Məhkəmə qərarları › İş №2(107)-885/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-885/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-885/2024 04.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - X6 və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ müqavilənin ləğvi və pul tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tаrixli, e- 2(051)-39/2024 saylı qətnаməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarından görünür ki, iddiaçı (alıcı) İddiaçı ilə cavabdeh (satıcı) Cavabdeh2 06 noyabr 2020-ci il tarixdə notarial qaydada İlkin müqavilə bağlamışlar.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən, tərəflər 06.112021-ci il tarixədək əsas şərtləri bu ilkin alqı- satqı müqaviləsində müəyyən edilmiş xx.xx.2017-cı il tarixdə “X10” MMC və Cavabdeh2 arasında başlanmış 27 №li müqaviləyə, xx.xx.2017-cı il, xx.xx.2017-ci il tarixli “X10” MMC tərəfindən verilmiş maliyyə arayışlara əsasən Cavabdeh2 məxsusdur, Cavabdeh2 “X10" Məhdud Məsuliyyətli Cəmiyyətinə 400 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəyib və Cavabdeh2 heç bır borcu yoxdur. - Həmin müqavilənin 4.2 bəndinin şərtləri tam yerinə yetirilsə tərəflər ünvan 1 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsim bağlamağı öz öhdələrinə götürürlər.

3. Müqavilənin 2.1-ci bəndində göstərilir ki, satıcı bu müqavilə qüvvəyə mindiyi andan 12 (on iki) ay ərzində Bakı şəhəri, Yasamal rayonu, X13, Xarici Dairəvi küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.00 kv.m olan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikasının DƏDRX dövlət reyestrdən çıxarışı, yüklülüyünə dair dövlət reyestrindən arayışı və əsas müqavilənin bağlanması üçün tələb olunan bütün digər zəruri sənədləri əldə etməklə alaraq mənzili alıcıya satmağı, əsas (alqı-satqı) müqaviləni bağlamağı və mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

4. Müqavilənin 4.1-ci bəndinə əsasən, göstərilən əmlak, yəni Bakı şəhəri, Yasamal rayonu, X13, Xarici Dairəvi küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.00 kv.m olan qeyri-yaşayış sahəsinin satış qiyməti 310.000 manat məbləğində müəyyən edilmişdir.

5. Müqavilənin 4.2-ci bəndində göstərilir ki, “ikinci tərəf”-satıcı ilkin müqavilənin bağlanması anında 300.000 manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə ilə “birinci tərəf” – satıcıya ödəyir. Qalan 10.000 manatı isə alıcı satıcıya alqı-satqı müqaviləsi rəsmiləşdirildikdə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmək şərti ilə həmin müqavilə rəsmiləşdirilir.

6. Müqaviləni satıcı Cavabdeh2 əvəzinə etibarməmə əsasında çıxış edən atası Cavabdeh1 imzalamışdır.

7. İş materiallarında olan "xxxx" ASC-yə məxsus ödəniş qəbzdən görünür ki, notariusun bankda açılan depozit hesabı vasitəsilə İddiaçı Cavabdeh1 hesabına ilkin alqı satqı müqaviləsi üzrə 300.000 manat pul keçirmiş və həmin məbləğ Cavabdeh1 tərəfindən götürülmüşdür.

8. İş materiallarında olan "xxxx" ASC-yə məxsus ödəniş qəbzdən görünür ki, notariusun bankda açılan depozit hesabına ilkin alqı satqı müqaviləsi üzrə gəlir kimi 600 manat (300.000 manatın 0.2%-i) pul keçirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, İddiaçı ilə Cavabdeh2 İldınm oğlu arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli (iddia ərizəsində texniki səhv olaraq 2022-ci il göstərilmişdir) İlkin müqavilənin ləğv edilməsi və Bakı şəhəri Yasamal rayonu X14 X9 küçəsi 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1- ci mərtəbəsində yerləşən 400.0 kv.m olan qeyriyaşayış sahəsinin alqı-satqısı üçün ödənilmiş 300,000.00 (üç yüz min) manat məbləğində pul vəsaitinin, ilkin alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin 0,2 % -i 600.00 (altı yüz) manat olmaqla, cəmi 300,600.0 (üç yüz min altı yüz) manat pul vəsaitinin və ödənilmiş 590,60 (altı yüz doxsan manat 60 qəpik) manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 İddiaçı xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərmişdir ki, “X10” MMC və Cavabdeh2 arasında bağlanmış 27 nömrəli müqaviləyə, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli “X10” MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, X14 Massivi, Xarici Dairəvi küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.0 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh2 məxsus olmuşdur. Cavabdeh2 adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 ilə aralarında olan razılaşmaya əsasən Bakı şəhəri Yasamal rayonu, X14 X9 küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.0 kv.m olan qeyriyaşayış sahəsinin satış dəyəri 310.000 qiymətləndirilmişdir. Razılaşma əsasında ilkin müqaviləsini bağlamaqla, bağlanması anında 300.000 manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmiş və iddiaçı Cavabdeh2 söziigüdən daşınmaz əmlakı ona satmışdır. Qalan 10.000 manatı isə əsas alqı-satqı müqaviləsi rəsmiləşdirildikdə notariusun bankada açılan hesabı vasitəsi ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd edir ki, İlkin Müqaviləsinin 2.1ci maddəsinə əsasən satıcı bu Müqavilə qüvvəyə mindiyi andan 12(on iki) ay ərzində Bakı şəhəri, Yasamal rayonu, X14 Massivi, Xarici Dairəvi küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən arayışı və əsas müqavilənin bağlanması üçün tələb olunan bütün digər zəruri səmədləri əldə etməklə mənzili Alıcıya satmağı, əsas (alqı-satqı) müqaviləni bağlamağı və həmin mənzili Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh2 bu günə qədər üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və yerinə yetirməkdən yayınmaqla ilkin müqaviləsinin şərtlərinə əməl etməmişdir. Qeyd edir ki, 01 oktyabr 2022-ci il tarixdə cavabdeh X3 yazılı təkliflə müraciət etmişdir. Lakin, Cavabdeh2 yenə də hər hansı hərəkət etməmişdir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmişdir ki, tərəfindən aparılan araşdırmalar zamanı mübahisəli daşınmaz əmlakın mövcud olmaması müəyyən edilmişdir. Belə ki, cavabdeh mövcud olmayan daşınmaz əmlaka dair sənədləri saxtalaşdırmaqla İlkin Müqaviləsinin bağlanmasına nail olmuş və bununla da onu aldatmaqla külli miqdarda pul vəsaitini mənimsəmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, iddiaçının iddası əsassızdır, belə ki, həmin müqavidə görünüş üçün bağlanmış müqavilədir. Nə o, nədə ki, atası hər hansı bir daşınmaz əmlakın alqı-satqıs müqaviləsin bağlanılmasını öhdəsinə götürməmiş və bunun müqabilində 300.000 pulu atası tərəfindən qəbul edilməmişdir. Sadəcə olaraq atası ilə iş görmək üçün onun adından atası ilə iddiaçının arasında digər məsələlər həll edilməsi məqsədi ilə yalan olan ilkin müqavilə bağlanmışdır. Odur ki, iddia tələbi əsassızdır və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

12. Birinci instansiya məhkəməi işə digər Cavabdeh1 iştirakı olmadan baxmışdır.

13. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 16 fevral 2024-cü il tаrixli, e-2(051)-39/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 300600 (üç yüz min altı yüz) manat məbləğində pul alınıb İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 590,60 (beş yüz doxsan manat, altmış qəpik) manat məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir.

14. Məhkəmə hesab etmişdir iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli və cavabdehlərdən müştərək qaydada 300000 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir.

15. Məhkəmə həmçininn hesab etmişdir ki, ilkin alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin 0.2 faizi olan 600 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə alınmalıdır.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 402.1, 402.4, 404.1, 404.2, 405.1, 425.1, 425.2, 443.1, 443.2, 448.1 və 448.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tаrixli, e-2(051)-39/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək ilkin müqavilənin etibarsız hesab edilməsini xahiş etmiş, əsas olaraq da onu bildirmişdir ki, tərəflərlə biznes fəaliyyətilə məşğul olmaq qərarına gəlmişlər. Əsl niyyətləri əmlakın alqı-satqısından ibarət olmamış, görüləcək biznesin təminatı kimi, yəni girov kimi çıxış etmək nəzərdə tutulmuşdur. O, müqavilədə ödədiyi qeyd olunan 300.000 manatı oğlunun dostundan aldığını, İddiaçı tərəfindən yalnızca 6.000 ABŞ dolları, yəni 10.000 manat ödənildiyini qeyd etmişdir. Odur ki, aralarında biznes fəaliyyəti ilə bağlı razılaşma baş tutmadığından o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İstinad etdiyi halların sübuta yetirilməsi üçün şahidlərin dinlənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X8 verdiyi izahatda bildirmişdir ki, iddiaçının dostu Sahib vasitəsilə tanıyıb. Özü hadisənin canlı şahidi olmayıb, lakin notariusda müqavilə bağlanarkən İlhamın 10.000 manat ödədiyini görüb. Tərəflər arasındakı müqavilə qarantiya məqsədilə bağlanıb. Sözü gedən müqavilənin bağlanmasında məqsəd ticarətin davam etdirilməsinə xidmət etmək olunmuşdur. Bu cür müqavilə onda göstərilən hüquqi nəticələri yaratmaq məqsədi ilə deyil, ancaq görünüş üçün bağlanmış uydurma əqddir, yəni İddiaçı tərəfindən malların göndərilməsinə təminat (qarantiya) yaratmaq olmuşdur. Uydurma əqd isə heç bir hüquqi nəticə yaratmır. Bu hallar X8 ilə aramızda bağlanmış əlyazma müqaviləsindən bir daha öz təsdiqini tapır. X11 şahid qisminə bütün qeyd olunan halları Məhkəmədə öz ifadəsi ilə təsdiq etmişdir. Bu səbəbdən də ilkin müqavilə yalnız görünüş xarakterlidir və onda göstərilən hüquqi nəticələri yaratmaq məqsədi ilə bağlanmamışdır. Eyni zamanda sözügedən halları şahidlər Rüstəmli Rafiq, X2 məhkəmədə təsdiq edə bilərlər. Birinci instansiya məhkəməsi ilkin müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra aralarında əsas müqavilə bağlanmadığı halda hal-hazırda qüvvədən düşmüş ilkin müqaviləyə istinad etmək iddianı təmin etmişdir. İlkin müqaviləni etibarsız hesab etməklə qeyd edir ki, məhkəmə iddia tələbini qanunsuz olaraq təmin etmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.20024-cü il tarixli, e-2(051)- 39/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tаrixli, e-2(051)-39/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehlər təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh1 teleqramla məhkəməyə müraciət edərək maddi vəziyyəti ilə əlaqədar vəkillə müqavilə bağlaya bilmədiyini və bu səbəbdən hazırkı məhkəmə kollegiyasının iclasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

24. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

25. Maddə 359. Əqdlərdə təmsilçilik anlayışı -359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. (...) - 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. (...).

26. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

30. Maddə 402. İlkin müqavilə - 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. - 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. - 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. - 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. - 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.

31. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

33. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

43. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

45. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

49. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

V. Apellyasiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdırıb, iş üzrə toplanmış sübutları tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tаrixli, e-2(051)-39/2024 saylı qətnaməsi ləğv edilməlidir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

52. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

53. Müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında 06 noyabr 2020-ci il tarixli İlkin müqavilə bağlanmış və Cavabdeh2 bu müqavilə qüvvəyə mindiyi andan 12 (on iki) ay ərzində Bakı şəhəri, Yasamal rayonu, X13, Xarici Dairəvi küçəsi, 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400.00 kv.m olan qeyri-yaşayış sahəsini 310000 manat əvəzində mənzili Alıcıya satmağı, əsas (alqı-satqı) müqaviləni bağlamağı və mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İlkin müqaviləni Cavabdeh2 adından onun etibarnamə üzrə nümayəndəsi X4 imzalamışdır. Bundan sonra iddiaçı cavabdehə 300.000 manatı və həmin məbləğin 0.2-%i olan 600 manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Qalan 10000 manatı isə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi iddiaçı öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin müqaviləyə görə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, yəni müqavilədə göstərilən əmlakın iddiaçıya satılması ilə əlaqədar olaraq alqı-satqı müqaviləsi bağlamamışdır. Nəticədə, iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı cavabdehlərə qarşı hazırkı iddianı qaldırmışdır. İşə baxan Mingeçevir Şəhər Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh

54. Mübahisəni həll edən birinci istansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli və cavabdehlərdən 300.600 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir.

55. İddia 3 tələbdən - 1) İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 06 noyabr 2020ci il tarixli İlkin müqavilənin ləğv edilməsi; 2) 400 kv.m olan qeyri-yaşayış sahəsinin alqısatqısı üçün ödənilmiş 300.000 manat məbləğində pul vəsaitinin; 3) ilkin alqı-satqı müqaviləsi üzrə ödənilmiş 300.000 manat məbləğin 0,2%-i olan 600 manat məbləğində pul vəsaitinin ödənilməsi tələblərindən ibarətdir.

56. İş materiallarından iddiaçının iddia tələblərinin həcminin azaldılması barədə ərizəsinin olduğu və həmin ərizənin məhkəmə tərəfindən qəbul edilməsi görünmür.

57. Birinci instansiya məhkəməsi qətnamədə iddianın tam təmin edilməsini göstərsə də, 06 noyabr 2020-ci il tarixli İlkin müqavilənin ləğv edilməsi tələbinə ümumiyyətlə qiymət verməmiş, həmin tələbin təmin edilməli olub-olmamasına münasibət bildirməmişdir.

58. İş materialları ilə müəyyən olunur ki, ilkin müqavilə 1 il müddətinə bağlanmış və həmin müqavilənin qüvvədə olma müddəti 2021-ci il tarixdə bitmişdir.

59. İddiaçı isə iddianı 2023-cü ildə qaldırmış və müddəti bitmiş müqavilənin ləğvini tələb edir. Bu o anlama gəlir ki, artıq qüvvədə olmayan müqavilə mübahisələndirildiyindən həmin müqavilənin ləğvinə dair tələb təmin oluna bilməz .

60. Digər tərəfdən, Cavabdeh1 apellyasiya şikayətində vurğulayır ki, o, qüvvədən düşmüş ilkin müqaviləni etibarsız hesab edir, ona görə də birinci instansiya məhkəməsi iddia tələbini qanunsuz olaraq təmin etmişdir. Sözü gedən müqavilənin bağlanmasında məqsəd ticarətin davam etdirilməsinə xidmət etmək olunmuşdur. Bu müqavilə onda göstərilən hüquqi nəticələri yaratmaq məqsədi ilə deyil, ancaq görünüş üçün bağlanmış uydurma əqddir, yəni müqavilənin bağlanmasında məqsəd İddiaçı tərəfindən malların göndərilməsinə təminat (qarantiya) yaratmaq olmuşdur.

61. Məhkəmə kollegiyası hesab edir ki, ilkin müqavilənin eibarsız sayılmasının rədd edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. (44-cü bənd).

62. Eyni zamanda, iddiaçının ilkin müqaviləyə əsasən cavabdeh Qulu Əsgərova 300.000 manat və həmin məbləğin 0.2 faizi olan 600 manat ödəməsi işin mübahisə edilməyən hallarıdır. Yəni iddiaçı ilkin müqavilənin şərtlərinə əməl edərək öz üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmişdir. Ona görə də iddia tələbləri həmin hissələrdə Cavabdeh2 münasibətdə əsaslıdır.

63. İş materiallarından görünür ki, həm ilkin müqavilə bağlanarkən, həm də sözü gedən pul məbləği alınarkən Cavabdeh2 onun vermiş olduğu 04 avqust 2020-ci il tarixli etibarnamə əsasında sonuncunun atası Cavabdeh1 təmsil etmişdir. Qanunun tələbinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Belə olan halda təmsilçi qismində çıxış etmiş Cavabdeh1 iddiaya cavab verməli olmayan şəxs olduğundan hazırkı iddia tələbləri ona qarşı yönələ bilməzdi.

64. Birinci insytansiya məhkəməsi işin bu diqqətə layiq halını nəzərə almamış, Cavabdeh1 qarşı olan iddia tələblərini təmin etməkdə səhvə yol verərək maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

65. Ona görə də hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma da yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından əsaslı sayıla bilməz.

66. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun deyil, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir.

67. “Məhkəmə qətnaməsi haqqında” Azərn payının baycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

68. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

69. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tаrixli, e-2(051)-39/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 300.600 manat məbləğində pul alınıb İddiaçı verilməli, Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olan 590,60 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia müqavilənin ləğv edilməsi və Cavabdeh1 aid hissələrdə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tаrixli, e-2(051)-39/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 300.600 (üç yüz min altı yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olan 590,60 (beş yüz doxsan manat, altmış qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi müqavilənin ləğv edilməsi və Cavabdeh1 aid hissələrdə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar