Məhkəmə qərarları › İş №2(107)-813/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-813/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-813/2025 11.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi, qismən ləğv) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(037)-189/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh “Chevrolet Aveo” markalı ** KV *** dövlət qeydiyyat nişanlı avtomobili 27 iyul 2023-cü il tarixində Bakı şəhəri, Azneft dairəsi ərazisində idarə edərkən iddiaçı tərəfindən MVC-B 00353-22 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “X5” markalı ** PU *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə maddi ziyan vurmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) 4157,9 manat pul və 61,6 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Chevrolet Aveo” markalı ** KV *** dövlət qeydiyyat nişanlı avtomobili 27 iyul 2023-cü il tarixində Bakı şəhəri, Azneft dairəsi ərazisində idarə edərkən iddiaçı tərəfindən MVC-B 00353-22 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “X5” markalı ** PU *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar iddiaçı tərəfindən “X5” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 250 manat azadolma məbləği nəzərə alınaraq 8907,9 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı Şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbilə bağlı 4750 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 4157,9 manat məbləğ isə cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən 21 oktyabr 2024-cü il tarixli G-01-M-0404-2024 nömrəli məktubla cavabdehə qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 5 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehdən 4157,9 manat pul və 61,6 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh 27 iyul 2023-cü il tarixdə idarə etdiyi “Chevrolet Aveo” markalı ** KV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol hərəkəti qaydalarını pozaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “X5” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tərtib olunmuş İXP ******* saylı DYPİ İnzibati Xəta haqqında Protokol və həmin protokol əsasında qəbul olunmuş TP ******* nömrəli 27 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla cavabdehin təqsirli olması təqdiq olunmuşdur. 27 iyul 2023-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “X5” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə 9157,9 manat ziyan dəydiyi müəyyə edilmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən iddiaçıya 4750 manat sığorta ödənişi ödənilmişdir. Qalan 4157,9 manat məbləğ isə cavabdeh tərəfindən ödənilməlidir. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “X5” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində cavabdehdən 4157,9 manat pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 61,6 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh iddia tələbi üzrə məbləğlə razılaşmır və iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir.

5. İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(037)-189/2025 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia təmin edilmiş, Cavabdeh 4157,9 manat pul və 61,6 manat dövlət rüsumu – cəmi 4219 (dörd min iki yüz on doqquz) manat 50 (əlli) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 903.1, 936.1, 936.2, 1114.1 və 1115-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - 13 iyun 2022-ci il tarixli MVC-B 00353-22 nömrəli sığorta şəhadətnaməsi müqaviləsinin surətindən görünür ki, “X5” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 13 iyun 2022-ci il tarixdən 13 iyun 2025-ci il tarixədək iddiaçı tərəfindən sığortalanmışdır. - TP ******* nömrəli 27 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. - 31 iyul 2023-cü il tarixli MVC-0403/23 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “X5” markalı ** PU *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə qəza nəticəsində cəmi 9157,9 manat məbləğində zərər dəymişdir. - 30 dekabr 2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, 27 iyul 2023-cü il tarixdə Bakı şəhəri Azneft dairəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar “X5” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 9157,9 manat zərərin 250 manat hissəsi şərtsiz azad olunmuş, yekun olaraq 8907,9 manat sığorta ödənişi olunmuşdur. - 11 mart 2024-cü il tarixli #001XOH********** nömrəli ödəniş aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “X5” markalı ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortaçısı "xxxx" ASC-nin hesabına 4750 manat ödəniş olunmuşdur. - 21 oktyabr 2024-cü il tarixli G-01-M-0404-2024 nömrəli xəbərdarlığın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 4157,9 manat məbləğində pul vəsaitinin 5 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 13 dekabr 2024-cü il tarixli **********90 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 61,6 manat dövlət rüsumu ödənilmişdir.

8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. Lakin birinci instansiya məhkəməsi bu tələbləri nəzərə almadan birtərəfli qaydada sığorta şirkəti tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsaslanmış və bu aktı sübut kimi qəbul etmişdir. Halbuki, o, cavabdeh tərəf olaraq qiymətləndirmə prosesinə cəlb edilməmiş, təmirin detalları və xərcləri ilə bağlı məlumatlandırılmamışdır. 27 iyul 2023-cü il tarixdə Bakı şəhəri Azneft dairəsi ərazisində idarə etdiyi avtomobillə digər avtomobil toqquşmuşdur. Hadisə vaxtı bütün sənədlər dövlət yol polisinə təqdim olunmuşdur. Həmin vaxt zərərçəkənlə aralarında mübahisə olmamış və zərərçəkən avtomobilinin sığorta şirkəti tərəfindən düzəldiləcəyini bildirmişdir. Hadisənin üstündən 1 ildən çox vaxt keçdikdən sonra sığorta şirkəti ona zəng vuraraq bildirmişdir ki, avtomobilin hissələri qiymətləndirilib, təmir olunub, 9000 manat xərci var. Sığorta şirkəti 5000 manatını ödəyib, qalan hissəsini isə o ödəməlidir. Bildirir ki, birinci instansiya məhkəməsi zərərin məbləğini lazımi qədər araşdırmayıb. Qiymətləndirmə aktı birtərəfli qaydada, onun iştirakı olmadan tərtib olunub və məhkəmə həmin akta tənqidi yanaşmadan sübut kimi qəbul edib. Hesablanmış məbləğlə razı deyil. Məhkəmənin iddiaçının təqdim etdiyi qiymətləndirilməni əsas kimi götürməsi 925-1.1-ci maddənin tələblərinə ziddir. Çünki iddianın təmin olunmasının əsasını iddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirmə təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə isə şübhəlidir. Halbuki, Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunun bu tələbi pozulmuşdur. Əlavə olaraq bildirmək istəyir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının icrası mümkün olmamış və ekspertiza orqanı aktda göstərilən ehtiyat hissələrinin 2023-cü ilə dair satış qiymətləri və bazar məlumatları olmadığından ekspertizadan imtina etmişdir. Bu isə təqdim olunmuş qüsur aktlarının etibarlılığını və qiymətlərin obyektivliyini daha da şübhə altına alır. Sığorta şirkəti tərəfindən təqdim olunmuş qiymət cədvəlləri və təmir sənədləri yalnız bir tərəfin təqdim etdiyi məlumatlara əsaslanır və bu səbəbdən də obyektiv sübut hesab oluna bilməz. Məhkəməyə təqdim edilmiş təmir və ehtiyat hissələrinin qiymət cədvəlləri zərərçəkənin sığorta şirkəti tərəfindən hazırlanıb. Məhkəmə birtərəfli və şübhəli sənədlərə əsaslanaraq qətnamə qəbul etmişdir. Sığorta şirkəti yalnız bir il sonra məni xəbərdar edərək fakt qarşısında qoyub və məhkəmə də bunu yetərincə diqqətə almayıb. Əlavə olaraq qeyd edir ki, o müharibə iştirakçısı olmuş, sağlamlığını itirmiş, hazırda maddi vəziyyəti ağırdır. Mövcud vəziyyət onun vəziyyətini daha da ağırlaşdırır. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallarına uyğun əsaslandırmamış, ədalətsiz və qanunsuz qərar qəbul etməklə onun hüququnu kobud şəkildə pozmuşdur.

11. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(037)-189/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı iddiaçı "xxxx" ASC tərəfindən etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(037)-189/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Apellyasiya şikayəti verən Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(037)-189/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı tam təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

24. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

25. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdehin inzibati məsuliyyətə cəlb edilməsinə dair 27 iyul 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol ilə yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində “X5” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 9157,9 manat maddi ziyanın ödənilməmiş 4157,9 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

26. Lakin Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2025-ci il tarixli, 2(107)-813/2025 saylı qərardadı ilə hаzırkı iş üzrə müstəqil qiymətləndirici-ekspert dəvət edilməsi, yol nəqliyyat hadisəsi nəticəsində “X5” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin müəyyən edilməsinin "xxxx" MMC-nə həvаlə edilməsi qərara alınmışdır.

27. "xxxx" MMC-nin 24 noyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş rəyində qeyd edilmişdir ki, “X5” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər real bazar qiymətləri ilə (2023-cü ilə olan qiymətlər nəzərə alınmaqla) və qeyd edilən zərərin aradan qaldırılması üçün usta haqları ilə birlikdə 7120 (yeddi min yüz iyirmi) manat təşkil edir. Qiymətləndirmə xərcləri olan 300 (üç yüz) manatı iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir.

28. Bundan başqa, iş materialından görünür ki, cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbilə bağlı 4750 manat sığorta ödənişi ödənilmişdir.

29. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, ekspert rəyi, azadolma məbləği, İcbari Sığorta Bürosu tərəfindən ödənilmiş məbləğ nəzərə alınmaqla (7120 manat - 250 manat - 4750 manat=2120 manat), Cavabdeh subroqasiya hüququ ilə əlaqədar pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. 30.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbini tam təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(037)-189/2025 qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmiş Cavabdeh 2037,90 manat və 20,38 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi hissələrində ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh 2037,90 manat və 20,38 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair hissələrdə rədd edilməli, rayon məhkəməsinin qətnaməsi Cavabdeh аpellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Göründüyü kimi iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(037)-189/2025 qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmiş Cavabdeh 2037,90 manat və 20,38 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh 2037,90 manat və 20,38 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair hissələrdə rədd edilsin. İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(037)-189/2025 saylı qətnaməsi Cavabdeh аpellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar