Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-873/2023 30.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 7 dekabr 2022-cü il tarixli 2(075)-74/2022 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin qonşuluğunda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi yerləşir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların evinin çardağından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tikinti qaydalarına zidd şəkildə tikdirdikləri tikintinin çardaq hissəsinin ayrılması üçün sözügedən qanunsuz tikintinin və eyni zamanda cavabdehlər tərəfindən onların mülkiyyətinin ərazisində tikdikləri divarın da başdan-başa tamamilə sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülk onların atasından qalan mirasdır və onlar həmin evdə doğulub, boya-başa çatmaqla, hazırda da həmin evdə yaşayırlar. Evlərinin sağ tərəf qonşusu əmisi X4, sol tərəf qonşusu digər əmisi X5 olmuşdur. X3 vəfatından sonra onun vərəsələri evlərini satıb getmişlər. X2 vərəsələri isə öz ata evlərində yaşayırlar. Cavabdehlər 2007-ci ildə onlardan icazə almadan və evdə olmadıqlarından istifadə edərək iki ev arasında çəkilmiş dəmir arakəsməni sökərək onun əvəzində onlara aid olan əraziyə əsas tikili tərəfdən 5 sm, həyətyanı torpaq sahəsi tərəfindən isə 23 sm girərək daş divar çəkmişlər. Həmçinin cavabdehlər mətbəx kimi istifadə etmək üçün tikdikləri qanunsuz tikilinin çardaq hissəsini onların evinin çardağına birləşdirib illərlə onlara maddi və mənəvi ziyan vurmuşlar. Tikilmiş yeni qanunsuz tikili səbəbli cavabdehlərin evlərinin üstündən süzülən yağış suyu onların evinin bünövrəsinə tökülür, evin nəm verməsinə, əsas istinad divarının ovulub tökülməsinə səbəb olur ki, bu da öz növbəsində evin də tez zamanda uçub dağılmasına, qəzalı vəziyyətə düşməsinə təkan verəcək. Arzu edilməz hər hansı təbii fəlakət, yanğın baş verərsə evdən evə od alov düşər, hər iki evin də birdən yanmasına səbəb ola bilər. Dəfələrlə şifahi olaraq cavabdehlərə onların əraziyə keçərək tikdikləri divarı və sözügedən tikilini sökmələrini desələr də, dəfələrlə aralarında dava-dalaş düşsə də cavabdehlər divarı sökmürlər və onlara aid olan ərazidən də çıxmırlar. Bundan əlavədə cavabdehlər onların ərazisinə keçərək tikdikləri qanunsuz tikilinin düz qarşısında qərəzli şəkildə zibil yandırırlar. Yandırdıqları zibilin içərisinə də his verən, pis qoxu yayan rezin və plastik tullantılar da atırlar ki, bu da ətrafa pis qoxu yaymaqla, yuyub həyətə sərdikləri paltarları pis vəziyyətə qoyur. Tikilmiş qanunsuz tikilinin tam yaxınlığında zibil qandırıb nəzarətsiz qoyub getməklə yanğın təhlükəsinin yaranmasına da zəmin yaradırlar. Ona görə də, qeyd edilən halların aradan qaldırılması üçün hazırkı tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişlər.
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə prosesinin gedişi vaxtı bir neçə dəfə iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə vermiş, sonuncu ərizəsi 25 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
5. İddiaçı2 və İddiaçı1 yenidən iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizəsində cavabdehlərə onlarla sərhəd ərazidə zibil yandırmaq qadağan edilməklə bərabər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətlərində olan ünvan 2 ünvan ünvan 3 ha torpaq sahəsindən (torpaq sahəsinin koordinatları daxilində) çıxarılmaları, torpaq sahəsində özbaşına yarı mişar və yarı çay daşından inşa etdikləri hasarın öz vəsaitləri hesabına sökülərək onlar ilə ara məsafəsi boyunca 30 sm enində geriyə çəkilməsi, tikinti norma və qaydaları nəzərə alınmaqla, yəni qonşu divarının hündürlüyü 2.20 metr hündürlükdən hündür olmamaq şərti ilə hasarlanmasına və cavabdehlərin tikdikləri qanunsuz tikilinin çardağı vasitəsilə yaşadıqları fərdi yaşayış evinin çardağının onların evinin çardağına bitişik olan hissəsinin də cavabdehlərin öz vəsaitləri hesabına dərhal sökülərək onların evinin çardağından ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər təxminən 2017-ci ildən mübahisəli hasarı tikiblər. Hasarı tikən zaman 30 sm. onların ərazisinə daxil olublar. Hasarın bir hissəsi evin çardağına kimi qaldırıblar. Evin çardağını isə həmin hasara kimi artırıblar. Çardağın həmin hissəsindən yağış suları onların həyətinə damır və evlərini qəzalı vəziyyətə salır. Bundan başqa cavabdehlər qəsdən onlarlın həyətinə yaxın yerdə, yəni mübahisəli hasarın dibində zibil yandırırlar. Alovun tüstüsü onları narahat edir. İddianın təmin olunmasını xahiş edir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı2 İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, çardağın artırılan hissəsinin sökülməsinə razıdır. Evin üstünü dəyişəcəklər və həmin vaxt çardağın həmin hissəsi söküləcək. Lakin aralarında olan hasarın sökülməsi ilə razı deyil. Həmin hasarın bir hissəsi 2.20 metr hündürlükdədir. Hündür olan hissəsi isə iddiaçıların həyətinin görünməməsi üçün qaldırılıb. Hasar sərhəd xəttində tikilib və iddiaçıların ərazisinə daxil olunmayıb. Zibilin yandırılmasına münasibətdə isə qeyd etdi ki, ağacların xəzəllərini həyətdə yandırıllar. Xəzəl olmadığına görə artıq zibil də yandırmaq fikirləri yoxdur. Ümumiyyətlə bundan sonra çalışıb həyətdə zibil yandırmazlar. Qanuni qərar çıxarılmasını xahiş etdi.
9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********23-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Calğalı Bulaq küçəsi 110 nömrəli evin ½ hissəsi İddiaçı1, ½ hissəsi isə İddiaçı2 mülkiyyətindədir. İddiaçılar qonşusu olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus torpaq sahəsi ilə sərhəddi ayıran daş divarın onlara məxsus evin torpaq sahəsindən keçməklə inşa edildiyini, bu səbəbdən də həmin divarın cavabdehlərin öz vəsaiti hesabına sökülərək 30 sm geridən, həmçinin tikinti norma və qaydaları nəzərə alınmaqla 2.20 metrdən hündür olmamaq şərti ilə yenidən tikilməsini, eyni zamanda cavabdehlər tərəfindən onların evinin çardağına bitişik formada yardımçı tikili inşa edildiyini, həmin tikilinin onların həyatı üçün təhlükə yaratdığını bildirərək yardımçı tikilinin sökülməsi, sərhəd divarının yanında cavabdehlər tərəfindən mütəmadi olaraq zibil yandırmalarına son qoyulmasını xahiş etmişdir.
10. Cavabdehlər tərəfindən çəkilmiş daş hasarın iddiaçıların iddia etdikləri kimi, yəni onlara məxsus torpaq sahəsində deyil, tərəflərin istifadəsində olan torpaq sahələrinin sərhəd xəttində yerləşdiyi müəyyən edilmişdir. Ona görə də həmin hasarın sökülərək 30 sm geridən çəkilməsi cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnər ki, bu da yolverilməzdir. Lakin həmin hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından hündürlüyü 2 metr 20 santimetrdən artıq olan hissəsi sökülməsi məqsədəuyğundur.
11. Bundan başqa məhkəmə cavabdehlər tərəfindən inşa edilərək iddiaçılara məxsus yaşayış evinin çardağına birləşdirilmiş yardımçı tikilinin də qanunsuz olması qənaətinə gələrək, həmin tikilinin sökülməsini tərəflərin qanunla qorunan hüquqları baxımından düzgün hesab edir.
12. Həmçinin məhkəmə qeyd edir ki, iddianın cavabdehlərə iddiaçılarla sərhəd əraziyə yaxın hissədə zir-zibilin yandırılmasının qadağan edilməsi hissəsində də təmin oluna bilməz. Belə ki, məhkəmə iddiaçıların qonşu təsirinə dözmək vəzifəsini əsas götürərək hesab edir ki, qeyd olunan hal iddiaçıların hüquqlarının əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməməlidir.
13. Şəki Rayon Məhkəməsinin 7 dekabr 2022-cü il tarixli 2(075)-74/2022 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Calğalı Bulaq küçəsi 110 nömrəli evin çardağına birləşdirilmiş yardımçı tikili və həmin tikilinin qarşısında tərəflərin istifadəsində olan torpaq sahələrinin sərhəd xəttində çəkilmiş hasarın torpaq sahəsinin ən yuxarı səviyyəsindən 2 metr 20 santimetrdən artıq olan hissəsi cavabdehlərin vəsaiti hesabına sökülməsi, dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 158, 170, 171 və 180-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
15. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********23-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Calğalı Bulaq küçəsi 110 nömrəli evin ½ hissəsi İddiaçı1, ½ hissəsi isə İddiaçı2 mülkiyyətindədir.
16. İş materiallarına əlavə edilmiş **********23-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 1, yeni qaydalarla Şəki şəhəri, Calğalı Bulaq küçəsi 110 nömrəli evin hüquq subyektləri İddiaçı1 və İddiaçı2dır.
17. İş materiallarına əlavə edilmiş iddiaçının təqdim etdiyi fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin sərhədindəki divarın üzərində həqiqətən də yardımçı tikili inşa edilmişdir.
18. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 21 aprel 2022-ci il tarixli, 10/7128 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan hasar tikilisi ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasındakı məsafənin 0,97 metr olduğunu nəzərə alaraq həmin hasar tikilisinin tərəflərin istifadəsində olan torpaq sahəsinin sərhəd xəttində yerləşdiyi, çardaq tikilisinin isə cavabdehə məxsus torpaq sahəsində yerləşdiyi müəyyən olunur. Mübahisə predmeti olan hasar tikilisinin hündürlüyünün 4,2 metr olduğunu, eləcə də cavabdehə məxsus fərdi yaşayış evinin çardaq hissəsinin mübahisə predmeti olan hasara birləşdirildiyini nəzərə alaraq həmin hasar və çardaq tikilisinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72 və 73-cü maddələrinin müvafiq bəndlərinin tələblərinin pozulduğu müəyyən olunur.
19. Qətnаmədən nаrаzı qаlаn İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 21 aprel 2022-ci il tarixli, 10/7128 nömrəli rəyin sübut kimi qəbul etməsinə baxmayaraq rəyin hasarın 4.2 metr hündürlükdə olmaqla hasarın iddiaçılara məxsus evin çardağına bitişik olması hissəsində olan ziddiyətə düzgün hüquqi qiymət verməyərək qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, arada çəkili olan hasar ilə iddiaçılara məxsus evin arası 0,97 metr olması müəyyən edilmişdirsə onda necə olub hasar onların mülkiyyətində olan evin çardağına bitişib? Hasar cavabdehlərin istifadəsində (həmin mübahisəli torpaq sahəsi cavabdehlərin mülkiyyətində deyil istifadələrindədir) olan torpaq sahəsində olsa idi onda bizim evin çardağından da 0.97 metr ara məsafəsində yerləşməli idi. Rəy tam hərtəfəli araşdırılmadan verilmişdir. Onların mülkiyyətində olan evin çardağına bitişmiş hasar evin hər iki küncündən dəqiq ölçü götürülməklə A-dan B-yə neçə metrə olması və hasarla ara məsafəsi dəqiq qeyd edilməli olduğu halda natamam rəy verilmişdir. Ona görə də məhkəmə yanlışlığa yol verərək qətnamə qəbul etmişdir.
21. Şəki Rayon Məhkəməsi qətnamə qəbul edərkən iddia tələbinə dair sonuncu dəqiqləşdirmə tələbinə münasibətdə iddianı tam təmin etməli idi. Bununla bağlı cavavdehlərdən Vidadi o biri məhkəmələrdə divarın əsas tikili tərəfdən 10 metr məsafədə 30 sm geri çəkilməsinə razı olmuşdu. Lakin sonuncu məhkəmədə fikrini dəyişərək demişdir ki, divar yerində qalsın. Heç bir hasar və daş sökülməsin. Hesab edirik cavabdehlər iddianı etiraf etmələri hasarın onların mülkiyyətinə müdaxilə kimi olmasını qəbul etmişlər. Lakin, məhkəmə bu hissədə düzgün qərar qəbul etməmişdir. Bu da kobud prosessual pozuntudur.
22. Ona görə də, Şəki Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-74/2022 saylı qətnaməsinin iddia tələbimizin təmin edilməməsinə dair hissədə qismən ləgv edilərək; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə onlarla sərhəd ərazidə zibil yandırmaqları qadağan edilməklə; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətində olan ünvan 4 ünvan ünvan 3 ha torpaq sahəsindən (torpaq sahəsinin koordinatları daxilində) çıxarılmaları, torpaq sahəsində özbaşına yarı mişar və yarı çay daşından inşa etdikləri hasarın öz vəsaitləri hesabına sökülərək onların mülkiyyətində olan fərdi yaşayış evinin ara məsafəsi boyunca 30 sm enində geriyə çəkilməsi, tikinti norma və qaydaları nəzərə alınmaqla, yəni qonşu divarının hündürlüyü 2.20 metr hündürlükdən hündür olmamaq şərti ilə hasarlanmasına və cavabdehlərin tikdikləri qanunsuz tikilinin çardağı vasitəsilə yaşadıqları fərdi yaşayış evinin çardağının onların evinin çardağına bitişik olan hissəsinin də cavabdehlərin öz vəsaitləri hesabına dərhal sökülərək onların evin çardağından ayrılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 sonuncunun verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 7 dekabr 2022-cü il tarixli 2(075)-74/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
26. Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən və qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
28. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 69.1-ci maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. 69.4-cü maddəsinə görə, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 71.1-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. 73.1-ci maddəsində əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. 73.2-ci maddəsinə əsasən iki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. 73.4-cü maddəsinə əsasən qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
31. İddiaçı Şəki Rayon Məhkəməsinin 7 dekabr 2022-cü il tarixli 2(075)-74/2022 nömrəli qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunmamış hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmamış hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
33. Məhkəmə kollegiyasının araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin qonşuluğunda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 21 aprel 2022-ci il tarixli, 10/7128 nömrəli rəyindən və həmin rəydə göstərilmiş fotoşəkillərdən aydın olur ki, cavabdehlərin istifadəsində olan fərdi yaşayış evindən uzantı şəklində tikilmiş çardaq tikilisi iki həyətyanı torpaq sahəsinin arasında inşa edilmiş hasara birləşmişdir. Həmin hasar 4,2 metr hündürlüyündə inşa edilməklə qonşu - iddiaçıların mülkiyyətində olan həyətyanı sahədə yerləşən fərdi yaşayış evindən 0.97 metr aralıdar. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 21 aprel 2022-ci il tarixli, 10/7128 nömrəli rəyinə əsaslanmaqla və bu qətnamənin 28-ci bəndində göstərilmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına istinad etməklə hazırki iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.
34. İddiaçılar apellyasiya şikayətində iddianın təmin edilməyən hissəsini mübahisələndirmişlər. Kollegiya qeyd edir ki, iddia qismən təmin edilərkən təmin edilməyən hissə iki həyətyanı torpaq sahəsi arasında inşa edilmiş hasarın sökülərək 30 sm kənara çəkilməsi ilə bağlı olmuşdur. İddiaçıların apellyasiya şikayətinin bu qətnamənin 20-ci bəndində qeyd olunmuş dəlillərində ekspert rəyinin natamam olduğunu bildirməklə hasarın hər fərdi yaşayış evindən dəqiq ölçü götürülməklə məsafəsinin qeyd olunmadığı iddia edilir. Kollegiya bununla bağlı qeyd edir ki, ekspert rəyinə əlavə olunmuş fotoşəkillərdə mübahisəli ərazinin faktiki vəziyyəti dəqiq ifadə edilməklə hasarın iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evindən məsafəsi aydın görünür. Məsafənin dəqiq olçüsü isə həm Daşınmaz Əçlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin verdiyi mütəxəssis rəyində, həm də sözügedən ekspert rəyində aydın şəkildə göstərilmişdir. Hər iki rəyin mübahisəli əraziyə baxış keçirilməklə verildiyi nəzərə alındıqda, kollegiya hesab edir ki, iddiaçı həmin rəylərdə göstərilən məsafənin dəqiqliyini şübhə altına alacaq heç bir sübut təqdim etməmişlər.
35. İddiaçıların apellyasiya şikayətinin bu qətnamənin 21-ci bəndində göstərilmiş dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, məhkəmə kollegisyasının iclasında cavabdeh həmin məsələ ilə bağlı izahat verərək divarın kənara çəkilməsinə razı olması ilə bağlı heç vaxt izahat vermədiyini qeyd etdi.
36. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin bu qətnamənin 22-ci bəndində göstərilmiş zibillərin yandırılmasının cavabdehlərə qadağan edilməsi ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 12-ci bəndində göstərilmiş əsaslarla iddia ərizəsinin eyni məzmunlu tələbinə münasibət bildirmişdir və kollegiya məhkəmənin gəldiyi nəticənin haqlı olduğu qənaətindədir. Belə ki, qonşu sahədə zibillərin yandırılması qonşu təsirinə dözmək vəzifəsinin təsir dairəsinə düşür və zibilin yandırılmasının qadağan edilməsi əksinə cavabdehlərin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarardı.
37. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin olunmamış hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 7 dekabr 2022cü il tarixli 2(075)-74/2022 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 7 dekabr 2022-cü il tarixli 2(075)-74/2022 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.