Məhkəmə qərarları › İş №2(107)-870/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-870/2022

24.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-870/2022 24.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, Cavabdeh(eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, X2 və X1 nümayəndəsi) iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı tikilinin sökülməsi tələbinə dair mülki işi üzrə Ağdaş Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,1139 ha torpaq sahəsi(paylı mülkiyyət) və ümumi sahəsi 88,5 kv.m olan fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının tikinti və memarlıq şöbəsinin müdiri Fizuli İsmayılov tərəfindən Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Ağdaş şöbəsinə ünvanlanmış 24 avqust 2007-ci il tarixli məktubdan görünür ki, cavabdehə ünvan 1 ünvanında ayrılmış 600 m2 torpaq sahəsinin 60 m2 hissəsində müasir tipli mağaza tikintisi müvafiq texniki şərtlər alındıqdan sonra məqsədəuyğun hesab edilir. İddiaçı İB-nin X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 27 iyul 2021-ci il tarixli akta görə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində cavabdeh tərəfindən İddiaçı İB-nin X5 İstismar İdarəsinə məxsus d-159 mm-lik aşağı təzyiqli yeraltı qaz kəmərinin 8 p/m hissəsində qaz xəttini mühafizə zonasını pozaraq geyim mağazası inşa olunmuşdur. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və inventar nömrəsi 2935-200058 olan “Qaz kəmərinin pasportu”ndan görünür ki, Ağdaş şəhəri M.Ə. Rəsulzadə küçəsindən keçən və İddiaçı İB-nin X5 İstismar İdarəsinə məxsus aşağı və orta təzyiqli qaz kəməri 2019-cu ildə quraşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli, 10/7186 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında cavabdehə məxsus mağaza ilə paralel olmaqla yeraltı keçən diametri 159 mm olan aşağı təzyiqli qaz xətti arasındakı məsafənin 0,6 m təşkil etdiyini nəzərə alaraq həmin mağazanın qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Həmin qaz xəttinin mühafizə zonasının pozulan hissəsində dəyişdirilməsi məsələsi müvafiq qurumla razılaşdırıldıqdan sonra mümkün ola bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsindən keçən d-159 mm-lik diametri olan aşağı təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülərək mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarının tələblərini pozaraq İddiaçı İB-nin X5 istismarı idarəsinin balansında və istismarında olan Ağdaş şəhəri M.Rəsulzadə küçəsindən keçən d-159 mm diametrli aşağı təzyiqli yeraltı qaz kəmərinin 8 p/m hissəsində qaz xəttinin mühafizə zonasını pozaraq tikili inşa etmişdir. Səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilən qanunsuz tikili eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbədən də tikili sökülməlidir. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(014)- 77/2022 nömrəli iş üzrə qəbul etdiyi 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Sultanov) iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsindən keçən d-159 mm-lik diametri olan aşağı təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin(mağazanın) cavabdehin öz hesabına sökülərək mühafizə zonasından çıxarılması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, ünvan 1 ünvanında mağazanın tikintisi müvafiq texniki şərtlər alındıqdan sonra məqsədə uyğun hesab edilsə də, cavabdeh bununla bağlı iddiaçı Birliyə müraciət etməmiş və müvafiq qanunvericiliyin tələblərini pozaraq mühafizə zonasında qanunsuz tikili inşa etmişdir. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Rayon Məhkəməsi mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Mağaza cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində və qanunvericiliyin tələblərinə əməl edilməklə 2007-ci ildə tikilmişdir. Mağazanın tikintisi ilə əlaqədar cavabdehin müraciəti əsasında müvafiq səlahiyyətli orqanlar tərəfindən mağaza tikiləcək yerə baxış keçirilmiş, inşa ediləcək mağazanın yerləşdiyi ərazidən hər hansı kommunikasiya xətlərinin keçməməsi, mağazanın tikintisinin hər hansı şəxsə zərər vurmayacağı və təhlükə yaratmayacağı müəyyən edilmişdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikintisi şöbəsindən və digər səlahiyyətli orqanlardan rəy və icazələr alınmışdır. Mağaza tikilən zaman iddiaçının balansında olan aşağı təzyiqli qaz xətti yeraltı yox yerüstü çəkilmişdir. Ona görə də mağazanın tikintisi ilə əlaqədar yaradılmış komissiyanlın tərkibinə iddiaçı orqanın əməkdaşları salınmamışdır. Əgər belə olmasaydı mağaza tikilib istismara verildiyi müddətdə həmin xəttə nəzarət edən iddiaçı tərəfin buna məsul edilmiş şəxsi iddia ərizəsində göstərilən pozunutun dərhal aşkar edər və bu barədə təxirəsalınmaz tədbirlər görərdi. Sözügedən qaz kəməri küçədə yaşayan abonentləri təbii qazla təmin etmək üçün çəkilmişdir. 2010-2011-ci illərdə Ağdaş şəhərinin küçələrinin abadlaşdırılması və avtomobil yollarının yenidən qurulması zamanı şəhərin bir çox küçələrində yerüstü çəkilmiş qaz, yağış və tullantı sularının axıdılması xətləri yerin altına salınaraq üstü basdırılmışdır. Mağazanın yerləşdiyi küçənin bəzi istiqamətlərində qaz xətti hələ də yerüstü olaraq qalır. Bundan əlavə iddiaçı mübahisənin həlli ilə əlaqədar ona heç bir müraciət etməmişdir. Eyni zamanda qeyd olunan ünvanda yerləşən, ona və ailə üzvlərinə məxsus olan daşınmaz əmlak(torpaq sahəsi və fərdi yaşayış evi) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Əgər qaz xəttinin yeraltı çəkilməsi ilə bağlı hər hansı bir layihə mövcud olsaydı, həmin daşınmaz əmlaklara da cavabdehin mülkiyyət hüququ tanınmazdı. Rayon Məhkəməsi tərəfindən işin bu halları araşdırılmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh(eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “15 yanvar 2010-cu il tarixli qərarındakı mövqeyinə görə “mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Şəhər Salma və Tikinti Məcəlləsi Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Maddə 19.2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Maddə 19.3. Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirlərilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən olunmuş halarından məlum olur ki, qanuni sahibliyində olan torpaq sahəsində cavabdehin apardığı mübahisəli tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı üçün yerli icra hakimiyyəti orqanı tikintiyə icazə vermiş, daha sonra isə səlahiyyətli dövlət orqanların rəy və razılıqları alınmışdır (həmin rəy və razılıq sənədləri işə əlavə edilmişdir). İşin müəyyən olunmuş hallarından həmçinin məlum olur ki, mübahisəli tikintinin inşa edildiyi torpaq sahəsi və həmin sahə üzərində yerləşən fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ 2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən qeyri-yaşayış sahəsi (mağaza) üzərində cavabdehin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mağaza cavabdehin (paylı) mülkiyyətində olan torpaq sahəsində yerləşdiyinə görə, hesab edilməlidir ki, cavabdeh həmin əmlaka münasibətdə mülkiyyət hüququ gözləntisi olan şəxsdir. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin (mağazanın) yerləşdiyi torpaq sahəsi cavabdehin (paylı) mülkiyyətində olmaqla, tikinti səlahiyyətli dövlət orqanlarının rəy və razılıqları əsasında aparılmışdır. Qeyri-yaşayış sahəsinin (mağaza) inşası 2007-ci ildə aparılmış, 2016-cı ildə həmin mağazanın yerləşdiyi torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, yeraltı qaz kəməri xətti isə 2019-cu ildə inşa edilərək istisamara verilmişdir. Bunun əksini təsdiq edən sübutları iddiaçı tərəf məhkəmələrə təqdim etməmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/7186 saylı rəyə görə, cavabdehin inşa etdiyi mağaza mövcud vəziyyətdə yeraltı qaz kəmərinin mühafizə zonasının daxilində yerləşir. Məhkəmə hesab edir ki, bu hal, cavabdehin inşa etdiyi mağazanın sökülməsi üçün əsas ola bilməz. Çünki yuxarıda qeyd olunduğu kimi, yeraltı qaz kəməri xəttinin çəkilməsi və istismara verilməsi mağazanın inşasından 12 il sonra həyata keçirilmişdir. Bu baxımdan, cavabdeh tərəfindən mağazanın inşası qaz kəmərlərinin layihəsini və inşasını həyata keçirən orqanlarla (hüquqi şəxslərlə) əvvəlcədən razılaşdırılmamışdır, razılaşdırılması da mümkünsüz idi. Cavabdeh onun inşa etdiyi qeyri-yaşayış sahəsinin (mağaza) gələcəkdə qaz kəmərinin mühafizə zonasına düşəcəyini, bununla da hər hansı şəxsə (şəxslərə) zərər vurma və təhlükə yaratma ehtimalını bilə bilməzdi. Məhkəmə hesab edir ki, səlahiyyətli dövlət orqanının icazəsi ilə və tikinti norma və qaydalarına uyğun inşa edilmiş, hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşən tikintinin, əvəzi ödənilmədən, sökülməsi yolverilməzdir. Məhkəmənin qənaətinə görə, iddiaçının qaldırdığı məsələ yalnız tərəflərin razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və sair şərtlər daxilində həll oluna bilər. İddiaçı hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçi olan cavabdehin razılığı olmadan öz mülkiyyətində, qaz kəmərinin inşasından əvvəl tikdirdiyi tikilinin sökülməsi tələbi qoymaqla, cavabdehin dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən Məhkəmə hesab edir ki, mülkiyyət huququnun qorunması, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddiaçının tələbi təmin edilməməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni hesab edilə bilməz. Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə səhvdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Ağdaş Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 aprel 2022-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar