Məhkəmə qərarları › İş №2(107)-825/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-825/2023

14.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-825/2023 14.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Аzəriqаz» İstehsаlаt Birliyinə qarşı (açar sözlər: Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Аzəriqаz» İstehsаlаt Birliyinə qаrşı “əsаssız hesаblаnmış bоrcun silinməsi tələbinə dаir” mülki iş üzrə Göyçay Rаyоn Məhkəməsinin 19 aprel 2023-cü il tаrixli, 2(046)-879/2023 saylı qətnаməsindən cаvаbdeh «Аzəriqаz» İstehsаlаt Birliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun və 65 manat yeni quraşdırılmış sayğacın dəyərinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayonu Xəlitli kəndində yaşayır. Fərdi yaşayış evinə Cavabdeh İB-nin əməkdaşları evinə quraşdırılmış qaz sayğacını aparmış və bu barədə akt tərtib etmişlər. Evindən çıxarılmış sayğac dövlət yoxlanılmasına göndərilmiş, sayğaca kənar müdaxilə olduğu aşkar edilmişdir. Buna görə də 1036.80 manat məbləğində cərimə edilmiş və 65 manat yeni sayğacın dəyəri hesablanmışdır. Halbuki, sayğaca heç bir müdaxilə etməmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 19 aprel 2023-cü il tаrixli, 2(046)-879/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı barəsində Cavabdeh İB-nin X3 İstismar idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akt əsasında abonent koduna vurulmuş itirilmiş qazın bərpası üçün hesablanmış 1036.80 manat məbləğində borc və yeni quraşdırılmış sayğaca görə 65 manat borc silinməsi, qətnamənin icrası cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2, 4.7, 4.8 və 4.9-cu bəndlərinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: - ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay rayonu Xəlitli kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğaca kənar müdaxilə edildiyi aşkar edilmişdir.

8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavavdeh «Аzəriqаz» İstehsаlаt Birliyi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində ”Azəriqaz” X1 RQİİ-nin Göyçay Xidmət Sahəsinin əməkdaşları Göyçay rayonunun Xəlitli kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2022-ci tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Mənzildən açılmış Elster-G4 markalı 10030653 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 29/1710-03176 Akta əsasən sayğacın çıxış plasmas borusunun deşildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 31 avqust 2022-ci il tarixdə İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Daşdəmirov İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********02860 nömrəli abonent koduna 8640 m3 - 1036.80 manat (bir min otuz altı manat 80 qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Daşdəmirov İddiaçı ilə Ucar Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqısatqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi qətnamə çıxarılarkən tərəfimizndən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğləriinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Qeyd olunanlara əsasən Göyçay Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tаrixli, 2(046)-879/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

11. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

12. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.15. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

15. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

16. Maddə 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: - 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; - 4.6. Qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; - 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; - 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

20. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

21. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 372.7. Apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

37. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

38. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə ”Azəriqaz” X1 RQİİ-nin Göyçay Xidmət Sahəsinin əməkdaşları Göyçay rayonunun Xəlitli kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2022-ci tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı 10030653 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 29/1710-03176 Akta əsasən sayğacın çıxış plasmas borusunun deşildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir.

39. Həmin Akta əsasən xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir.

40. Həmin akta əsasən 31 avqust 2022-ci il tarixdə İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********02860 nömrəli abonent koduna 8640 m3 - 1036.80 manat (bir min otuz altı manat 80 qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Ona görə də, İddiaçı hazırki tələbində 1036.80 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, cavabdeh apellyasiya şikayəti vermişdir.

41. Göründüyü kimi, İddiaçı məxsus Göyçay rayonunun Xəlitli kəndində yerləşən fərdi yaşayış evi üçün quraşdırılmış Elster-G4 markalı 10030653 nömrəli qaz sayğacı Cavabdeh Ağsu X2 İdarəsinin əməkdaşları tərəfindən növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Yoxlama nəticəsində Elster-G4 markalı 10030653 nömrəli qaz sayğacının “sayğacın çıxış plasmas borusunun deşilməsi” əsası ilə həmin idarə tərəfindən akt tərtib edilmişdir.

42. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin giriş darvazasından aralıda, yəni ictimai yol hissədə quraşdırılmışdır. Həmçinin sayğac çıxarıldıqdan sonra “sayğacın çıxış plasmas borusunun deşilməsi” tərtib olunmuş akt ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır.

43. Həmçinin qeyd edilən pozuntunun İddiaçı tərəfindən törədilməsi barədə həmin aktda hər hansı bir fikir göstərilməmişdir.

44. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Yaşayış sahəsindən kənarda qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır, sayğaca kənar müdaxilə edilməsi iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməmiş, eyni zamanda iddiaçının qaz sayğacına kənar müdaxilə etməsi barədə heç bir mötəbər sübut müəyyən olunmamışdır. Sayğaca istehlakçı tərəfindən kənar müdaxilənin müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın iddiaçıdan tutulması qərara alınmışdır.

45. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış Elster-G4 markalı 10030653 nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Hazırki işin faktiki hallarına əsasən, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə kollegiyası hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır.

46. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 8640 kub metr miqdarında, yəni 1036.80 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir.

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

49. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

51. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

52. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

53. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tаrixli, 2(046)- 879/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

54. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (33-cü bənd). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tаrixli, 2(046)-879/2023 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar