Məhkəmə qərarları › İş №2(107)-837/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-837/2025

02.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-837/2025 02.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X9 və Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı “mirasın qəbulundan imtina edilməsi barədə ərizənin ləğv edilməsi, mülkə qanun üzrə vərəsə tanınması və miras mülkə mülkiyyət hüququ verilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: Mirasdan imtinanın geri götürülməməsi Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), X19 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X9 və Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı “mirasın qəbulundan imtina edilməsi barədə ərizənin ləğv edilməsi, mülkə qanun üzrə vərəsə tanınması və miras mülkə mülkiyyət hüququ verilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(039)-674/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1, X9 və Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı “mirasın qəbulundan imtina edilməsi barədə ərizənin ləğv edilməsi, mülkə qanun üzrə vərəsə tanınması və miras mülkə mülkiyyət hüququ verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Yevlax rayon 1 saylı Notariat ofisində yazılmışmiras paydan imtina barədə xx.xx.2024-cü il tarixli ərizənin ləğv edilməsinə dair, mərhum X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsə tanınaraq, həmin evin 1/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və X9 onun mərhum əri X3 birinci nikahdan olan övladlarıdır. X13 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. O, cavabdehlərin onu aldatması nəticəsində Xasay Əkbərovdan miras qalmış əmlakdan imtina barədə xx.xx.2024-cü il tarixli ərizə ilə Yevlax rayon 1 saylı Notariat ofisinə müraciət etmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və X9 ona bildirmişlər ki, o, mirasdan imtina etsin ki, onlardan birinin adına ev keçsin, satıldıqdan sonra onun payını verəcəklər. O da onlara inanıb notarial qaydasında imtina ərizəsi yazmışdır. Lakin hazırda cavabdehlər Cavabdeh1 və X1 Xasay Məhəmməd oğlundan miras qalmış ünvan 2 ünvanda yerləşən evdən çıxmağını tələb edirlər və onun imtina məktubunu yazdığını və ona görə də iddiaçıya miras əmlakdan pay düşməyəcəyini bildirmişlər.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun aldanmasını bacıları da təsdiq edə bilər. Belə ki, cavabdeh İlqar ona bacılarının yanında vəd vermişdir. Mübahisəli yaşayış evi 2 mərtəbəlidir. Yaşayış evinin 1-ci mərtəbəsi onun istifadəsindədir. Müvəqqəti Gəncə şəhərində yaşayır. Cavabdeh 2-ci mərtəbənin qapsını bağlamış və onu evə buraxmır. Yaşamağa yeri yoxdur. Verilmiş suala cavab olaraq bildirdi ki, əvvəllər 1-ci mərtəbədə də yaşamışlar. Aldanmasını 1 həftə sonra bildiyi üçün mirasdan imtinayla bağlı ərizəsinin ləğvinə dair ərizə ilə müraciət etmişdir. Notariusda əmlakdan imtina ilə bağlı ona hüquqları izah edilmişdir.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddiaçının göstərdiyi xüsusatları bir daha təsdiq etdi.

5. Məhkəmə iclasında cavabdeh X11 göstərdi ki, iddiaçının qeyd etdikləri yalandır. Digər Cavabdeh1 onun qardaşıdır. İddiaçı ögey analarıdır və öz istəyi ilə əmlakdan imtina etmişdir. Atası rəhmətə getdikdən sonra hələ 40 mərasiminə qədər iddiaçı gözünün mal-mülkdə olmamasını demişdir. Bundan başqa iddiaçını evdən heç kim çıxartmamışdır. O və qardaşı işlə əlaqədar Yevlax şəhərində yaşamırlar. Fərdi yaşayış evi 1-ci mərtəbəsi iddiaçının istifadəsindədir. Fərdi yaşayış evinin 2-ci mərtəbəsində mərhum anasına aid əşyalar olduğu üçün sözügedən mərtəbənin giriş qapısı bağlanmışdır. İddiaçı ərizəylə məhkəməyə müraciət etdikdən sonra, fərdi yaşayış evinin satılacağını, satıldığı təqdirdə də ona satışdan əldə olunan məbləğdən 5000 verəcəklərini bildirmişlər. İddiaçıya heç kim təsir və hədə qorxu gəlməmişdir. Ərizəçi öz istəyilə mirasdan imtina etmişdir.

6. Məhkəmə iclasında cavabdeh X4 vəkili X8 göstərdi ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının aldanması ağılabatan deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etdi.

7. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 22 may 2025-ci il tarixli, e- 2(039)-674/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X9 və Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı “mirasın qəbulundan imtina edilməsi barədə ərizənin ləğv edilməsi, mülkə qanun üzrə vərəsə tanınması və miras mülkə mülkiyyət hüququ verilməsi” tələbinə dair ərizəsinin rədd edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Yevlax şəhəri, X27 küçəsi, ev 35 ünvanında yerləşən, 0.024 ha torpaq sahəsi, 167.6 kv.m sahəsi olan daşınmaz əmlak X6 tam mülkiyyətində olmuş, İddiaçı ilə X13 10 may 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. X13 13 dekabr 2024-cü il tarixdə vəfat etmiş, İddiaçı 27 dekabr 2024-cü il tarixdə notariusa ərizə ilə müraciət edərək əri X6 ölümündən sonra sonuncudan miras qalmış əmlakdan ona çatası paydan imtina etmişdir. Lakin, sonradan ərizə ilə Yevlax rayon 1 saylı Notariat ofisinə, daha sonra isə Yevlax Rayon Məhkəməsinə müraciət edərək X2 miras qalmış əmlakdan imtinaya görə 8İ-7332 reyestr nömrəli ərizənin ləğv edilməsini xahiş etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı izahatında mirasın qəbul edilməsindən imtina ilə bağlı Notariusa müraciət etdiyini, imza edərkən ərizənin mahiyyətini, yəni mirasdan imtina olunması barədə olmasının Notarius tərəfindən ona izah olunsa da, ögey oğlu İlqarın onu Notariusa aldadıb apardığını və ya aldadaraq vəd verdiyini göstərsə də, buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir (iddiaçı tərəfindən şahid qismində təqdim olunan şahidlərin onun öz doğma bacılarının olduğundan izahatları inandırıcı hesab olunmur)

10. Belə ki, mirasdan imtina ərizəsi yazılarkən və təsdiq edilərkən iddiaçı səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. İddiaçı 27 dekabr 2024-cü il tarixdə notariat ofisində 8i-7332 reyestr ilə qeydə alınmış miras paydan imtina ərizəsinin iddiaçının iradəsinə uyğun tərtib edilmişdir.

11. Məhkəmə bu qənaətə gələrkən hesab etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən onun xx.xx.2024-cü il tarixdə vəfat etmiş əri X2 miras qalmış əmlaklardan ona çatası hissəsindən könüllü şəkildə imtina etmişdir. Bu halda ərizəni verməklə vərəsə, öz hüququndan (mirasın ona çatası hissəsindən) imtinanı bəyan etmişdir. Onun ərizəsini notariat orqanı təsdiq etmişdir. Bununla da vərəsə özünü ərizəsini geri götürmək imkanından məhrum etmişdir. X2 miras qalmış əmlakdan qanunvericiliyin tələblərinə müvafiq olaraq könüllü qaydada notariat kontorunda təsdiq olunmuş ərizə vasitəsi ilə digərinin xeyrinə imtina etmiş iddiaçı 2 həftə müddətdən sonra iradə ifadəsini dəyişərək həmin ərizənin etibarsızlığına dair iddia qaldırması vərəsəlik hüquq normalarının tələblərinə zidd olduğundan əsaslı hesab edilə bilməz. Hazırki halda iddiaçı tərəfindən imzalanmış ərizə birtərəfli əqdlərə aid olmuşdur. Həmin əqdin bağlanması üçün yalnız bir tərəfin iradə ifadəsi lazım olan və kifayət etmişdir.

12. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iş üzrə belə nəticəyə gəlmişdir ki, mirasdan imtina ərizəsinin etibarlılığını şübhə altına hal müəyyən edilməmiş, iddiaçı fəaliyyət qabiliyyətli olmuş, ərizə öz istəyilə könüllü imzalanmış, iddiaçıya təsir, təzyiq, məcburetmə, zarakılıq edilməmişdir.

13. Birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 339.2, 339.4, 1256, 1257, 1268, 1272-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:

a)Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə mərhum Əkbərov XasayMəhəmməd oğlu ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Evləndiyi gündən etibarən mərhum ərinin tam mülkiyyətində olan Yevlax şəhəri, X27 küçəsi, ev 35 ünvanında yerləşən 0.024 ha torpaq sahəsində tikilmiş 167.6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evində yaşayır. Birgə nikah dövründə əri ilə münasibətləri mehriban olmuş, həyat yoldaşı kimi mərhum ərinə qulluq etmiş, onun qayğısına qalmış və ailə həyatının bütün çətinliklərini bölüşmüşdür. xx.xx.2024-cü il tarixdə əri “kordiogen şok” diaqnozu ilə vəfat etmişdir. Əri dünyasını dəyişdikdən sonra o, yalnız həyat yoldaşını deyil, həm də həyatda yeganə mənəvi dayağını itirmişdir. Onun vəfatı onun üçün təkcə ailə üzvünü deyil, eyni zamanda sosial və mənəvi dayağını itirmək anlamına gəlmişdir. Ərinin yoxluğu nəticəsində arxa-dayaqsız qaldığını və dərin bir boşluqla üzüzə qaldığını görən ərinin birinci nikahından doğulmuş oğlu Cavabdeh1 7 mərasimində evə gələrək ona bildirmişdir ki, atasından qalmış ev həm qanun çərçivəsində, həm də dini qaydalara uyğun olaraq üç vərəsə-o, İlqar və bacısı X11 arasında bərabər şəkildə bölünməlidir. Vərəsələrdən hər birinin fərqli şəhərlərdə və ölkələrdə yaşaması səbəbindən mirasın rəsmiləşdirilməsi və bölüşdürülməsi çətinliklər doğururdu. Hər hansı problemin olmaması üçün yeganə həll yolu yalnız və yalnız mirasın bir vərəsənin adına rəsmiləşdirilməsi və həmin vərəsə tərəfindən mirasın satılaraq payların vərəsələr arasında bölüşdürülməsidir. Aparılmış danışıqlar zamanı İlqar ona bildirmişdir ki, istəsə ona pay verərlər, əgər istəsə ona azı bir-iki otaqlı ev alarlar, hazırda qaldığı evdəki ona məxsus əşyaları da alınacaq evə yerləşdiriləcəyinə vəd vermişdir. Bu növ danışıqlar ailə sirrini təşkil edən məsələlər olduğundan ərinin 7 mərasimindən sonra evdə aparılmış danışıqlarda bacıları X7 və X16 da iştirak etmişlər. Yuxarıda göstərilən vədlərə inanaraq, o, Cavabdeh1 ilə birlikdə xx.xx.2024-cü il tarixdə Yevlax rayon 1 saylı notariat kontoruna getmişdir. Həmin kontorda həmin gün onun və İlqarın adından vərəsəlikdən imtina barədə ərizələr tərtib olunmuşdur. Faktiki olaraq o, aldadılaraq və verilmiş vədlərə inanaraq vərəsəlik hüququndan könüllü deyil, yanlış vədlər əsasında imtina etmişdir.

16. Məhkəmə iclasında cavabdeh X11 izahatında onun onların ögey anaları olduğunu, fərdi yaşayış evinin 1-ci mərtəbəsinin onun istifadəsində olduğunu, fərdi yaşayış evinin satılacağını, satıldığı tədqirdə də ona satışdan əldə olunan məbləğdən 5000 verəcəklərini bildirmişdir. Göründüyü kimi doğma bacı və qardaş olan X11 və Cavabdeh1Xasay oğlu atalarının 7 mərasiminə qədər atalarının ruhunun şad olması üçün dualar etmək, quran oxutmaq, ataları qarşısında son vəzifələrini yerinə yetirmək əvəzinə ögey anaları kimi gördükləri onun miras əmlakından necə uzaqlaşdıracaqları barədə planlar qurmuşlar. Şəhanə Məmmədzadənin “biz iddiaçıya 5000 verəcəyik” ifadəsi də göstərir ki, cavabdehlər-İlqar və Şəhanə birgə hərəkət edərək, onun vərəsəlik hüquqlarını aradan qaldırmağa yönəlmiş ümumi razılaşdırılmış plan əsasında hərəkət etmişlər və nəticədə onun vərəsəlik və mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur.

17. Lakin Yevlax Rayon Məhkəməsi (Bundan sonra “Məhkəmə” adlandırılacaq) təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, onun tərəfindən irəli sürülmüş faktiki halları, xüsusilə imtinanın aldadılma yolu ilə və könüllü olmadan verildiyi şəraitini araşdırmadan iş üzrə qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, apellyasiya şikayəti ilə mübahisələndirdiyi bu hallar isə mübahisənin düzgün həlli üçün əhəmiyyətlidir.

18. Məhkəmə qətnaməsində bacıları X7 və X12 şahid qismində verdikləri ifadələrə münasibət bildirərkən, onların onun doğma bacıları olduqlarını əsas gətirərək həmin izahatları inandırıcı hesab etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 194.1cimaddəsinə uyğun olaraq hər bir şahid, istər yaxın qohum olsun, istərsə də olmasın, məhkəmə tərəfindən dindirilməmişdən əvvəl həqiqəti danışacağı barədə iltizam imzalayır və yalan ifadə vermənin cinayət məsuliyyəti yaratdığı barədə xəbərdar edilir. Əgər şahidlərin qohumluq münasibətləri onları avtomatik olaraq qeyri obyektiv hesab etməyə əsas verirdisə, onda onların dindirilməsi, onlardan yazılı iltizam alınması və CMnin 297-ci maddəsi ilə xəbərdarlıq edilməsi prosessual baxımdan nəyə xidmət edirdi? Bu, həm prosessual hüquqların pozulması, həm də sübutlara birtərəfli və qərəzli yanaşmanın göstəricisidir.

19. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə onun vərəsə kimi mülkiyyət hüququnu tanımayaraq, əmlakdan kənarlaşdırılmağına şərait yaratmışdır. Bu isə Konstitusiyanın 13-cü maddəsi ilə təsbit edilmiş mülkiyyət toxunulmazlığı prinsipinə ziddir. Qətnamə ilə dövlətin mülkiyyətin müdafiəsi funksiyası təmin olunmamışdır

20. Məhkəmə onun vərəsə kimi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu tanımamışdır. Bu isə Konstitusiyanın 29-cumaddəsində nəzərdə tutulmuş mülkiyyətə sahib olmaq və ondan istifadə etmək hüquqlarımın pozulmasıdır. Qətnamə nəticəsində o, qanuni vərəsə olaraq əmlaka sahib olmaq hüququndan məhrum edilmişdir.

21. Məhkəmə qərarı ilə o, qanuni vərəsə kimi miras əmlakından istifadədən və mülkiyyət hüququndan məhrum edilmişdir. Bu isə Konvensiyanın 1-ci maddəsində təsbit olunmuş mülkiyyətdən maneəsiz istifadə hüququmun pozulmasıdır. Qərarda cəmiyyətin maraqları və ya qanuni əsaslandırma olmadan mülkiyyətdən məhrumetmə baş vermişdir.

22. Məhkəmə, vərəsəlikdən imtina ərizəsinin qanunvericiliklə müəyyən olunmuş şərtlərə uyğun bağlanıb-bağlanmadığını araşdırmamışdır. Halbuki, əgər əqd aldatma, iradə azadlığının pozulması və ya digər hüquqi pozuntularla bağlanıbsa, bu maddəyə əsasən etibarsız hesab olunmalıdır. Qətnamədə bu norma nəzərə alınmadan əqd qüvvədə saxlanılmışdır.

23. Məhkəmə onun mərhum ərinin birinci növbəli qanuni vərəsəsi kimi bərabər pay hüququna malik olduğunu nəzərə almamışdır. Bu isə qeyd edilən maddənin təsbit olunmuş qanuni və bərabər vərəsəlik prinsipinin pozulması deməkdir. Nəticədə, o, qanuni vərəsə olmağına baxmayaraq, mirasdan tamamilə kənarlaşdırılmışdır.

24. Məhkəmə iş üzrə həqiqətə nail olmaq üçün zəruri sübutları toplamaq, şahidlərin ifadələrini obyektiv qiymətləndirmək və əlavə araşdırmalar aparmaq öhdəliyini lazımi şəkildə yerinə yetirməmişdir. Bu, sübutların təmin olunması mexanizminin pozulmasıdır. Nəticədə, işin faktiki halları tam və obyektiv araşdırılmadan qətnamə çıxarılmışdır.

25. Onun vərəsəlikdən imtina etməyi Cavabdeh1 verdiyi konkret vədlər- ona yeni yaşayış sahəsi alınacağı, hazırda yaşadığı evdəki əşyaların həmin mənzilə köçürüləcəyi və ya müəyyən pul vəsaiti veriləcəyi şəraitində baş vermişdir. Həmin vədlər onun hüquqi iradəsini formalaşdırmaqda həlledici olmuş və bu vədlərin təsiri altında o, vərəsəlikdən imtina etmişdir. Bu faktın araşdırılmaması məhkəmənin gəldiyi nəticənin obyektivliyini şübhə altına alır, çünki onun iradəsinin azad və şüurlu olmadığı, yəni imtinanın hüquqi baxımdan etibarsız ola biləcəyi məsələsi məhkəmə tərəfindən nəzərə alınmamışdır.

26. Cavabdeh X4 məhkəmə iclasında “biz iddiaçıya 5000 verəcəyik” şəklində ifadə işlətməsi, cavabdehlərin onun vərəsəlik hüququndan uzaqlaşdırılması barədə əvvəlcədən razılaşdırılmış plan əsasında birlikdə hərəkət etdiklərini göstərir. Bu hal aydınlaşdırılmadan məhkəmənin imtinanın könüllü verilməsi barədə nəticəyə gəlməsi hüquqi əsasdan məhrumdur, çünki birgə hərəkət və qarşılıqlı razılaşma nəticəsində iradə azadlığı pozulmuş ola bilər.

27. Mərhum ərinin vəfatından əvvəl və sonra o, daimi olaraq həmin evdə yaşamış və cavabdehlər bunu məhkəmə iclasında təsdiq etmişlər. Bu hal onun həmin evə bağlılığını və faktiki istifadə vəziyyətini göstərsə də, məhkəmə bu halları qiymətləndirməmiş, onun həmin əmlak üzərində faktiki istifadə və yaşayış hüququnu hüquqi mülahizəyə almamışdır.

28. Əri dünyasını dəyişdikdən cəmi iki həftə sonra-xx.xx.2024-cü ildə-ona psixoloji və mənəvi cəhətdən ağır dövrdə imtina ərizəsi yazdırılmışdır. Onun sosial vəziyyəti, hüquqi yardım almadan bu addımı atmağı və mərhumun övladlarının təzyiqedici davranışları da qiymətləndirilməmişdir. Bu halın araşdırılmaması onun iradəsinin formalaşmasında təzyiq, emosional gərginlik və inandırılma kimi halların rolunu məhkəmənin nəzərə almadığını göstərir.

29. Onun sosial vəziyyəti və imtinanın ağlabatan olub-olmaması məsələsi aydınlaşdırılmamışdır: Hazırda o, 54 yaşındadır, mərhum əri ilə birgə yaşadığı və faktiki yaşayış yeri olan yeganə fərdi yaşayış evi də ərinin tam mülkiyyətində olmuşdur. Həmin əmlakdan imtina etdikdən sonra onun yerləşə biləcəyi alternativ yaşayış sahəsi və ya əlavə əmlakı yoxdur. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs deyildir, hər hansı mülki və ya maliyyə imkanı yoxdur. Aldığı vədlərə əsasən ona 1-2 otaqlı ev veriləcəyi bildirilmiş, lakin bu vəd heç bir rəsmi sənəddə təsbit edilməmişdir. Bu sosial və hüquqi reallıqlar nəzərə alındıqda, onun ağlabatan bir səbəb olmadan yeganə yaşayış yerindən və miras hüququndan könüllü şəkildə imtina etməyi həyat məntiqinə ziddir və bu halın məhkəmə tərəfindən qiymətləndirilməməsi sübutların natamam araşdırıldığını göstərir. Əgər ona belə bir vəd verilməsəydi, heç bir məntiqə uyğun olmazdı ki, yaşlı bir qadın olaraq, sonradan harada yaşayacağını bilmədən öz yeganə hüquqi və faktiki yaşayış yerindən imtina etsin. Bu halın məhkəmə tərəfindən araşdırılmaması qərarın ədalətliliyini və hüquqi əsaslılığını şübhə altına alır.

30. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-674/2025 saylı qətnaməsinin tam ləğv edilməsi, onun tərəfindən Yevlax rayon 1 saylı Notariat ofisində yazılmış miras paydan imtina barədə xx.xx.2024-cü il tarixli ərizənin ləğv edilməsi, mərhum X2 miras qalmış Yevlax rayonu X27 küçəsi ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsə tanınaraq həmin evin 1/3 hissəsinə mülkiyyət hüququnun tanınmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinə qarşı yazılı etirazında İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Yevlax Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(039)-674/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında İddiaçı apelyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(039)-674/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, onun iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(039)-674/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Cavabdehlər Cavabdeh1, X9 və Yevlax rayon 1 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1268-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

38. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. İddiaçı Yevlax Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(039)-674/2025 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə X13 10 may 2019-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Yevlax şəhəri, X27 küçəsi, ev 35 ünvanında yerləşən, 0.024 ha torpaq sahəsi, 167.6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi X6 tam mülkiyyətində olmuşdur. X13 13 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı X6 birinci növbə vərəsəsi olmasına baxmayaraq, 27 dekabr 2024-cü il tarixdə Yevlax rayon 1 saylı notariat ofisinə ərizə ilə müraciət edərək əri X6 ölümündən sonra sonuncudan miras qalmış əmlakdan ona çatası paydan imtina etmişdir. Lakin, sonradan ərizə ilə Yevlax rayon 1 saylı Notariat ofisinə, daha sonra isə Yevlax Rayon Məhkəməsinə müraciət edərək X2 miras qalmış əmlakdan imtinaya görə 8İ-7332 reyestr nömrəli ərizənin ləğv edilməsini xahiş etmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

45. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin onun vərəsə kimi mülkiyyət hüququnu tanımayaraq, əmlakdan kənarlaşdırılmağına şərait yaratması, onun qanuni vərəsə olaraq əmlaka sahib olmaq, miras əmlakından istifadədən və mülkiyyət hüququndan məhrum edilməsi, məhkəmənin onun mərhum ərinin birinci növbəli qanuni vərəsəsi kimi bərabər pay hüququna malik olduğunu nəzərə almamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan İddiaçı Yevlax rayon 1 saylı notariat ofisinə yazdığı 27 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, o, ərizəsində əri X6 xx.xx.2024-cü il tarixdə öldüyünü göstərmiş, onun ölümündən sonra miras qalmış əmlakdan ona çatası paydan imtina etmişdir. Həmin ərizədə İddiaçı notarius tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-1269-cu maddələrinə uyğun olaraq mirasdan imtina barədə ərizənin geri götürülə və ya ləğv edilə bilinməyəcəyinin, mirasın bir hissəsindən imtina etməklə o, nədə ifadə olunmasından və harada olmasından asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olmasının ona izah edildiyini qeyd etmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun iradəsinin azad və şüurlu olmaması, imtinanın hüquqi baxımdan etibarsız ola biləcəyi məsələsinin məhkəmə tərəfindən nəzərə alınmaması, məhkəmənin imtinanın könüllü verilməsi barədə nəticəyə gəlməsinin hüquqi əsasdan məhrum olması, övladlarının təzyiqedici davranışlarının qiymətləndirilməməsi, imtinanın ağlabatan olub-olmamasının, aldadılma yolu ilə və könüllü olmadan verildiyi şəraitin aydınlaşdırılmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından İddiaçı 27 dekabr 2024-cü il tarixdə notariat ofisinə mirasdan imtinaya dair ərizə ilə müraciət edərkən sonuncunun azad iradə ifadəsinin olmaması, həmin ərizənin övladlarının təzyiqedici davranışlarının təsiri altında, həmçinin aldadılma yolu ilə yazılması halları müəyyən edilməmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun həmin əmlak üzərində faktiki istifadə və yaşayış hüququnun mülahizəyə alınmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının mübahisəli əmlak üzərində faktiki istifadə və yaşayış hüququ ilə bağlı məsələlər iddia tələbində mübahisələndirilməmişlər.

48. Məhkəmə kollegiyası şikayətin sadalanan dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

49. Hazırkı halda isə İddiaçı X2 qalmış mirasdan qanunla müəyyən edilmiş müddət ərzində imtina etmişdir.

50. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, birinci instansiya məhkəməsi mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etmiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(039)-674/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(039)-674/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar