Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-871/2025 25.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2(025)-753/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 28 aprel 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Toshıba” televizoru, “Yupiter YP” televizor asqısı və ödənişin təminatı xidməti üçün 857,16 (səkkiz yüz əlli yeddi manat 16 qəpik) manat ödənilməmiş hissə və 85,72 (səksən beş manat 72 qəpik) manat cərimə olmaqla, ümumilikdə 942,88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Toshıba” televizoru və “Yupiter YP” televizor asqısı almış və nəticədə cavabdehin 942,88 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 857,16 manat (yəni, 18 ay x 47,62 manat + 0 manat ilkin ödəniş) olan “Yupiter YP” televizor asqısı və “Toshıba” televizoru üçün ümumilikdə 942,88 manat borc yaranmışdır ki, onun da 857,16 manatı ödənilməmiş hissə, 85,72 manatı isə cərimə puludur. Cavabdeh isə heç bir məbləğdə pul ödəməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanırsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya alınır. Cavabdehlə bağlanılmış ilə xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olması rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. İddia tələbinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər isə tərəflər arasında bağlanılmış müqavilədən, onun əlavəsindən, əşyaların təhvil-təslim aktından və ödəniş cədvəlindən ibarətdir.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı Cavabdeh 22 may 2025-ci il tarixdə hazırkı iddiaya qarşı yazılı etiraz ərizəsi təqdim etmiş və ona görə də, mülki iş üzrə əlavə araşdırma zərurəti yarandığından Qəbələ Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli e2(025)-753/2025 nömrəli qərardadına əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 03 iyul 2025-ci il tarixli e-2(025)- 753/2025 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi rədd edilərək, həmin Qətnamədə qət edilmişdir ki: -“İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.” Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2(025)-753/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Etirazda qeyd olunanlarla bağlı bildirdi ki, onlarda avadanlıqların quraşdırılaraq təhvil verilməsi ödənişlidir. Cavabdeh bu xidmətdən istifadə etməmişdir. Həmçinin bəzən alıcılar aldıqları əşyanın cehiz məqsədilə və yaxud pay məqsədilə aldıqlarını bildirərək avadanlığın yerləşdiyi qutunun açılmasından imtina edirlər. Bu səbəbdən şirkətin əməkdaşı tərəfindən televizor yoxlanılaraq alıcıya təhvil verilməmişdir. Cavabdehin etirazının əsassız olduğunu bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasında Cavabdeh isə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edib, iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdi ki, İddiaçı keçirdiyi “Qara Cümə” kampaniyasına əsasən xx.xx.2024-cü ildə 01 ədəd “Toshiba” 50C350ME model televizor və Yupiter YP- 450 (23-55) model televizor altlığı götürmüşdür. O və həyat yoldaşı ikisi gedib İddiaçındən vitrin satışında gördükləri televizoru almaq istəmişlər. Əməkdaşlardan biri onlara həmin televizoru alsaq, burada müqaviləni bağlayıb televizoru özləri ilə apara biləcəklərini demişdir. Sonradan digər iki əməkdaşa yaxınlaşaraq, söhbət edib demiş ki, vitrindəki məhsul onlayn şəkildə satılıb, amma həmin məhsuldan onlara anbardan göndərək, 2 gün ərzində çatdırılma və quraşdırılma edərlər. Dedikləri vaxtdan da 3 gün gec olmaqla (5 gün), xx.xx.2024-cü il tarixdə məhsulu qapılarına qədər gətirmişlər. Müqaviləni isə noyabrın 20-i bağlamışlar. O, demiş ki, “bəs siz həmin məhsulu quraşdırmağa da söz vermisiniz.” Onlar isə boyun qaçıraraq, quraşdırılma işinin onlara aid olmadığını, tələsdiklərini deyərək getmişlər. O, məhsulu ehtiyyatla evə qoymuşdur. Bir neçə gün sonra oğlu Bakıdan gələndə ikisinə televizoru ehmallıca divanın üstünə qoymuşlar və qutudan çıxararaq, toka taxmışlar. Görmüşlər ki, televizorun ekranı açılmır, cızılmış şəkildədir, ekran görüntüsü ümumiyyətlə yoxdur. Oğlu dərhal İddiaçı qaynar xəttinə zəng edib bu barədə məlumat vermişdir. Ordan da votsap əlaqə nömrəsi verilmiş ki, məhsulun şəklini onlara çəkib göndərsinlər. Həmçinin 2 gün ərzində usta yönləndiriləcəyini bildirilmişdir. Onlar 3 gün gözləmişlər (3 gün ərzində dəfələrlə zəng vurmuşlar, eyni sözü demişlər), usta gəlməmişdir. Oğlu ilə taksi çağıraraq, televizoru aparıb İddiaçınə təhvil vermişlər. Oradan da onlara bildirmişlər ki, məhsulu texniki servisə göndərəcəklər, məhsulun zavod qüsurlu olması, yaxud müştəri tərəfindən xarab olunması bildiriləcəkdir. 14 gündən sonra telefon əlaqəsi ilə məlumat verilmiş ki, zavod qüsuru deyil, guya onlar zədələmişlər. Əlavə olaraq 350 manat ödəniş tələb etmişlər ki, televizor düzəlsin. Onlar bu təkliflə razılaşmamışlar. 2 ay keçdikdən sonra telefon zəngi ilə ona bildirmişlər ki, məhsul İddiaçı Qəbələ filialına göndərilib. Məhsulu dəyişmədikləri üçün onlar götürməmişlər. İndi İddiaçı əməkdaşı onlara böhtan atır ki, guya ona demişlər ki, məhsulu oğlu quraşdıracadırq, gah da deyir ki, həmin zaman işıq yanmırmış və s. Televizor yoxlanılaraq təhvil verilmədiyi üçün məsuliyyəti iddiaçı daşıyır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, şirkətdə çatdırılma əməkdaşı kimi fəaliyyət göstərməkdədir. Gün ərzində 2030 müştərinin ünvanına gedirlər. Şirkətin müəyyən qayda və qanunları vardır. Həmin qaydalara əsasən kiçik məişət avadanlıqları istisna olmaqa, paltaryuyan, televizor kimi kimi böyük məişət avadanlıqları isə təhvil verilir. Lakin bəzi müştərilər var ki, təhvil verilməsini istəmirlər və belə olanda məcbur təhvil verə bilməzlər. Onlar Cavabdeh televizoru təhvil verməyi bildirmişlər, lakin sonuncu bundan imtina etmişdir. Onlar sadəcə müştəri Cavabdeh bildirmişdir ki, televizoru quraşdırmaq onların işi deyil, yalnız yoxlayıb təhvil verirlər. Müştəri Cavabdeh isə televizorun təhvil verilməsinə ehtiyac olmadığını bildirdiyindən televizorun işləyibişləmədiyini yoxlamadan çıxıb getmişlər. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin, cavabdehin izahatlarını, şahidin ifadəsini dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında ********** nömrəli, xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 01 ədəd “Toshiba” 50C350ME model televizor və Yupiter YP450 (23-55) model televizor altlığı satılmışdır. Tərəflər arasında müqavilə xx.xx.2024-cü il tarixdə bağlansa da, müqavilənin predmetləri olan 01 ədəd “Toshiba” 50C350ME model televizor və Yupiter YP-450 (23-55) model televizor altlığı xx.xx.2024-cü il tarixdə Cavabdeh verilmişdir. Halhazırda cavabdeh iddiaçının ona qüsurla mal verdiyini, televizorun onun evinə gətirilərkən kefiyyətinin yoxlanmadığını, bu səbəbdən televizorun iddiaçı təşkilata geri qaytardığını və iddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və iddiaçı tərəfindən məhkəməyə dəvət olunaraq dindirilmiş şahid isə televizorun yoxlanılaraq müştəri Cavabdeh təhvil verilmədiyini etiraf edirlər, lakin televizorda qüsurun sonradan yarandığını və bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə, tələb olunan borcla bağlı olaraq tərəflərin dəlillərinə qiymət verərək bildirir ki, iş materialları və tərəfərin izahaları ilə müəyyən olunur ki, 01 ədəd “Toshiba” 50C350ME model televizor xx.xx.2025ci il tarixdə Cavabdeh məxsus evdə sonuncuya təhvil verilsə də, televizorun keyfiyyəti, işlək vəziyyətdə olması yoxlanılmamışdır. Bu halı iddiaçının nümayəndəsi və şahid də təsdiq etmişlər. Mülki Məcəllədən görünür ki, əşyanın keyfiyyətinin yoxlanmasını tərəflər müqavilədə nəzərdə tuta bilər (MM-nin 586.1-ci maddəsi). İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli “Alğı-satğı” müqaviləsindən isə görünür ki, sözügedən müqavilədə əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutulmamışdır. Belə olduğu təqdirdə isə hazırkı mübahisəyə Mülki Məcəllənin 586.2-ci və 586.3-cü maddələri tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin: 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır; 586.3-cü maddəsinə əsasən, Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. Sözügedən maddələrinin tələbinə əsasən tərəflər arasındakı müqavilədə əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutulmadığından, hal-hazırda iddiaçı "xxxx" MMCnin 01 ədəd “Toshiba” 50C350ME model televizorun keyfiyyətini yoxlanıldığına dair məhkəməyə sübutlar təqdim etməlidir ki, hazırkı işdə də iddiaçı məhkəməyə bununla bağlı sübutlar təqdim etməmişdir. Bundan əlavə Mülki Məcəllənin 587.1.2-ci maddəsinin tələbləri baxımından lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması hüququ vardır ki, Cavabdeh bu hüququndan istifadə edərək televizoru iddiaçı "xxxx" MMC-nin Qəbələ mağazasına təhvil versə də, iddiaçı öz hesabına qüsurları aradan qaldırmaqdan imtina etmişdir. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, Mülki Məcəllənin 587.2.1-ci maddəsinin tələbinə əsasən, Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda, yəni vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə alıcının alğı-satqı müqaviləsinin icrasından imtina etmək və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ vardır. Hazırkı işdən görünür ki, 01 ədəd “Toshiba” 50C350ME model televizorda olan qüsur vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurdur və həmin qüsur iddiaçı tərəfindən qarşılanmadığından, bu müddət ərzində Cavabdeh həm ödənişlər etməməsi, həm də televizoru tələb etməməsi alğı-satqı müqaviləsinin icrasından imtinası kimi başa düşülməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İş materiallarından göründüyü kimi, tərəflər arasında alğı-satqı müqaviləsi bağlandıqdan sonra alınmış mal iddiaçıya geri qaytarılmış, yəni müqavilənin icrasından imtina edilmişdir. Yuxarıda istinad edilən Mülki Məcəllənin 600.4-cü maddələrinə görə, iddiaçı alqı-satqı müqaviləsinin predmetini cavabdehdən geri qəbul etməklə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə etmiş, beləliklə cavabdehin müqavilənin icrasından imtinasını qəbul etmişdir. Beləliklə, tərəflər arasında ləğv edilən müqaviləyə görə yaranmış əsas və cərimə borcunun cavabdehdən tələb edilməsini məhkəmə qanuni və əsaslı hesab etmir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı müqavilə predmeti olan 01 ədəd “Toshiba” 50C350ME model televizora cavabdehin təqsiri ucbatından zərər vurulması, dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə müraciət etmək hüququ vardır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi, 03 iyul 2025-ci il tarixli e-2(025)-753/2025 nömrəli qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 421, 424, 567, 586.1, 586 və 587-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələrinə istinad etmişdir. Eyni zamanda, Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2(025)- 753/2025 nömrəli qətnaməsinin məzmunu ilə müəyyən olunur ki, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı aşağıda qeyd olunan sübutlar tədqiq olunmuşdur: - İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu - Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: 01 ədəd “Toshiba” 50C350ME model televizor və Yupiter YP-450 (23-55) model televizor altlığı - İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə Əlavədən (ödəniş cədvəli) görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 857,16 manat məbləği aylıq 47,62 manat annuitetlə 18 aya ödəməyi öhdəsinə götürmüşdür. - İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024cü il tarixli bildirişin “2” hissəsində göstərilmişdir ki, “ABC” tərəfindən “Mal” ünvana çatdırılarkən, həmin vaxt o ünvanda olan istənilən şəxsə “Mal”-ln qəbul etməsini və qəbul aktının imzalanmasını etibar edir. - İş materiallarında olan 596006 nömrəli “Təhvil-Təslim” aktından görünür ki, 01 ədəd “Toshiba” 50C350ME model televizorun ekranında əsmə, cihazda kiçik cızıqlar, ləkələr vardır. - İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2(025)-753/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-753/2025 saylı qətnaməsini tam ləğv edərək, iddia tələbinin təmin edilməsi və Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Toshıba” televizoru, “Yupiter YP” televizor asqısı və ödənişin təminatı xidməti üçün 857,16 (səkkiz yüz əlli yeddi manat 16 qəpik) manat ödənilməmiş hissə və 85,72 (səksən beş manat 72 qəpik) manat cərimə olmaqla, ümumilikdə 942,88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Toshıba” televizoru, “Yupiter YP” televizor asqısı və ödənişin təminatı xidməti üçün 857,16 (səkkiz yüz əlli yeddi manat 16 qəpik) manat ödənilməmiş hissə və 85,72 (səksən beş manat 72 qəpik) manat cərimə olmaqla, ümumilikdə 942,88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli e-2(025)-753/2025 nömrəli qərardadı ilə hazırkı işin iddia icraatına keçilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəf hesab edir ki, birinci instansiya məhkəməsi əsassız olaraq bu nəticəyə gəlmişdir. Çünki, cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli, müqavilənin tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, TOSHİB A 50C350ME və YUP İTER YP tv asqısı, cavabdeh tam və qüsursuz şəkildə təhvil almış və imzası ilə təsdiq etmişdir. Birinci instasiya məhkəməsi işi tam, ətraflı araşdırmdan, iş üçün əhəmiyyətli olan halları müəyyən etmədən, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət vermədən, qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamənin məhkəmənin mövqeyi hissəsində qeyd etmişdir ki, məhkəmə tərəflərin dəlillərinə qiymət verərək bildirir ki, 01 ədəd “Toshiba” 50C350ME model televizor xx.xx.2025-ci il tarixdə Cavabdeh məxsus evdə sonuncuya təhvil verilsə də, televizorun keyfiyyəti, işlək vəziyyətdə olması yoxlanılmamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında dəfələrlə bildirmişdir ki, avadanlıqların quraşdırılaraq təhvil verilməsi ödənişlidir. Cavabdeh isə bu xidmətdən istifadə etməmişdir. Həmçinin bəzən alıcılar aldıqları əşyanın cehiz məqsədilə və yaxud, pay məqsədilə aldıqlarını bildirərək, avadanlığın yerləşdiyi qutunun açılmasından imtina edirlər. Bu səbəbdən şirkətin əməkdaşı tərəfindən televizor yoxlanılmadan alıcıya təhvil verilmişdir. Bundan başqa qeyd edək ki, şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, şirkətdə çatdırılma əməkdaşı kimi fəaliyyət göstərməkdədir. Gün ərzində 20-30 müştərinin ünvanına gedirlər. Şirkətin müəyyən qayda və qanunları vardır. Həmin qaydalara əsasən kiçik məişət avadanlıqları istisna olmaqa, paltaryuyan, televizor kimi kimi böyük məişət avadanlıqları isə təhvil verilir. Lakin bəzi müştərilər var ki, təhvil verilməsini istəmirlər və belə olanda məcbur təhvil verə bilməzlər. Onlar Cavabdeh televizoru təhvil verməyi bildirmişlər, lakin sonuncu bundan imtina etmişdir. Onlar sadəcə müştəri K önül Həsənovaya bildirmişdir ki, televizoru quraşdırmaq onların işi deyil, yalnız yoxlayıb təhvil verirlər. Müştəri K önül Həsənova isə televizorun təhvil verilməsinə ehtiyac olmadığını bildirdiyindən televizorun işləyib-işləmədiyini yoxlamadan çıxıb getmişlər. Belə nəticə çıxır ki, cavabdeh “məqsədli şəkildə məhkəmə prosesində izahat vermiş” və həmin izahatında “səmimi” deyildir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh gəlmişlər. Məhkəmə iclasında apellyasya şikayətini vermiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025ci il tarixli e-2(025)-753/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-753/2025 saylı qətnaməsini tam ləğv edərək, iddia tələbinin təmin edilməsi və Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Toshıba” televizoru, “Yupiter YP” televizor asqısı və ödənişin təminatı xidməti üçün 857,16 manat ödənilməmiş hissə və 85,72 manat cərimə olmaqla, ümumilikdə cəmi 942,88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2(025)-753/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və öz mövqeyini - hazırkı iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə qarşı yazılı Etirazında göstərilənlərlə əsaslandırmışdır. Eyni zamanda, Cavabdeh məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, qısa bir müddət ərzində aldıqları televizoru aparıb qaytarsalar da, televizor üçün aldıqları və müqavilədə dəyərinin 17,99 manat olduğu göstərilən “Yupiter YP” televizor asqısını qaytarmamışlar. Çünki, hesab edirdilər ki, iddiaçı satdığı qüsurlu televizoru dəyişər və yeni qüsursuz televizor verər. Lakin, iddiaçı qaytardıqları televizoru qəbul etsə də, əvəzində başqa televizor verməmişlər. Televizor asqısı onda qalsa da, pulunu hələ ödəməmişlər. Lakin, iddiaçının hazırkı iddia ərizəsi rədd edildiyi halda, asqının 17,99 manat məbləğində pulunu o, ödəyəcəkdir. Çünki, asqıda qüsur olmamışdır.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-753/2025 saylı qətnaməsini tam ləğv edərək, iddia tələbinin təmin edilməsi və Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Toshıba” televizoru, “Yupiter YP” televizor asqısı və ödənişin təminatı xidməti üçün 857,16 (səkkiz yüz əlli yeddi manat 16 qəpik) manat ödənilməmiş hissə və 85,72 (səksən beş manat 72 qəpik) manat cərimə olmaqla, ümumilikdə 942,88 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. 586.3. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğısatqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. 586.4. İstər satıcı, istərsə də alıcı tərəfindən əşyanın keyfiyyətinin yoxlanmasının qaydası, habelə digər şərtləri eyni olmalıdır. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi - qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2(025)-753/2025 nömrəli qətnaməsi qismən, yəni “Yupiter YP” televizor asqısının dəyəri olan 17,99 (on yeddi manat 99 qəpik) manat borcun tutulmaması” hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilərək, Cavabdeh “Yupiter YP” televizor asqısının dəyəri olan 17,99 manat məbləğində borc alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, “alıcı” olaraq cavabdeh tərəfindən “Toshıba” televizoru yuxarıda qeyd olunan hallara görə “satıcı” olaraq iddiaçıya qaytarılması səbəbindən, həmin televizorun və bununla bağlı digər xərc və cərimənin cavabdehdən tutmamaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunan işin halları, tərəflər arasında bağlanmış müqavilənin şərtləri və qanunvericilik normaları bir daha təsdiq edir ki, hazırkı iddia ərizəsində cavabdeh tərəfindən qaytarılmış və hal-hazırda da iddiaçıda saxlanılan “Toshıba” televizoruna görə “müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməməsi əsası ilə həmin televizorun və bununla bağlı hesablanmış digər pul vəsaitlərinin cavabdehdən tutulması” hissəsində iddia tələbinin əsaslılığı iş üzrə aparılan məhkəmə araşdırmaları zamanı müvafiq qaydada müəyyən edilməmiş və sübut olunmamışdır. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən - 03 iyul 2025-ci il tarixli e-2(025)-753/2025 nömrəli qətnaməsində iddia tələbinin “Toshıba” televizoruna görə hesablanmış borcun tutulması” hissəsində - əsaslılığı və qanuniliyi şübhə doğurmayan nəticəyə gəlinmişdir. Lakin, apellyasiya instansiyasında mülki iş üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış məlum nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış və müqavilə dəyəri 17,99 manat olan “Yupiter YP” televizor asqısı iddiaçıya qaytarılmamışdır. Ona görə də, 03 iyul 2025-ci il tarixli e-2(025)-753/2025 nömrəli qətnaməsində “Yupiter YP” televizor asqısının 17,99 manat olan dəyərini cavabdehdən tutmamaqda birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş və bu nəticə - həmin hissədə iş üzrə qanuni və əsaslı nəticə hesab edilə bilməz. Buna görə də, həmin 17,99 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan (maddə 119.1), iddia tələbinin hazırkı təmin olunan hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi də cavabdehə aid edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2(025)-753/2025 nömrəli qətnaməsi qismən, yəni “Yupiter YP” televizor asqısının dəyəri olan 17,99 (on yeddi manat 99 qəpik) manat borcun tutulmaması” hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməli və Cavabdeh “Yupiter YP” televizor asqısının dəyəri olan 17,99 (on yeddi manat 99 qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 5 (beş) manat olmaqla, cəmi 22,99 (iyirmi iki manat 99 qəpik) manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2(025)-753/2025 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2(025)-753/2025 nömrəli qətnaməsi qismən, yəni “Yupiter YP” televizor asqısının dəyəri olan 17,99 (on yeddi manat 99 qəpik) manat borcun tutulmaması” hissəsində ləğv edilsin və həmin hissədə iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilsin. Cavabdeh “Yupiter YP” televizor asqısının dəyəri olan 17,99 (on yeddi manat 99 qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 5 (beş) manat olmaqla, cəmi 22,99 (iyirmi iki manat 99 qəpik) manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2(025)-753/2025 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.