Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-904/2024 02.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh2(bundan sonra- cavabdeh) və İsmayıllı rayon Notariat Ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 may 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında 06 dekabr 2018-ci ildə bağlanmış və İsmayıllı rayonu notariat kontorunun xüsusi notariusu A.Cabbarov tərəfindən təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, borc verən(cavabdeh) borc alana(iddiaçıya) 43.000 manat pul borc vermişdir. Borc alan krediti xx.xx.2019-cu il tarixdək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit öhdəliklərinin təminatı olaraq cavabdeh(ipoteka saxlayan), X3(ipoteka qoyan) və iddiaçı arasında 06 dekabr 2018-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanın mülkiyyətində olan İsmayıllı şəhəri M.Orucov küçəsi ev 69 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 73,8 kv.m olan fərdi yaşayış evi ipoteka yüklü edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 3M-158 reyestr nömrə ilə qeydə alınmış kredit müqaviləsinin və xx.xx.2018-ci il tarixli 3M-159 reyestr nömrə ilə qeyd alınmış ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildən 2013-cü ilin sonuna kimi "Koroğlu” MMC-də sürücü, 2013-cü ildən isə ekspeditor işləmişdir. Avtomobilin yük yerinin damında olan qüsur nəticəsində içəri yağış suyu keçmiş və içərisində olan 6000 manat dəyərində şirniyyat xarab olmuşdur. MMC-nin səhvi nəticəsində məhsul xarab olmasına baxmayaraq onu günahlandırmışlar. Atası əmlaklarını sataraq 3500 manatını ödəmiş, qalan 3500 manatını isə ödəməyə imkanı olmamışdır. "xxxx" MMC-də rəhbər vəzifədə çalışan şəxslər onu tutduracaqları ilə hədələmiş və hüquq şöbəsinin müdiri Emin Babaşovla formal kredit müqaviləsi bağlamağa onu məcbur etmişlər. Müqavilənin şərtlərinə əsasən Emin Babaşov guya 3500 manat pulu onun adından "xxxx" MMC-nin hesabına ödəyir. O, əlavə 2000 manat faiz olmaqla 5500 manat məbləğində pulu hər ay 450 manat olmaqla 12 ay ərzində əmək haqqından tutulmaqla Emin Babaşova ödəmişdir. Bundan sonra ekspeditor işlədiyi müddətdə istehlak müddəti bitmiş malları geri qaytarıb "xxxx" MMC-yə təhvil vermiş, lakin onun hesabından çıxılmamışdır. 2017-ci ildə guya onun borcunun artıq 15.000 manat olduğunu bildirmiş və onu işdən kənarlaşdırıb həmin məbləği tələb etmişlər. O, istehlak müddəti bitmiş malları vaxtında mağazalardan qaytararaq MMCnin anbarına təhvil verərək təqsirli olmadığını və ona görə həmin malların hesabına vurulmasının düzgün olmadığını bildirmişdir. Təkidlə ondan həmin məbləği tələb etmişlər. O, MMC-də işləyib əmək haqqının 50 faizinin borca çıxılmasına razı olduğunu bildirsə də təklifi ilə razılaşmamışlar. 6 ay ərzində MMC-yə olan borcunu bağlamağını ona bildirmişlər. Əks halda onu da MMCdə işləmiş və borca görə cəzalandırdıqları bir neçə şəxsin aqibətinin gözlədiyini xatırlatmışlar. "xxxx" MMC-də rəhbər vəzifədə çalışanlar bir-birisinin yaxın qohumları və ya yaxın dostlarıdır. O, "xxxx" MMC-nin tələbini ödəmək üçün cəhdlər etmiş, lakin nəticəsi olmamışdır. "xxxx" MMC-nin rəhbərliyi ondan polis, milli təhlükəsizlik xidmətinin əməkdaşları vasitəsi ilə pulu tələb etmişdir. Onun 15.000 manat məbləğində pulu ödəməyə imkanı olmadığını görüb bildirmişlər ki, Cavabdeh2 ilə borc müqaviləsi bağlayaq. Guya Cavabdeh2 onun adından guya "xxxx" MMC-yǝ 15.000 manat ödəyir. Əvəzində o, Cavabdeh2 1 il ərzində 20.000 manat ödəsin. Borc müqaviləsinin təminatı kimi girov qoyulması üçün daşınmaz əmlaka dair çıxarış istəmişlər. O, babasına məxsus yaşadıqları evdən başqa daşınmaz əmlakları olmadığını bildirərək mülkiyyət hüquqları qeydə alınmadığı üçün bir ay da möhlət istəmişdir. Həmin sənədi düzəldərək o, iddiaçı ilə İsmayıllı rayon Notariat Ofisində 06 dekabr 2018-ci il tarixli, 3M-158 reyestr nömrə ilə qeydə alınmış formal olaraq kredit müqaviləsi bağlamağa məcbur olmuşdur. Həmin kredit müqaviləsinin şərtlərinə görə guya Cavabdeh2 ona bir il müddətinə 43.000 manat faizsiz borc verir. Həmin notariat kontorunda formal kredit müqaviləsinin təminatı kimi 06 dekabr 2018-ci il tarixli, 3M-159 reyestr nömrə ilə qeydə alınmış formal ipoteka müqaviləsi bağlamağa məcbur olmuşdur. Göründüyü kimi mübahisə işə götürənlə işçi arasında əmək münasibətlərindən yaranmışdır. İddiaçı "Koroğlu” MMC-nin sahibinə olan yaxın münasibətindən və tutduğu vəzifəsindən sui istifadə etməsi nəticəsində müqavilə bağlamağa məcbur olmuşdur. Həmin müqavilə əsasında ona bir manat da olsa borc verilməmişdir. "xxxx" MMC iddiaçı və qeyriləri vasitəsi ilə ona hədə-qorxu gəlmiş, səhhəti pisləşmiş və ağır sarsıntı keçirmişdir. Anası və babası vəfat etmiş və atası isə yataq xəstəsi olmuşdur. O, son dərəcə əlverişsiz şərtlərlə uydurma və yalan müqavilə bağlamağa məcbur olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(037)- 65/2024 nömrəli iş üzrə qəbul etdiyi 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia təmin edilməmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mülki işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında İsmayıllı rayon Notariat Ofisində xx.xx.2018-ci il tarixli 3M-158 reyestr nömrə ilə qeydə alınmış kredit müqaviləsi və xx.xx.2018-ci il tarixli 3M-159 reyestr nömrə ilə qeyd alınmış ipoteka müqaviləsi qeydə alınarkən müqavilələrin məzmunu və müqavilə ilə hər bir tərəfin üzərinə düşən vəzifələr tərəflərə izah edilməklə müqavilə notariat qaydasında təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli 3M-158 reyestr nömrə ilə qeydə alınmış kredit müqaviləsi və xx.xx.2018-ci il tarixli 3M-159 reyestr nömrə ilə qeyd alınmış ipoteka müqaviləsi İsmayıllı rayon Notariat Ofisində qeydə alınarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Bundan əlavə iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə iddia müddətini də buraxmışdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.1, 324.2, 324.4, 325.3, 337.1, 354.1, 372.1, 372.2, 425.1, 448.1, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilir ki, Müqavilədə cavabdehin iddiaçıya 43.000 manat faizsiz borc verməsi göstərilsə də Cavabdeh1 hesabına depozit təyinatlı pul ödənilməmiş və İddiaçı tərəfindən Bank xəzinəsindən məxaric olaraq həmin məbləğ götürülməmişdir. Bu da bir daha sübut edir ki, mübahisəli kredit müqaviləsi yalnız görünüş üçün bağlanmış və Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmаqlа bаğlаnmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 06 dekabr 2018-ci ildə bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçıya 43.000 manat pul borc vermişdir. Həmin kredit öhdəliklərinin təminatı olaraq X2 mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov küçəsi ev 69 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 73,8 kv.m olan fərdi yaşayış evi ipoteka yüklü edilmişdir. İddiaçı bildirir ki, mübahisələndirdiyi əqdlər görünüş üçün bağlanmış, kredit müqaviləsində göstərilən 43.000 manat pul borc olaraq ona verilməmişdir. MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, yazılı formada tərtib olunmuş, notariat qaydasında təsdiq olunmuş və şərtləri aydın şəkildə göstərilmiş kredit və ipoteka müqavilələrinin görünüş üçün bağlandığını təsdiq edən sübutlar təqdim edilməmişdir. İddiaçı apellyasiya şikayətində 43.000 manat pulun notariusun depozit hesabına ödənilmədiyi və onun tərəfindən məxaric edilmədiyini bildirilsə də, notariat işinin matriallarından görünür ki, 43.000 manat pul cavabdeh tərəfindən notariusun depozit hesabına ödənilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianın sübuta yetməməsi əsası ilə rədd olunması qənaətinə gəlməkdə haqlı olmuşdur. Kredit və ipoteka müqaviləsinin qanunvericiliyin tələblərinə müvafiq qaydada tərtib olunaraq təsdiq edilməsi müəyyən olunmuşdur. O da nəzərə alınmalıdır ki, növündən asılı olmayaraq, əqdin etibarsızlığını iddia edən tərəf bunu sübut etməlidir. Bu hal sübuta yetirilmədikdə (məhkəmə işdəki sübutlar əsasında əqdin etibarsızlığını təsbit etmədikdə) Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətlərin müzakirə və tətbiq edilməsinə hüquqi əsas yaranmır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə İsmayıllı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-904/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-904/2024
02.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver