Məhkəmə qərarları › İş №2(107)-831/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-831/2020

21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-831/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-2527/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ASC ilə bağlanmış xx xxxxxx 2016cı il tarixli AL-1191 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi; cavabdehdən xx xxxxxx 2016-cı il tarixli-AL-1191 saylı "Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2017-ci il tarixə 720.61 manat əsas, 649.63 manat mükafat və həmin günə hesablanmış 344.85 manat dəbbə pulu, cəmi 1,715.09 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-2527/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli AL-1191 saylı “Daxili lizinq müqaviləsinin” ləğv edilməsi Cavabdeh xx xxxxxx 2016-cı il tarixli AL-1191 saylı “Daxili lizinq müqaviləsi” əsasında xx xxxxxx 2017-ci il tarixə yaranmış 720.61 manat əsas borc, 649.63 manat mükafat, 50 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 1,450 (bir min dörd yüz əlli) manat 24 (iyirmi dörd) qəpik İddiaçı ASC-nin xeyrinə tutulması və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyаsiyа şikаyəti vermişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, həqiqətən onun müraciəti əsasında iddiaçı ilə xx xxxxxx 2016-cı il tarixli AL-1191 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və müqaviləyə əsasən 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı 90PF-203 dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsinə verilmişdir. Həmin avtomobil bir ay müddətində onun tərəfindən istifadə olunmuş və bir ayın haqqını İddiaçı ASC-yə ödəmişdir. Bir ay keçdikdən sonra avtomobilin mühərriki sıradan çıxmışdır. Bununla əlaqədar İddiaçı ASC-yə şifahi olaraq müraciət etmiş və avtomobili təhvil vermişdir. Odur ki, qeyd olunan hallar nəzərə alınaraq Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-2527/2019 saylı qətnaməsi ləğv edilməlidir. İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-2527/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli AL-1191 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən sonuncunun istifadəsinə “Daewoo Gentra” markalı avtomobil verilmiş, müqavilə şərtləri Cavabdeh tərəfindən lazımınca icra edilməmiş, bunun nəticəsində onun iddiaçı qarşısında borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.12.4 Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh sözügedən avtomobili bir aydan sonra iddiaçıya təhvil verdiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-2527/2019 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(039)-2527/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar