Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-863/2023 27.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(051)-252/2023 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020ci il tarixli müqaviləyə əsasən İmei kodu **********23841 olan Samsung Galaxy A21s markalı telefon üçün 142 (yüz qırx iki) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd meyvə və tərəvəz qurudan GORENJE üçün 65 (altmış beş) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə olmaqla, ümumilikdə 227 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2504/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, tərəflər arasında bağlanmış xx.xx.2020 və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********23841olan Samsung Galaxy A21s markalı telefon, 2 ədəd Meyvə ve tərəvəz qurudan GORENJE almış və nəticədə 227 (iki yüz iyirmi yeddi) manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 515 (beş yüz on beş) manat (12 ay, 42.5 manat + 5 manat ilkin ödəniş) olan İmei kodu **********23841 Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə 156 (yüz əlli altı) manat olmaqla, ondan 142 (yüz qırx iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 259.2 (iki yüz əlli doqquz manat, iyirmi qəpik) manat (18 ay, 14.4 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd meyvə və tərəvəz qurudan GORENJE üçün ümumilikdə 71 (yetmiş bir) manat olmaqla, ondan, 65 (altmış beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində X7, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021- ci il tarixdə meyvə və tərəvəz qurudan GORENJE-dan imtina etmiş və məhsullar müvafiq olaraq 61.2 manat və 118.8 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 311.8 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 61.2 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 75.4 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 118.8 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh öhdəliklərini yerinə yetirməmiş və ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Odur ki, cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********23841 olan Samsung Galaxy A21s markalı telefon üçün 142 (yüz qırx iki) manat ödənilməmiş hissə, 14 (on dörd.) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd meyvə və tərəvəz qurudan GORENJE üçün 65 (altmış beş) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə olmaqla, ümumilikdə 227 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(051)-252/2023 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia rədd edilmiş, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdehlə ABC Telecom MMC arasında xx.xx.2020 və xx.xx.2020-ci il tarixli nisyə alqı satqı müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən, İmei kodu **********23841 olan Samsung Galaxy A21s markalı telefon, 2 ədəd Meyvə ve tərəvəz qurudan GORENJE almışdır. Cavabdeh 1 ədəd meyvə və tərəvəz qurudan GORENJE-ni kefiyyətcə istismara yararsız vəziyyətdə olduğu üçün və Samsung Galaxy A21s markalı telefonu isə şüşəsi sındığı üçün iddiaçıya geri qaytarmışdır. Hər iki müqavilənin də şərtlərindən görünür ki, əgər satılmış mal yararsız və ya sınıq vəziyyətdə olarsa, onu geri qaytarmaq mümkündür və bu barədə akt tərtib edilməlidir. Həmçinin müqavilələrin 3-cü bəndinə əsasən mal geri qaytarıldıqda mal qiymətləndirilməli və bu barədə akt tərtib edilməlidir. Müştəri qiymətləndirmə aktı ilə razı olmadıqda borcu bağlamaq şərti ilə mal geri qaytarıla bilər. Bundan başqa malın yararlı, yaxud da yararsız olması müəyyən edilməli, həmin səbəblərin aradan qaldırılması üçün mütəxəssis təyin edilməlidir. Aradan qaldırılması mükün olmadıqda isə nasazlığı və ya sınığı hansı səbəbdən baş verməsi kimin günahı nəticəsində baş verməsi araşdırılmalı və bu barədə mütəxəssis rəyi alınmalıdır. Müqavilənin 4-cü bəndinə əsasən tərəflər arasında bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həl edilir. Əks halda yaranan mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həll olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İş materiallarından da görünür ki, iddiaçı ABC Telecom MMC-i müqavilənin bu şərtlərinə riayət etməli olduğu halda əməl etməmişdir. Məhkəmə iclasında bu sənədlər tələb edildikdə müvafiq aktları və digər sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsində göstərilən və cavabdehdən tələb olunan məbləğlər barəsində (Samsung Galaxy A21s markalı telefonun və Meyvə ve tərəvəz qurudan GORENJE-nun işlənildikdən sonra dəyəri) qiymətləndirmə rəylərini məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müqavilənin şərtlərinə əsasən cavabdeh ABC Telecom MMC-yə dəvət olunmamış və onunla hər hansı bir razılaşma və danışıqlar aparılmamışdır. Cavabdeh Meyvə və tərəvəz qurudan GORENJE malını yeni dəyəri ödənilməklə daha kefiyyətlisi ilə əvəz edilməsini təklif etsə də ABC Telecom MMC bundan imtina etmişdir. Həmçinin telefonun qızıl zəmanəti olduğu halda telefonda olan nasasızlıqlar aradan qaldırılmayaraq geri alınmışdır. Bundan başqa ABC Telecom MMC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, geri qaytarılmış Meyvə ve tərəvəz qurudan GORENJE satışa çıxarılası vəziyyətdə olmuşdur. Meyvə ve tərəvəz qurudan GORENJE satışa çıxarılası vəziyyətdə olduğu halda onun tam dəyəri yenidən cavabdehdən tələb olunması hüquqdan suiistifadədir və tələbi ədalətli tarazlığa cavab vermir. Digər tərəfdən, cavabdehin həddən artıq maliyyə sanksiyasına məruz qalması ilə nəticələnər. Cavabdehin əlavə maliyyə sanksiyasına məruz qalması yol verilməzdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ABC Telecom MMC tərəflər arasında bağlanılmış müqavilələrin ziddinə, əldə edilmiş hüquqları həyata keçirərək cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Bu da digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********23841 olan Samsung Galaxy A21s markalı telefonun cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi göstərilsə də, bu faktı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Lakin sözü gedən İmei kodu **********23841 olan Samsung Galaxy A21s markalı telefon hal-hazırda cavabdehin istifadəsindədir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(051)- 252/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2023cü il tarixli, 2(051)-252/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.1–ci maddəsində qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadə kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyator şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(051)-252/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də, kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(051)-252/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin xx.xx.2020 tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən alınmış Samsung Galaxy A21s markalı telefonla bağlı hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(051)- 252/2023 saylı qətnaməsi həmin hissədə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edir ki, mülki işin 50-ci vərəqində olan aktdan görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən alınmış meyvə və tərəvəz qurudan GORENJE iddiaçıya geri qaytarılmışdır. Həmçinin müqavilənin şərtlərinə əsasən məhsulda olan qüsurun kimin təqsiri ucbatından ortaya çıxdığı aydınlaşdırılmalı olduğu halda, bu halın aydınlaşdırılması və nəticəsi barədə işdə heç bir məlumat yoxdur. Belə olan halda məhsulun iddiaçı tərəfindən geri alınmasının sübut olunması da nəzərə alındıqda, kollegiya hesab edir ki, onun tam dəyərinin yenidən cavabdehdən tələb olunması hüquqdan suiistifadədir. Ona görə də, birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməkdə haqlı olmuşdur. İddia tələbinin xx.xx.2020 tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən alınmış Samsung Galaxy A21s markalı telefonla bağlı hissəsinə gəldikdə isə, həmin hissədə iddiaçının şikayətinin dəlilləri əsaslıdır. Belə ki, mülki işin materiallarında həmin telefonun iddiaçıya qaytarıldığı barədə heç bir sübuta rast gəlinmir. Yalnız həmin telefonla bağlı qızıl zəmanət geri qaytarılmışdır ki, onun da pulu cavabdehin borcundan çıxılmaqla hazırki iddia tələbi qaldırılmışdır. Həmçinin, kollegiya həmin telefonun ödənişi ilə bağlı cavabdehin borcunun ondan tələb edilməsinin haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, cavabdehin borcunun ödənilməmiş qalan hissəsinin ondan tələb edilməsi yetərlidir, əlavə olaraq cərimənin tələb edilməsi ədalətli deyildir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin xx.xx.2020 tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən alınmış Samsung Galaxy A21s markalı telefonla bağlı hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(051)-252/2023 saylı qətnaməsi iddia tələbinin xx.xx.2020 tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən alınmış Samsung Galaxy A21s markalı telefonla bağlı hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(051)-252/2023 saylı qətnaməsi iddia tələbinin Cavabdeh ilə iddiaçı ABC Telecom MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış İmei kodu **********23841 olan Samsung Galaxy A21s markalı telefon üçün 142 (yüz qırx iki) manat borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə aid təmin edilməmiş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh ilə iddiaçı ABC Telecom MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı satqı müqaviləsi əsasında cavabdehə satılmış İmei kodu **********23841 olan Samsung Galaxy A21s markalı telefon üçün 142 (yüz qırx iki) manat pul Cavabdeh alınaraq iddiaçı ABC Telecom MMC-yə ödənilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-863/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-863/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver