Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-828/2025 25.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "pul” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(054)-296/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1149,90 manat borc, 172,40 manat cərimə cəmi 1322,30 manat borc və 33,22 manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh aldığı XİAOMİ markalı mobil telefon və bir ədəd aksesuara görə 18 ay müddətinə, ödəniş cədvəli üzrə hər ay 64 manat, sonuncu ay isə 61,98 manat olmaqla, cəmi 1149,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilə üzrə heç bir ödəniş etməmiş və 1149,90 manat borcu qaytarmamışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tarəfindən Satıcıya ödənilir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1724,0 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 172,40 manatı ödənilməlidir. Oğuz Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(054)-296/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh 1149,90 manat əsas borc, 50,0 manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumuna görə 33,22 manat olmaqla, cəmi 1233,12 (min iki yüz otuz üç manat, on iki qəpik) manat məbləğində pul vəsaitinin tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(054)-296/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən 20 iyul 2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, Oğuz Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(054)-296/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən 20 iyul 2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti qeyri mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır. Kollegiya qeyd edir ki, mülki işin materiallarında səhifə 30-da olan Oğuz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə ünvanlanan məktubdan görünür ki, məhkəmə qətnaməsi 04 iyun 2025-ci il tarixdə nümayəndəliyə daxil olmuşdur. Lakin nümayəndəlik tərəfindən qətnamənin Cavabdeh və ya yaxın qohumlarına çatdırılması mümkün olmamışdır. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi Oğuz Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(054)-296/2025 qətnaməsindən Oğuz Rayon İcra və Probasiya Şöbəsinin rəsmi məktubundan sonra xəbərdar olması barədə qeyd edir ki, cavabdehin iddiası bu hissədə əsassızdır. Belə ki, 135.3-cü maddəsinə əsasən bu məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Normaların tələblərindən də göründüyü kimi birinci instansiya məhkəməsi üzərinə düşən öhdəliyi yerinə yetirərək, məhkəmə sənədinin cavabdehə çatdırılması üçün mümkün prosessual yollardan istifadə etmişdir. Mövcud prosessual normaları nəzərə alaraq, kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddəti, məhkəmə qətnaməsinin Nümayəndəliyə daxil olduğu tarixdən hesablanmalıdır. Bu halda isə, məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür. Həmçinin cavabdeh apellyasiya şikayətinə müddət bərpası barədə ərizə də əlavə etməmişdir. Digər bir hal apellyasiya şikayətin xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş yeni redaksiyalı MPM-in 361-ci maddəsində göstərilən məzmun və forma tələblərinə uyğun olmamasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 361.1.5-ci maddəsinə əsasən şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar apellyasiya şikayətində göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən şikayəti verən şəxsin istinad etdiyi konkret fakt və hallar habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətində göstərilməlidir. 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh şikayət üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmiş, Cavabdeh apellyasiya şikayətin məzmun və forma tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavədə apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Göründüyü kimi, qanunverici şikayətdə apellyasiya şikayəti verən şəxsin ad (fiziki və ya hüquqi şəxsin), soyad (fiziki şəxsin), ata adı (fiziki şəxsin), şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) (fiziki şəxsin VÖEN (hüquqi şəxsin və ya fərdi sahibkar statusuna malik fiziki şəxsin), ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), apellyasiya şikayəti verən şəxsin işdə prosessual vəziyyəti, apellyasiya şikayəti vəkil tərəfindən verildikdə vəkilin adı, soyadı, ata adı, ünvanı (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), fəaliyyət forması, fərdi qaydada, vəkillik qurumu tərkibində vəkillik qurumunun adı, orderin nömrəsi və tarixi, apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsinin adı, soyadı, ata adı, ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan), elektron poçt ünvanı, mobil telefon nömrəsi (və ya nömrələri), etibarnamə (və ya səlahiyyəti təsdiq edən digər sənəd), etibarnamənin nömrəsi, kim tərəfindən təsdiq edilmişdir, verilmə tarixi, qüvvədə olma müddəti, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, qətnaməni və ya qərardadı qəbul etmiş birinci instansiyası məhkəməsinin adı, qətnamə və ya qərardadın tarixi və nömrəsi, şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi, mübahisənin predmeti, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər, apellyasiya şikayəti verən şəxsin tələbinin göstərilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 361.1ci maddəsinə əsasən şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada və məzmunda verilməlidir. Şikayətin məzmunu Mülki Prossesual Məcəlləsinin 361.1-ci maddənin tələblərinə uyğun deyildir. Şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Borclunun şikayətdə maddi və prosessual hüquq normalarını sadalasa da, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normasının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmiş, həmçinin şikayətin nəticə hissəsində Oğuz Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2(054)-296/2025 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsədə konkret tələbinin nədən ibarət olması göstərilməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Oğuz Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(054)-296/2025 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2 saylı əlavəsinə uyğun tərtib edilməli olduğu halda, verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir. Ona görə də qeyd edilənlər apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilibverilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Oğuz Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, e-2(054)-296/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Oğuz Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-828/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-828/2025
25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver