Məhkəmə qərarları › İş №2(107)-926/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-926/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-926/2024 02.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 mart 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı(satıcı) ilə cavabdeh(alıcı) arasında bağlanmış ********* nömrəli, xx.xx.2023cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan 619,98 manat dəyərində “Lotus” markalı soba almışdır. Cavabdeh həmin malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay 35 manat ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin qiyməti 619,9 manat olan “Lotus” markalı soba üçün 549,9 manat ödənilməmiş hissə, 824 manat cərimə olmaqla ümumilikdə 1373 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 mart 2023-cü il tarixli, ********* nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 14 dekabr 2023-cü il tarixinə yaranmış 549,9 manat əsas borc, 82,4 manat cərimə borcu, cəmi 632,3 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə öhdəliyini icra etmədiyindən cavabdehin tələb olunan məbləğdə borcu yaranmışdır. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(039)- 885/2024 nömrəli iş üzrə qəbul etdiyi 19 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 19 mart 2023-cü il tarixli müqavilə üzrə 549,9 manat əsas borc, 8 manat cərimə borcu, cəmi 557,9 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilələrin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Məhkəmə iddia ərizəsində göstərilən 82,.4 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab etmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 467, 600.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 124, 119.1, 284-5.1, 284-5.3, 284-6.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaçıdan nisyə alğı- satqı müqaviləsi qaydasında əldə etdiyi “Lotos” markalı sobanı yalnız bir gün evində saxlamışdır. Belə ki, aldığı gün sobada çörək və şirniyyat bişirmiş və sobanın işləmədiyi ona aydın olmuşdur. Belə ki, çörək və şirniyyat bişməmişdir. Odur ki, cavabdeh ertəsi gün həmin malı qaytarmışdır. Bununla bağlı cavabdehə qəbz də verilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh şəxsən iştirak etmək istəyir. Sobanı qaytarmağı ilə bağlı sübut təqdim etmək istəyir. İddiaçı iddia ərizəsində göstərir ki, cavabdeh soba və qulaqcıq almışdır. Lakin qulaqcığın pulu tam ödənilmişdir. İddiaçı borc məbləğinin nədən yarandığını, hansı məbləğdə sobadan, hansı məbləğdə isə qulaqcıqdan borc yarandığına dair heç bir qeyd yoxdur. Çünki iddia tələbi qanunsuz və əsassızdır. Cavabdehə tam keyfiyyətsiz bir mal – soba verilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında bildirmişdir ki, cavabdehə qulaqcıq satılsa da, cavabdeh qulaqcığın pulunu tam ödəmişdir. Tələb olunan borc sobaya görə yaranmışdır. Soba həqiqətən cavabdeh tərəfindən mağazaya təhvil verilmişdir. Lakin müqaviləyə görə sobadakı nasazlıq aradan qaldırılmalı və yenidən alıcıya təhvil verilməlidir. Alıcı, yəni cavabdeh bunu qəbul etmədiyindən, malı mağazadan geri götürmədiyinə görə iddiaçı borcu tələb etməkdə haqlıdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı(satıcı) ilə cavabdeh(alıcı) arasında bağlanmış ********* nömrəli, xx.xx.2023-cü il tarixli nisyə alğısatqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan 619,98 manat dəyərində “Lotus” markalı soba almışdır. Cavabdeh həmin malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay 35 manat ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən tərtib edilmiş və cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş ********* nömrəli “müştəri müraciəti”ndən görünür ki, cavabdeh məhsulun üst gözünün işləmədiyini bildirmiş, servisdə problem aradan qalxmadığı üçün cavabdeh məhsuldan imtina etmişdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Hazırki işdə cavabdehin alğı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etməməsi halı müəyyən olunmur. Belə ki, cavabdehin nisyə alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi məhsulda qüsur olduğundan cavabdeh məhsuldan imtina etmişdir. Belə olduğu halda kreditorun borcluya qarşı tələb hüququ da yaranmamışdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab edərək təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə xərclərinin ödənilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 mart 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı, 19 mart 2023-cü il tarixli, ********* nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 14 dekabr 2023-cü il tarixinə yaranmış 549,9 manat əsas borc, 82,4 manat cərimə borcu, cəmi 632,3 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələbi təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar