Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-924/2024 30.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə Həmidova Günel Vahid qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra- cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 mart 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 307530 nömrəli, xx.xx.2023-cü il tarixli aktla müəyyən olunur ki, abonent(iddiaçı) sayğacdan kənar xətt vasitəsi ilə X1 etmişdir. Kənar xətdən axan yük ölçüldükdə yükün 2,86 kvt olduğu müəyyən edilmişdir. 307530 nömrəli icra vərəqindən görünür ki, iddiaçıya kənar xətdən istifadəyə görə hesablanmış məbləğ 1082,37 manat təşkil edir. Abunə kodu **********00971 olan Abunə haqqında sənəddən görünür ki, iddiaçının Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən evində istifadə olunmuş elektrik enerjisinə görə 1050,46 manat borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1050 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Yevlax rayonu, Tanrıqulular kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Yaşadığı evin çöl hasarında "xxxx" ASC tərəfindən elektrik sayğacı quraşdırılmışdır. Bu müddət ərzində istifadə etdiyi elektrik enerjinin sayğaca uyğun olaraq pulunu vaxtında ödəmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilmiş və ona sayğaca müdaxilə olunduğu bildirilmişdir. "xxxx" ASC-nin nümayəndələr tərəfindən mütamadi olaraq elektrik sayğacına baxış keçirilmiş və hər hansı kənar müdaxilə olduğu müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixdə elektrik sayğacına baxış keçirildikdə sonra idarənin nümayəndələri tərəfindən 307530 saylı akt tərtib edilmişdir. Akta əsasən müəyyən olunmuşdur ki, bir fazalı elektrik sayğacının giriş xəttinin izolizasiyası pozularaq sayğacdan kənar xətt qoşulmuşdur. Ölçü aparılmış və 2,86 kvt əlavə elektrik enerjisi istifadə edildiyi müəyyən edilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən onlara 1050 manat borc hesablanmışdır. Elektrik sayğacı həyətdən kənarda olduğundan ona nəzərət edə bilmir. Əlavə qoşulma olması ilə bağlı onlarda heç bir məlumat olmamışdır. Yəni həmin xətt və müdaxilə onlar tərəfindən edilməmişdir. Ümumiyyətlə belə bir müdaxilə olması həqiqəti əks etdirmir. Çünki mütamadi olaraq sayğaca baxış keçirilir və bu vəziyyətdə müdaxilə olunması həqiqəti əks etdirmir. Bu cərimə tamamilə ədalətsiz və qanunsuz olaraq hesablanmışdır. Hesablanmış borc ağır olan vəziyyətini daha da, çətinləşdirir. Onun heç bir yerdən gəliri yoxdur. Ailəsini güclə dolandırır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazasında” **********00971 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla yaşadığı Yevlax rayonu, Tanrıqulular kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2021-ci il tarixdən bu günə kimi yaşayış evinə quraşdırılmış Paud MP106 tipli, zavod nömrəsi **********2 elektrik hesablama sayğacı vasitəsi ilə X1 etmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin struktur tərkibində olan Yevlax EŞnin əməkdaşları Elmir Qarayev, Rüfət Səfərli, Vüsal İsmayılov və Arif Məmmədov tərəfindən iddiaçının Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı abonetin elektrik hesablama sayğacının giriş xəttinin izolyasiyasının pozularaq sayğacdan kənar xətt qoşulması aşkar edilmişdir. Kənar xəttdən keçən yük ölçüldükdə yükün 2,86 kvt olması müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar iddiaçı barəsində X1 Qaydalarının tələbinə uyğun olaraq 307530 nömrəli akt tərtib edilmişdir. Aktın tələb hissədində “sayğacın giriş xətti bərpa edilsin, “kənar xətt” ləğv edildi” qeydiyyatı aparılmışdır. İddiaçı ona məxsus elektrik hesablama sayğacına baxış keçiriməsində və pozuntu faktı ilə əlaqədar akt tərtib edilməsində iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Bu barədə aktın müvafiq hissəsində enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə müvafiq qeydiyyat aparılmışdır. Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Akta əsasən “Mərkəzi Aran” RETSİ də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saat nəzərə alınmaqla 180 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 1082,37 manat təşkil edən 8649 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. P=2.86 kvt W=2.86 kvt x 24 saat x 0.7 x 180 gün=8640 kvt, 600 kvt x0.08=48 manat, 300 kvt x 0.09=27 manat, 7749kvt x 0.13=1002,37 manat cəmi =1082.37 manat təşkil edir. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)-869/2024 nömrəli iş üzrə qəbul etdiyi 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus ünvana verilən elektrik enerjisini qeydə alan elektrik xəttinə kənar müdaxilə olunaraq əlavə xətt quraşdırılmışdır ki, X1 Qaydalarına görə bu hal yolverilməzdir. Bu barədə akt tərtib edilmişdir. Akt əsasında iddiaçıya 1082,37 manat cərimə hesablanmışdır. xx.xx.2023-cü il tarixli, 307530 nömrəli akta əsasən hesablanmış 1050 manat məbləğində elektrik enerjisi borcu İddiaçı abunə hesabından silinməməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.17, 8.17-1, 8.17-2, 8.33-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən, sübutları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçı hesablanmış cərimənin həddindən artıq şişirdilmiş formada hesablanmasını əsaslandırmasına baxmayaraq məhkəmə cərimənin məbləğinin yenidən hesablanması ilə bağlı ekspertiza belə təyin etmədən, cavabdehin nümayəndəsinin izahatı əsasında qətnamə qəbul etmişdir. Cavabdeh öz etirazını əsaslandırmaq üçün məhkəməyə sübut olaraq tərtib edilmiş aktı və diski təqdim etmişdir. Halbuki akt tərtib edilərkən iddiaçı onu imza etməkdən imtina etmiş və video çəkilişdə əks olunanların həqiqəti əks etdirmədiyini bildirmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçı iddianı qəbul etmir və bu səbəbdən akta imza etməkdən imtina etmişdir. Tərtib edilən akt məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş, lakin iddiaçı tərəfindən imza edilməməsinin səbəbləri araşdırılmamışdır. Akt əsasında iddiaçıya 1082,37 manat cərimə hesablanmışdır. Video görüntüdən isə aydın görünür ki, iddiaçı buna qarşı etirazını bildirmiş və kənar xəttin quraşdırılmasını qəbul etməmişdir. İdarənin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarətin aparıldığı halda belə bir hala yol verilməsi həqiqəti əks etdirmir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. . Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları” Bənd 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Bənd 7.2. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Bənd 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Bənd 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvanyaşayış evi (Yevlax rayonu, Tanrıqulular kəndi, abunə kodu **********00971) iddiaçı tərəfindən elektrik enerjisi və elektrik sayğacı ilə təmin edilmişdir. İş materialları ilə o da müəyyən olunur ki, abonentin(iddiaçı) sayğacdan kənar xətt vasitəsi ilə X1 etdiyi müəyyən edilmişdir və bununla əlaqədar akt tərtib olunaraq abonentə aşkar edilmiş pozuntu ilə əlaqədar qeydə alınmamış elektrik enerjisinin miqdarı kimi 1082,37 manat məbləğində borc hesablanmışdır. Bundan başqa, qeyd olunan pozuntu aşkarlananda cavabdehin əməkdaşları tərəfindən vedeoçəkiliş aparılmışdır və həmin videogörüntüdə iddiaçı sayğacdan kənar əlavə xətdən istifadə etdiyini etiraf edərək, bunu maddi imkanının olmaması ilə əlaqələndirmişdir. İddiaçının öz iddiasının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-924/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-924/2024
30.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver