Məhkəmə qərarları › İş №2(107)-917/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-917/2023

03.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-917/2023 03.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Əlmərdan qızı, Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızı və Cavabdeh3 qarşı evə köçürülmə, evdən çıxarılma, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidmətlərindən istifadəyə maneənin aradan qaldırılması, ev və həyətyanı sahədə ümumi razılıq olmadan aparılmış tikilinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evə köçürülmə, istifadəyə maneənin aradan qaldırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X20 qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, həmçinin üçüncü şəxs X2 nümayəndəsi Cavabdeh1 Əlmərdan qızının iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-246/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 Əlmərdan qızı, Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızı və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 miras qalmış Ağsu rayonu Bico kəndində yerləşən fərdi yaşayış evinin ona aid hissəsinə onun və ailə üzvlərinin məcburi köçürülmələrinin təmin edilməsi, satın alınma kimi qeyri-qanuni yerləşdirilmiş Cavabdeh3 və uşaqlarının oradan məcburi çıxarılması, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidmətindən istifadələrinə hər cür maneənin aradan qaldırılması, ev və həyətyanı sahədə ümumi razılıq olmadan aparılmış tikilinin cavabdehlərin hesabına sökülməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X4 Ağsu rayonunun Bico kəndində cəmi 57,3 m3 fərdi yaşayış evi və 0,16 ha. həyətyanı sahə miras olaraq qalmışdır. Ev iki otaqdan və bir əlavə yardımçı otaqdan ibarətdir. Otaqlar 13,5 və 12,5 kv.m-likdir. Bunu atasının adına olan həmin evin 1988-ci ilin dekabr ayında tərtib edilmiş texniki pasportu təsdiq edir. DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən alınan texniki pasportun təsdiq edilmiş surəti də təsdiq edir. Həmin texniki pasportun bir surəti özündə qeyd edildiyi kimi həmin idarənin arxivində saxlanılır. Həmin ev üzrə mülkiyyət hüququna dair Çıxarış əldə edilməmişdir. Həmçinin heç kim vərəsəlik şəhadətnaməsi almamışdır. Evə o və 4 nəfər ailə üzvləri qeydiyatdadır. Bunu da Ağsu RİHB-nin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 saylı xx.xx.2022-ci il tarixli arayış təsdiq edir. O, ailə üzvləri ilə birgə müvəqqəti olaraq qohum evində məskunlaşmışdır. Yaşayış üçün başqa evləri yoxdur. Ağsu RİH-nin Ağsu rayon dövlət arxivindən alınmış 106 saylı xx.xx.2022-ci il tarixli arxiv çıxarışına əsasən Bico kənd ərazi bölgəsinin 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabın 123-124-cü səhifəsindən müəyyən olunmuşdur ki, İddiaçı təsərrüfat başçısı olmaqla adına yaşayış sahəsi 30 kv.m olan yaşayış evi qeyd edilmişdir. Bu mübahisəli evə aiddir. Miras qalan həyətin də yarısı ona məxsusdur. Ondan başqa vərəsələrdən heç kim o evdə qeydiyyatda deyillər. Onlardan sağ olanlar başqa-başqa ünvanlarda yaşayırlar. Başqa vərəsələr böyüdükcə ayrı ünvana köçmüşlər, yalnız həmin ev onun nəzarəti altında qalmışdır. Kənddə su, qaz olmadığından, yaşayış çətin olduğundan və o əlil arabasında gəzdiyindən müvəqqəti olaraq ailəsi ilə birlikdə məcbur olub yığışıb gedib Bakı şəhərində qohum evində məskunlaşmışdır. Lakin hər il taxıl əkib, beçərmə və biçin mövsümü ilə əlaqədar olaraq gəlib özünə aid olan evdə qalır və toxumluq taxılı da orada saxlayır. Son illər kənddə su, qaz çəkildiyindən, yəni yaşayış üçün həyat bərpa edildiyindən o, hətta ailə uşaqlarını da həmin evə köçürüb yaşamaq istəyir. Lakin, son ilin taxıl mövsümünün əvvəlində kənddəki evinə gələrkən cavabdehlər onu evə buraxmamışlar, sahədən götürdüyü taxılı elə sahədə satmış, toxumluq taxılı isə başqa həyətdə saxlamaq məcburiyyətində qalmışdır. Həyətinə-evinə gedəndə Cavabdeh1 onu təhqir etmiş, nalayiq sözlər işlətmiş, əlil olaraq gəzdiyi əlil arabasından onu aşırmış, ona kömək edəni də təhqir etmişdir. Onu “nəşə" bitkisi əkməkdə şərləyib polislərə həyəti axtartdırmışdır. O, cavabdehin bu hərəkətindən 4 dəfə “102" xidmətinə şikayət verməli olmuş, lakin polislər də işə baxmamışlar, ona bildirmişlər ki, bu mülki işdir. Cavabdehlər onu evinə-həyətinə buraxmırlar, o, bilmir ki, içəridə nə tikib, nə söküblər. Ancaq onu bilir ki, Cavabdeh2 mübahisəli miras həyətin bir hissəsindən 35 metr uzunluqda özlərinə yol yeri götürmüşdür. Cavabdehlər onsuz ona məxsus miras evi eyni məhlədə yaşayan Cavabdeh3 satmışlar. O da darvaza hasarını söküb, yenidən tikinti işi aparmışdır. Darvaza açarı ona verilmir, darvaza onun üzünə bağlı edilmişdir, ona görə də içəri girə bilmir ki, görsün, daha nə dəyişiklik edilib. Onların bu qeyri-qanuni hərəkətlərindən o, keçən il taxıl - əkib becərə bilməmiş, kəndin ərazisində onun 4,27 ha. əkin sahəsi vardır. Hər il oradan 7 - 8 ton taxıl əldə edirmiş. Ən azı 2 (iki) min manatlıq maddi ziyan çəkmişdir. Kənddə 4,27 ha əkin sahəsinin olması barədə DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı təsdiq edir. Mübahisəli evin alqı-satqısının edilib-edilmədiyini müəyyən etmək üçün nümayəndəsi Ağsu rayon notariat ofisində yoxlatmış, lakin mərhum atasının adına olan ev üzrə sənədləşmə qaydasında heç bir alqı-satqı olmadığı bildirilmiş, lakin ofis rəsmi sənəd verməmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-246/2023 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 1995-ci ildən daimi əsaslarla Sulutəpə qəsəbəsində, 2005-ci ildən isə Müşfiqabad qəsəbəsində ailəsi ilə birlikdə yaşayır.

5. Məhkəmə qeyd etmişdir ki, tərəflərin izahatlarından və tədqiq edilmiş sübutlardan məlum olur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2000-ci ilədək yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) normalarına uyğun həll edilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı uzun illərdir ki, mübahisəli mənzildə yaşamır və onun qeydiyyatı formal xarakter daşıyır. Ona görə də, iddia əsassız olduğundan təmin edilməməlidir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikаsı Kоnstitusiyаsının 13, 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.5-ci maddələrinə, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 54, 60, 87-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a)Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

9. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin bu qətnaməsi ilə razı deyildir ədalətsizlikdir, qanunsuzdur. Əvvəla göstərir ki, keçən əsrin 90-cı illərində təsərrüfatlar dağıldığından işsizlik yaranması oldu, çoxsaylı kəndlərdə olduğu kimi, dağ ətəyində yerləşən kəndlərinə də qaz verilməsi uzun illlər dayandırıldı, su əvvəldən olmamışdır, yolları bərbad halda olmuşdur. Bu səbəbdən də kənddə yaşamaq mümkün olmadığından ən axırıncı olaraq ata evindən o, məcbur olub Bakı şəhərinə gedib orada müfəqqəti yaşamalı olmuşdur. Lakin kənddə pay torpaq sahəsi olduğundan hər il gəlib əkin-biçin mövsümündə oradakı işini görüb bütün qardaş-bacılardan fərqli olaraq qeydiyyatda olduğu atasının adına olan evində qalmış, biçdiyi taxılı da oraya yığıb, sonradan gəlib satmış, toxumluq taxılı isə orada saxlamışdır. Orada uzun illər arı saxlamışdır. Yəni o, həmin evlə əlaqəni kəsməmişdir. Vəziyyət dəyişən ili kəndin çox sakinləri Sumqayıt və Bakı şəhərinə yığışıb getməli olmuşdur. Mübahisəli evdən onun çıxarılmasında mərhum valideynlərin hər hansı tələbi, iddiası olmamışdır. Hazırda arıları kənddə başqa adamın həyətində saxlamağa məcbur olmuşdur.

10. Bir neçə ildir ki, kəndə qaz çəkilib. Kəndə su çəkilməsi ilə əlaqədar o, hətta Prezident Aparatına qədər gedib müraciət etmiş, bunu kəndin əvvəlki və hazırkı icra nümayəndələri təsdiq edə bilərlər. Məhkəmədən tələb etmişlər ki, bu xüsusatlar aydınlaşdırılması üçün hazırkı və sabiq kənd icra nümayəndələri dəvət edilib izahatları alınsın, lakin edilməmişdir.

11. Cavabdeh1 Əlmərdan qızı məhkəmə iclasında etiraf etmişdir ki, həmin evi 2500 (iki min beş yüz) manata satıb və əlavə etmişdir ki, onun həmin evə köçürülməsi onun meyidi üzərindən edilə bilər, guya o, evi pis saxlamış, gəlib evdə onun içdiyi 1000 (min) dənə araq butulkasını daşıyıb çölə atıb. Guya o, çardağın dəmirlərini söküb satıb arağa xərcləmişdir. Bunu məhkəmə iclas katibi yazırdı, iclas protokoluna salıb-salmadığını bilməmişlər, yazmayıbsa düzgün etməmişdir.

12. Cavabdeh1 bu öz izahatı da təsdiq edir ki, o, mütəmadi olaraq gəlib həmin evdə qalmışdır. O, bu yaşında artıq doğulub-böyüdüyü, evlənib bir müddət yaşadığı, kənddə dolanacağın mümkünsüz olduğundan başqa qohum evinə gedib orada müfəqqəti qalmasını, bütün-qardaş bacılardan fərqli olaraq ancaq onun qeydiyyatda olduğu evə, hansı ki, cavabdehin onu qanunsuz olaraq başqasına satdığı evə köçürülməyi ilə bağlı tələbini qanunsuz olaraq təmin etməmişdir. Məhkəmədə o, bildirmişdir ki, cavabdehlər mirasdan pay istəyirlərsə heç bir etirazı yoxdur, iddia qaldırıb həll edilsin. Ancaq məhkəmə onun qanuni tələbini qanunsuzcasına təmin etməmişdir. Məhkəmə yalnız cavabdeh olan Şərifənin uydurma və qərəzli izahatlarına əsaslanıb qanunsuz qərar qəbul etmişdir.

13. İşin hallarının araşdırılması prinsipi pozulmuşdur. Həmin kəndin başqa sakinləri kimi məcbur olaraq başqalarından fərqli olaraq kənddən müfəqqəti başqa yerə getməyini obyektiv qiymətləndirilməmişdir.

14. Kənddə su çəkilməsi ilə əlaqədar tələb etdiyi hazırkı və sabiq icra nümayəndələrinin, habelə, Cavabdeh2 öz oğlanları olan X15 və X16 (onlardan biri məhkəmə iclasına dəvət edilsə də yarımçıq dinlənildi, hansı ki, hər ikisi iki dəfə məhkəmə iclası günü Sumqayıt şəhərindən izahat verməyə gəlmişdilər) dəvət edilib edilib ətraflı dinlənilməmiş, yuxarıda göstərdiyi işin faktiki halları ilə bağlı araşdırma aparılmamışdır.

15. Onun heç bir yerdə şəxsi evinin olmaması, cavabdehlərin isə şəxsi evlərinin olmasını məhkəmə müvafıq təşkilata sorğu verməklə müəyyənləşdirib buna qiymət verməli idi. Məlumdur ki, başqasının əmlakı ilə əlaqədar onun sorğusuna cavab verilməyəcəkdi.

16. Məhkəmənin qatnaməsi qanunsuz və əsassısdır. Cavabdeh qanunsuz olaraq evi başqasına satmaqla və onu evə buraxmamaqla, hər il əkin-biçin mövsümündə gəlib qaldığı və özü də yalnız onun qeydiyyatda olduğu, kəndin təsərrüfat başına kitabda da qeydiyatda olduğu evə köçürülməyini təmin etməməklə səhv nəticəyə gəlmişdir.

17. Odur ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-246/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, mərhum atası X4 miras qalmış Ağsu rayonunun Bico kəndində olan miras əmlakdan ona aid fərdi yaşayış evin otağına onun və ailə üzvlərinin həmin evə məcburi qaydada köçürülmələrinin təmin edilməsi, evin yardımçı və həyatyanı sahəsindən, kommunal xidmətindən istifadələrinə hər cür maneənin aradan qaldırılması və qeyri-qanuni evi almış Cavabdeh3 ev və həyətyanı sahədə ümimi razılıq olmadan aparılmış tikilinin cavabdehlərin hesabına sökülməsinin təmin edilməsinə, həyətdə şumlama işinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-246/2023 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək onun iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

20. Cavabdeh1 Əlmərdan qızı (o həmçinin üçüncü şəxs X2 nümayəndəsidir) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-246/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızı, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Rеspublikası Kоnstitusiyasının; 13-cü maddəsinin İ hissəsinə əsаsən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1143.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

24. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

25. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

26. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun: Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

27. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarında X24 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X8 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.

28. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akt a əsaslandığı halda “qanunidir”.

29. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-246/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Şəki Apellyasiya Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(107)-917/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(016)-246/2023 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi İddiaçı ailə üzvlərinin evə köçürülmələri, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidmətlərindən İddiaçı ailə üzvlərinin istifadələrinə maneənin aradan qaldırılması, ev və həyətyanı sahədə ümumi razılıq olmadan aparılmış tikilinin cavabdehlərin hesabına sökülməsi hissəsində baxılmamış saxlanılmışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-246/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdehlərdən Cavabdeh1 Əlmərdan qızı, Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızı və üçüncü şəxs X5 bacı qardaşdırlar. Ağsu rayonunun Bico kəndində yerləşən 1955-ci ildə inşa edilmiş 25,6 kv/m yaşayış, 31,7 kv/m köməkçi sahədən ibarət, faktiki 2561,1 kv/m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə münasibətdə onların ataları X7 adına 1988-cı ilin dekabr ayında texniki pasport işlənilmişdir. Həmin evin yerləşdiyi 0,18 hektar həyətyanı torpaq sahəsi Ağsu rayon Aqrar İslahat Komissiyasının 14 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı əsasında verilmiş JN-376F, Kodu 40905018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə X7, X6, X2, X11 və X3 ümumibirgə mülkiyyətlərinə verilmişdir. Həmçinin İddiaçı təsərrüfatı 1990-cı ildən atası X7 təsərrüfatından ayrılsa da eyni həyətdə yerləşən 20 sot həyətyanı sahədə tikilmiş 77 kv/m evin 30 kv/m hissəsi İddiaçı məxsusdur. Yəni İddiaçı ilə X7 təsərrüfatları ayrı olsa da təsərrüfatbaşına kitabda İddiaçı məxsus 30 kv/m tikili, X9 məxsus 47 kv/m ev ilə bitişikdir və bir dam altında olmaqla ayrı-ayrı otaqlardan ibarətdir. X12 06 mart 2007-ci il tarixdə ölmüş və Əlmərdan Kərimovun mülkiyyəti 2009-cu ildə təsərrüfatbaşına kitabda İddiaçı adına yazılmışdır. Bundan başqa İddiaçı 1997-ci ildən Bakı şəhərinin Müşfiq qəsəbəsində yaşamasına baxmayaraq ara-sıra atasının evinə gəlmiş, taxıl sahəsini biçdirib, atasından qalmış tövlələrə yığmışdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir və cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

37. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin kənddə pay torpaq sahəsi olduğundan hər il gəlib əkin-biçin mövsümündə oradakı işini görüb bütün qardaşbacılardan fərqli olaraq qeydiyyatda olduğu atasının adına olan evində qalması, biçdiyi taxılı da oraya yığıb, sonradan gəlib satması, toxumluq taxılı isə orada saxlaması, orada uzun illər arı saxlaması, yəni onun həmin evlə əlaqəni kəsməməsinə dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, işdə olan Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 03 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ümumibirgə mülkiyyətində JN 50 nömrəli dövlət aktına əsasən Ağsu rayonu Bico kəndində yerləşən 4,27 ha torpaq sahəsi vardır.

39. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilib, iş materiallarına əlavə edilmiş Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Bico kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli 5-34-22-1/2-1-4/2023 saylı arayışdan görünür ki, İddiaçı 1997-ci ildən Müşfiq qəsəbəsində yaşamasına baxmayaraq, ara-sıra atasının evinə gəlmiş, taxıl sahəsini biçdirib, atasından qalmış tövləyə yığmışdır. Həmçinin həmin və məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilib iş materiallarına əlavə edilmiş Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Bico kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli 5-34-22/2-2-53/2023 saylı arayışdan görünür ki, İddiaçı təsərrüfatı 1990-cı ildən atası X7 təsərrüfatından ayrılsa da eyni həyətdə yerləşən 20 sot həyətyanı sahədə tikilmiş 77 kv/m evin 30 kv/m hissəsi İddiaçı məxsusdur. Yəni İddiaçı ilə X7 təsərrüfatları ayrı olsa da təsərrüfatbaşına kitabda İddiaçı məxsus 30 kv/m tikili, X9 məxsus 47 kv/m ev ilə bitişikdir və bir dam altında olmaqla ayrı-ayrı otaqlardan ibarətdir. X12 06 mart 2007-ci il tarixdə ölmüş və Əlmərdan Kərimovun mülkiyyəti 2009-cu ildə təsərrüfatbaşına kitabda İddiaçı adına yazılmışdır. Lakin iddiaçının qeydiyyatda olduğu atasının adına olan evində qalması, orada uzun illər arı saxlamasına dair dəlilləri iş materialları ilə təsdiq edilməmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tələb etdiyi şəxslərin dəvət edilib ətraflı dinlənilməməsinə dair dəlili ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından, işdə olan məhkəmə iclas protokollarından iddiaçının məhkəməyə hər hansı bir şəxsin dindirilməsi ilə bağlı hər hansı bir vəsatət verməsi, iddiaçının vəsatəti üzrə kiminsə dindirilməsi, vəsatətinin nəzərə alınmamasına dair məhkəmə iclas protokoluna hər hansı bir qeyd verməsi halı müəyyən edilməmişdir.

41. Birinci instansiya məhkəməsi iddanı evə köçürülmə, evdən çıxarılma, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidmətlərindən istifadəyə maneənin aradan qaldırılması hissəsində rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı uzun illərdir ki, mübahisəli mənzildə yaşamır və onun qeydiyyatı formal xarakter daşıyır.

42. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı bütünlükdə rədd etməkdə haqlı olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamış, eyni zamanda maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmişdir.

43. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının uzun illər ərzində fərdi yaşayış evində yaşamamasına istinad etsə də həmin ev üzərində iddiaçının mülkiyyət hüququ baxımından qanuni gözləntisinin olmasını, həmçinin eyni dam altında olan və atasından qalmış təsərrüfata münasibətdə mirasın qəbul edilməsi halları nəzərə alınmamışdır.

44. Belə ki, məhkəmə kollegiyasının sorğusu ilə əldə edilmiş Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Bico kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli 5-34-22/2-2-53/2023 saylı və 02 oktyabr 2023-cü il tarixli 5-34-22-1/2-1-4/2023 saylı arayışlardan iddiaçının təsərrüfatının həmin ünvanda və mərhum X7 təsərrüfatı ilə bitişik və bir dam altında olması, hətta 2009-cu ildə Əlmərdan Kərimovun təsərrüfatının İddiaçı adına keçməsi müəyyən edilmişdir. Bundan başqa iddiaçının birgə mülkiyyətində həmin kənddə yerləşən 4,27 ha torpaq sahəsi olmaqla iddiaçının hər il orada taxıl əkməsi, əkdiyi taxıl məhsulunu biçib həmin təsərrüfatda olan tövləyə yığması, beləliklə də taxıl biçini mövsümünün yay aylarına təsadüf etməsi, yığılmış taxıla isə istifadəyə və satışadək vaxtaşırı nəzarətin edilməli olması nəzərə alınaraq, İddiaçı həmçinin öz təsərrüfatına bitişik olan 06 mart 2007-ci il tarixdə vəfat etmiş atasının təsərrüfatında olan tövlədə taxıl saxlamaqla həmin təsərrüfata faktiki sahiblik etmişdir.

45. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

46. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

47. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.

48. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).

49. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi 30.xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələri mülkiyyətçinin, mülkiyyətə qanuni gözləntisi olan şəxlsərin deyil, icarədarın və ya onun ailə üzvlərinin başqa yerə getdikləri halda onların istifadə hüquqlarının saxlanılması ilə bağlı münasibətləri tənzimləyir. Mülkiyyətə qanuni gözləntisi olan iddiaçının iddia tələbi ilə bağlı 30.xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinad edilməsi doğru olmamışdır.

50. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanının 2ci bəndinə və həmin Fərmanla təsdiq edilmiş siyahının 2.3-cü bəndinə əsasdən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun heç bir yerdə şəxsi evinin olmaması, cavabdehlərin isə şəxsi evlərinin olmasının məhkəmə müvafıq təşkilata sorğu verməklə müəyyənləşdirib buna qiymət verməli olmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, şəxsin hər hansı bir əmlaka qanuni gözləntisi olduğu halda bu halın onun əlavə əmlakının olub-olmaması ilə əlaqələndirilməsinə, şəxsin əlavə əmlakının olub-olmamasının araşdırılmasına zərurət yoxdur.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həyətdə şumlama işinin ləğv edilməsinə dair xahişinə münasibət bildirərək qeyd edir ki, iddiaçının iddia ərizəsində məhkəmə qarşısında belə bir tələb irəli sürülməmişdir. İddiada olmayan bir tələbin apellyasiya şikayəti ilə irəli sürülüb müzakirə edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir.

53. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlər nəzərə alınaraq İddiaçı özünün Ağsu rayonu Bico kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsini tələb etməkdə haqlı olsa da onun təsərrüfatı ilə atasının təsərrüfatının bitişik, eyni dam örtüyü altında yerləşməklə atasından miras qalmış evin ona aid hissəsi naturada müəyyən edilmədiyindən, İddiaçı Ağsu rayonu Bico kəndində yerləşən atası X4 miras qalmış və özünün təsərrüfatı ilə bitişik olmaqla eyni dam örtüyü altında yerləşən fərdi yaşayış evinə köçürülməlidir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin iddiaçını mübahisəli evə buraxmaması, mübahisəli fərdi yaşayış evinin digər Cavabdeh3 qeyri-rəsmi satılmaqla iddiaçının əmlakdan istifadəsinə real maneələrin olması nəzərə alınaraq İddiaçı cavabdehlər tərəfindən evin yardımçı və həyətyanı sahəsindən kommunal xidmətlərindən onun istifadəsinə edilən maneənin aradan qaldırılmasını da tələb etməkdə haqlıdır. Lakin cavabdehlər Cavabdeh1 Əlmərdan qızının və Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızının da İddiaçı ilə yanaşı X7 birinci növbəli vərəsələri olmaları nəzərə alınaraq iddiaçı Kərimov İddiaçı Şərifə Əlmərdan qızı və Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızı tərəfindən mübahisəli evə yerləşdirilmiş Cavabdeh3 və uşaqlarının oradan məcburi çıxarılmalarını tələb etməkdə haqlı olmamışdır.

55. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(016)- 246/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 Əlmərdan qızı, Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızı və Cavabdeh3 qarşı evə köçürülmə, evdən çıxarılma, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidmətlərindən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı Ağsu rayonu Bico kəndində yerləşən atası X4 miras qalmış və özünün təsərrüfatı ilə bitişik olmaqla eyni dam örtüyü altında yerləşən fərdi yaşayış evinə köçürülməli, evin yardımçı və həyətyanı sahəsindən kommunal xidmətlərindən İddiaçı istifadəsinə cavabdehlər tərəfindən edilən maneə aradan qaldırılmalı, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(016)-246/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Əlmərdan qızı, Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızı və Cavabdeh3 qarşı evə köçürülmə, evdən çıxarılma, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidmətlərindən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Ağsu rayonu Bico kəndində yerləşən atası X4 miras qalmış və özünün təsərrüfatı ilə bitişik olmaqla eyni dam örtüyü altında yerləşən fərdi yaşayış evinə köçürülsün. Evin yardımçı və həyətyanı sahəsindən kommunal xidmətlərindən İddiaçı istifadəsinə cavabdehlər Cavabdeh1 Əlmərdan qızı, Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızı və Cavabdeh3 tərəfindən edilən maneə aradan qaldırılsın. İddiaçı iddiasının qalan hissəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar