Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-895/2021 17.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X22, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı3 Nurməmməd oğlunun vəkili X27 oğlunun iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1nə, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Cavabdeh3nə qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Qəbələ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(025)-76/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(025)-76/2021 nömrəli qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1nə, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Cavabdeh3nə qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 apellyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(025)-76/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1nə, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Cavabdeh3nə qarşı "alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Dövlət Notariat Kontorunda Cavabdeh1 MMC-nin etibarnamə üzrə nümayəndəsi X23 ilə X7 arasında bağlanmış 12 iyul 2006-cı il tarixli, 4Ə-0/2215 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.02.2015-ci il tarixdə Cavabdeh1 MMC-yə verilmiş Seriya RX ******* nömrəli, reyestr nömrəsi **********10, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, onların qanuni və əsaslı iddia tələbləri iddia müddəti tətbiq edilməklə təmin edilməmişdir. Hesab edirlər ki, həmin qətnamə qanunsuz və əsassızdır. Belə ki, alqı-satqı müqaviləsi tərtib edilərkən onlar tərəf kimi iştirak etməmiş və imzalamamışlar. Məhkəmə qərar qəbul edərkən onların alqı-satqı müqaviləsində tərəf kimi iştirak etmədiklərini və imzalamadıqlarını nəzərə almamışdır. Məhkəmə əsaslı iddia tələblərini hərtərəfli, tam və obyektiv araşdırmamış, həmin imzaların onlara məxsus olubolmamasının dəqiqləşdirilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin etməmişdir. Göründüyü kimi məhkəmə onların pozulmuş hüquqlarını aradan qaldırmamış və nəticədə əsaslı iddia tələblərini rədd etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(025)-76/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 nümayəndəsi, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi və Cavabdeh3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı3 Nurməmməd oğlunun vəkili X27 oğlu izahat verərək bildirdilər ki, 12 iyul 2006-cı il tarixdə X1 rayonu Bılıx kəndində yerləşən Qanıx-Türyançay zonasına aid 1,79 hektar torpaq sahəsini Cavabdeh1 MMC-yə satmışdır. 2020-ci ildə onlar notariat kontoruna müraciət edən zaman məlum olub ki, həmin torpaq sahəsi Cavabdeh1 MMC-yə satılmışdır. Lakin alqı-satqıda onların xəbəri olmamış və onların xəbəri olmadan alqı satqı müqaviləsi bağlanmışdır. Həmçinin sənədlərdə olan imzalar onların imzası olmamışdır. Həmin torpaq sahəsi faktiki olaraq 2006-cı ildən cavabdehin istifadəsində olsada, onlar elə hesab etmişlər ki, mübahisəli torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il 2(025)-76/2021 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdehlərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(025)-76/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan JN-123, kod 40612023 saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarı ilə Qəbələ rayonu Bılıx kəndində X4, İddiaçı1, X11, X8, X12, X13, İddiaçı2 və İddiaçı3 paylı mülkiyyətinə üç planşetdə cəmi 4,41 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən 27 fevral 2015-ci il tаrixdə verilmiş RX seriyаlı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxаrışın surətinə görə Qəbələ rayonu, Bılıx kəndində 3,5876 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 12 iyul 2006-ci il tarixdə 4Ə-2215 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, X1 rayonu Bılıx kəndində yerləşən Qanıx-Türyançay zonasına aid 1,79 hektar torpaq sahəsini Cavabdeh1 MMC-yə 716 (yeddi yüz on altı) manata satmışdır. İş materiallarında olan Qəbələ Rayon Dövlət Notariat Kontoruna Qəbələ rayon Bılıx kəndində yaşayan İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən yazılmış və Qəbələ rayon İcra Hakimiyyəti Sileyli kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş ərizələrin surətindən görünür ki, sonuncular ailələrinə məxsus olan 1,79 hektar torpaq sahəsinin satılmasına etiraz etməmişlər. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 sentyabr 2020-ci il tarixdə verilmiş 106/69 nömrəli “Doğum haqqında” arayışdan görünür ki, X9 04.07.1957-ci il tarixdə Qəbələ rayonu Kürd kəndində anadan olmuşdur. X3, anası X19r. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 sentyabr 2020-ci il tarixdə verilmiş 102/69 nömrəli “Nikah haqqında” arayışdan görünür ki, X9 ilə X15 12 sentyabr 1980-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 12 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 sentyabr 2020-ci il tarixdə verilmiş 103/69 nömrəli “Ölüm haqqında” arayışdan görünür ki, X9 29 may 2016-ci il tarixdə Qəbələ rayonu Bılıx kəndində “miokard infarktı”ndan vəfat etmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 sentyabr 2020-ci il tarixdə verilmiş 104/69 nömrəli “Doğum haqqında” arayışdan görünür ki, X21 13.11.1981-ci il tarixdə Qəbələ rayonu Bılıx kəndində anadan olmuşdur. X2, anası İddiaçı1dır. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 sentyabr 2020-ci il tarixdə verilmiş 101/69 nömrəli “Nikah haqqında” arayışdan görünür ki, X16 ilə X10 09 avqust 2003-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 09 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nurməmmədov, arvada Nurməmmədova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 sentyabr 2020-ci il tarixdə verilmiş 112/69 nömrəli “Doğum haqqında” arayışdan görünür ki, X20 xx.xx.1983-cü il tarixdə Qəbələ rayonu Bılıx kəndində anadan olmuşdur. X2, anası İddiaçı1dır. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11 sentyabr 2020-ci il tarixdə verilmiş 107/69 nömrəli “Nikah haqqında” arayışdan görünür ki, X33 ilə X6 30 avqust 2004-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 14 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Adışov, arvada Adışova soyadı verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu yuxarıda qeyd edilən nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1-nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. MM-in 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-in 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. MM-in 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi alqı-satqı müqaviləsi 2006-cı il tarixində həyata keçirilmiş və həmin vaxtdan 15 ildən artıq müddət keçmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, iş materiallarında olan 12 iyul 2006-ci il tarixdə 4Ə-2215 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, X1 rayonu Bılıx kəndində yerləşən Qanıx-Türyançay zonasına aid 1,79 hektar torpaq sahəsini Cavabdeh1 MMC-yə 716 (yeddi yüz on altı) manata satmışdır. Beləliklə də iddiaçılar artıq həmin vaxtdan öz hüquqlarının iddia etdikləri qaydada pozulduğunu bilirdi. Belə ki, iddiaçılar özləri də etiraf edirlər ki, sözügedən torpaq sahəsi faktiki olaraq 2006-cı ildən onlar tərəfindən deyil, cavabdeh tərəfindən istifadə edilri. Bu səbəbdən də iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər (mübahisələndirilən torpaq sahəsinin cavabdehə icarəyə verilməsi ilə bağlı) artıq məhkəmə kollegiyası tərəfindən inandırıcı və ağlabatan görünmür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qəbələ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(025)-76/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(025)-76/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-895/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-895/2021
17.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver