Məhkəmə qərarları › İş №2(107)-868/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-868/2025

26.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-868/2025 26.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(051)-1893/2022 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «ümumi paylı mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1893/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanda yerləşən 88,30 kv. metr sahədən ibarət mənzilə Cavabdeh 1/12 hissə olmaqla ümumi paylı mülkiyyət hüququna 3500 (üç min beş yüz) manat kompensasiya verilməklə xitam verilməsi, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binasına Cavabdeh 1/36 hissə olmaqla ümumi paylı mülkiyyət hüququna 1000 (bir min) manat kompensasiya verilməklə xitam verilməsi qət edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(051)-1893/2022 saylı qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1893/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilmişdir: -“xitam verilməsi” həmin hissədə əmlak payının kompensasiyanı ödəyənin mülkiyyətinə keçməsini ehtiva edir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-1893/2022 nömrəli qərardadı (hakim Nemət Paşayev) ilə, ərizənin təmin edilməsi, Cavabdeh münasibətdə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1893/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi (vəkili) Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi müddət bərpasına dair ərizəsini o şəkildə əsaslandırmışdır ki, o Rusiya Federasiyasında olduğundan qətnamənin surəti ona çatmamışdır. Halbuki, qətnamə qəbul olunduqdan sonra icraya yönəlmiş, Cavabdeh icra bölməsində olmuş və izahat vermişdir. Həmin vaxt Cavabdeh əvvəlcə onlarla razılaşmış, bu səbəbdən uzun müddət ərzində qətnamədən apellyasiya şikayəti verməmişdir. 27 noyabr 2025-ci il tarixdə o, Cavabdeh və onun ailə üzvlərinə qarşı Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1893/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə istinad edərək Şəki İnzibati Məhkəməsində yaşayış yeri üzrə qeydiyyatdan çıxmaya dair iddia qaldırmışdır. İş üzrə Şəki İnzibati Məhkəməsində işə 29 aprel 2025-ci il tarixdə baxılarkən Cavabdeh oğlu Nümayəndə iştirak etmiş və məhkəmənin 2-1(116)-1654/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanından üçüncü şəxslər Cavabdeh, Nümayəndə, X6 və X3 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Mingəçevir Şəhər Polis Şöbəsinin üzərinə qoyulmuşdur. Məhz bundan sonra Cavabdeh həmin iş üzrə xx.xx.2024-cü ildə verdiyi etibarnamədən istifadə edən Nümayəndə məhkəməyə qətnamənin surətinin verilməsi ücün müraciət etmişdir. Hesab edir ki, məhkəmə qətnamədən şikayət verilməsi müddətini bərpa etməkdə haqlı olmamışdır. Çünki Cavabdeh qətnamədən xəbəri olmuş və bu müddət ərzində şikayət verməmişdir. 29 aprel 2025-ci il tarixdə qətnamə qəbul olunduqdan sonra X5 şəhər məhkəməsinə müraciət etmişdir. Halbuki, həmin qətnamənin surəti Şəki İnzibati Məhkəməsində baxılan 2-1(116)- 1654/2025 saylı işə əlavə edilmişdir. Həmin qətnamə iş materiallarında olduğundan X12 Məmmədovun nümayəndəsi kimi həmin qətnamə ilə tanış olmuş, məhz həmin qanuni qüvvəyə minmiş qətnamə əsasında İlham Məmmədovun yaşayış yeri üzrə ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmasına dair qətnamə qəbul olunmuşdur. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)-1893/2025 saylı qərardadı ləğv edilməli və vəsatət təmin olunmamalıdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-1893/2022 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonraAzərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(051)-1893/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses ştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1893/2022 nömrəli qətnaməsi cavabdehin ünvanına göndərilmiş və sözügedən qətnamə ona çatdırılmamış, üzərinə poçtun “bu ünvanda yaşamır” ştempel qeydi yazılmış zərflər məhkəməyə geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə rəsmi ərizə ilə məhkəməyə müraciət etmiş və həmin tarixdə məhkəmənin qətnaməsi nümayəndəyə təqdim olunmuşdur. Bundan sonra, cavabdehin nümayəndəsi həmin qətnamədən şikayət vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsindən şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən apellyasiya şikayətinin bir aylıq müddət çərçivəsində verildiyini nəzərə alaraq, ərizədə göstərilən müddətin ötürülməsi səbəbini üzürlü hesab etmişdir Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Mingəçevir Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(051)-1893/2022 saylı qətnaməsindən Cavabdeh münasibətdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə haqlı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətin Cavabdeh qətnamənin icrası ilə bağlı icra bölməsində olması və izahat verməsi, həmin vaxt Cavabdeh onlarla razılaşması, bu səbəbdən uzun müddət ərzində qətnamədən apellyasiya şikayəti verməməsi, Cavabdeh qətnamədən xəbərinin olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, mülkiprosessual qanunvericiliyin tələblərinə görə qətnamədən şikayət vermə müddətinin axımı «qətnamənin surətinin rəsmi qaydada verildiyi» vaxtdan hesablandığına görə və qətnamə rəsmi qaydada Cavabdeh xx.xx.2025-ci il tarixdə təqdim edildiyindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi onun prosessual hüququdur və bu hüquq müdafiə edilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericilikdə apellyasiya şikayətinin verilməsi müddəti və apellyasiya şikayətinin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddəti bərpa etməklə düzgün qənaətə gəlmişdir. Belə ki, cavabdeh prosessual müddətin üzrlü səbəblərdən ötürməsini əsaslandırmış, habelə iş materiallarında sözügedən qətnamənin cavabdehə çatdırılmasını təsdiq edən hər hansı bir sənəd (xəbərnamə, poçt göndərişlərindən çıxarış vəs.) mövcud deyil. Odur ki, iddiaçının nümayəndəsinin şikayətində qeyd etdiyi hallar formal xarakterə malikdir, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhz tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin, Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasının və ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi nöteyinəzərindən şəxsin öz işinə yuxarı məhkəmə insansiyasında baxılmasına çatımlılığı hüququnun reallaşdırılması üçün şərait yaradılmalı və bununla bağlı gətirilən səbəblər ağlabatanlıq prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, şəxsin maraqlarına toxunan məhkəmə qərarını yuxarı instansiya məhkəməsində mübahisələndirmək hüququ ədalətli məhkəmə araşdırması hüququndan irəli gəlir və Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsi hər bir şəxsin özü haqqında çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmədə yenidən baxılması hüququnu tanıyır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Eyni hüquq Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü maddəsində də müəyyən olunmuşdur. Onun barəsində çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmə tərəfindən yenidən baxılması hüququnu Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa Konvensiyasına 7 saylı Protokolun 2-ci maddəsinin 1-ci bəndi də təsbit edir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda göstərilən normativ-hüquqi aktların tələbinə görə maraqlarına toxunulan məhkəmə qərarı çıxarılmış şəxsin həmin qərardan yuxarı məhkəməyə şikayət vermək hüququ məhkəmə səhvlərinin qarşısının alınması, həqiqətin müəyyən edilməsi və son nəticədə ədalətin təntənəsinə nail olunması məqsədini güdür. Həqiqət və ədalət isə insan toplumu üçün ali dəyərlərdir. Bu dəyərlər də ictimai münasibətlərin kvintessensiyasını təşkil etməlidir. Bu kontekstdə məhkəmə kollegiyası hesab edir ki, yalnız formala əsaslara istinad etməklə ərizəçinin şikayətinin icraata götürülməsindən imtina edilməsi tərəfin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu və Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş səmərəli və ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olardı. “Q.Hüseynovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Avropa İnsan Hüquqları Məhkəməsi «Sovtransavto Holdinq» Ukraynaya qarşı (şikayət №48553/93, xx.xx.2002) şikayəti üzrə işdə X8 Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə ərizəçinin şikayət verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin bitməsi əsasına görə şikayətin qəbul edilməsindən imtina olunmasını artıq formalizmin mövcud olduğu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsi həmin işdə həmçinin qeyd etmişdir ki, ərizəçinin kassasiya şikayəti qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməmişdir. Bu da belə bir nəticəyə gətirib çıxara bilər ki, ərizəçi daxili müdafiə vasitələrini tükətməmişdir. Avropa Məhkəməsi xatırlatmışdır ki, onun daxili müdafiə vasitələrinin tükədilməsi üzrə presedent təcrübəsinə müvafiq olaraq bu qayda kifayət qədər çevik və artıq formalizmdən azad şəkildə tətbiq olunmalıdır. Həmin qayda avtomatik tətbiq olunmamalı və mütləq xarakter daşımamalıdır; hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X9 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(051)-1893/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Mingəçevir Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(051)-1893/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün sonrakı prosessual hərəkətlər edilməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 2(051)-1893/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Mingəçevir Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(051)-1893/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün sonrakı prosessual hərəkətlər edilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar