Məhkəmə qərarları › İş №2(107)-913/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-913/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-913/2024 30.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 14 may 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları AA seriyalı, 792181 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən olunur ki, “Hyundai Sonata” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin adına qeydiyyata alınmışdır. AB seriyalı 817035 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi ilə müəyyən olunur ki, “Hyundai Sonata” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilə qədər “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmışdır. 16 mart 2014-cü il tarixdə cavabdeh tərəfindən idarə edilən “Hyundai Sonata” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil “QAZ 3110” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu nəqliyyat vasitəsinə zərər dəymişdir. BYP seriyalı, 964179 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə saat 21-də nəqliyyat vasitəsini idarə edərkən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində qarşı hərəkət zolağına çıxaraq yolun kənarında dayanmış “QAZ 3110” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılmışdır. Yoxlama nəticəsində aşkar olunmuşdur ki, sürücü Cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37ci maddəsinin tələblərini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 152-1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. 29 may 2014-cü il tarixli dəymiş zərərin hesablanması barədə hesabatdan görünür ki, sığorta hadisəsi zamanı “QAZ 3110” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1570 manat maddi zərər dəymişdir. X7 AA seriyalı, 851414 nömrəli şəhadətnamə əsasında ona məxsus olan “QAZ 3110” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2018-ci il tarixinədək nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi X5 və X6 etibar etmişdir. “QAZ 3110” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə iddiaçı tərəfindən 1570 manat məbləğində sığorta ödənişi X3 verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1570 manat pul və dövlət rüsumu üçün ödənilmiş 35,70 manat, ümumilikdə 1605,7 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cüil tarixdə saat 21:00-da "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Hyundai Sonata” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil “QAZ 3110” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncu nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “QAZ 3110” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 1570 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Şəki ŞRPŞ-in DYPB-in tərtib etdiyi “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa və “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 272 nömrəli protokola əsasən Cavabdeh nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar "xxxx" ASC tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, bu günədək ASC-yə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə verilən iddia ərizəsində qeyd edilən tələb üzrə iddia müddəti ötürüldüyündən hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddia tələbi rədd edilməlidir. Tələb 2014-cü ildə baş vermiş avtoqəza nəticəsində ortaya çıxan ziyanla əlaqədar olmuş və bu ziyan tələbi ilə bağlı iddiaçı tərəfindən ona son olaraq xx.xx.2015-ci ildə pretenziya məktubu göndərilmiş, daha sonra isə hazırki tələblə bağlı xx.xx.2018-ci ildə iş Şəki Rayon Məhkəməsinin icraatına verilmişdir. Uzun sürən məhkəmə araşdırmasından sonra Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(075)- 2155/2018 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin ona (cavabdeh X1) qarşı 1570 manat sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı "xxxx" ASC-yə izah edilmişdir ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilmək hüququna malikdir. Lakin "xxxx" ASC həmin vaxtdan 5 il 2 ay keçməsinə baxmayaraq hər hansı bir hərəkət etməmiş, borcu hər hansı bir şəkildə tələb etməmiş, bununla da iddia verilməsi üçün qanunvericiliklə müəyyən edilən və tələb edilən 3 illik müddəti ötürmüşdür. Beləliklə iddia tələbi üzrə müddətin başlanılma tarixi Şəki Rayon Məhkəməsinin qərardadının qəbul edildiyi xx.xx.2018-ci il hazırki iddianın qaldırıldığı tarix isə xx.xx.2024-cü ildir və 3 illik iddia müddəti xx.xx.2021-ci ildə bitmiş hesab edilməlidir. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(075)-849/2024 nömrəli iş üzrə qəbul etdiyi 14 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Əhmədov) iddia tələbi təmin edilmiş, cavabdehdən 1570 manat pul və 35,70 manat dövlət rüsumu, ümumilikdə 1605,70 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 373-cü maddəsinin tələbinə əsasən ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti isə 3 il təşkil edir. Subroqasiya hüququnun qanunvericilikdə nəzərdə tutulmuş yaranması şərtlərinə nəzər salmaqla, həmin hüquqa qeyd olunan müddətlərdən hansının tətbiq edilməli olduğunu aydınlaşdırmaq mümkündür. Subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illik iddia müddəti deyil, zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Avtonəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə subroqasiya hüququ həmin avtomobilə zərər vurmasına səbəb olmuş şəxslərə, onların mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı istifadə olunur. Ona görə də sığortaçı şirkət ilə iş üzrə cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan (deliktdən) doğan öhdəlik münasibətləridir. Çünki zərərvuran şəxslə sığortaçı arasında hər hansı müqavilə bağlanmayıb. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçının iddiasına iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə cavabdehin gətirdiyi əsasların heç bir hüquqi əsası yoxdur və iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində zərərçəkmişə vurulmuş zərərin əvəzi 1570 (min beş yüz yetmiş) manat həcmində pul vəsaiti "xxxx" ASC tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən iddiaçının Mülki Məcəllənin 1096-cı, 1097.1-ci və 1114-cü maddələrinin tələblərinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Rayon Məhkəməsi mövqeyini “İcbari sığortalar haqqında” Qanunun 25, 63.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 373, 936, 1096.1, 1097.1, 1099.1, 1108.1, 1114.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən avtomobilə dəymiş ziyanın araşdırılması zamanı ziyanın 1570 manat olması qənaətinə gələrkən nəzərə almamışdır ki, ziyan məbləği iddiaçı tərəfindən şişirdilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən avtoqəza nəticəsində dəymiş ziyanla bağlı X16 Polisi Bölməsinin sorğusuna verilən xx.xx.2014-cü il tarixli, 43 nömrəli məktubda dəymiş ziyanın ümumilikdə 440 manat (210 manat təmir işi + 230 manat ehtiyat hissələri) olması göstərilmişdir. Şəki Rayon Məhkəməsi isə işi hərtərəfli araşdırmamış, avtoqəza nəticəsində X16 Polisi Bölməsində toplanmış materialları tələb etməmiş, işi tam və hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. 2018-ci ildə işə baxılarkən cavabdeh "xxxx" MMC-nin rəyinin əslini məhkəməyə təqdim etmişdir, Şəki Rayon Məhkəməsi hazırki işi araşdırarkən əvvəlki iş materiallarını dəyərləndirməmiş, “Qaz 3110” avtomaşınına dəyən zərərə görə “Hunday Servisdən” alınan saxta rəy əsasında qətnamə çıxarılmışdır. Hadisə zamanı dəyən ziyan "xxxx" MMC tərəfindən araşdırlıb 440 manat müəyyən edildiyi halda, sığorta idarəsi tərəfindən 1570 manat sığorta pulu ödənilməsi qanunsuzdur, sığorta idarəsinin oyunudur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: .... 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halları kimi müəyyən olunur ki, 16 mart 2014-cü il tarixdə cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə edilən və "xxxx" ASC-də icbari sığortalanmış “Hyundai Sonata” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil “QAZ 3110” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu nəqliyyat vasitəsinə zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 152-1.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Hadisə zamanı “QAZ 3110” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş və avtomobilin sahibi X4 maddi ziyan dəymişdir. 29 may 2015-ci il tarixdə iddiaçının əməkdaşları tərəfindən dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat tərtib edilmiş və həmin hesabata əsasən “QAZ 3110” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində tələb olunan təmir xərcləri cəmi 1570 manat müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən 17 iyun 2014-cü il tarixli, 4008 nömrəli ödəniş tapşırığına əsasən X4 ödənilmişdir. Göründüyü kimi cavabdeh sığorta hadisəsi zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsalandırmışdır ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Cavabdehin iddia müddətinin ötürülməsi kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı müzakirə olunan hissədə apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, vurulmuş ziyan düzgün hesablanmamış və ziyanın məbləği saxta rəy əsasında müəyyən edilmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 372.2-ci maddəsinin tələbinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh apellyasiya şikayətinin müzakirə olunan dəlili ilə bağlı etirazını bildirməmiş və bununla bağlı sübut kimi "xxxx" MMC tərəfindən tərtib edilmiş arayışı apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Cavabdeh həmin sübutun birinci instansiya məhkəməsinə təqdim edilməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Bundan başqa Məhkəmə bildirir ki, cavabdeh 1570 manat zərərin vurulduğunu müəyyən edən hesabatın saxta olduğunu bildirsə də, bununla bağlı bildirdiklərini təsdiq edəcək sübutları Məhkəməyə təqdim etməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar