Məhkəmə qərarları › İş №2(107)-889/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-889/2021

20.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-889/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 oğlunun, İddiaçı və iddiaçının nümayəndəsi X4 iştirakı ilə , İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı hesablanmış borcun hesabından silinməsi tələbinə dair Şəki Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(075)-374/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, akt əsasında hesablanmış 735 manat borcun abonent kodu **********00193 olan hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(075)-374/2021 nömrəli (hаkim P.Hacıyev) qətnaməsi ilə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 12 noyabr 2020-ci il tarixli, Akt R seriyalı, 200444 nömrəli akt əsasında **********3 saylı abonent kod hesabında qeydə alınmış 735 (yeddi yüz otuz beş) manat borcun İddiaçı hesabından silinməsinə dair tələbinə dair iddiası təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh «xxxx» ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o, cavabdeh təşkilatın nümayəndələri tərəfindən onlara təqdim olunmuş bildiriş üzrə istifadə etdikləri elektrik enerjisinin dəyərini vaxtı-vaxtında poçt şöbəsinə ödəmiş, həmişə sayğac üzrə ödənişlər aparmışdır. Heç vaxt ödənişlərlə bağlı hər hansı problem olmamışdır. Ödənişlərlə bağlı ödəniş edilmiş qəbzləri mövcuddur. Bu vaxta kimi cavabdeh təşkilata borcu olmamışdır. 12 noyabr 2020-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri yaşadıqları Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evinə gələrək onlara məxsus olan işıq sayğacına baxış keçirmək istədiklərini bildirmişlər. Həmin vaxt onlar sayğacın hər tərəfinə baxmış və işıq dirəyinin yuxarı hissəsində əlavə xətt olduğunu bildirmişlər. O isə cavabında həqiqətən dirəkdə əlavə xətt vardırsa, hal şahidləri dəvət etməklə həmin xəttin açılmasını tələb etmişdir. Bundan sonra onlarla arasında narazılıq olmuşdur. Belə ki, əgər həyətdə həqiqətən də sayğacdan kənar əlavə xətt aşkar edilmişdirsə, həmin xətt yerində hal şahidlərinin iştirakı ilə açılıb atılmalı, həmin qüsurla bağlı hal şahidlərinin iştirakı ilə yerində akt tərtib edilməli, həmin akta iştirak edən şəxslər və hal şahidləri imza atmalı idilər. Bundan sonra aktın surəti tərəf kimi ona da yerində təqdim edilməli idi. Ancaq həyətə baxış keçiriləndən sonra tərtib edilmiş akt bir həftə sonra onlara təqdim edilmişdir. Göründüyü kimi həmin akta o, məişət aboneti kimi imza etməmiş və imza etməməyimin səbəbi də aktın düzgün tərtib edilməməsi olmuşdur. Bununla da, cavabdeh təşkilat hüquqlarını kobud şəkildə pozaraq saxta akt tərtib etməklə onu əsassız olaraq cərimə etmiş, “X1 qaydalarının” tələblərini pozmuşlar. Cavabdeh təşkilatın nümayəndələri istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, X1 qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması hallarına yol verildiyindən 23 fevral 2021-ci il tarixli qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məlikəmə iddia tələbinin təmin edilməsinin əsası kimi göstərmişdir ki, pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi tam təsdiqini tapmamışdır. Qeyd etməyi zəruri hesab edir ki, bu normanın tətbiqi üçün qüsurun xarakteri (sayğacdan kənar xətt) nəzərə alınmalıdır. Müəyyən edilmiş qüsurun xarakteri isə təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. Habelə, iddiaçıya hesablanmış məbləğ məsuliyyətə cəlb etmə ilə bağlı olmamış, istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Şəki Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçının pozuntu aşkar edildikdən əvvəl və sonrakı sərfıyyatı nəzərə alınmamışdır, halbuku abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda 15.11.2020-ci il tarixə qədər bir aylıq sərfıyyatınm 89 kvts olduğu, lakin aşkar edilmiş qüsur bərpa edilkdən sonrakı bir aylıq sərfıyyatının artaraq 15.01.2021 -ci il tarixə 196 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfıyyatı ilə sonrakı dövrdəki sərfıyyatı arasında fərq (107 kvt.s) olduqca böyükdür. Bu da onu deməyə əsas verir ki, abonent kənar xətdən istifadə edərək sayğacın aylıq sərfıyyatını aşağı salmışdır. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, əsas məsələ qüsurun sayğacda olub-olmaması deyil, qüsurun sayğacın işini pozulmasına səbəb olubolmamasıdır. Hazırki işə baxacaq məhkəmə cavabdehin əməkdaşları tərəfindən keçirilmiş yoxlamadan əvvəlki və sonrakı dövrlərdə iddiaçının X1si nəticəsində sərfıyyatım müqayisə edərək, bu sərfiyyatın artıb-artmamasını müəyyən etməli, nəticədə isə aktın əsaslı olub-olmadığı sualına cavab verilməlidir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(075)-374/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsi və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq «xxxx» ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclaslarına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, «xxxx» ASC-nin mobil tətbiqindən çıxarışda qeyd olunur ki, 15.11.2020-ci ildə 89 kvts, 11.12.2021-ci il tarixdə 0 kvts,15.01.2021-ci il tarixə isə 196 kvts X1 olunması göstərilmişdir. Yanvar ayında X1 olunan sərfiyyat dekabr və yanvar aylarının sərfiyatıdır. «xxxx» ASC tərəfindən dekabr ayının sərfiyyatı göstərilməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dəvət edilmiş X5 bildirdi ki, o «xxxx» ASC-nin əməkdaşıdır. 12 noyabr 2020-ci il tarixdə Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən mənzildə X1 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda quraşdırılmış sayğacdan istehlakçının sayğacdan kənar xətt vasitəsilə elektrik sayğacından istifadə etməsi ilə əlaqədar “X1 qaydalarının” pozulması əsas götürülərək onun iştirakı ilə Akt R seriyalı, 200444 nömrəli akt tərtib edilmişdir. Hava qaraldığından çəkiliş etmək mümkün olmamışdır. Tərtib olunmuş aktda hal şahidlərinin iştirakı təmin edilməmişdir. Çünki, kənd sakinlərindən heç kim hal şahidi kimi iştirak etmək istəmirlər. Həmin akta imza edən şəxslərin hər biri «xxxx» ASC-nin əməkdaşları olmuşdur. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(075)-374/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00193 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına olan 12 noyabr 2020-ci il tarixli, Akt R seriyalı, 200444 nömrəli aktdan görünür ki, İddiaçı məxsus olan elektrik sayğacından istehlakçının sayğacdan kənar xətt vasitəsilə elektrik sayğacından istifadə etdiyi aşkar edilmişdir. İş materiallarına olan Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri F.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş 24 noyabr 2020-ci il tarixli icra əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 365 gün üçün 0.11 manatla 6745 kvts, dəyəri 741.95 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Kənar xətt ləğv edilmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni İddiaçı münаsibətdə düzgün həll etmişdir. Belə ki, öyrənilən işdən bəlli olur ki, iddiaçıya hesablanmış borcun hüquqi əsasını 12 noyabr 2020-ci il tarixli, Akt R seriyalı, 200444 nömrəli akt təşkil edir. Bu baxımdan da məhkəmə kollegiyası ilk öncə bu aktın qanunvericiliyin tələblərinə uyğun olubolmamasına diqqət çəkmək istəyir. Çünki, tədqiq edilən işə görə, eyni zamanda məhkəmə kollegiyasının iclasında şahid qismindən dindirilmiş «xxxx» ASC-nin əməkdaşı X3 özünün də etirafına görə həmin akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmiş, aktda imzası olnalar isə «xxxx» ASC-nin əməkdaşları olmuşlar. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin “Qaydaların” 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin “Qaydaların” 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin “Qaydaların” 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı tədqiq olunmuş sənədlər əsasında müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 12 noyabr 2020-ci il tarixdə iddiaçıya məxsus Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən mənzildə X1 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda quraşdırılmış sayğacdan istehlakçının sayğacdan kənar xətt vasitəsilə elektrik sayğacından istifadə etməsi ilə əlaqədar “X1 qaydalarının” pozulması əsas götürülərək Akt R seriyalı, 200444 nömrəli akt tərtib etsələr də, həmin akt qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyən, uyğun olaraq kollegiya bu aktı etibarlı hesab etmir. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə, yəni “Şəki Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçının pozuntu aşkar edildikdən əvvəl və sonrakı sərfıyyatı nəzərə alınmamışdır, halbuku abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda 15.11.2020-ci il tarixə qədər bir aylıq sərfıyyatınm 89 kvts olduğu, lakin aşkar edilmiş qüsur bərpa edilkdən sonrakı bir aylıq sərfıyyatının artaraq 15.01.2021 -ci il tarixə 196 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfıyyatı ilə sonrakı dövrdəki sərfıyyatı arasında fərq (107 kvt.s) olduqca böyükdür. Bu da onu deməyə əsas verir ki, abonent kənar xətdən istifadə edərək sayğacın aylıq sərfıyyatını aşağı salmışdır. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, əsas məsələ qüsurun sayğacda olub-olmaması deyil, qüsurun sayğacın işini pozulmasına səbəb olub-olmamasıdır. Hazırki işə baxacaq məhkəmə cavabdehin əməkdaşları tərəfindən keçirilmiş yoxlamadan əvvəlki və sonrakı dövrlərdə iddiaçının X1si nəticəsində sərfıyyatım müqayisə edərək, bu sərfiyyatın artıbartmamasını müəyyən etməli, nəticədə isə aktın əsaslı olub-olmadığı sualına cavab verilməlidir” dəlilinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilən həmin hallar tədqiq edilən sənədlərlə öz təsdiqini tapmır. Çünki, bununla bağlı həm iddiaçı tərəfindən təqdim edilmiş «xxxx» ASC-nin mobil tətbiqindən çıxarışdan, həm də cavabdeh təşkilat tərəfindən təqdim edilmiş abunə haqqında cədvəldən görünür ki, iddiaçının 15.11.2020-ci ildə 89 kvts, 11.12.2021-ci il tarixdə 0 kvts,15.01.2021-ci il tarixə isə 196 kvts X1 olunması göstərilmişdir. Yanvar ayında X1 olunan sərfiyyat dekabr və yanvar aylarının sərfiyatıdır. «xxxx» ASC tərəfindən dekabr ayının sərfiyyatı göstərilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(075)-374/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar