Məhkəmə qərarları › İş №2(107)-896/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-896/2024

22.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-896/2024 22.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ağdaş rayon Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X30, X13, X19, X31 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində tam paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlak üzərində tam payın müəyyən edilməsi, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, preyudisiallıq) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X32 və X33 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs eyni zamanda X24 nümayəndəsi X25 iştirakları ilə, İddiaçı cavabdeh Ağdaş rayon Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X30, X13, X19, X31 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində tam paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(014)-283/2024 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X43 tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində tam paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, miras əmlak ünvan 1 ünvanında yerləşir və mülkiyyət kimi X2 adına qeydə alınmışdır. X2 ölümündən sonra xalası X20 və X5 mirası faktiki olaraq qəbul etmişlər. X5 miras payından X7 xeyrinə imtina etmişdir. 09 sentyabr 2021-ci ildə X11 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin tarixdə X20 əmlakı ona vəsiyyət etmişdir. 17 sentyabr 2021-ci il tarixdə xalası X20 ölmüşdür. Bundan sonra o, Ağdaş rayon Notariat ofisinə müraciət edərək ona vəsiyyətnamə üzrə mirasın tam payına şəhadətnamə verilməsini xahiş etsə də, rədd cavabı verilmişdir. Hesab edir ki, cavabdehin cavabı qanunsuzudur, əsassız və aşağıda göstərilən hüquqlarına toxunur. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin rədd cavabının qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mənzil və torpaq X14 adına qeydə alınmış mirası 17 sentyabr 2021-ci il tarixdə ölmüş X20 tərəfindən tam qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən mənzil və torpaq sahəsinə onun adına vəsiyyətnamə üzrə tam paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Ağdaş rayon Notariat ofisinə öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə vəsatətlə müraciət edərək digər şəxslərin mirası qəbul edibetmələrinin müəyyən edilməsi üçün X43 və X24 işdə iştirak etmələri üçün cəlb olunmasını xahiş etmiş və həmin şəxslər üçüncü şəxs kimi mülki işə cəlb edilmişlər. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin (hakim: C.Sultanov) 29 mart 2024-cü il tarixli, 2(014)- 283/2024 saylı qətnaməsi ilə, iddianın tələbi təmin edilməsi, ünvan 2 prospekti 44 nömrəli ev ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan evə və 0,09 ha torpaq sahəsinə X10 adına qeydə alınmış miras əmlaka 17 sentyabr 2021-ci il tarixdə vəfat etmiş X20 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam payının müəyyən edilməsi, ünvan 2 prospekti 44 nömrəli ev ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan evə və 0,09 ha torpaq sahəsinə İddiaçı adına vəsiyyətnamə üzrə tam paya vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Ağdaş rayon Notariat Ofisinin üzərinə qoyulması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçının X2 adına miras əmlak olaraq ünvan 1 ünvanında yerləşən əmlak qeydə alınmışdır. İddiaçının X2 ölümündən sonra iddiçının xalası X20 və X5 mirası faktiki olaraq qəbul etmişlər. Sonradan iddiaçının X5 miras payından iddiaçının xalası X7 xeyrinə imtina etmiş və 09 sentyabr 2021-ci ildə X11 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin tarixdə iddiaçının xalası X20 da əmlakı İddiaçı vəsiyyət etmişdir. 17 sentyabr 2021-ci il tarixdə iddiaçının xalası X20 ölmüşdür. Bundan sonra iddiaçı Ağdaş rayon Notariat ofisinə müraciət edərək ona vəsiyyətnamə üzrə mirasın tam payına şəhadətnamə verilməsini xahiş etsə də, rədd cavabı verilmişdir. Hazırda İddiaçı cavabdeh Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində tam paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(014)-384/2020 nömrəli qətnaməsi ilə iddiaçılar X37, X15 cavabdehlər X34, X11 və üçüncü şəxslər X43, X31 qarşı miras qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılmasına, mirasın qəbul edilməsi və miras qalmış əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2177/2020 nömrəli qətnaməsi ilə iddiaçılar X37 və X35 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(014)-384/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X7 yeganə vərəsəsi olması (digər vərəsələrin istisna edilməsi prinsipinə uyğun olaraq) işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Hazırkı halda isə hüquq münasibətləri (vərəsəlik) X10 27 aprel 2015-ci ildə Ağdaş şəhərində vəfat etməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da iddiaçının xalası X20 və X5 faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişlər. Sonradan iddiaçının X5 miras payından X7 xeyrinə imtina etmiş və 09 sentyabr 2021-ci ildə X11 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilərkən pay müəyyən edilməsə də, həmin vaxt başqa heç kəs nə faktiki, hə də notariat orqanına müraciət etməklə vərəsəliyi qəbul etməmişdir. Əksinə, X37 və X35 özləri də mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin buraxıldığını bilərək müvafiq iddia ilə məhkəməyə müraciət etsələr də, həmin iddia təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda, bu iddiaya baxılarkən X43 və X44 da müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər və onların da mirasa dair tələbi olmamışdır. Qeyd olunanlara əsasən birinci instansia məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, ünvan 2 prospekti 44 nömrəli ev ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan evə və 0,09 ha torpaq sahəsinə X10 adına qeydə alınmış miras əmlaka 17 sentyabr 2021-ci il tarixdə vəfat etmiş X20 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə tam payı müəyyən edilməli, ünvan 2 prospekti 44 nömrəli ev ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan evə və 0,09 ha torpaq sahəsinə İddiaçı adına vəsiyyətnamə üzrə tam paya vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Ağdaş rayon Notariat Ofisinin üzərinə qoyulmalıdır. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1193, 1151.1, 1159.1.1, 1159.1.3, 1243.2, 1243.3, 1255-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.4 və 217.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X43 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbində qeyd edilənlər əsassızdır. Belə ki, mərhum ata X6 ilə X26 25 fevral 1946-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənərək ailə qurmuşlar. Onların birgə nikahlarından X39, X37, X34, X20 və X45, (onun atası) X40 anadan olmuşdur. Babası və nənəsi 14 noyabr 1963-cü ildə Ağdaş şəhəri, H.Əliyev prospekti (keçmiş Lenin küçəsi 22) 0,09 hektar həyətyanı torpaq sahəsində tikdirdikləri 2 otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evi vardır. X6 7 noyabr 1990-cı ildə Ağdaş şəhərində ölmüşdür. Onun ölümündən sonra mərhum X4 və övladları X39, X37, X34, X27, X40 və X21 ibarət birinci növbə vərəsələri qalmışdır. X9 1990-cı ildə X36 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından 29 oktyabr 1991-ci ildə Ülvi, 01 yanvar 1993-cü ildə Hüsnü adlı uşaqları anadan olmuşdur. X12 02 iyul 2001-ci ildə vəfat etmişdir və ailəli olmamışdır. X9 01 fevral 2008-ci ildə Ağdaş şəhərində ölmüşdür. Onun ölümündən o və X16 ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışlar. X4 27 aprel 2015-ci ildə Ağdaş şəhərində vəfat etmişdir. Onun ölümündən sonra ünvan 3 ünvanda 0,09 hektar həyətyanı torpaq sahəsi və həmin ərazidə inşa edilmiş bir mərtəbəli, iki otaqdan ibarət fərdi yaşayış evi miras qalmışdır. Mərhum babasının və nənəsinin ölümlərindən əvvəl hər hansı formada vəsiyyətnamə qoymamışlar. Hazırda İddiaçı istəyir ki, həmin əmlakı qanunsuz yollarla öz adına rəsmiləşdirsin. Belə ki, Ramin dəfələrlə ona xəbər göndərərək evi adına rəsmilşdirməyi istəyini bildirmişdir, lakin o və bacısı razı olmadığından Ramin öz arzusuna çata bilməmişdir. Hətta Ağdaş Notariat ofisindən onu çağıran zaman o da pay istədiyini bildirmişdir. Ramin ona pay verməkdən narazı olduğundan Notariat ofisi Raminə pay verməkdən imtina etmişdir. Hesab edir ki, ata X6 ilə X8 miras qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti (keçmiş Lenin küçəsi 22) 0,09 hektar həyətyanı torpaq sahəsində tikdirdikləri 2 otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evinə onlarında vərəsəlik hüququ var. Vərəsə kimi o və X24 hüququnun tanıdılması, eyni zamanda digər vərəsələr X37 və X22 paylarının ona və X31 verilməsinə dair qətnamə verilməsini xahiş etmişdir. Lakin Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(014)-283/2024 saylı qətnaməsi ilə mənim Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüququm pozulmuşdur. Belə ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Lakin məhkəmə bunu nəzərə almamışdır. Odur ki, İddiaçı Cavabdehna qarşı miras əmlaka tam paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(014)-283/2024 saylı qətnaməsinin tam ləğv edilməsini, vərəsə kimi onun və X24 hüququnun tanıdılmasını, eyni zamanda digər vərəsələr X37 və X22 paylarının ona və X31 verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs eyni zamanda X24 nümayəndəsi X43 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Ağdaş Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(014)-283/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Eyni zamanda məhkəmə kollegiyasına ərizə təqdim edərək qeyd etmişdir ki, iddia tələbində şəhadətnamənin verilməsi öhtəliyinin notariusun üzərinə qoyulmasını xahiş etmişdir. Əslində onun məqsədi miras əmlakı üzrə ona düşən payın tam olaraq müəyyən edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Ağdaş rayon Notariat Ofisi, üçüncü şəxslər X28 və X35 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: (Yeni Məcəllə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İddiaçı Cavabdehna qarşı miras əmlaka tam paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(014)-283/2024 saylı qətnaməsinin tam ləğv edilməsini, vərəsə kimi onun və X24 hüququnun tanıdılmasını, eyni zamanda digər vərəsələr X37 və X22 paylarının ona və X31 verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(014)-283/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(107)-896/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Ağdaş rayon Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X30, X13, X19, X31 qarşı ünvan 2 prospekti 44 nömrəli ev ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan evə və 0,09 ha torpaq sahəsinə X10 adına qeydə alınmış miras əmlaka 17 sentyabr 2021-ci il tarixdə vəfat etmiş X20 tərəfindən tam qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(014)-283/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X38 ilə X26 25 fevral 1946-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənərək ailə qurmuşlar. Onların birgə nikahlarından X39, X37, X34, X20 və X45, X40 anadan olmuşdur. X38 və X26 14 noyabr 1963-cü ildə Ağdaş şəhəri, H.Əliyev prospekti (keçmiş Lenin küçəsi 22) 0,09 hektar həyətyanı torpaq sahəsində ev inşa etmişlər. X38 7 noyabr 1990-cı ildə Ağdaş şəhərində ölmüşdür. X26 isə 27 aprel 2015-ci ildə Ağdaş şəhərində vəfat etmişdir. Onun ölümündən sonra ünvan 3 ünvanda 0,09 hektar həyətyanı torpaq sahəsi və həmin ərazidə inşa edilmiş bir mərtəbəli, iki otaqdan ibarət fərdi yaşayış evi miras qalmışdır. Eyni zamanda onun X39, X37, X34, X27, X40 və X21 ibarət birinci növbə vərəsələri qalmışdır. X45 02 iyul 2001-ci ildə vəfat etmişdir. X40 1990-cı ildə X36 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından 29 oktyabr 1991-ci ildə Ülvi, 01 yanvar 1993-cü ildə Hüsnü adlı uşaqları anadan olmuşdur. X40 ilə X17 nikahları 6 sentyabr 2005-ci il tarixdə pozulmuşdur. X40 01 fevral 2008-ci ildə Ağdaş şəhərində ölmüşdür. X23 ölümündən iki övladından ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışlar. İddiaçı iddia tələbində X1 miras qalmış ünvan 2 prospekti 44 nömrəli ev ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan evə və 0,09 ha torpaq sahəsindən tam olaraq payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti qismən əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında hüquqi mövqe aşağıdakılarda ibarət olmuşdur; Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakının bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Mülki Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Mülki Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, mərhum X40 miras qoyandan əvvəl vəfat etdiyindən onun uşaqları Ülvi Mikayıllı və qızı Hüsnü Şirinova miras əmlakdan pay almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi birinci instansiya məhkəməsi miras əmlaka dair iddiaçının payını tam olaraq müəyyən etməkdə səhvə yol vermişdir. Ona görə də kollegiya hesab edir ki, ünvan 2 prospekti 44 nömrəli ev ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan evə və 0,09 ha torpaq sahəsi İddiaçı, üçüncü şəxslər X43 və X44 arasında miras payları müəyyən edilməlidir. Kollegiya digər vərəsələrlə bağlı aşağıdakıları qeyd edir. X3 02 iyul 2001-ci ildə vəfat etmişdir. Onun heç bir vərəsəsi olmamışdır. Digər vərəsələr X37 və X35 isə miras əmlaka dair vərəsəlik hüququnu itirmişlər. X37 və X35 mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin buraxıldığını bildirərək müvafiq iddia ilə məhkəməyə müraciət etsələr də, həmin iddia təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Belə ki, Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(014)-384/2020 nömrəli qətnaməsi ilə iddiaçılar X37, X15 cavabdehlər X34, X11 və üçüncü şəxslər X43, X31 qarşı miras qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılmasına, mirasın qəbul edilməsi və miras qalmış əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(107)-2177/2020 saylı qətnaməsi ilə iddiaçılar X37 və X35 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(014)- 384/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi X37 və X35 miras əmlakdan pay almaq hüququnu itirmişlər. Məhkəmə kollegiyası X18 miras əmlaka dair pay almaq hüququ ilə bağlı qeyd edir ki, X34 öz payından X7 xeyrinə imtina etmişdir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İş materiallarından görünür ki, X34 miras açıldıqdan təqribən 6 il sonra mirasdan X7 xeyrinə imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 14 oktyabr tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli yuxarıda qeyd edilən qərarında isə qeyd edilmişdir ki, “qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.” Kollegiyanın qənaətinə görə yuxarıda qeyd edilən vərəsənin mirası qəbul etməməsi barədə ərizələri qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən mirasdan imtina kimi qəbul edilə bilməz. Bununla belə ona çatası mirası qəbul etmək istəməməsinə aydınlıq gətirilməlidir. Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin konstitusiyaya zidd olduğu AR KMnin qərarı ilə rəsmi olaraq öz təsdiqini tapmışdır. Odur ki, MM-in 1256-cı maddəsində nəzərdə tutulan müddət və prosedur çərçivəsində mirasdan imtina etməmiş olan bütün vərəsələr mirası qəbul etmiş vərəsə hesab olunur. Bu səbəblə də X18 öz payından X7 xeyrinə 6 il keçdikdən sonra imtina etməsinə dair iradə ifadəsi hüquqi mahiyyəti baxımdan mirasdan imtina hesab oluna bilməz. Onu da nəzərə almaq lazımdır ki, mirası qəbul etmiş olan bir vərəsənin mirasdan imtinası mülki dövriyyədə hüquqi müəyyənliyin və etimadın təmin edilməsi baxımından yolverilməzdir. (MM.m.1267). Bu nöqteyi-nəzərdən də 6 il sonra sözügedən iradə ifadəsinin yeganə məqsəd və təyinatı ona düşən vərəsəlik payının digər vərəsəyə əvəzsiz olaraq verilməsi, başqa sözlə onlara bağışlanması mahiyyətindədir. Belə ki, MM-in 324.5-ci maddəsinə görə “İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir”. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddasinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Odur ki, X18 iradə ifadəsinin hüquqi müstəvidə həqiqi mahiyyət və təyinatı özünə düşən vərəsəlik payının digər vərəsəyə bağışlaması hesab olunmalıdır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbəni tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Mirasın bölünməsi ilə bağlı yekun olaraq kollegiya qeyd edir ki, X1 miras qalmış ünvan 2 prospekti 44 nömrəli ev ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan evə və 0,09 ha torpaq sahəsi İddiaçı ilə üçüncü şəxslər X43 və X24 arasında bölünməlidir. Ona görə də kollegiya hesab edir ki, X1 miras qalmış ünvan 2 prospekti 44 nömrəli ev ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan evə və 0,09 ha torpaq sahəsi İddiaçı 4/6 hissədə, X23 payına düşən 2/6 hissəsinin 1/6 hissəsi X30, 1/6 hissəsinə X24 payı müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(014)-283/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Üçüncü şəxs X43 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(014)-283/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. X1 miras qalmış ünvan 2 prospekti 44 nömrəli ev ünvanında yerləşən ümumi sahəsi 79,2 kv.m olan evə və 0,09 ha torpaq sahəsinin 4/6 hissəsində İddiaçı, 1/6 hissəsində X25, 1/6 hissəsində X24 payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar