustası Fidail Səfərov və xətt baxıcısı Fərhad Babazadə öz imzaları ilə təsdiq etmişlər. İşdə olan xx.xx.2019-cu il tarixli 228 nömrəli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” X11 X13 tərəfindən Cavabdeh magistral qaz kəmərinin yüksək təzyiqli olması, kəmərdə hər an baş verə biləcək qaz sızması zamanı yarana biləcək partlayışların nəticəsində bədbəxt hadisələrə, yəni ona aid əmlaka və həyatına dəyə biləcək ziyanların qabaqcadan aradan qaldırılması məqsədilə aparılan tikinti işlərinin dayandırılmasını, tikilinin sökülməsini və ərazinin əvvəlki vəziyyətə qaytarılması xahiş edilmiş, əks halda tikilinin sökülməsi üçün aidiyyatı orqanlara müraciət ediləcəyi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” X11 X13 tərəfindən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə və Qəbələ rayon Polis şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanlanan xx.xx.2019-cu il tarixli 226 və 227 nömrəli məktublardan görünür ki, bədbəxt hadisələrlə nəticələnə biləcək qəzaların vaxtında qarşısının alınması, 325 mm diametrli “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilməkdə olan tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə aidiyyatı orqanlara müvafiq göstərişlər verilməsi xahiş olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” X11 X13 tərəfindən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə ünvanlanan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, magistral qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə tikinti işlərinin dayandırılması üçün müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. İşdə olan JN-077A (Kod: 40609038) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli qərarı ilə Cavabdeh Əhmədiyyə oğlu, X8 və X5 mülkiyyətinə Qəbələ rayon Savalan kəndində 0,15 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının dəlillərinə aydınlıq gətirmək məqsədilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə xx xxxxxx 2019-cu il tarixli 18505 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, Qaz İxrac X7 X9 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonası iddia tələbinə münasibətdə haradan başlayıb, harada qutarması mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublika Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Qəbələ rayonu Savalan kəndi ərazisində Cavabdeh Əhmədiyyə oğlu tərəfindən inşa edilən yaşayış evi Qaz İxrac X7 X9 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasının hüdudları daxilindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrinə və 29-cu maddəsinin İV hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1, 18, 180.1, 180.2, 180.3 və 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə, «Qаz təchizаtı hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 19-cu mаddəsinin 2-ci hissəsinə, “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarına və «Burdov Rusiyaya qarşı» iş üzrə qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X6 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; -13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; -29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Azərbaycan Respublikası Konstitusiyası hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən, mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, içtimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir Həmin Məcəllənin 180.1-ci maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri istifadə zamanı çəkilən xərcdərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəliki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71).Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə xx xxxx 2010-cu il tarixli qərar, § 83). «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, tələb «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, bu tələbin hüquqi cəhətdən realizə edilə bilməsi kifayət qədər müəyyən olunmuş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X6 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əhmədiyyə oğluna məxsus yaşayış evinin əvəzi ödənilmədən öz vəsaiti hesabına sökülməsini xahiş etmiş və iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180- ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə, habelə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə istinad etmişdir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Göründüyü kimi, Mülki Məcəllənin 180.1-ci maddəsinin dispozisiya şərtlərinə görə, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirilmişdir. Torpaq Məcəlləsinin 111-ci maddəsi torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) və onun hüquqi nəticələri, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsi isə mühafizə zonası dairəsində tikinti işlərinin aparılması və onun hüquqi nəticələrindən bəhs edir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikili qanuni əsaslarla cavabdehin mülkiyyətində olan torpaq sahəsində, başqa sözlə - JN-077A (Kod: 40609038) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli qərarı ilə Cavabdeh Əhmədiyyə oğlu, X8 və X5 mülkiyyətinə Qəbələ rayon Savalan kəndində 0,15 ha torpaq sahəsində inşa edilmişdir. Birinci instansiya məhkəməsi yaşayış evini Cavabdeh Əhmədiyyə oğlunun mülkiyyəti sayır və həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını mülkiyyətin əmələ gəlməsi üçün formal maneə hesab etmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə, hazırkı iş üzrə sözügedən yaşayış evi Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli qərarı ilə JN-077A (Kod: 40609038) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Cavabdeh Əhmədiyyə oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsində tikilmişdir. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onların qeydə alınmasında heç bir maneə olmadığından, Cavabdeh Əhmədiyyə oğlunun həmin yaşayış evi üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Göründüyü kimi, milli və beynəlxalq qanunvericilik normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güdməsi şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. Birinci instansiya məhkəməsinin qənaətinə görə, Cavabdeh Əhmədiyyə oğluna məxsus yaşayış evinin əvəzi ödənilmədən sökülməsi yolverilməzdir. İddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətində inşa etdirdiyi yaşayış binasını sökülməsi tələbi qoymaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddiaçının tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayıb, onun təmin olunmaması qənaətinə gəlmişdir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsindən tutularaq, 50 (əlli) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi və 86 (səksən altı) manat 60 (altmış) qəpik Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş hesaba keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətində birinci instansiya məhkəməsinin hazırki iş üzrə iddianı rədd etməklə qanunları kobud surətdə pozması və vətəndaşların həyatını təhlükə altında qoyması ilə bağlı göstərilənlərə münasibət bildirərək qeyd edir ki, iddiaçı qаz kəmərinin mühаfizə zоnаsındа inşа оlunmuş tikilinin heç bir əvəz ödənilmədən cаvаbdehin öz vəsаiti hesаbınа sökülməsini tələb etməkdə haqlı olmadığından, habelə iddia tələbinin hər-hansı digər qanuni əsasının olmaması səbəbindən iddianın rədd edilməsi qanunların kobud surətdə pozulması və vətəndaşların həyatının təhlükə altında qoyulması kimi qiymətləndirilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn iddiaçı Аzərbаycаn Respublikаsı Dövlət Neft Şirkəti «Qаz İxrаc» İdаrəsinin nümayəndəsi X2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-17/2020 nömrəliqətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Аzərbаycаn Respublikаsı Dövlət Neft Şirkəti «Qаz İxrаc» İdаrəsinin nümayəndəsi X2 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-17/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar