Məhkəmə qərarları › İş №2(107)-858/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-858/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-858/2025 09.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Nisyə alqı-satqı üzrə pul tələbi, qarantiya) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, e-2(033)-58/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İşin halları

1. İddiaçı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə HOFFMANN MRAC kondisioner üçün 623.52 (altı yüz iyirmi üç manat əlli iki qəpik) manat ödənilməmiş hissə, 62.48 (altmış iki manat qırx səkkiz qəpik) manat cərimə, ümumilikdə 686 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN MRAC kondisioner almış və nəticədə 686 (altı yüz səksən altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1145.52 (bir min bir yüz qırx beş manat əlli iki qəpik) manat ( 18 ay x 63.64 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN MRAC kondisioner üçün ümumilikdə 686 (altı yüz səksən altı) manat olmaqla, ondan, 623.52 (altı yüz iyirmi üç manat əlli iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 62.48 (altmış iki manat qırx səkkiz qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2022cü il tarixli müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixində HOFFMANN MRAC kondisionerdən və ZƏMANƏT +1 il xidmətindən imtina etmiş və 522 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 522 manat, ümumilikdə, 522 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.

3. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, İddiaçı MMC məhkəməyə ona qarşı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər üzrə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi ilə tanış olmuş və iddia ilə razı deyildir. Belə ki, o, xx.xx.2022-ci il tarixli müqavilə ilə HOFFMANN MRAC markalı kondisioner almışdır. Ancaq aldığı vaxtdan kondisioner düzgün işləməmişdir. O, bununla bağlı "ABC-TELECOM” MMC-yə müraciət etmiş, gəlib baxıb ona bildirdilər ki, kondisionerin qazı qurtarmışdır. Yeni alınmış kondisionerin qazının qurtarması inandırıcı olmasa da o öz xərci ilə kondisionerə qaz vurdurmuşdur. Lakin bir neçə gün sonra yenə kondisioner işləməmişdir. Belə olan halda o "xxxx" MMC-yə müraciət edərək kondisioneri qaytarmaq istəmişdir. Lakin "xxxx" MMC malın geri qaytarılması üçün verilən müddəti qəsdən uzadaraq kondisioneri geri götürməmiş və bilərəkdən vaxtı uzatmışdır ki, 14 gün keçsin və o kondisioneri geri qaytara bilməsin. Bundan sonra o kondisionerdən imtina etməsinə baxmayaraq, yenə də vaxtı qəsdən uzadaraq '‘ABC-TELECOM” MMC 2023-cü ilin yanvar ayında gəlib kondisioneri çıxarıb təmir üçün apardılar. Lakin iddia ərizəsində kondisioneri götürdükləri vaxtı düzgün göstərməmiş və 2023-cü ili may ayında kondisioneri apardıqlarını yazmışlar. Hesab edir ki, kondisionerdən imtina etməsinə baxmayaraq "ABC-TELECOM” MMC-in gəlib vaxtında kondisioneri təhvil almamasının səbəbi vaxtı uzadaraq ona borc yükləmək fikri olmuşdur. Bununla da "ABC-TELECOM” MMC onu aldadaraq həm düzgün işləməyən yararsız kondisioneri ona satmaqla, həm vaxtı uzadaraq geri götürməməklə, həm də ona qanunsuz olaraq borc yükləməklə onun hüquqlarını pozmuşdur. Kondisioner onda olmadığına və mağaza ona yararsız məhsul satdığına görə onun iddiaçıya borcu yoxdur, əksinə iddiaçı ona yararsız kondisioner satmaqla aldatmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi ərizəyə əlavə edilmiş xəbərdarlıq-bildiriş adlı məktub ona təqdim edilməmişdir. Bununla da iddiaçı məhkəməyə müraciət etmə qaydalarını pozmuşdur. Qeyd olunanları nəzərə alaraq iddiaçı "xxxx" MMC-in ona qarşı yazdığı ərizəsinin rədd olunmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Zaqatala rayon məhkəməsinin 03 iyul 2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

5. 26 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh kondisioneri vaxtında qaytarmalı idi. Lakin o uzun müddət keçdikdən sonra iddiaçıya müraciət etmişdir. Tərəflərindən kondisioner aparılmışdır, kondensioner bir müddət sonra satılmışdır, satışdan əldə olunan pul cavabdehin borcundan silinmişdir.

6. İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən aldadılmışdır. Belə ki, o iddiaçıdan inverter motorlu kondisioner almaq istəmiş, lakin sonuncu tərəfindən ona sadə motorlu kondisioner satılmışdır. Həmçinin kondisionerin qazı az olduğundan tərəfindən əlavə 40 manatlıq qaz doldurtmuşdur. Noyabr ayının 8-də o, kondisioner sifariş etmiş və həmin ayın 11-də iddiaçının əməkdaşları gəlib kondisioneri mağazasında quraşdırmışlar. Kondisioner üç gün işlədikdən sonra dayanmışdır. O, qaynar xəttə zəng etmiş və servisdən Anar adlı şəxs gələrək kondisionerin qazının az olduğunu bildirmişdir. O, kondisionerə öz hesabına qaz vurdurmuş, lakin iki gün işlədikdən sonra kondisioner yenə də dayanmışdır. O, kondisioneri qaytarmaq istədiyi üçün dəfələrlə iddiaçıya müraciət etmiş və 50 gün keçdikdən sonra Bakı şəhərindən servis gələrək kondisioneri söküb aparmışlar. 10 gün keçdikdən sonra servisdən ona zəng edilərək bildirilmişdir ki, kondisioner auksiona çıxarılmış və dəyəndirilmişdir. Dəyəri 1149 manat olan kondensionerdən 500 manat çıxılmışdır. Qalan məbləği isə o 1 ay ərzində ödəməlidir. O, bundan imtina etdiyini onlara bildirmişdir. Hazırda onda olmayan kondisionerə görə pul ödəməyə razı deyildir. Kondisionerin iddiaçı tərəfindın aparılması barədə onda heç bir sənəd yoxdur. O, kondensionerin hərracda olan satış qiyməti ilə də narazıdır. Ona iddiaçı tərəfindən yazılmış borcun silinməsini istəyir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmşişdir.

9. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) e-2(033)-58/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 07 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən 623,52 (altı yüz iyirmi üç manat əlli iki qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat cərimə borcu olmaqla cəmi 633,52 (altı yüz otuz üç manat əlli qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, qət edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh alqı-satqı qiyməti 1145.52 manat (18 ay x 63.64 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN MRAC HOFFMANN MRAC markalı kondisioner verilərək tərəflər arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin kondisioner nasaz olduğundan iddiaçı tərəfindən geri alınmış və 11 may 2023-cü il tarixdə auksiona çıxardılaraq kondisioner 500 manat dəyərində, zəmanət xərci isə 22 manat dəyərində qiymətləndirilmişdir. Həmin məbləğ cavabdehin borcundan silinmiş və sonuncunun iddiaçıya 623.52 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən həmin borc məbləği cavabdehdən tələb olunsa da sonuncu iddia tələbinə etiraz edərək onda mövcud olmayan kondisionerə görə pul ödəməyəcəyini bildirmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Hofman MRAC-12/HEB markalı kondensionerin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığı üçün məhkəmə təkrar məkəmə-əmtəəşünastlıq ekspertizanın keçirilməsini məqsədə müvafiq hesab etməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 623.52 manat borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır.

13. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.9-cu bəndində qeyd olunur ki, əşyada hər-hansı qüsurun yaranması ödənişlərin gecikdirilməsinə və bu müqavilənin hərhansı şərtlərinin pozulmasına səbəb ola bilməz.

14. Müqavilənin 3.10-cu bəndində əsasən müştəri ABC-in razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər. Bu zaman mal ABC-in özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən bir tərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan silinir.

15. Cavabdehin məhkəmə iclasında verdiyi izahatında və etirazında öz razılığı ilə kondisioneri iddiaçıya qaytardığını bildirmiş, iddiaçı tərəfindən isə 11 may 2023-cü il tarixli qiymətləndirmə aparılaraq istehsal tarixi 2022-ci il olan, split sistemli, təsir sahəsi 30-40 kv.m olan, rəngi mirror, xarici blok çəkisi 26 kq, daxili blok çəkisi 9 kq, xarici blok ölçüləri 49.5x72x27sm, daxili blok ölçüləri 29,7x80,2x18,9sm olan HOFMANN MRAC- 12/HEB (MİRROR) (340F******************) kondisionerinin 500 manat dəyərində olması müəyyən edilmişdir. 1 illik zəmanət 22 manat dəyərləndirilmişdir. Həmin məbləğlər cavabdehin 1145.52 manat borcundan silinmiş və onun iddiaçı qarşısında 623,52 manat borcu yaranmışdır.

16. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh 07 noyabr 2022ci il tarixli müqaviləyə əsasən 623,52 manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir.

17. Məhkəmə həmçinin, 62,48 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir.

18. Məhkəmə hesab etmişdir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasında iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə hesablanmış 62,48 manat cərimə 10 manat həddində təmin edilməlidir

19. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə HOFFMANN MRAC kondisioner üçün 623,52 manat ödənilməmiş hissə və 10 manat cərimə borcu olmaqla cəmi 633,52 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir.

20. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.

21. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 445, 448.1, 448.2, 454.2, 458.1, 465.2, 467, 600.1, 601.1, 604, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixli müqavilə ilə HOFFMANN MRAC markalı kondisioner almışdır. Ancaq aldığı vaxtdan kondisioner düzgün işləməmişdir. O, bununla bağlı İddiaçı MMC-yə müraciət etmiş, gəlib baxıb ona kondisionerin qazının qurtardığını bildirmişlər. Yeni alınmış kondisionerin qazının qurtarması inandırıcı olmasa da o öz xərcinə kondisionerə qaz vurdurmuş, lakin bir neçə gün sonra yenə kondisioner işləməmişdir. Belə olan halda o, İddiaçı MMC-yə müraciət edərək kondisioneri qaytarmaq istəmişdir. Lakin İddiaçı MMC malın geri qaytarılması üçün verilən müddəti qəsdən uzadaraq kondisioneri geri götürməmiş və bilərəkdən vaxtı uzatmışdır ki, 14 gün keçsin və o kondisioneri geri qaytara bilməsin. Bundan sonra o, kondisionerdən imtina etməyinə baxmayaraq, yenə də vaxtı qəsdən uzadaraq İddiaçı MMC-nin əməkdaşları 2023-cü ilin yanvar ayında gəlib kondisioneri çıxarıb təmir üçün aparmışlar. Lakin iddia ərizəsində kondisioneri götürdükləri vaxtı düzgün göstərməmiş və 2023-cü ilin may ayında kondisioneri apardıqlarını yazmışlar.

24. Hesab edir ki, kondisionerdən imtina etməyinə baxmayaraq İddiaçı MMC-nin gəlib vaxtında kondisioneri təhvil almamasının səbəbi vaxtı uzadaraq ona borc yükləmək fikri olmuşdur. Bununla da İddiaçı MMC onu aldadaraq həm düzgün işləməyən yararsız kondisioneri ona satmaqla, həm vaxtı uzadaraq geri götürməməklə, həm də ona qanunsuz olaraq borc yükləməklə hüquqlarını pozmuşdur. Kondisioner onda olmadığına və mağaza ona yararsız məhsul satdığına görə onun iddiaçıya borcu yoxdur, əksinə iddiaçı ona yararsız kondisioner satmaqla aldatmışdır.

25. İddiaçının məhkəməyə təqdim etdiyi ərizəyə əlavə edilmiş xəbərdarlıq-bildiriş adlı məktubu ona təqdim edilməmişdir. Bununla da iddiaçı məhkəməyə müraciət etmə qaydalarını pozmuşdur.

26. Qeyd olunan faktlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Mal qüsurlu olduğuna görə zəmanət müddətində müqavilə ləğv olunaraq geri qaytarılmış, iddiaçı da öz növbəsində yuxarıda göstərilən qanunun tələbi olaraq malı geri təhvil almışdır. Belə olan halda o, iddiaçıya qarşı çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malik olmağına baxmayaraq, əksinə iddiaçı ona qarşı iddia qaldıraraq malın qüsurlu olmasına dair geri götürdüyü mal üçün ondan pul tələb etmişdir. Bu da onun əsassız varlanmasına yol açır.

27. Qeyd olunanları nəzərə alaraq İddiaçı MMC-nin ona qarşı yazdığı ərizənin rədd olunması ilə bağlı məhkəməyə etiraz ərizəsi təqdim etsə də, məhkəmə iclasında öz etirazını və yuxarıda qeyd etdiklərini bildirsə də məhkəmə bütün bunları nəzərə almamışdır.

28. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, e-2(033)- 58/2025 nömrəli qətnaməsinin tam ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə kollegiyasına göndərdiyi ərizədə məhkəmə iclasının iştirakları olmadan keçirilərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh da məhkəmə kollegiyasına göndərdiyi ərizəsində işə iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

31. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.4-cü maddəsinə əsasən satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 582.3-cü maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. 584.2-ci maddəsinə əsasən satıcı yararlıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edilə bilsin. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2-ci maddəsinə əsasən lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-cü maddəsinə əsasən Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 589.3-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

37. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası Zaqatala Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, e-2(033)-58/2025 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

39. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 1145.52 manat dəyərində HOFFMANN MRAC markalı kondisionerin dəyərinin 18 ay müddətində hər ay üçün hissə-hissə 63.64 manat məbləğlər şəklində ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi imzalanmış, iddiaçı tərəfindən nisyə şəkildə satılmış əşyaya 1 illik qarantiya (zəmanət) vermişdir. Cavabdehə satılmış kondisioner nasaz olduğundan iddiaçı tərəfindən həmin əşya cavabdehdən geri alınmışdır. Lakin nisyə şəkildə satılmış kondisioner cavabdehdən geri alınarkən iddiaçı təşkilat tərəfindən həmin əşya 500 manat dəyərində, zəmanət xərci isə 22 manat dəyərində qiymətləndirilmiş, həmin məbləğlər cavabdehin borcundan silinmiş və cavabdehdən hazırkı iddia tələbində irəli sürülən məbləğlər tələb edilmişdir. Cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsaslı, iddia tələbi isə əsassızdır.

42. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin mal qüsurlu olduğuna görə zəmanət müddətində müqavilənin ləğv olunaraq geri qaytarılması, iddiaçının da öz növbəsində malı geri təhvil alması, qeyd olunan faktların məhkəmə tərəfindən nəzərə alınmaması, kondisioner onda olmadığına və mağaza ona yararsız məhsul satdığına görə onun iddiaçıya borcunun olmamasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2022-ci il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1 il zəmanətlə "xxxx" MMC-dən kredit yolu ilə alqı-satqı qiyməti 1145,6 manat (18 ay x 63,64 manat + 0 manat ilkin ödəniş) olan İMEİ HOFFMANN MRAC markalı kondisioner əldə etmiş və onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.

43. İşdə olan iddiaçı "xxxx" MMC-nin Cavabdeh ünvanladığı 02 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öz razılığı əsasında HOFFMANN MRAC kondisioner və 1 illik zəmanət qaytarılmışdır. 11 may 2023-cü il tarixdə HOFMANN markalı kondisionerin 500 manat, zəmanət + 1 il 22 manat dəyərində qiymətləndirilmiş və ümumi borcdan silinmiş, qalan borcun isə ödənilməsi cavabdehdən tələb edilmişdir.

44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

45. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər.

46. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçı ABC Telecom” MMC Cavabdeh 07 noyabr 2022-ci il tarixdə nisyə şəkildə satdığı HOFFMANN MRAC kondisioner üçün 1 illik qarantiya (zəmanət) verilmişdir. İddiaçının verdiyi qarantiya müddəti ərzində cavabdehə nisyə şəkildə satılmış kondisionerdə qüsurlar aşkarlandığından iddiaçı ABC Telecom” MMC Cavabdeh nisyə şəkildə satdığı kondisioneri geri təhvil almışdır. İddiaçı tərəfindən, nisyə şəkildə satılmış kondisionerdəki qüsurların aradan qaldırılması əvəzinə həmin əşyanın cavabdehdən naturada geri təhvil alınması məhkəmə kollegiyasında kondisionerdəki qüsurların aradan qaldırıla bilməyən qüsurlar olması, yaxud həmin qüsurların tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırılması mümkün olmayan qüsurlar olması qənaətini formalaşdırır.

47. Zəmanət verilməklə təminat altına alınmış, lakin əldə etdiyi əşyaya münasibətdə öz gözləntilərini reallaşdıra bilməyən, yəni lazımi keyfiyyətdə olmaması səbəbli iddiaçı tərəfindən geri götürülməklə ondan istifadə edə bilməyən alıcıdan həmin əşyaya görə əlavə olaraq pul vəsaitinin tələb edilməsi qanuni, əsaslı və ədalətli olmamaqla yanaşı, həmin iddia tələbinin qismən təmin edilməsinə yönələn birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını pozulması ilə çıxarılmış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.

48. Ona görə də məhkəmə kollegiyаsı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, e-2(033)- 58/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli müqavilə üzrə HOFFMANN MRAC kondisioner üçün 623.52 (altı yüz iyirmi üç manat əlli iki qəpik) manat ödənilməmiş hissə, 62.48 (altmış iki manat qırx səkkiz qəpik) manat cərimə, ümumilikdə 686 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi” tələbinə dair iddiası rədd edilməlidir.

49. İddia rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilməlidir.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, e-2(033)-58/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli müqavilə üzrə HOFFMANN MRAC kondisioner üçün 623.52 (altı yüz iyirmi üç manat əlli iki qəpik) manat ödənilməmiş hissə, 62.48 (altmış iki manat qırx səkkiz qəpik) manat cərimə, ümumilikdə 686 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar