Məhkəmə qərarları › İş №2(107)-822/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-822/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-822/2024 09.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı(satıcı) ilə cavabdeh(alıcı) arasında bağlanmış 12201276 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan 458,58 manat dəyərində “Xiaomi Redmi 10C” markalı telefonu 01 illik “qızıl zəmanətlə” almışdır. Cavabdeh həmin malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay 38,04 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş 23 fevral 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdehin qiyməti 458,58 manat olan “ Xiaomi Redmi 10C” markalı telefon üçün 336,48 manat ödənilməmiş hissə, 33,52 manat cərimə olmaqla ümumilikdə 370 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Xiaomi Redmi 10C” markalı telefon üçün 336,48 manat ödənilməmiş hissə, 33,52 manat cərimə olmaqla, ümumilikdə 370 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə öhdəliyini icra etmədiyindən cavabdehin tələb olunan məbləğdə borcu yaranmışdır. Cavabdeh iddia tələbinə etirazının onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci ildə “Kontakt home” mağazasından “Xiaomi Redmi 10C” markalı telefonu 12 ay müddətinə (12×38,04) qızıl zamanətlə almışdır. Telefonun pulunu 3 ay ödədikdən sonra avtomobil qəzası keçirmiş və telefon yararsız vəziyyətə düşmüşdür. Qızıl zəmanətlə aldığı üçün bu barədə qaynar xətt *6060 bildirmişdir. Ona telefonu Qəbələ “Kontakt home” mağazasına verməyini demişlər. Telefonu təhvil verdikdən bir müddət sonra ona zəng edib telefonun yaramadığını, əvəzində 55% güzəştlə yeni telefon verecəklərini bildirmişlər. Razılaşıb mağazaya getdikdə isə qalan (9×38,04) 342 manatı tam dərhal ödəməyini, əvəzində yeni telefon verəcəklərini, yeni telefonun qiymətindən də 195 manat çıxa biləcəklərini demişlər. O, buna etiraz etmişdir. Ona güzəşt tətbiq edəcəklərini bildirsələr də, hər hansı güzəşt olunmamışdır. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(025)- 504/2024 nömrəli iş üzrə qəbul etdiyi 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçı MMC-dən kreditə götürülən məhsul 3 ay sonra qaytarılmışdır. Görünüdüyü kimi tərəflər arasında bağlanmış nisyə satış müqaviləsinin tələblərinə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə ödənilməsi şərti ilə telefon satmış, cavabdeh isə həmin məbləği 12 ay ərzində hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh həmin əşyanı 3 ay sonra iddiaçı təşkilata geri qaytarmışdır və həmin müddətdən sonra telefon iddiaçı təşkilatda qalmışdır. Bu isə müqavilənin baş tutmamasına gətirib çıxarır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 567, 587.2.1, 600.1, 600.4, 601.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh məhkəmə prosesi vaxtı əşyanı 3 ay istifadə etdikdən sonra qaytarılmasını bildirmiş, lakin əşyanı 9 ay istifadə etdikdən sonra xx.xx.2023-cü il tarixdə qaytarmışdır. Birinci instansiya məhkəməsinin qəbul edilmiş qətnaməsinin məhkəmə mövqeyi hissəsində iddiaçının nümayəndəsinin çıxışına istinad edilərək məhkəməyə təqdim edilən “Qızıl zəmanəti” cavabdeh tərəfindən imzalanmadığını bildirərək sübüt kimi qəbul etməmişdir. Əslində sözügedən “Qızıl zəmanət” xx.xx.2022-ci il tarixli müqavilənin 3.8 bəndində (Əşyaya verilən təminat şərtləri mal ilə birlikdə “Müştəri”-yə verilən zəmanət talonunda göstərilir). Göstərilən müqavilə cavabdeh tərəfindən imzalandığı üçün digər öhdəliklərlə bərabər “Qızıl Zəmanət” şərtlərinin cavabdeh tərəfindən qəbul edildiyini sübüt edir. Birinci instansiya məhkəməsinin qətnaməsinin məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları hissəsində cavabdeh məhkəmə izahatında göstərir ki, Zamanət talonunda hissəvi ödəniş gecikdirilərsə zəmanətin qüvvədən düşməsi kimi birhal nəzərdə tutulmamışdır. Ancaq məhkəmə araşdırması diqqətlə aparılsaydı, görünərdi ki, “Qızıl Zəmanət” talonunun 2-ci bəndində göstərilir ki, “Kontakt home”-a olan hissəvi ödəniş gecikdirilərsə müqavilə şərtlərinə əsasən zəmanət qüvvədən düşmüş hesab olunur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etirazın dəlillərinin məzmununa uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 17 oktyabr 2022-ci il tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə satılması nəzərdə tutulmuş mal(telefon) 1 illik “qızıl zəmanətlə” cavabdehə təhvil verilmişdir. Telefon avtomobil qəzası nəticəsində zədələndiyindən cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Cavabdeh bildirir ki, “qızıl zəmanət” əsasında ona yeni telefon verilməsi ilə bağlı güzəşt olunacağı bildirilsə də, hər hansı güzəşt tətbiq olunmamışdır. İddiaçı isə apellyasiya şikayətində bildirir ki, cavabdehin ödəniş üzrə gecikmələri olduğu üçün zəmanət qüvvədən düşmüş hesab olunur. Məhkəmə iddiaçının dəlili ilə bağlı bildirir ki, iddiaçı müzakirə edilən dəlilini təsdiq edə biləcək sübutlarını Məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh müqavilə üzrə 122,1 manat( bu məbləğdən 2,1 manat ilkin ödənişdir) ödəniş etmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh müqavilə bağlandıqdan sonra 3 ay ödəniş etmiş, bundan sonra telefon zədələndiyindən telefonu iddiaçıya qaytarmışdır. Bu da onu deməyə əsas verir ki, telefon iddiaçıya qaytarıldığından cavabdehin telefona görə hər hansı ödəniş etmək öhdəliyi də yaranmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən ödənişlə bağlı hər hansı gecikmələr olmamışdır. İddiaçı telefonun 3 ay sonra deyil, 9 ay sonra qaytarıldığını və cavabdehin ödənişləri gecikdirdiyini bildirsə də, bununla bağlı məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar