Məhkəmə qərarları › İş №2(107)-940/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-940/2022

03.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-940/2022 03.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mühafizə zonasına düşən tikilinin sökülməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı” nümayəndəsi X6 və Cavabdeh (sonuncu iclasda iştirak etmir) iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(037)-27/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İsmayıllı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2013cü il tarixli 1871 saylı arxiv arayışından görünür ki, X4 1989-cu ildə Mican kənd “Oktyabr” kolxozunun protokolu ilə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. 1989-cu il tarixli yaşayış evinin tikintisi barədə smetanın surətindən görünür ki, X5 İsmayıllı rayonu, Mican Kəndi ərazisində 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta tərtib edilmişdir.

3. 1991-ci il tarixli fərdi yaşayış Fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı rayonu, Mican kəndi ərazisində X2 adına fərdi yaşayış evinin tikintisi barədə texniki pasport tərtib edilmişdir.

4. JN-546F KOD-40719018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə X10, X7, X11 və Cavabdeh Mican kəndi ərazisindən 0,19 ha torpaq sahəsi verilmişdir.

5. Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/231 nömrəli rəyindən görünür ki, İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən İddiaçı Ağsu X12 İdarəsinin balansında və istismarında olan,diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin həyətdən yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafə 2.1 m, qeyd olunan kəmərin yeraltı keçən hissəsi ilə fərdi yaşayış evi arasında olan məsafə isə 1.5 m təşkil edir.

6. Qeyd olunan qaz kəməri həyətin hasarının alt hissəsindən perpendikulyar olaraq keçir. İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafənin 2.1 m təşkil etdiyini və qeyd olunan qaz kəmərinin yeraltı keçən hissəsi ilə həmin fərdi yaşayış evinin arasında olan məsafənin isə 1.5 m təşkil etdiyini, eləcə də həmin qaz kəmərinin həyətyanı sahədən hasarın alt hissəsindən birbaşa perpendikulyar olaraq keçdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın (5 və nömrəli əlavələr) tələblərinə əsasən fərdi yaşayış evi və həyətin hasarı 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən İddiaçı Ağsu X12 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yeraltı keçən hissəsi həyətyanı sahədən hansı dərinlikdə keçməsi sualı üzrə vəsatət təmin edilmədiyinə görə tədqiqat aparılmadı.

7. Apellyasiya icraatı zamanı Azəriqaz İB tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə ünvanlanmış Qaz kəmərinin pasportundan müəyyən edildi ki, İsmayıllı rayonu, Mican kəndində mühafizə zonası pozulmuş d-219 mm-lik qaz xətti 1983–ci ildə çəkilərək istismara verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X12 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu, Mican kəndində yaşayış qeydiyyatında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq həmin kəndin ərazisindən keçən İddiaçı Ağsu X12 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ərazidə yaşayan insanların həyatı üçün də ciddi təhlükə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özəllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin 3xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “X13” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. İddiaçı İB-nin Ağsu X12 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 01OB-13HŞ-366 saylı xəbərdarlıq məktubu ilə cavabdehə qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə müraciət edilərək Tikilinin sökülməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir.

10. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 16 may 2022-ci il tarixli, e-2(037)- 27/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılmasına dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi, məhkəmə mühəndistexniki ekspertizası tədqiqatının dəyəri 102 manatın İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, sözügedən torpaq sahəsində sökülməsi tələb olunan həmin tikililərin inşaat norma və qaydalarına uyğun olmadığı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə olan halda sözügedən fərdi yaşayış evinin özbaşına tikinti kimi qiymətləndirilməsi mümkün deyildir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir.

12. Göründüyü kimi fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport aid olduğu daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi qəbul edilmişdir. Bu hala cavabdeh həmin fərdi yaşayış evində sosial mühit, habelə ailə mühiti və şəxsi təsərrüfat yaratmışdır. İddiaçı iddia etdiyi vaxta qədər cavabdeh özünün və ailəsinin, habelə təsərrüfatının elə həmin yerdə qalacağına ümid etmiş və ona heç kimin mane olmayacağına əmin olmuşdur. Çünki həmin vaxta qədər iddiaçı tərəfindən ona qarşı heç bir etiraz və sair xəbərdarlıq edilməmiş, daha doğrusu, iddiaçı cavabdehə qarşı dözümlülük nümayiş etdirərək susmuş, yalnız 2021-ci ildə tikilinin sökülməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh atasının adına texniki pasport tərtib edilməklə inşa edilmiş fərdi yaşayış evi üzərində birinci növbəli vərəsə kimi qanuni gözləntiyə malik olmuşdur. Belə olan halda məhkəmə bir daha qeyd edir ki, həmin tikili qeyri-qanuni və özbaşına tikili kimi qiymətləndirilə bilməz, çünki, Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

13. Məhkəmə hesab etmişdir ki, həmin tikililər fərdi yaşayış evinin texniki pasportu tərtib edilməklə icazə əsasında inşa edildiyindən, müəyyən iqtisadi dəyərə malik olduğundan, həmçinin cavabdehin fasiləsiz və etirazsız olaraq uzun müddət istifadəsində qaldığından, cavabdehin həmin tikililərə gözlənilən mülkiyyət hüququ yaranmışdır.

14. Məhkəmə istinad olunan hüquq normalarının və X17 Məhkəməsinin presedentlərinin tələbləri baxımından hesab edir ki, cavabdehə məxsus həmin tikililərin özbaşına tikili hesab edilərək əvəzi ödənilmədən sökülməsi, «digər şəxslərin hüquqlarının müdafiəsindən» ibarət qanuni məqsədə mütənasib hesab edilə bilməz. Belə ki, cavabdehin istifadəsində olan həmin fərdi yaşayış evində yaşaması onun ailəsi ilə birlikdə uzun müddət təşəkkül tapmış ailə maraqlarının və qanuni mənafelərinin səmərəli müdafiəsini təmin edir. Eyni zamanda məhkəmə iddiaçının istinad etdiyi maddi hüquq normalarının işin faktiki hallarına tətbiq edilib-edilməmə məsələsinə də aydınlıq gətirməyi zəruri hesab edir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalar”ın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmədiyini iddia tələbinin qanuni əsası kimi qeyd etmişdir. Həmin bəndin mənasından da göründüyü kimi, qanunverici görülmüş işləri deyil, görülməkdə olan işlərdən bəhs edir. İş materiallarından da göründüyü kimi sözügedən fərdi yaşayış evi 1991-ci ildə tikilmiş və bu barədə smeta tərtib edilərək texniki paspot verilmişdir. Məhkəmə bir daha qeyd edir ki, hazırda sökülməsi tələb edilən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd (texniki pasport) qüvvədədir və həmin sənədin etibarsızlığı və ya ləğvi ilə bağlı aidiyyəti məhkəməyə müraciətin olunması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda texniki pasporta əsasən tikintisinə icazə verilmiş fərdi yaşayış evi (tikinti) qanunsuz tikinti sayıla bilməz və bunun üçün ilk növbədə həmin hüquqmüəyyənedici sənəd ləğv edilməli və sonra sözügedən tikinti qanunsuz tikinti hesab edilərək sökülməsi barədə iddia qaldırılmalıdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilməsinə münasibət bildirərək qeyd edir ki, sözügedən hadisələrin baş verməsi ehtimalı şübhəsizdir və mübahisə doğurmamaqla yanaşı, ehtimal ediləndir. Yalnız bədbəxt hadisənin qarşısının alınması vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməli, əksinə mülkiyyətə müdaxilə ağlabatan və mütənasib olmalıdır. Belə ki, bədbəxt hadisənin törənəbiləcəyi ehtimalının qarşısının alınması İddiaçı pozitiv öhdəliyidir. Həmin öhdəliyin mahiyyəti isə sözügedən hadisələri vətəndaşın mülkiyyət hüququnu pozmadan (kompensasiya verilməklə sökülmə, qaz boru xəttinin yerinin dəyişdirilməsi və s.) qarşısının alınmasını ehtiva edir. Odur ki, məhkəmə işin müəyyən olunmuş faktiki hallarına uyğun olaraq nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİİ və İV hissələrinə, 3.2, 152.1, 180.1 və 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na, X17 məhkəməsinin V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli və Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarlarına, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.3.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1 və 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

16. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən tədqiq edilən sənədlər dəqiq araşdırılmamışdır. Belə ki, Cavabdehtərəfindən “X13” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası NazirlərKabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nıntələbləri pozularaq İddiaçı Ağsu X12 İdarəsinin balansında və istismarında olan,İsmayıllı rayonunun Mican kəndində yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa olunmuşdur. Cavabdeh tərəfindən inşa olunmuş yaşayış evi orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi, qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmçinin qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanmasına, profilaktik işlərin və zərurət yarandıqda təmir-bərpa işlərinin aparılmasına maneçilik törədir. Cavabdeh tərəfindən inşa olunmuş tikililər qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilər. Göründüyü kimi Qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübutedilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır.

18. Hazırkı vəziyyətdə orta təyziqli qaz kəmərinin həyətdə yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafə 2.1 metr,qeyd olunan kəmərin yeraltı keçən hissəsi ilə fərdi yaşayış evi arasında olan məsafə isə 1.5 metr təşkil edir.Qeyd olunan qaz kəməri həyətin hasarının alt hissəsindən perpendikuliyar olaraq keçir.

19. Göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz.

20. Fotoşəkillərdən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2022-ci il tarixli,10/231 nömrəli mühəndis-texniki ekspertizasının rəyindən sübut qismində düzgün istifadə edilməmişdir. Qaz kəmərinin iddiaçının həyətyanı ərazisindən və onun yaşayış evinə yaxın məsafədən keçməklə nə qədər təhlükə yaratdığını nəzərə alsaydı birinci instansiya məhkəməsi iddianın əsaslı olduğunu müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmiş, iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar olduğu halda iddianın təmin edilməməsi barədə qərar vermişdir.

21. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.

22. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdiyimiz qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

23. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(037)-27/2022 qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının təmin edilərək Cavabdeh tərəfindən İsmayıllı rayonunun Mican kəndinin ərazisindən keçən, İddiaçı Ağsu X12 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında iştirak etmiş İddiaçı” nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmədən kənar qaydada cavabdehə mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, sonda cavabdeh həmin tikilinin sökülməsinə etiraz etmişdir. Qaz xətti mübahisəli ərazidən 1983-1985-ci illərdən keçir. Lakin cavabdeh tərəf tikili inşa edərkən bunu nəzərə almamış, qaz xəttini hasara almaqla öz həyətinə keçirmişdir. Mövcud qaz xətti yeraltı hissədə daha təhlükəli olmaqla cavabdehin tikilisinin altından keçir. Ekspert rəyindən də göründüyü kimi həmin tikili mühafizə zonasında yerləşir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir.

26. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, tikili və onun yerləşdiyi torpaq sahəsi mərhum atasının adınadır. Atası öləndən sonra həmin tikilidə daim o yaşamış, hazırda da ailəsi ilə birlikdə həmin tikilidə yaşayır. Düzdür, onun yaşadığı evin yaxınlığından, hətta yeraltı hissədən (pilləkənin altından) qaz xətti keçir. Lakin onun başqa yerdə yaşamağa yeri yoxdur. Əgər dövlət ona başqa yerdə ev tikib verərsə iddianı qəbul edər, əks halda iddianı qəbul etmir. Cavabdeh sonda ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

180.1-ci maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın: 2.23-cü bəndinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövlət tikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir

31. “X13” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(037)-27/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e- 2(037)-27/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(037)-27/2022 nömrəli qətnaməsi ləğv edilməli, əvvəlki və sonradan əldə edilmiş sübutlar əsasında iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

36. Belə ki, hazırki iddia tələbinin məzmunundan görünür ki, tələb qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi barədədir.

37. İddiaçı “Qaz İxrac” İdarəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir.

38. İddiaçının iddia ərizəsindən görünür ki, İsmayıllı rayonu, Mican kəndində yaşayış qeydiyyatında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq həmin kəndin ərazisindən keçən İddiaçı Ağsu X12 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir.

39. İddiaçı qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

40. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, həmin tikililər fərdi yaşayış evinin texniki pasportu tərtib edilməklə icazə əsasında inşa edildiyindən, müəyyən iqtisadi dəyərə malik olduğundan, həmçinin cavabdehin fasiləsiz və etirazsız olaraq uzun müddət istifadəsində qaldığından, cavabdehin həmin tikililərə gözlənilən mülkiyyət hüququ yaranmışdır.

41. İşin halları ilə mübahisəsiz olaraq müəyyən edilir ki, Cavabdeh atası mərhum X9 rayonu, Mican kəndi ərazisində yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi verilmiş, 1989-cu il tarixdə 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta, 1991-ci ilin aprel ayında isə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Atası öldükdən sonra İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə anası X10, bacıları X7, X11 və ona Mican kəndi ərazisindən həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 0,19 ha torpaq sahəsi verilmişdir. Lakin tikilinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması iş materialları ilə müəyyən olunmur. Kollegiya tərəfindən də təklif olunmasına baxmayaraq cavabdeh həmin tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi (ilkin sənədləşmə hesab olunan texniki pasport istisna olmaqla) təqdim edə bilməmiş, sorğu-sual nəticəsində də evinin hasarının kənarından və pilləkən hissəsinin altından qaz xəttinin keçməsini inkar etməmişdir.

42. Mülki Məcəllənin 180.3-cü maddəsinin 3-cü bəndi isə müəyyən edir ki, «… Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.»

43. “X13» Azərbaycan Respublikası Qanunu isə qaz kəmərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasını qadağan edir.

44. Qeyd edilməlidir ki, iddiaçı tərəfin iddia tələbində və müvafiq olaraq şikayətlərində olan dəlilləri - mübahisəli tikilinin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsi, həmin tikilinin sözügedən “Qaydalar”ın tələbləri pozulmaqla qaz kəmərinin mühafizə zonasında inşa edilməsi, bunun ilk növbədə gələcəkdə cavabdehin və digər şəxslərin həyatı üçün yüksək təhlükə mənbəyi olacağı, sözügedən qaz kəməri ilə qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağı, magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehin istifadəsinə və sahibliyinə verilməsindən xeyli əvvəl inşa edilməsi ilə bağlı olmuşdur.

45. Apellyasiya icraatı zamanı sorğu əsasında iddiaçı tərəf elektron kabinet vasitəsilə məhkəməyə məlumat və mövcud qaz kəmərinin texniki göstəricilərini əks etdirən sənədləri məhkəməyə təqdim etmişdir ki, həmin sənədlərdə sözügedən d-219 mm-lik qaz xəttinin 1983–ci ildə çəkilərək istismara verilməsi müəyyən edilmişdir. Cavabdehin təqdim etdiyi sənəddə (texniki pasportda) isə mübahisəsi gedən tikilinin qaz xəttindən sonra, yəni 1989-cu ildə inşa edilməsi müəyyən edilmişdir.

46. Hazırkı apellyasiya şikayətinin dəlilləri də məhz bu halların (dəlillərin) birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaması ilə bağlıdır.

47. Göründüyü kimi birinci instansiya məhkəməsi həmin dəlillərin tam araşdırmamış, müvafiq olaraq tikintinin müvafiq şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi ilə bağlı rəsmi sənədlərin mövcud olmamasına, tikilinin müvafiq qaz kəmərinin mühafizə zonasında yerləşməklə qaz xəttinin istismarından sonra inşa edilməsinə diqqət yetirməmiş, həmin tikilinin mühafizə zonasında tikilməsinə dair verilmiş ekspertiza rəyi ilə razılaşmamasının səbəbini əsaslandırmamışdır.

48. Çünki iş materiallarında olan ekspert rəyinə əsasən müəyyən olunur ki, qaz kəməri həyətin hasarının alt hissəsindən perpendikulyar olaraq keçir. İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafənin 2.1 m təşkil etdiyini və qeyd olunan qaz kəmərinin yeraltı keçən hissəsi ilə həmin fərdi yaşayış evinin arasında olan məsafənin isə 1.5 m təşkil etdiyini, eləcə də həmin qaz kəmərinin həyətyanı sahədən hasarın alt hissəsindən birbaşa perpendikulyar olaraq keçdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın (5 və nömrəli əlavələr) tələblərinə əsasən fərdi yaşayış evi və həyətin hasarı 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir.

49. Bu halda isə məhkəmənin təqdim olunmuş sübutları tam araşdırmaması ilə bağlı iddiaçının dəlillərinin əsaslı olması müəyyən olunmuş olur.

50. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

51. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş üzrə iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir.

52. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir.

53. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci (dövlət rüsumu və ekspertiza xərci) Cavabdeh аid edilməlidir.

54. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(037)-27/2022 nömrəli qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh tərəfindən tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X12 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evi cavabdehin öz hesabına sökülərək, mühafizə zonasından çıxarılsın. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı hesabına,; 102 manat ekspertiza xərci isə Cavabdeh alınaraq Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar