Məhkəmə qərarları › İş №2(107)-825/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-825/2020

11.03.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-825/2020 11.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı istehlakçı hüququnun müdafiə edilməsinə və qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-19/2020 nömrəli qərardadından cavabdeh xxxx ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-yə qarşı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası “xxxx” ASC X1 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş bildiriş üzrə qanunsuz onun adına hesalanmış 692.39 manat borcun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə yazılı vəsatət göndərərək hüquqi şəxs olan “xxxx” ASC Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində rəsmi qeydə alındığı üçün İddiaçı tələbi barədə Zərdab Rayon Məhkəməsinin icraatında olan mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx xxxxxx 2020-ci il tarixli, 2(035)-19/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-yə qarşı “istehlakçı hüququnun müdafiə edilməsinə və qanunsuz hesablanmış borcun silinməsinə dair” iddiа ərizəsi üzrə mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlunun vəsatəti rədd edilmişdir. Cavabdeh xxxx ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu qərardaddan narazı qalaraq şikayət verərək Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)- 19/2020 nömrəli qərardadının ləğv edilməsini, işin aidiyyəti üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-19/2020 nömrəli qərardadı ilə Zərdab Rayon Məhkəməsinin 2(035)-19/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPMnin 376.2-ci mаddəsinə əsаsən işə onlarn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-19/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə işdə iştirak edən şəxs məhkəməyə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddianın predmeti istehlakçı hüquqlarının müdafiəsi ilə bağlıdır. Qanunvericilik istehlakçıların hüququnun müdafiəsi haqqında iddialara iddiaçının yaşadığı yerə görə verilməsini iddiaçının özünün seçiminə aid etmişdir. İddiaçı hazırkı iddia ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərkən iddiaçının seçməsinə görə aidiyyət hüququndan istifadə etmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin baxılması üçün “xxxx” ASC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi regionda yaşayan iddiaçının məhkəmədə bilavasitə iştirak etmək imkanını çətinləşdirməklə yanaşı, artıq, izafi xərclər (yol xərci) çəkmələrinə, həm də onun seçim hüquqlarının pozulmasına gətirib çıxara bilər. Birinci instansiya məhkəməsi yuxarıda şərh olunanlara əsaslanaraq və sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab etmişdir ki, işin baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətin hüquqi əsası yoxdur. Hazırkı işə Zərdab Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də vəsatət təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-19/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh xxxx ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-19/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar