Məhkəmə qərarları › İş №2(107)-832/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-832/2023

23.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-832/2023 23.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı borc məbləğin silinməsi və qaz sayğacına görə tələb edilən pulun ödənilməsi öhdəliyindən azad edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı abonent koduna yazılmış məbləğin silinməsi və qaz sayğacına görə tələb edilən pulun ödənilməsi öhdəliyindən azad edilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(046)-881/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvandakı qaz cihazları onun adınadır və müqavilə onunla bağlanmışdır. Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay şəhəri Z.Bünyadov küçəsində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğaca kənar müdaxilə edildiyi aşkar edilmişdir. Cavabdeh itirilmiş qazın bərpasına dair tələbnamə ilə İddiaçı Göyçay XS-nin abonent bazasındakı abonent koduna 8640 m3 itirilmiş qazın bərpası üçün 1036 manat 80 qəpik dəyərində dəymiş ziyan hesablanmışdır. Həmçinin 65 manat sayğacın dəyərinin iddiaçı tərəfindən ödənilməli olduğu bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh İB-nə qarşı abonent koduna yazılmış 1036 manat 80 qəpik məbləğin silinməsi və qaz sayğacına görə tələb edilən 65 manatın ödənilməsi öhdəliyindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay şəhəri, Z.Tağıyev küçəsi dalan 8, ev 2-də qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvandakı qaz cihazları onun adınadır və müqavilə onunla bağlanmışdır. Aylıq ona təqdim edilmiş bildirişlər əsasında istifadə etdiyi qazın dəyərini tam ödəyir. 2022-ci ilin təxminən dekabr ayında Göyçay qaz İdarəsinin işçiləri yaşadığı evi qazla təmin edən, həyətyanı ərazidən çöldə, heç bir qorunma vasitəsi ilə təmin edilməmiş, onun nəzarət edə bilməyəcəyi bir yerdə quraşdırılmış qaz sayğacını yoxlamadan keçirmək üçün açaraq aparmışlar.2023-cü ilin mart ayında Göyçay XS üzrə TQQSX-in rəisi E.İslamovun imzası ilə mənzilindən açılmış qaz sayğacının laboratoriyada yoxlamadan keçirildiyi, yoxlama zamanı saycağın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plomblardan birinin yuvasının üzərində olmamasının aşkarlanması ilə nəticələnən müdaxilə edildiyi aşkar olunduğu məktub almışdır. Bütün bunlara görə 1036 manat 80 qəpik məbləğində cərimə olunduğu,həmçinin eni qaz sayğacına görə 65 manat məbləğ ödəməli olduğu, bu borcları 5 gün ərzində ödəməyəcəyi təqdirdə mənzilinə qaz verilişinin dayandırılacağı göstərilmişdir. Hesab edir ki, ondan tələb edilən məbləğ qanunsuz yazılmış və hesablanmışdır, çünki çöldə heç bir qorunma vasitəsi ilə təchiz edilməmiş,qaydalara uyğun şəkildə quraşdırılmamış qaz sayğacına görə cavabdehliyi daşımır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı istifadəsi üçün quraşdırılmış qaz sayğacı onun evində deyil, evindən görünüşə qapalı olan yerdə quraşdırılmış və həmin qaz sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan üç zavod plomlarından birinin yuvasının üzərində aşkar olunmaması və plomb yuvasının ətrafında əzik-cızıq izlərinin aşkar olunması aktlarla müəyyən olunsa da, bu hərəkətlərin məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi öz təsdiqini tapmamış, bu barədə hər hansı bir sübütu Cavabdeh təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mülki hüquq pozuntusu törətməsi iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmadığından, o mülki məsuliyyət daşıya və ya mülki məsuliyyətə cəlb oluna bilməz. O ki, qaldı qaz sayğacının istehlakçının vəsaiti hesabına dəyişdirilməsi məsələsinə,məhkəmə qeyd edir ki,sayğacın zədələnməsi istehlakçının təqsiri üzündən baş vermədiyindən dəyişdirilmiş sayğacın dəyərinin istehlakçıdan tələb edilməsi əsassızdır, sayğacın dəyişdirilməsi qaz paylayıcısının hesabına həyata keçirilməlidir

5. Göyçay Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(046)-881/2023 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia təmin olunmuş, İddiaçı abonent koduna Cavabdeh İB-nin X4 İstismar idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akt əsasında hesablanaraq yazılmış 1036 manat 80 qəpiyin silinməsi, İddiaçınin qaz sayğacına görə 65 manatı ödəmək öhdəliyindən azad edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.7, 4.8 və 4.9-cu bəndlərinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

7. İşə əlavə edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay şəhəri Z.Bünyadov küçəsində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğaca kənar müdaxilə edildiyi aşkar edilmişdir.

8. İşə əlavə edilmiş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 1036 manat 80 qəpik dəyərində itirilmiş qazın həcmi hesablanmış, həmçinin 65 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir.

9. İşə əlavə edilmiş Cavabdeh itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı Göyçay XS-nin abonent bazasındakı abonent koduna 8640 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır.

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, istehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğlərinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

12. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(046)- 881/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları": 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(046)- 881/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qərarın 4-cü bəndində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 11-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, qaz sayğacı İddiaçı həyətindən kənarda quraşdırıldığından iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, o cümlədən işin hallarında sayğacda aşkar edilmiş zədələrin iddiaçının təqsiri ilə baş verdiyini təsdiq edən heç bir sübut olmadığından apellyatorun arqumentləri əsaslı hesab edilə bilməz.

25. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(046)-881/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(046)-881/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar